“Sənin ki, bu qədər təmizliyin var...” - Musa Yaquba ithaf Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Rafael Tağızadənin illər öncə qələmə aldığı və “Musa Yaqubun 80 yaşına bu sətirləri İsmayıllı səfərindən sonra yazmaq istədim:   Ucalıqları müqayisə edərək!” deyərək iqtibas etdiyi məqaləsini oxucularına təqdim edir.

 

İsmayıllının ən hündür ağacları, dağları, sıldırım qayaları da Musa Yaqub əzəmətinin qarşısında kiçik görünür. 

Buludun Musa Yaqub həsrətinə tökdüyü göz yaşı onun görüşünə gələnlərlə ara verdi. Təbiət daha gözəl görünsün deyə, hava, ağaclar, dağlar yuyulub təmizləndi. Bu təbiəti sevən şairə təbiətin sevgisi idi.

Şairin səsini eşidən ağaclar yarpaq pıçıltısını dayandırdı, dilindən şeirini eşidən şəlalə səsini içinə çəkdi. Bu sevgiyə düzənlər qırmızıya  büründü. Banuçiçəklər, Turallar lalələrin arasında itdi. 

İsmayıllı hələ belə coşqu görməmişdi. “Qız qalası” sözün sehrinə düşmüşdü.

Təbiət şairin səksən yaşını, onu sevənlər söz bayramını qeyd edirdilər. Bu gün burda göy üzü, təbiət dupduru idi. Musa Yaqubun şeirləri kimi. 

Hamı bu duruluğun içində təmizlənirdi. Durulurdu. Ruhlar təzələnirdi. Yeni bir ovqata köklənirdi. Musa Yaqub ovqatına.

Onunla təmasda, ünsiyyətdə olanda elə bilirsən ki, təbiətin qoynundasan. Uca bir ağacın sərin kölgəsindəsən. Qayaya söykənmisən. Təbiət səninlə aram-aram danışır.

Musa Yaqubun dilindən şeir dinləmək ayrı bir xoşbəxtlikdir. Onun ləzzəti tam başqadır. Öz doğmalığıyla, cazibəsiylə, səsinin ahəngiylə.

Pıçıldaşan misralar bir anın içində coşur. Bilirsən ki, həmin an dağlara yağış yağır, sel-su, çayın səsi aləmi büyüyüb. Sonra şeir yenə aram-aram öz axarıyla gedir. 

Musa Yaqub yaz havalı şairdi. Hərdən payıza, yarpaqların rəngarəng çalarlarına köklənsə belə.  

Tez-tez tənhalığa çəkilsə də, cəmiyyət adamıdır. Sözü kimi özü də adamları özünə çəkir. Başına yığır. Başına yığışırlar. Arı pətəyə yığışan kimi. O gəlişiylə məclisə yeni bir ovqat, yeni ruh gətirir. 

Sözləri ürəyə yatan şairin özü də sözü kimidir. 

Sözü kimi özü üçün də darıxırsan. Onunçün darıxmamaq olmur. “Öyrətmə özünə, öyrətmə məni”, - deyən şair, hamını özü üçün darıxdırır:

 

Bəlkə gözləmirdik bu xoş görüşü,

Yaman qəribədir dünyanın işi;

Heç vaxt yollarında dayanmadığın,

Heç həndəvərində dolanmadığın

Gəlib birdən sənə nə şirin olur!

 

Onun sevgisi də özü kimi safdır. O, bu yaşda da tərtəmizdir. Hisləriylə, duyğularıyla, sözləriylə bir mənəviyyat, əxlaq adamıdır. Budur Musa Yaqub:

 

Tək bənövşə bitib lap yaxınında,

Mənə deyəcəyin gizli sözündü-

Xırda ləçəklərlə titrəyir səsin.

Atam da, anam da yatır yanında,

Necə danışaq ki, eşidilməsin.

 

Musa Yaqub təbiətin özü, bir parçası olmaqla bərabər, həm də həyatın özüdür. Onun reallıqları ilə birlikdə. Hər şeyin təbii düzənini sevən şairin azadlıq istəyi sonsuzdur: 

 

Azadlıq nə gəzir bu yer üzündə, 

Azadlıq gəzirəm elə özüm də.

... Qartal caynağında quş azad deyil,

Saray divarında daş azad deyil. 

Nə qədər qurd ağzı, şir pəncəsi var,

Cüyürlər qıçını qatlaya bilməz.

Azadlıq nə gəzir bu yer üzündə. 

 

Musa Yaqubun şeirlərini yayın istisində aranda oxuyanda, dinləyəndə elə bilirsən ki, dağın döşündə, meşənin dərinliyində, sakit bir çayın kənarında dayanmısan. Suyun səsini eşidirsən...   

Şeirlərində təbiət adamın gözündə canlanır. O yola düşüb, nəinki sevdiyi bulağı, onun sevdiyi bütün ağacların içində o dediyi yarpağı tapa bilirsən. 

 İsmayıllı dağları, meşələri, qayaları, daşları Musa Yaqub üçün insanlardan daha çox darıxır. Vəsf olunmaq üçün. Yenidən sevilmək üçün. 

O, təbiəti elə təsvir, elə tərənnüm edir ki, təbiət qayıdıb özü-özünə vurulur. 

Təbiətin göyərməyən qara daşına, özü-özü ilə sakitcə danışan gecəsinə, ağacına, dağına, adamına yazdığı şeirlər vurğunluq nümunəsidir. 

 

Sən Allah, bu gülün keyfinə dəymə,

Çevirmə üzünü qüruba sarı.

... Bu qızıl güllərdən mənə qanad hör,

Sən Allah, bu gülü yasa aparma.

 

Gülə ancaq Musa Yaqub belə yanaşa bilər.

Səsiylə, sözüylə, baxışıyla təbiəti canlandıran, insanlara yeni ruh, yaşam həvəsi verən, həyatı, dünyanı şeiri kimi nizama səsləyən, sevgilər içində, əhatəsində olan Musa Yaqubun ömrü təbiətin ömrü qədərdir.

 

Nə əvvələm, nə indiyəm,

Səksənimin içindəyəm.

Axırıncı keçiddəyəm-

Keçidimi keçim gedim.

O bulaqdan çox içmişəm,

Bu çeşmədən içim gedim.

... O qapıdan girmiş idim,

Bu qapıdan çıxım gedim 

 

- deyən şairə şeirləri kimi sevgi dolu sakit bir səslə pıçıldayırsan: “İsmayıllıya gedin, Bakıya gəlin. Uzağa getməyin. Həmişə yanımızda olun. Darıxmağa qoymayın bizi”, əziz Musa Yaqub...

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)