Təbaşir, işarə, həyat... Featured

“Ədəbiyyat və incəsənət” portalı şair Qəşəm Nəcəfzadənin essesini təqdim edir. 

 

 

10-cu sinfi bitirdim, ali təhsil almaq üçün atam məni şəhərə apara bilməyəcəkdi. Çünki şəhəri tanımırdı. Ömür böyu qoyun otarmışdı. Çoban idi.

Atam uzaq qohumumuz Abbas müəllimə zəhmət haqqı kimi iki yüz manat pul verdi ki, apar Qəşəmi Gəncəyə, bir ev tut, qalsın orda, sənədlərini versin instituta.

Axşam ailəmizlə “ayrılıq” çörəyi yedik (Atam belə deyirdi), sabah gedəcəkdim şəhərə. Atam  çox ağlayırdı, şəhəri tanımadığına və məni apara bilmədiyinə görə pis olmuşdu atam.

Səhəri yol çantamı  götürüb  evdən çıxanda  atam boynumu qucaqlayıb  yenə ağladı. Elə bilirdik, atamız ağlamaz. Atamız ağladı  deyə, hamı ağladı, anam, bacım və qardaşlarım, qonşular...

Sonra itimiz, atımız, qoyun-quzularımız arxamca boylandı. İtimiz xeyli maşının arxasınca yüyürdü.

Abbas müəllim Gəncənin  Bağbanlar qəsəbəsində “padvalda” mənə bir otaqlı ev tutdu. Sonra qayıtdı kəndə. 

Mən otağın pəncərəsindən küçədən keçən adamların ayaqqabılarını görürdüm.  Böyük otaqda yeganə  həmdəmim tək çarpayı və onun altına səliqəsiz tökülmüş kitablar idi.

Hər gecə şüşə qabda əmizklə süd içirdiyim quzu yuxuma girirdi. Bilirdiim ki, o quzu məni axtarır.

Sabah sənədlərimi Gəncə Dövlət Universitetinə verməli idim. Bəs necə edim?  Mən universitetin  yerini tanımırdım.

Səhər tezden əl - üzümü yuyanda üzüm çardağının altındakı yeşikdə xeyli təbaşir gördüm. Birini götürüb ehmalca atdım cibimə.  Bu, mənim həyatda ilk oğurluğum idi.

Səhər  universitetin yerini soruşa-soruşa getdikcə, ağaclara, divarlara təbaşirlə  kiçik işarələr qoyurdum. Xəlvət edirdim ki, heç kəs görməsin.  Bu minvalla universitetə gəlib-getməyi öyrəndim. Artıq işarələrə baxmağa ehtiyac duymurdum. Sonralar bu cür işarələr həyatımda mühüm rol oynadı.

Əslində götürəndə bu işarələr  mənim üçün  yol-hərəkət qaydaları idi.

Şəhərin yol işarələrinə qarışmayan  təzə qayda-qanunlar...

Sonralar küçələri  yox, adamları müəyyən sözlərlə işarələdim, tanıdım.

Ədəbiyyatda, şeirdə də işarələr var. Öyrəndiyim şeirlərin gizli işarələri məni şeirin dərinliklərinə apardı. 

O vaxt sevdiyim bir mahni vardı: “Mən arifəm işarədən qananam”.  Işarələr,  işarələr...

Yaşadığımız həyat da yol-küçə kimidir. Orda da işarələr, yol nişanları var. Ayrılıqlar, mübahisələr o zaman başlayır ki, biz həyat küçəsində yol-hərəkət qaydalaraına əməl etmirik.  Toqquşuruq, qəza törədirk. Həyat nişanları da yol nişanları  kimidir. Məsələn, sevdiyim yazıçı  Qərib Mehdi mənə dərs deyərkən ədəbiyyat nişanlarını -  işarələrini mənə belə öyrətdi. Vaqif Bayatlı küçəsi ilə get, sonra dön sağa- Vaqif Səmədoğlu küçəsinə, burda çox dayanma tez dön sola, düz get, gəlib Nazim Hikmət küçəsinə çıxacaqsan, burdakı dayanacaqda  bir az dayan.  Amma burda çox qalma. Sən tünlükdən tez çıxmalısan, Ramiz Rövşən küçəsinə girmə, tünlükdü.  Sürətlə get, get, get, yenə sağa dön, sonra sola, yenə düz  get, get görəcəksən yolunun ağzında bir göy qurşağı sallanır, çıx  göy qurşağına, bu sənin   küçəndi, Qəşəm.

Tabaşirlə başlayan işarələr, nişanlar sonralar məni heç vaxt  tərk etmədi.

Güllərə, çiçəklərə, dağlara, adamlara  

öz nişanlarımı vurdum.

Ona görə də şeirlərim heç kəsin şeirlərinə bənzəmir.

Heç vaxt yadımdan çıxmır:  Atamın məni şəhərə apara bilmədiyinə görə ağlamağı.

Atamın ağlamağı da mənim üçün bir işarə  idi. Hələ bu sirrin ucunu tapa bilmirəm.

İşarələri mənə atam öyrətmişdi. O, köç  vaxtı, Kəlbəcər dağlarına gedəndə  tanımadığı yerlərə  daş-uyuq qoyurdu ki, qayıdanda azmasın. Adam təkçə şəhərdə azmır, həyatda da azır. Atamn nişanlarını mən həyata daşıdım. Atam böyük şair idi, lap Səməd Vurğun kimi. Nə yazıramsa, hamısı onundur, ondan öyrənmişəm şeir yazmağı.

Mənim çoban atam,

Metroya minə bilməyən atam.

Mənim şair atam...

Savadsız olduğuna,  şəhəri tanımadığna və    məni şəhərə apara bilmədiyinə görə boynumu qucaqlayıb ağlayan atam...

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2023)