Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

12-ci dərc

 

Çay dəm almışdı. Şişman stəkan götürüb özünə çay süzdü. Armudu stəkandakı qaynar çaydan bir qurtum içib stəkanı qarşısındakı kiçik masanın üzərinə qoydu.

Hərdən ona elə gəlirdi ki, öldürülmüş günahsız insanların ruhları həyətdə dolaşır. İndi də xəyaldan ayılanda qəfildən qaranlıqda gözünə nə isə göründü. Qeyri-ixtiyari bədənindən bir üşütmə keçdi.   

Birinci sifarişdən dörd ay sonra daha bir sifariş də olmuşdu. Bu dəfə də üç nəfər.

Bu sifarişlərdən sonra bir dəfə təsadüfən Həsənağanın telefon danışığını eşitmişdi şişman. Kiməsə telefonda deyirdi ki,  çəkilmiş bütün xərcələri çıxarmışıq iki sifarişlə.

“Görəsən insan orqanlarını bunlar neçəyə satır, üç ev, təmir, bu qədər avadanlıq, bahalı dərmanlar”, -deyə o zaman fikirləşmişdi. Onun özünə də kifayət qədər yüksək məbləğlər ödəndiyindən o bu məbləğin beş sıfırla ölçüldüyü qənaətinə gəlmişdi.

İndi, son sifarişdən dörd ay keçəndən sonra üçüncü sifariş daxil olmuşdu.

Bu günlərdə lazım olan dördüncü namizədi tapa bilməyən Həsənağa əsəbləşməyə başlamış, gecikməyə görə təklif olunan məbləğin aşağı endiriləcəyi barədə sivri burunlunun dedikləri onu təbdən çıxarmışdı.

Əslində, o hər işi əvvəldən görərək sifarişin daxil olmasını gözləyirdi. Belə ki, ölkəyə iş axtarmağa gələn bir neçə nəfəri guya işə düzəldəcəyi adı ilə aldadaraq, zəngini gözləmələrini onlara bildirmiş, tanımadığı birindən küçədə aldığı telefon aparatına yerləşdirdiyi, heç yerdə qeydiyyata alınmamış mobil telefon nömrəsini onlara verərək, onların da nömrələrini götürmüş, lazım olanda zəng edəcəyini demişdi. Bununla belə, hər şey dəqiq olsun deyə, mütəmadi olaraq onlarla zəngləşir, tezliklə yüksək məvacibli işə düzəldəcəyi adı ilə yalançı vədlər verir, bu müddət ərzində poliklinikalardan birində işləyən həkim tanışının yanında müayinədən keçmələrini tələb edir, bunu düzəldəcəyi iş üçün vacib olması ilə izah edir, əslində isə onların şəhəri tərk edib-etməmələrini və sağlamlıq durumlarını özü üçün dəqiqləşdirirdi.

Sifariş daxil olandan sonra isə zəng edərək bu zavallıları bir -bir görüşə çağırmış, onlar da öz ayaqları ilə əcəllərinə tərəf gəlmişdilər.

Keçmiş sovet respublikalarından olan miqrantlarla o rus dilində, dillərini bilmədiyi miqrantlarla isə şişmanın həkimin yanında gördüyü, bir neçə dil bilən ikinci əcnəbi vasitəsilə ünsiyyət qururdu. Bu şəxs cinayətkar qrupun əsas üzvlərindən biri idi.

Ancaq bir təsadüf Həsənağanın planlarını pozmuşdu. Oğurlamaq üçün nəzərdə tutduğu adamlardan biri son anda naməlum səbəbdən respublikanı tərk etmişdi və bu səbəbdən o, çıxılmaz vəziyyətə düşmüşdü.

Ona görə də, şişmana heç vaxt etmədiyi bir təklif etmişdi.

Sifarişi yerinə yetirmək üçün çatışmayan dördüncü adamın tapılmasında köməklik göstərərək əvəzində həmişəkindən qat-qat çox pul qazanmaq təklifi idi bu. Növbəti üç nəfər bunkerə gətirilən günün axşamı Həsənağanın şişmanla belə bir söhbəti olmuşdu:

-Qulaq as, bu məsələ uzanır. Nəzərdə tutduğum adamlardan biri burada yoxdur və ona əlim çatmır. Özün bilirsən, hər adam sifarişçinin tələblərinə cavab vermir, lap cavab versə də, hər adamı aldadıb gətirmək mümkün deyil. Gərək cavan və sağlam olsun, aldadıb tora salmaq mümkün olsun. Bəlkə elə bir adam tanıyırsan. Sən də əziyyət çəkirsən, bilirəm. Həm yaxşı pul qazanarsan, həm də günlərlə burada qalmaqdan canın qurtarar bir müddət. Bilirsən ki, əməliyyat üçün lazım olan xüsusi dərmanları üç-dörd gündən artıq vermək olmaz. Dördüncü adamı tapmadığım üçün bu gətirdiyim üç nəfəri də hələlik ancaq sakitləşdirici dərmanlarla saxlamağa məcburuq. Bunu birtəhər razılaşdırmışam, ancaq çox az vaxt veriblər mənə, cəmi bir neçə gün. Təcili dördüncü adamı tapmaq, vəziyyətdən çıxmaq lazımdır.

Artıq ömründə ağlına gətirməyəcəyi hadisələrlə üzləşməsi səbəbindən və sivri burunlu ilə Həsənağanın qorxusundan bir növ onların quluna çevrilmiş şişman bir qədər fikrə getdi. Hər dəqiqəsi qorxu içində keçən bu evdən müvəqqəti də olsa uzaqlaşması üçün o hər şeyə hazır idi. Təki bu sifariş də tez bitsin və arada yaranmış fasilədə mümkün qədər buraya gəlməsin. Həsənağanın təklifini dinlədikdən sonra isə onu çuğlamış qorxu və narahatlığın içində tamahkar xisləti yenidən baş qaldırıdı və üzünü çəpgözə tutub dedi:

-Elə bir adam ağlıma gəlmir axı. Yaxşı bəs mənim xeyrim nə qədər olacaq?

-Əlavə iyirmi min.

Həsənağa yalan demirdi. Vəziyyət elə gətirmişdi ki, dördüncü adamı tapmazlarsa, müqavilənin şərtləri pozulacaq və bu səbəbdən itirəcəkləri daha çox olacaqdı. Qarşı tərəf çox ciddi idi və belə şeyləri bağışlamırdı. Ona görə də bu dəqiqə o hər şeyə getməyə hazır idi.

Məbləği eşidəndə şişmanın ağzı sulandı və son vaxtlar özünə yağdırdığı lənətləri unutdu.

-Baxaram görüm, bəlkə tapa bildim.

Bu söhbətdən sonra bunkerdə gördüyü işlər arasındakı fasilələrdə axtarışlara başlamışdı. Həmin vaxtlarda isə həyət boş qalmaması üçün Həsənağanın təklifi ilə dəstənin əcnəbi üzvü onu əvəzləmişdi. İyirmi min manatı itirəcəyinin təəssüfü ilə axşamadək boş-boş gəzib haradan başlamağı bilməyən, kimisə tapacağına ümidi olmayan şişman axşamüstü bir söhbətin şahidi olarkən axtardığını tapdığını başa düşmüşdü. Tez Həsənağa ilə əlaqə saxlayıb vəziyyəti ona demiş, görüşüb planını izah etmişdi.

Plan bir qədər avantüralı görünsə də, başqa çıxış yolu olmayan çəpgöz razılaşmağa məcbur olmuşdu. O, şişmanla rəftarda özünü nə qədər qəddar göstərsə də, sivri burunlunun qorxusundan sifarişin pozulacağı təqdirdə onun özünu hansı aqibətin gözləyəcəyini düşünmək belə istəmirdi. Onsuz da sivri burunlu ona bir dəfə xəbərdarlıq etmişdi.

Təhlükəsizlik nöqteyi-nəzərindən, əsasən həyat səviyyəsi yüksək olmayan ölkələrdən gəlmiş əcnəbi miqrantlara üstünlük verilməsi tapşırılsa da, çıxılmaz vəziyyətlərdə digər variantlardan istifadə etməyi istisna etməmişdi qorxduğu insan.

Cinayətkar dəstənin hər bir addımı əvvəlcədən düşünülmüşdü. Gəldiyi ölkədə çox vaxt qeydiyyata düşməyə tələsməyən, ikinci və ya üçüncü dövlətin nümayəndəsi olan hansısa miqrantın qəfildən yoxa çıxması ilə bağlı dərhal onun axtarışlarına başlanılması ehtimalı daha az idi.

Bu halda isə gözlədiyinin əksinə olaraq bir məqamı çıxmaq şərti ilə hər şey yağ kimi getmiş, uşaq kimi sadəlövh olan on yeddi yaşlı qızı aldatmaq asandan da asan olmuşdu və iki gün sonra hər şey həll edilmişdi.

Hətta sonradan şişmanı tərifləmişdi də və şişmanın tezliklə son sifarişə görə qonorarından başqa əlavə iyirmi minə sahib olacağı ilə bağlı sevincinə bu tərifdən sonra bir qədər də qürur hissi qarışmış, o bir anlıq özünü dahi bir insan, cinayətkar dəstənin müdhiş planlar cızan beyni kimi hiss etmişdi.

İndi yalnız əməliyyatqabağı zəruri olan və həkimin yalnız özünə məlum olan bəzi proseduraları edəndən sonra sifarişi tamamlamaq olardı. Qız ikinci gün idi ki, gətirilmişdi. Həkim sabah da zəruri dərmanları yemək və şirələrin içində verməyi tapşırıb, həmişəki kimi gecə saatlarında əməliyyata başlayacağını bildirmişdi.

Əməliyyat zamanı bunkerə birinci, yaxud sonuncu gətirilmiş insanın əməliyyat masasına uzadılması heç bir rol oynamırdı. Əvvəla qurban sayından asılı olaraq bir neçə saata işini yekunlaşdıran həkim üçün kimin birinci, kimin sonuncu olacağı önəmli deyildi. İkincisi isə, daxili orqanların bədəndən ayrılandan sonra ünvana çatdırılanadək lazımi keyfiyyətini saxlaması üçün gizli labaratoriyaya gətirilən insanlara verilmiş son dərəcə bahalı dərmanlar, uzun müddət təsirini saxlayırdı. Ona görə də, sonradan yola və digər proseslərə sərf olunan vaxt da nəzərə alınarsa, sifarişçinin adamına çatdırılan orqanlar zəruri zaman kəsiyində keyfiyyətini saxlayırdı. Bu müddətin içərisindəki qalan günlər isə orqanların cərrahi üsulla xəstələrin bədəninə köçürülməsi üçün lazım olan vaxt idi. Bu vaxt itkisi olmazsa, kəsilmiş daxili orqanlar bütün tələblərə cavab verirdi.

“Bəli, bir-iki gün də dözüm, hər şey bitəndən sonra, Həsənağaya deyib, çıxıb gedəcəyəm Rusiyaya. Bir az dincəlmək lazımdır”.

Bu xəyallarla şişman həyət qapısının cəftəsini bir daha yoxladıqdan sonra evə keçərək səhər obaşdan oyanmaq üçün soyunub yatağına uzandı…

 

* * *

Müəllim yanına gələn uşaqlardan birinin adı Ləman, o birisininki Tərlan idi. Yaxşı ki, onlar eyni sinifdə oxumaqla yanaşı həm də qonşu idilər və hər ikisi ilə birlikdə söhbət etmək daha çox məlumat toplamağıma kömək edə bilərdi.

Onlarla Ləmangilin evində, hər ikisinin valideyninin iştirakı ilə görüşdüm.

Ləmangilin mənzili beşinci mərtəbədə idi.

Olduqca səmimi olan bu ailə, Nərminin itməsindən çox narahat olmuş, məmnuniyyətlə söhbət etməyə razılıq vermişdilər.

Söhbətə ev sahibi kimi Ləmanın atası başladı:

-Bəxtiyar müəllim, Nərmini tanımasaq da, uşaqlardan onun başına gələnləri eşitmişik. Nərmin də bizim bir balamız, buyurun, sizi nə maraqlandırırsa soruşun, uşaqlar cavablandırsınlar.

-Tahir müəllim övladlarınız haqqında çox gözəl sözlər dedi, maşallah, ikisi də çalışqan, nümunəvi şagirdlərdir.

Bu, qarşımda oturub diqqətlə mənə baxan, sakit görünsələr də, daxildə həyəcan keçirdikləri hiss olunan yeniyetmələri sakitləşdirmək və onlarda özümə qarşı məhrəmlik hissi yaratmaq üçün edilən bir gediş idi. Bir dəfə polis əməkdaşları ilə görüşərək sualları cavablandıran bu uşaqlar, indi təkrarən onları sorğu-sual etməyi özlərinə qarşı inamsızlıq kimi qəbul edər, özlərinə qapanar və nəticədə hansısa mənə lazım ola biləcək ən vacib xırdalıqları unuda bilərdilər.

Uşaqlar təvazökarlıqla baxışlarını aşağı dikdilər. Başlarını qaldıranda hər ikisinin çöhrəsində yaranmış məmnunluq ifadəsi söhbətə başlamaq üçün bir işarə idi.

İndi suallara başlamaq olardı. Artıq psixikaları hələ tam formalaşmamış bu yeniyetmələrlə aramızda psixoloji kontaktın yarandığına əmin idim.

-Uşaqlar, bilirəm ki, polis əməkdaşları sizinlə görüşüb və bildiklərinizi onlara danışmısınız. Ancaq mənim sizə verəcəyim suallar bir qədər fərqli olacaq. Ona görə də suallarım ətrafında bir qədər fikirləşib sonra nə isə xatırlayarsınızsa deyin, xatırlamasanız, bilmirəm söyləyin.

-Buyurun, Bəxtiyar müəllim, biz hazırıq, -Tərlan hər ikisinin yerinə cavab verdi.

-Həmin gün məşğələ saat neçədə yekunlaşmışdı?

-Saat səkkizə on dəqiqə qalmış.

-Bunu necə xatırladın?

-Həmin gün axşam saat 8-də “Neftçi” - “Qarabağ” qarşılaşması var idi, fikirləşirdim ki, məşğələdən sonra birinci hissənin sonlarına evə çataram. Ancaq tez çıxdığımıza görə mən evə çatanda oyun cəmi otuz beş dəqiqə idi ki, başlamışdı. Mən isə məşğələdən evə, adətən qırx beş dəqiqəyə çatıram.

Tərlanın cavabı Tahir müəllimin dediklərini təsdiqləyirdi.

-Yaxşı, afərin, indi yadınıza salın görüm, Tahir müəllimin evindən çıxanda ətrafda nə isə qəribə, həmişə görməyə öyrəşmədiyiniz bir şey görmədiniz ki. Məsələn, qapıda dayanmış, içində adamlar olan maşın və ya səbəbsiz yerə yaxınlıqda var-gəl edən kimsə?

Uşaqlar fikrə getdilər.

Birinci Ləman dilləndi.

-Elə bir şey görməmişəm, ancaq bir qədər aralıda üst-başı yaman gündə olan, üzünü saqqal basmış bir kişinin diləndiyini xatırlayıram. O bizə tərəf baxanda tez üzümü çevirdim ki, yaxınlaşıb nəsə istəməsin. Üzr istəyirəm, ancaq ona elə uzaqdan gözüm sataşanda ürəyim bulandı.

-Aranızda neçə metr məsafə olardı?

-Təxminən on beş metr.

-Dilənçini mən də gördüm, ancaq başqa nəsə xatırlaya bilmirəm, -Tərlan da söhbətə müdaxilə etdi.

-Onun dilənçi olduğunu nədən bildiniz?

-Üst-başından, -Ləman sifətini turşutdu.

-Boyu və yaşını xatırlayırsınızmı?

-Boyu bəstə idi, bir altmışdan çox olmazdı, amma yaşını deyə bilmərəm.

-Siz gedəndə hələ də orada dayanmışdı, yoxsa uzaqlaşdı?

-Bunu xatırlamıram, daha onun tərəfə baxmadım, -yenə Ləman dedi.

-Mən də fikir vermədim, -Tərlan da əlavə etdi.

-Tahir müəllim sizinlə küçə qapısına qədər çıxmışdımı?

Bu, müəllimə olan inamsızlıqdan yox, hər şeyi dəqiqləşdirmək vərdişimdən irəli gələn bir sual idi.

-Xeyr, müəllimlə həmişə evdə sağollaşıb çıxırıq.

-Bəs olubmu ki, məşğələyə gələndə küçə qapısı içəridən bağlı olsun, qapını döyəndən sonra Tahir müəllim gəlib açsın?

-Xeyr, küçə qapısı həmişə açıq olur.

-Məşğələ vaxtı cib telefonlarınızı söndürürsünüzmü?

-Əvvəl-əvvəl səssiz rejimə qoyurduq, sonra bunun dərsimizə mane olduğunu görən müəllim söndürməyimizi tələb etdi.

-Nərminin də söndürdüyünə əminsinizmi?

-Əlbəttə, dərs masasının arxasına keçəndə ilk etdiyimiz şey telefonları söndürmək olur. Bu barədə valideynlərimizi də xəbərdar etmişik ki, zəng çatmasa narahat olmasınlar.

Valideynlər təsdiq işarəsi olaraq başlarını yellədilər.

-Hə, həmin gün hətta Nərmin telefonunu söndürərkən nə isə yadına düşdü, səhv etmirəmsə, kiməsə mesaj yazıb sonra söndürdü.

Bu nə ola bilərdi görəsən? Nərminin telefonundan mesaj göndərilmədiyini bilirdim. Ancaq uşaqların bunu bilməsi vacib deyildi.

-Mesajın göndərilməsi siqnalını eşitdinizmi?

-Xeyr, ancaq söndürməmişdən əvvəl bir neçə saniyə telefonun hansısa düymələrini basdı deyə, elə düşündük.

Bu suala uşaqlar xorla cavab verdilər. Deməli, bu məqamı dəqiq xatırlayırdılar.

-Bu barədə polis əməkdaşlarına nəsə demisinizmi?

-Xeyr, onlar soruşmadı, bizim də yadımıza düşmədi. Ümumiyyətlə sizin suallarınız onların suallarına heç oxşamır,- Ləman bunu deyib, bir qədər qızardı.

-Neçə vaxtdır ki, müəllimin evinə məşğələyə gedirsiniz. Deyin görüm, həmin küçədən çoxmu adam keçir?

-Elə də yox, -Ləman dedi.

-Adam az keçir, hərdən-birdən, -Tərlan da onun dediyini təsdiqlədi.

-Orada yaşayan qonşulardan kimisə tanıyırsınız?

Ləman susdu.

-Təkcə Zabitə xalanı tanıyıram. Sağ tərəfdəki qonşudur. Bir dəfə məşğələyə gələndə əlində ağır zənbil olduğunu görüb kömək etdim. Qapılarına çatanda isə məlum oldu ki, Tahir müəllimlə qonşudurlar. Amma onu görəndə çalışıram gözünə görünməyim.

-Niyə? -təəccüblə soruşdum.

Tərlan altdan-altdan böyüklərə baxdı.

-Yaman söyüşcül arvaddır. O gündən də məni nə vaxt görsə, “cüvəllağı” deyə çağırır, ona görə.

Otaqdakıların hamısının dodağı qaçdı.

-Tez-tez görürsən Zabitə xalanı?

-Tərslikdən demək olar ki, hə.

-Əsasən məşğələyə gedəndə, ya qayıdanda?

-Ən çox məşğələdən çıxanda.

Lazımlı ola bilərdi bu mənə.

-Nərminin yaxın rəfiqəsi var, Nazan. Onun tanıyırsınızmı?

-Xeyir, -Ləman dedi.

Tərlan isə susdu. Görünürdü ki, o da bu adı ilk dəfədir eşidir.

Bu iki qız yaxşı münasibətdə olsalar da, onların yaxın rəfiqə olmadıqları bəlli idi. Əks təqdirdə Ləman Nazanı mütləq tanıyardı.

Uşaqların valideynləri səbrlə sualların bitməsini gözləyirdilər.

-Yaxşı, uşaqlar, tam bir dəqiqə də fikirləşin, sualsız, özünüzün yadına düşən nəsə varsa deyin, yoxdursa, bununla yekunlaşaq.

Mobil telefonumu çıxarıb saatına baxdım.

Uşaqlar daha heç nə xatırlamadılar.

-Əgər nə isə bir sual yaranarsa, yenə də sizi narahat edə bilərəmmi? -deyib valideynlərə müraciət etdim.

-Əlbəttə, istənilən vaxt, lap gecə yarısı olsun. Bilirsiniz, dilimizə gətirməsək də, hamımız dərk edirik ki, bu hadisə bizim də uşaqların başına gələ bilərdi. Nə yaxşı ki, asayişimizin keşiyində duran, həyatını cinayətkarlıqla mübarizəyə həsr edən sizin kimi insanlar var. Bu yolun necə çətin bir yol olduğunu mən bilirəm. Həmişə qapımız üzünüzə açıqdır, Bəxtiyar müəllim, -Tərlanın atası qəhərləndi.

Ayağa qalxıb hamı ilə sağollaşdım.

Qapıya yaxınlaşıb, ayaqqabılarımı geymək üçün əyildim.

Birdən, bayaq oturduğumuz otaqdan Ləmanın anasının dediyi sözlər qulağıma çatdı- “Allah özü o uşağın köməyi olsun, həmin gün çox pis gün idi, elə bizimkiləri də az qalıbmış, yük maşını vursun evə gələndə”.

Bir daha məni ötürməyə çıxan kişilərlə sağollaşıb mənzildən çıxdım.

Liftin düyməsini basdım. Köhnə doqquzmərtəbəli binanın lifti piyadaların döyüş maşınından da bərk səslər çıxararaq dayandığım mərtəbəyə qalxmağa başladı.

Saat onun yarsı idi. Layiqə yəqin ki, ofisi bağlayıb getmiş olardı. “Qoy dincəlsin, sabah işi çox olacaq”, -deyə eyni gurultu ilə aşağı düşən liftdə fikirləşdim.

Binadan çıxıb taksiyə əyləşdim və ünvanı dedim. İndi də, əgər gec olduğuna görə valideynləri etiraz etməzsə, Nazanla söhbət etmək istəyirdim.

İyirmi beş dəqiqə sonra Nazanın yaşadığı mənzilin qarşısında idim. Zəngin düyməsini basdım. Qapını açan təxminən qırx beş yaşlarında olan kişi, -Buyurun, kim lazımdır?-deyə soruşdu.

Dedim:

-Mən iki gün əvvəl itkin düşmüş Nərmin İsmayılzadənin axtarışlarını həyata keçirən detektiv Bəxtiyar Nəzərliyəm. Siz yəqin ki, Nazanın atasısınız. Məsələ o qədər təcilidir ki, sabahı gözləyə bilmədim. Söhbət Nərminin həyatından gedir. Etiraz etmirsinizsə, qızınızla bir qədər söhbət etmək istəyirdim.

Bu sözləri eşidən Nazanın atası tez qapıdan çəkilib mən içəri dəvət etdi.

-Buyurun, əlbəttə, Nazan iki gündür ki, özünə yer tapa bilmir, anası ona yemək də yedizdirə bilmir. Ancaq ağlayır.

Səsimizi eşidən Nazan içəri keçməyimi gözləməyib dəhlizə çıxdı. Həqiqətən də ağlamaqdan gözləri şişmişdi.

-Əmi, Nərmindən bir xəbər var?

-Hələ ki yoxdur qızım, ancaq bəzi şeylər öyrənə bilmişəm, indi sənin də tam özünü toplayıb mənim bəzi suallarıma cavab verməyin lazımdır.

Nazanı aldatmağın mənası yox idi. Böyük qız idi və vəziyyətin ciddiliyini onsuz da gözəl başa düşürdü.

-Buyurun əmi, nə lazımdırsa soruşun, təki Nərmin tez tapılsın, o mənim rəfiqəm yox bacımdır, heç bilmirəm ona bir şey olsa mən neyləyərəm?

Görünürdü ki, Nazan da Nərmin kimi şən və gülərüz, bir qədər də dilli-dillavər qızdır. Ancaq rəfiqəsinin yoxa çıxması ona o qədər təsir etmişdi ki, çöhrəsində kədərdən başqa bir ifadə görmək mümkün deyildi.

Keçib divanda oturdum, Nazan da yanımda oturduğu üçün bir qədər ona tərəf çönüb ilk sualımı verdim.

-Çox yaxın rəfiqə olduğunuzu bilirdim. Nərminə görə keçirdiyin halları görəndən sonra necə yaxın dost olduğunuzu daha yaxşı anladım. Əgər belədirsə, demək həm də yaxın sirdaşsınız. Deyə bilərsənmi, bəlkə Nərminin elə bir sirri var ki, onu yalnız sənə açıb və sən də onu heç kimə deməməyə söz vermisən? Belə bir şey varsa mütləq mənə de və bil ki, bu dəqiqə rəfiqənin tapılması üçün ən kiçik, sənə əhəmiyyətsiz görünən bir məlumat da böyük rol oynaya bilər.

Nazan diqqətlə gözlərimin içinə baxdı, sanki mənə inanıb-inanmayacağına qərar verirdi, sonra nəzərlərini masanın kənarında oturmuş valideynlərinə dikib bir anlıq duruxdu və tez baxışlarını yayındırdı.

Nazanın atası arif adam idi. Üzünü mənə tutub, -Bəxtiyar müəllim, bizi üzürlü sayın, mənim bir az işlərim var, yoldaşım da indi sizə bir yaxşı çay dəmləyər, mətbəxə  keçirik, siz rahat söhbət edin, - dedi.

Təklikdə qaldığımızı görən Nazan dərhal danışmağa başladı:

-Bilirsiz, Nərminin sevdiyi bir oğlan var, sinif yoldaşımızdır. Adı Rüfətdir. Bu sirri  məndən başqa heç kim  bilmir, Rüfət də Nərmini çox sevir.

-Onlar görüşürlər?

-Yox, nə danışırsız, ancaq məktəbdə bir-birilərini görürlər. Rüfət də utancaq oğlandır. Düzdür, bir dəfə Nərmini gəzməyə dəvət etmək istəmişdi, ancaq Nərmin razı olmadı və dedi ki, belə şeyləri unut, babamın icazəsi olmadan evdən çıxa bilmərəm, səninlə görüşməyə isə icazə verməz, heç bunu ona deyə də bilmərəm. O vaxtdan Rüfət daha o söhbətin üstünə gəlmir.

-Yaxşı, de görüm, elə bir şey var idimi ki, Nərmin son vaxtlar ancaq onun haqqında düşünsün, tez-tez o şey haqqında danışsın və ya nə isə onu narahat etsin.

-Nərminin tək fikri-zikri oxumaq və instituta qəbul olmaqdır. Bundan başqa onu heç nə maraqlandırmır.

-Nazan, indi verəcəyim suala cavab verməyə tələsmə. Fikirləş və de. Bir anlıq təsəvvür edək ki, kimsə Nərminin tanıdığı, yaxud bəlkə də təsadüfən tanış olub bir dəfə gördüyü və yaxud heç tanımadığı  birisi, hansısa məkrli niyyətini həyata keçirmək üçün onu aldadaraq harasa, deyək ki, niyyətini həyata keçirmək üçün özünə münasib olan bir yerə çağırmaq və ya gətirtmək istəyir. Bu halda Nərmini nə ilə maraqlandırmaq olardı ki, o nənəsinə və babasına deməmiş həmin yerə getsin?

Nərminin rəfiqəsi fikrə getdi.

-Bilirsiz, Bəxtiyar əmi, ağlıma elə bir şey gəlmir. Bayaq dediyim kimi, Nərmini dərslərindən başqa heç nə maraqlandırmayıb heç vaxt. Hətta zarafatca ona deyirdim ki, vaxtından tez qocalmısan. O, bütün fənlərdən həmişə yüksək qiymətlər alıb. Ancaq ən çox sevdiyi ədəbiyyatdır. Olsa-olsa onu kitabla maraqlandırmaq olardı. Hə, “Qabusnamə”ni çox oxumaq istəyirdi. Hətta pul da yığmışdı ki, o kitabı alsın. Ancaq həmişə gileylənirdi ki, satışda yoxdur, heç yerdə də tapa bilmir.

-O kitab üçün harasa və ya kiməsə müraciət etmişdimi?

-Deyə bilmərəm. Eləcə deyirdi ki, heç yerdə tapa bilmir.

Bu çox vacib məlumat idi. Onu saf-çürük etmək üçün isə hələ tələsmirdim. Nəzərdə tutduğum bütün adamlarla görüşüb danışmamış, fikirlərimi bir ipə düzməyi sevmirdim. Hələ Tərlana cüvəllağı deyən o Zabitə arvad qalırdı. Tahir müəllimin qonşusu. İndi də Rüfət adlı birinin olduğunu öyrənmişdim.

Birdən Nazan əlini əlimin üstünə qoyub soruşdu:

-Bəxtiyar əmi, siz Nərmini tapacaqsınız?

-Tapacağam, qızım, mütləq tapacağam, -dedim.

Bu, rəfiqəsini doğma bacısı kimi çox istəyən qızın gözlərində elə bir yalvarış var idi ki, Nərmini tapacağıma bir daha özümə söz verdim.

 

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(12.05.2023)