Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

13-cü dərc

 

Bax elə rəfiqəsi üçün ağlamaqdan gözləri şişmiş bu qıza görə, nakam itirdikləri övladlarının balasını, boğazlarından kəsərək böyüdüb gözəl tərbiyə verən, imkansızlıqdan ofisimə utana-utana gəlmiş iki təqaüdçü qocaya görə, şagirdlərini öz balaları kimi sevən Tahir müəllimə görə, tanımadıqları Nərmin üçün öz balaları qədər həyəcan keçirən Ləman və Tərlanın valideynlərinə görə, yenicə baş qaldıran arzularına görə, Nərminə və onu sevən insanlara görə onu tapacağam…

Nazanın anası ehtiyatla qapını açdı.

-Bağışlayın, çayları qoyub gedirəm.

Nazan tez durub çayları anasından aldı. Masanın üstünə düzüb dedi:

-Yaxın gəlin, Bəxtiyar əmi, şirniyyatla çay içək.

Qızının əhvalındakı dəyişikliyi görən ana təəccüb qarışıq minnətdarlıq hissi ilə mənə baxdı.

Tez otaqdan çıxıb həyat yoldaşı ilə birlikdə qayıtdı. Hər iki valideyn sakitcə durub qızlarına baxırdılar.

-Buyurun, siz də əyləşin, biz artıq söhbətimizi bitirmişik, -dedim.

Şirniyyatla çay doğrudan da yerinə düşmüşdü. Yadıma düşdü ki, yenə də səhər yediyimin üstündəyəm. Ləmangildə içdiyim çayı və günorta çırtladığım tumu hesaba almasam. Gülü bilsə yəqin ki, ən azı yarım saat məni danlayardı. Ancaq kim idi Gülüyə deyən?

Məni ötürməyə çıxan Nazanın atası qapını çöl tərəfdən örtəndən sonra asta səslə soruşdu:

-Bəxtiyar müəllim, siz Nazana nə dediniz ki, onun əhvalı belə dəyişdi? Axı iki gündür ona heç bir söz təsir etmir, bogazından sudan başqa heç nə keçmir.

-Mən son iki gündə rəfiqəsinin tapılacağına itirdiyi ümidini ona qaytardım. Çalışın, uşağınızın təkcə valideyni yox, həm də dostu olun. Sağ olun.

Binanın tinindən burulub yola tərəf addımladım. Heyif ki, Zabitə arvadla görüşmək üçün çox gec idi. Saat on ikiyə işləyirdi. Təsəvvür edirəm, indi onun qapısını döyərəmsə, məni hansı söyüşlərlə qarşılayar…

Gülümsədim.

Yaxınlıqdakı metro stansiyasını görüb taksiyə minmək fikrimdən daşındım. Onsuz da ofisə gedəcəkdim. “Nizami” metrosuna cəmi iki stansiya var idi.

-Qapılar bağlanır. Növbəti stansiya “Nizami”.

Bir stansiya geridə qalmışdı. Təkəm-seyrək adamlar olan vaqonda bir orta yaşlı kişi mürgüləyir, iki gənc yan-yana oturaraq bir-birinin qulağına nə isə deyib gülüşürdülər. Uzaq oturacaqda gözündə eynək olan yaşlı bir qadın kitab oxuyurdu. Kitab… Görəsən bu kitab məsələsi Nərminin işində ipucu olacaqmı, yoxsa elə də əhəmiyyəti olmayan məlumatdır. Bunu topladığım bütün faktları təhlil edəndən sonra biləcəkdim. Hələ Rüfət məsələsini də aydınlaşdırmalıydım.

Qatar “Nizami” stansiyasında dayandı. Dahi rəssamımız Mikayıl Abdullayevin mozaika ilə yığdığı, dünya şöhrətli şairimiz Şeyx Nizami Gəncəvinin “Xəmsə”sini əks etdirən mozaik rəsmlərin yanından keçəndə yenə də gözüm “Alimlər”ə sataşdı. Yolunuz bu metro stansiyasına düşsə mütləq indi söylədiklərimə fikir verin. Bir dahinin sözlərini başqa bir dahi necə də gözəl rəsm əsərinə çevirmişdi. Rəsmdə əks olunan alimlərdən ən cavanı başını vüqarla qaldıraraq dik tutmuş, ən yaşlısı isə nəzərlərini yerə dikmişdi. Qalan alimlərin baxışları isə yaşlarına uyğun olaraq aşağı yönəlir şəkildə. Yuxarı yox, məhz aşağı. Yaşa dolduqca həyat təcrübəsinə, oxuduqca isə elmə yiyələnən insanın Allahın böyüklüyünü, özününsə kiçikliyini dərk etdikdən sonra, bu böyüklük qarşısında baş əyməsinə işarədir bu sənət əsəri…                  

Ofisə girib işıqları yandırmadan keçib kresloma əyləşdim. Tahir müəllimin qonşuları ilə onsuz da söhbət edəcəkdim. Elə qapıbir qonşu və uşaqları tanıyan biri kimi Zabitə arvaddan başlamağı planlaşdırdım səhərə. Onu və Rüfəti görmədən bütün fikirlərimi uzlaşdıra bilməyəcəkdim. Bununla belə təhlil etməli xeyli məlumat toplamışdım. Cib telefonumu çıxarıb, Layiqəyə mesaj yolladım.

“Sabah işimiz çox olacaq. Variant nömrə bir”.

Sonra isə həmişə fikirləşəndə olduğu kimi ayaqlarımı masanın üstünə uzadıb gözlərimi tavana, bir nöqtəyə zillədim…

 

* * *

Həsənağa gördüyü yuxunun dəhşətindən diksinib oyandı. Qalxıb yerinin içində oturdu. Bir anlıq hələ də yuxuda, ya oyaq olmasını anlaya bilmədi. Çönüb yanında yatmış həyat yoldaşına baxdı. Yorğan sol böyrü üstə yatan yoldaşının üstündən sürüşmüşdü. Əynindəki qırmızı ipək gecə köynəyi yuxarı yığılmış, iri arxasını o qədər də örtməyən qara tumanı, dolu, ağ baldırları çöldə qalmışdı. Həsənağa həyat yoldaşını çox sevirdi. Ancaq ayrı vaxt onu coşdura biləcək bu mənzərə indi heç halına da təfavüt etmədi. Hətta bir anlıq onun belə şirin-şirin yatmasına paxıllığı da tutdu.

Təbiətcə dələduz olan və elə həmin maddə ilə iki dəfə həbsxana həyatı yaşayan Həsənağa şişmandan çox-çox əvvəl sivri burunlu ilə tanış olmuşdu. Ancaq o da, şişman kimi bu tanışlığının sonda insan ölümündə iştirakına gətirib çıxaracağını düşünməmişdi. Özü də bir nəfərin yox.

Yuxuda əvvəlcə ustaları görmüşdü. Zəhərləyərək öldürdükdən sonra onları basdırdığı quyudan şıxmaqçün əllərini uzadır,  ustalarsa ayaqlarından tutub onu quyuya çəkməyə çalışırdılar. Həsənağa sanki yerinə mıxlanmış kimi quyudan aralaşa, geriyə bir addım da ata bilmir, öldürdüyü adamların əllərinin soyuq təmasını ayaqlarında hiss etdikcə qorxudan bədəni uçunur, qışqırmaq istəsə də, səsi çıxmırdı.

Sonra isə birdən-birə ətrafda hər şey dəyişmişdi. Görmüşdü ki, özünə məxsus bağ evində gecənin qaranlığında bağın ortasında tək dayanıb. Üzüm talvarına bərkidilmiş elektrik lampası küləyin təsirindən yelləndikcə işığı bağın küncündə yarıya qədər torpaqdan çıxaraq gözlərini ona dikən kişi meyitlərinin üzlərinə düşür, sonra bu üzlər yenə də qaranlıqda gözdən itirlər.

Lampanın asıldığı paslı məftilin cırıltısı küləyin səsinə qarışıb beyninə işləyir, onu daha da vahimələndirirdi.

Lampanın işığı növbəti dəfə ölülərin üzərinə düşəndə onları gülən gördü. Ölülərdən biri bağın o biri küncündə əvvəlcədən növbəti qurbanlar üçün qazılmış boş, dərin çalanı göstərib qəhqəhə çəkirdi.

“Yox, bu ola bilməz, axı böyrəyi, qaraciyəri, ürəyi olmayan insanlar necə diriliblər, hələ torpağın altından da çıxıblar. Bu ola bilməz, axı onların cansız bədənlərini özüm basdırmışdım…” Fikirlər sürətlə Həsənağanın başında fırlanırdı. Çönüb qaçmaq istəyərkən ayaqlarının dizə qədər torpağa batdığını gördü. Torpaq onu özünə çəkirdi.

Dəhşətdən əlləri ilə üzünü qapayan Həsənağa bütün bədəni tər içində yuxudan oyanmışdı. Qorxudan boğazı elə qurumuşdu ki, nəfəs almağa çətinlik çəkirdi. Həyat yoldaşını oyatmamaqçün qalxıb barmaqlarının ucunda mətbəxə keçdi. Stəkana su doldurub birnəfəsə başına çəkdi. Bir az toxdadığını hiss etdi.

Ancaq yuxunun təsirindən çıxmadığı üçün yenə də ustalar yadına düşdü. Həmin gün əcnəbi həkimin verdiyi dadı olmayan çox narın toz halında olan zəhəri kafelərdən birində sifariş etdiyi kababın üstünə səpərək tikələrə hopmasını gözləmiş, ustalar kababı yedikdən təxminən on dəqiqə sonra zəhər təsirini göstərməyə başlamışdı. Eyni vaxtda stullardan yerə çöküb sancıdan qıvrılan ustalardan biri az əvvəl yediklərini qaytarmağa başlamışdı. Sonra isə hamısı döşəməyə yıxılaraq bir qədər çapaladıqdan sonra canlarını tapşırmışdılar. Cib telefonlarını götürərək  ustaların hələ soyumamış bədənlərini bir-bir sürüyüb quyuya atmış, üstlərinə tökdüyü torpağı yaxşı-yaxşı tapdaladıqdan sonra həyətdə tikintidən qalan qum, sement və çınqıldan beton hazırlamış, quyunun üstünə töküb yaymışdı. Sonra isə nömrələrini çıxararaq telefonları çəkiclə sındırmış, stolun üstündə qalan kababları da götürmüş, evə gedərkən telefon qırıqları ilə birlikdə yol kənarındakı zibil qutularından birinə atmışdı.

Həsənağa onun ustaları öldürüb quyuda basdırmasından şişmanın şübhələndiyini başa düşmüşdü. Ancaq bu barədə susmağa üstünlük verib, özünü heç nə olmamış kimi aparırdı.

Yuxusu qaçmışdı. Sonuncu sifariş haqqında fikirləşdi.

“Yaxşı ki, şişmana demək ağlıma gəldi, yoxsa bu dördüncü adamı belə tələsik haradan tapacaqdım. Hər şey korlana bilərdi. Şişmana afərin, heç inanmazdım ki, belə işlər onun əlindən gələr. Amma gör məsələni nə tez həll etdi. Yoxsa şefə necə cavab verərdim?”

Əslində, şişmana vəziyyəti çarəsizlikdən demişdi. Çünki ona elə də bel bağlamırdı. Ancaq gözlədiyinin əksinə olaraq, o, qısa bir vaxtda lazım olan işi görmüş, hətta tapdığı qızın tam sağlam olmasına da zəmanət vermişdi.

“Bircə bu bir sutka da tez keçsəydi…”

Həsənağa yataq otağına qayıtdı.

Yoldaşı yorğanı üstünə çəkib bürünmüşdü. Çarpayıya uzanıb yavaşca yorğanı qaldırdı və arxası ona tərəf uzanmış arvadını qucaqlayıb özünə sıxdı…

 

* * *

Yorulmuşdum. Ayaqlarım ağrıdığı üçün masanın üstündən endirdim. Ancaq yenə də tavana baxmaqda davam edirdim. Bu məndə artıq vərdiş halını almışdı. Yuxarıda bir nöqtəyə baxıb fikirləşmək. Sanki məni düşündürən bütün sualların cavabı tavanda yazılmışdı. Təkcə onları oxumaq qalırdı.

Layiqə cavab mesajı ilə məlumatı aldığını təsdiqləmişdi. Bu isə o demək idi ki, sabah o, işə əlində içərisində müxtəlif geyim əşyalarından, süni saçlardan tutmuş kosmetikaya qədər olan iri bir çanta ilə gələcəkdi. Əməliyyata cəlb olunan qadının situasiyaya uyğun geyinməsi vacib şərt idi. Bütün bunları işə təzə düzələndə Layiqəyə izah etdiyim üçün ona artıq nə isə deməyə ehtiyac qalmırdı. Bu qız hər şeyi tez götütürdü və öz işini yaxşı bilirdi. Hər vəziyyətə hazır olmaq üçün isə lazımi rekvizitləri evində saxlamasını qət etmişdik. Təkcə ona verdiyim qaz tapançasından başqa. Tapança ofisdəki seyfdə saxlanılırdı.

Deməli belə. Bu dəqiqəyə bizim nəyimiz var.

Həmişəki kimi saat 18:00-da evdən çıxan Nərmin məşğələyə yollanıb. Məşğələ vaxtı əhvalı yaxşı olub. Onda həyəcan, narahatlıq hiss olunmayıb. Saat 19:50-də məşğələ yekunlaşıb. İki dəqiqə sonra onunla birlikdə məşğələdə olan Ləman və Tərlanla birlikdə Tahir müəllimlə sağollaşıb küçəyə çıxıblar. Uşaqlardan ayrılan Nərmin həmişə qayıtdığı “Kubinka”nın ara yolları ilə piyada evə üz tutub. “Moykalar” adlanan yerə çatanda qəfildən dayanaraq gödəkçəsinin cibindən telefonunu çıxarıb baxıb, yenidən qaytarıb cibinə qoyub və sürətlə geri qayıdıb. İrəlidəki döngəyə burulduqdan sonra isə onu görən olmayıb.

Tahir müəllim uşaqları yola salandan sonra adəti üzrə iş otağına keçib. Başqa heç nə deyə bilmir.

Küçədə Tərlan və Ləmanın xatırladığı, bir qədər aralıda dayanmış, cındırından cin hürkən, uşaqların dilənçiyə oxşatdığı birinin dayandığı nəzərə alınmazsa, diqqəti çəkəcək elə bir şey olmayıb.

İlk olaraq cinayətin motivi üzərində yenə də baş sındırıb dəqiq motivi müəyyən etməliydim. Bu halda motiv nə ola bilərdi? Yeniyetmə gözəl bir qızı niyə qaçıra bilərdilər? Variantları saf-çürük etməyə başladım.

Nərminin razılığı olmadan ailə qurmaq məqsədi ilə qaçırılması ehtimalını dərhal kənara qoydum. Belə bir şey olmuş olsaydı, bu barədə yaşlı adamların narahat qalmaması üçün qızı qaçırdıqdan sonra onlara hansısa formada məlumat verərdilər. Ən azı Nərminin qaçırıldıqdan sonra ilk tələbi bu olardı. Sonrakı qohumluq əlaqələrini də nəzərə alan qaçıran tərəf bunu etməyə məcbur idi. Heç araşdırmanın gedişatına da bu ehtimal uyğun gəlmirdi. Faktlar başqa şey deyirdi.

Daha bir variant var idi - qaçırdıqdan sonra təcrid olunmuş hansısa məkanda saxlayıb imkanlı müştərilərə seksual xidmətlərə məcbur etmək üçün. Nərmin kifayət qədər gözəl bir qız idi. Ancaq, bu işi könüllü olaraq görməyə hazır olan neçə qadın tapmaq olardısa, cinayətə getməyə nə ehtiyac var idi? İstənilən halda bu, insan oğurluğu idi və törədəni ağır cəza gözləyirdi. Aradüzəldənliyin gətirdiyi qazanc isə bu riskə dəyməzdi.

Bəs onda nə? Stop. Bəlkə cavan qızların bakirəliyini almaq həvəskarları. Adi haldan qat-qat çox məbləğ ödəməklə bakirə qızla yalnız bircə dəfə yatağa girmək həvəsi. Təəssüf ki, yüksək məbləğ müqabilində bu işə könüllü olaraq razılıq verən qızların olduğunu da eşitmişdim. Az inanmağım gəlsə də, bir motiv bu ola bilər. Hər şey mümkündür. Bunu hələlik qoyaq bir kənara. Bəs növbəti motiv?

Növbəti motiv lap ilk saatlardan ağlıma gəlsə də, bəlkə də hələ Nərminin tezliklə tapılacağına ümid bəsləyərək ağlımın və təcrübəmin mənə dediyini beynimdən qovmağa çalışmışdım. Ancaq reallıq göz qarşısındaydı. Nərmini insan orqanları alverçiləri qaçıra bilərdilər. Bu ən pis ehtimal idi. Məhz məsələyə bu prizmadan yanaşaraq axtarışlar üçün çox az vaxt qaldığını düşünmüşdüm və indi də nədənsə, vaxtın günlərlə yox, saatlarla ölçüldüyünə əmin idim. İntuitiv olaraq hiss edirdim ki, məni tələsməyə vadar edən səbəb elə sonda təsdiqlənməsini arzulamadığım bu motiv idi.

Təcrübəmdən bilirdim ki, bu məqsədlər üçün bir insanı heç vaxt kortəbii olaraq qaçırmır, onun barəsində uzun müddət məlumat toplayır, sağlam olması və daxili orqanlarının lazımi tələblərə cavab verməsi müəyyən edildikdən sonra onu bu məqsədlə qaçırmağa qərar verirdilər. İndiki zamanda isə cavan olmaq heç də tam sağlam olmağın kriteriyası deyildi. Deməli, böyük ehtimalla, kimlərsə Nərmini uzun zaman öyrənmiş, sonra bu addımı atmışdılar. Üstəlik də, onun yaşlı nənə və babasından başqa heç kiminin olmaması cinayətkar tərəf üçün əlverişli amil ola bilərdi.

Amma yenə də hələ başa düşə bilmirdim ki, onlar Nərminə necə çıxmışdılar. Bunu müəyyən edə bilsəm çox şeylər mənə aydın olacaqdı.

Sonra… Nazan Nərminin “Qabusnamə” kitabını axtardığını deyir. Onu bununla maraqlandırıb aldada bilərdilər. Bunun üçün kimsə bu barədə məlumatlı olmalı idi və ən azı da həmin adam Nərminə yaxınlaşarkən onun bu kitabı axtardığını haradan bilməsini əsaslandıra bilməliydi. Yoxsa Nərmin şübhələnər və onu yaxın buraxmazdı. Belədirsə, o adam kim ola bilərdi?

Mümkün variantları saymağa başladım:

Birinci - Nərminin qohumlarından kimsə;

İkinci - Qonşularından kimsə;

Üçüncü - Tahir müəllimin yaxın qonşularından kimsə;

Dördüncü - Rüfət.

Bu barədə Nərminin başqa sinif yoldaşları da məlumatlı ola və kiminsə yanında ağızlarından qaçıra bilərdilər.

Nəhayət ən əsası - Nərmin instituta sənəd vermək üçün yenicə həkim müayinəsindən keçmiş və tam sağlam olması barədə arayış almışdır. Poliklinikanın arayışı verən həkimi də cinayətkar qrupun üzvləri ilə əlbir olub onlara məlumat ötürə bilərdi.

Variantları saydıqdan sonra sonuncu variant istisna olmaqla belə, digər variantları yoxlamaq üçün təxminən neçə adamla söhbət etməli olduğumu fikirləşdim. Həddindən çox adam sayı əmələ gəlirdi. Buna isə vaxt yox idi. Ən pis fərziyyəm təsdiqlənərsə, bu vaxt itkisi Nərminin həyatı bahasına başa gələ bilərdi.

Deməli, məsələyə başqa tərəfdən yanaşmalı idim.

Yenidən fikirləşməyə başladım. Kitab versiyası mütləq deyildi. Məsələnin çox tərəfləri mümkün idi. Mənə məlum olmayan çox tərəfləri. Faktiki olaraq mən ofisdə oturub bir peşəkar üçün kifayət qədər görünsə də, sonda bir-biri ilə uzlaşmayan məlumatlarla hansısa məntiqi nəticəyə gəlmək istəyirdim. Bir nəticəyə gəlmək isə çox tez idi. Səhərin açılmasını gözləyib Layiqəyə tapşırıqları vermək, sonra Zabitə arvadla görüşmək lazım idi.

Saydığım variantlardan yalnız Rüfətlə görüşməyi, bir də sinif yoldaşları ilə söhbət etməyi Layiqəyə həvalə edəcəkdim.

Haradasa xoruz banladı. Səhərə az qalırdı. Gümrah olmaq üçün bir qədər yatmaq lazım idi. İrəlidə ağır və məsuliyyətli bir gün gəlirdi. Yuxum isə qaçmışdı. Kofe dəmləmək üçün qalxıb elektrik çaydanını qaynamağa qoydum. Məni yatızdırsa, ancaq hamının yuxusunu qaçıran kofe yatızdara bilərdi…

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(15.05.2023)