İlandağ əfsanəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcini davam edir. Növbəti hekayə “İlandağ əfsanəsi” adlanır.

 

 

O, baharda dünyaya gəlmişdi, ağaclar yaşıllaşanda, çiçək açanda... Bəlkə də ona görə idi ki, hər bahar gələndə yenicə çiçək açmış ağaclara öz baxışları ilə sığal çəkər, sonra bu mənzərələri rəsmlərində canlandırardı.  Olduqca təvazökar, qəlbən kövrək, ilk baxışda sərt görünsə də xasiyyətcə çox mülayim  idi. Tanrı  ona  sadəlik, səmimilik, zəhmətsevərlik, böyük qəlb, istedad bəxş etmişdi.

Əsl həqiqətdə rəssamlıq unikal bir sənətdir. Rənglərin dilini bilmək, ruhi aləminə daxil olmaq hər adama nəsib olan səadət deyil. Kətan üzərində möcüzə yaratmaq üçün özün də bir möcüzəyə çevrilirsən. Bəs rənglərin musiqisini duymaq? Bu, artıq ikiqat möcüzədir. Rəsm çəkərkən zümzümə edərdi, onun çox gözəl səsi vardı. “Dəli ceyran”, “Uca dağlar başında” xalq  mahnılarını oxuyardı. Məktəbdə tarix dərslərini təbiətin qoynunda, tarixi memarlıq abidələrin qarşısında keçirərdilər. Müəllim həmin tarixi abidələrin yaranma tarixindən danışardı. Evə qayıdanda isə gördükləri barədə inşa yazardı. Heydər həm inşa yazırdı, həm də həmin gördüyü abidənin şəklin çəkirdi. Məktəb yaşlarında rəsmə həvəsi olan Heydər Naxçıvanın bir çox mənzərəli yerlərini, xüsusilə də İlandağı (Haçadağı) fırçaya almış, akvarellə çəkmişdi. Heydərin həmin dağdan çox xoşu gəlirdi. Çəkdiyi bu rəsmin öz tarixçəsi vardır.

 Bu dağ Naxçıvanın Culfa ərazisində yerləşir. Söylənən əfsanəyə görə ilanlar dağda məskən salırlar. Bir gün ilanlar şahının oğlu  dağ keçisini çalıb  udmaq istəyəndə keçinin buynuzları ilişib boğazında qalır, uda bilmir. Az qalır ki, ölsün. İlanlar başına toplaşıb bir əlac edə bilmirlər. Axırda qərara alırlar ki, dağa qalxıb Tanrıdan kömək istəsin. İlanlar şahının oğlu ölümcül vəziyyətdə sürünüb dağın lap başına çatır. Tanrının xoş saatında ondan kömək istəyən ilana yazığı gəlir, ilanın dişində zəhər yaradır ki, buynuzu əritsin. Buynuz əriyir. Amma ilan Tanrıya şükür etmək əvəzinə, zəhəri ilə bundan sonra özünə yaxşı ov edə biləcəyi haqqında planlar qurur.  Qəlbləri oxuyan Tanrı həmin an şimşək çaxdırır, dağı iki yerə bölür.  

 Heydər uşaqkən atasının söylədiyi İlandağ haqqında bu əfsanəni həmişə gözünün önündə canlandırardı.

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)