Naxçıvan kitab sərgisinin iştirakçılarını bu gün bol təəssüratlı ekskursiyalar gözləyir

13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin baş sponsorluğu, “Hədəf” kurslarının sponsorluğu ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisinin keçiriləcəyi ilə bağlı məlumatlısınız. 

 

“Ədəbiyyat və incəsənət” portalının Sərginin Təşkilat Komitəsindən aldığı məlumata görə bu gün Bakıdan gedən qonaqları çox maraqlı ekskursiyalar gözləyir. Onlar Möminə Xatun və Cavid məqbərələrində olacaq, Duz dağına, Əshabi-kəhf ziyarətgahına gedəcəklər. 

Sabah saat 11-də isə Naxçıvan Dövlət Universitetində sərginin açılşı olacaq. Açılış mərasimində Naxçıvan Dövlət Universitetinin rektoru Anar Kazımov, ANAİB-in sədri Şəmil Sadiq, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçiyev və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edəcəklər. 

Xatırladaq ki, sərgidə tanınmış qələm və incəsənət adamları ilə görüş keçiriləcək, oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qura biləcəklər.

Sərgi çərçivəsində tanınmış yazıçılar Elxan Elatlı və Varisin, tanınmış şair Rüstəm Behrudinin, habelə uşaq yazıçısı Zahid Xəlilin imza mərasimləri baş tutacaq. Eyni zamanda E.Elatlı yeni romanı olan “Belçika ovçarka”sını oxucularına təqdim edəcək.

Bundan başqa kitab bayramında təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi” panelləri ilə çıxış edəcəklər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da var.

Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da nəzərdə tutulur.

 

Şəkildə: Əshabi-kəhf

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)