Ukraynanın uşaq yazıçısı İnna İşuk azərbaycanlı balaca oxucularla görüşüb

“Zoom” platforması üzərindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt kitabxanalarının fəal oxucuları ilə tanınmış Ukrayna uşaq yazıçısı İnna İşukun görüşü təşkil edilib.
İdarədən bildirilib ki, görüşdə Azərbaycan oxucularına yazıçı haqqında məlumat verilib.
Daha sonra oxucularla müəllif arasında maraqlı söhbət keçirilib. Kiçikyaşlı oxucular müəllifin əsərlərinə çəkilmiş rəsmlər təqdim edib və şeirlərini səsləndiriblər.
Ukrayna uşaq yazıçısı İnna İşyuk oxuculara öz kitabından nümunələr oxuyub, müxtəlif tapmacalar səsləndirib və oyunlar təqdim edib. Müəllif əsərlərinin Azərbaycanda öz oxucularını tapmasından məmnunluğunu bildirib və ilk görüşün davamlı olması arzusunu ifadə edib.
Görüşün sonunda Bakı kitabxanalarının əməkdaşları 44 günlük müharibənin Zəfərindən söhbət açıb, o cümlədən vətənpərvərlik şeirləri və kompozisiyalar təqdim edilib.
Qeyd edək ki, İnna İşuk 130-dan çox uşaq kitabının müəllifidir. Ukrayna Milli Yazıçılar İttifaqı Odessa uşaq yazıçıları bölməsinin rəhbəridir. 15 il ərzində müəllifin uşaqlar üçün 130-a qədər kitabçası, şeir və nəsr topluları, almanaxları işıq üzü görüb. O, "Болдинская осень в Одессе" (“Odessada Boldin payızı”) festivalının mükafatçısıdır. İki dəfə – 2017-ci ildə “Uşaqlar üçün şeir”, 2020-ci ildə isə "Волшебная монета" (“Sehrli qəpik”) kinossenarisinə görə beynəlxalq müsabiqənin qalibi və “Korney Çukovski” mükafatının sahibi olub.
İnna İşukun ən masştablı işi isə keçmiş SSRİ-nin on milyonlarla tamaşaçı toplayan “Спокойной ночи, малыши!" (“Gecəniz xeyrə qalsın, balalar”) televerilişinin ssenari müəlliflərindən biri olmasıdır.