Sahilsiz, sahibsiz və sarvansız... – Sadiq Qarayevlə müsahibə Featured

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar yazar, bioliq Sadıq Qarayevdən müsahibə götürüb. İki bir-birinə əsla yaxın olmayan sahənin adamının hər iki sahədə uğur sıralaması, sizcə, hansı səbəblərdən ola bilər?

 

Öncə özünüz haqqında məlumat verərdiniz.

 

Sadıq Qarayev - Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqanın

üzvü, Prezident təqaüdçüsü, Qızıl kəlmə mükafatçısı. Elm və Təhsil

Nazirliyi Botanika İnstititu “Geobotanika” şöbəsinin aparıcı elmi işçisi.

Bioligiya üzrə fəlsəfə doktoru, dosent.

 

İlham mənbəyiniz nədir?

 

İstənilən yazıçının, şairin və yaxud da alimin ilham mənbəyi onun

təfəkküründən, maraq dairəsindən, xarakterindən qaynaqlanır. Bizim də

maraq dairəmiz təbiət, cəmiyyət, cəmiyyətdə, təbiətdə baş verən

proseslər, onlar arasındakı üzvi əlaqələrdir. İnsanın həm özünü, həm də

onun mənsub olduğu xalqı narahat edən məsələlərdir. Ümumiyyətlə,

bizim əsərlərin ana süjet xətti Azərbaycançılıq məfkurəsi, təbiət və

cəmiyyətdəki proseslərdən bəhs edir.

 

Xəyal dünyanızın bu qədər genişlənməsinə səbəb olan hadisələr

hansılardır?

 

Xəyal dünyası, təsəvvüretmə, fantaziya bir yazar, bir tədqiqatçı, hətta

bir siyasətçi üçün çox önəmli məsələdir. Təsəvvüretmə ağlın gördüyü

dairə genişliyidir. Bu nə qədər böyük olarsa, o insanın yaradıcılığında,

fəaliyyətində bir o qədər zənginlik, rəngarənglik olar. Eynşteyn qeyd

edirdi ki, mən oxuduqlarıma görə yox, fantaziyamın genişliyinə görə bu

nailiyyətləri əldə etmişəm. Bizim də xəyal dünyamızın genişliyi keçdiyimiz

həyat yolu ilə bağlıdır. Gəncliyim, yeniyetməliyim yaylaqda keçib. Orada

müxtəlif insanlarla münasibətlər də buna təsir etmişdir. Beş nömrəli

kimya-biologiya liseyi, daha sonra aspiranturadakı təhsilim, oradakı

müxtəlif insanlarla ünsiyyətim, eyni zamanda yazıçılarla əlaqələrim də

xəyal dünyamın genişliyinə təkan vermişdir.

 

Əsərlərinizi ən çox harada yazmağı sevirsiniz?

 

Əsərlərimi daha çox (“Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr” romanları,

“Sarvansız zamanlar” esse və hekayələr) evdə, xüsusən mətbəxdə

yazıram. Sakit məkanlarda, əsasən gecələrdə yazmağa daha çox

üstünlük verirəm.

 

Hər üç kitabın başlığı məhdudiyyət bildirir, sahilsiz, sahibsiz və sarvansız... Yazmaq sizin üçün nə deməkdir?

 

Yazmaq öz daxilindən gələn müəyyən proseslərə öz təxəyyülünlə,

mühakimənlə fikir yürütməyin deməkdir. Yazıçı düşünəndə, danışanda

deyə bilmədiklərini yazanda deyə bilən insandır. Yazmaq hər kəsə nəsib

olmayan xüsusi bir istedaddır.

 

Yazıçı üçün zaman nə deməkdir?

 

Ümumiyyətlə zaman anlayışı nisbidir. Məsələn insanla digər başqa

canlılar arasında zaman anlayışı müxtəlifdir. Burada həyat tərzinin,

rejimin öz rolu vardır. Müxtəlif işlə məşğul olan insanlar üçün də zaman

olduqca fərqlidir. Yazıçı üçün zaman daha çox yazarkən əhəmiyyətlidir,

həmçinin düşünərkən də. Yazıçı günlük həyatında hər zaman fikirləşir.

Məsələn, yazacağı hər hansı bir əsər, yeni ideyalar

haqqında düşünür və bütün bu proseslərdə yazıçı zamanı dəyərləndirir.

Qlobal mənada yazıçı üçün zaman daha bütövdür. O, həm keçmişin,

həm bu günün, həm də gələcəyin içində yaşayır, səyahət edir.

 

Ümumiyyətlə hansı janrda kitablar oxuyursunuz və niyə bu janra

üstünlük verirsiniz?

 

Bütün zamanlara xitab edən kitabları daha çox sevirəm. Məsələn

“Səfillər”, “Cinayət və Cəza” və s. Bu kitabları oxuduğumuz zaman insan

həm maariflənir, həm də yazıçının nə demək istədiyini dərindən

düşünür. Daha çox öz sahəmə aid kitabları sevirəm.

 

 İlk dəfə nə vaxt “yazıçı olacam” demisiniz?

 

Ümumiyyətlə bu haqda heç zaman düşünməmişəm. Müxtəlif elmlərlə

bağlı çox fikirlərim vardır və bu fikirləri romanda ifadə etmək daha

məqsədəuyğundur deyə düşündüm. “Sahilsiz təzadlar” romanım

adından da göründüyü kimi xeyli sayda təzadları özündə təşkil edir və

ziyalılarımız, yazıçılarımız tərəfindən çox bəyənildi. Kitablarıma hörmətli

ziyalımız İsa Həbibbəyli ön söz yazmışdır. Uşaqlıqda bir sıra şeirlərim də

yazılmışdır.

 

Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?

 

İlk növbədə kitab oxumağa həvəs olmalıdır. Müasir dövrümüzdə xeyli

sayda TV-lərin, sosial şəbəkələrin olması da kitab oxumağa vaxtı azaldır.

Həmçinin insanlar daha çox görüntülü, səsli verlişləri izləməyə,

dinləməyə üstünlük verirlər.

 

Yeni bir kitab yazmaq planınız varmı?

 

Yeni roman yazmağı düşünürəm. Bu haqda xeyli maraqlı fikirlərim

vardır. Amma növbəti kitabımı doktorluq dissertasıyamdan sonra

yazacağam.

 

Yazıçı olmaq istəyən gənclərə hansı məsləhətləriniz var?

 

Yazıçı güclü müşahidəçi olmalıdır. O, dövrünün proseslərini izləməli,

eyni zamanda dünyəvi elmlərdən də, yüksək səviyyədə olmasa da

xəbərdar olmalıdır. Dahi Nizami qeyd edirdi ki;

 

Dünyada nə qədər kitab var belə,

Çalışıb əlləşib gətirdim ələ.

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəzinədən bir dürr çıxardım

 

Yazıçı həm milli mədəniyyətdən, həm də dünya xalqlarının mədəniyyətindən

məlumatlı olmalıdır. Onların oxşar və fərqli xüsusiyyətlərindən

yararlanmalıdır. Daha yaxşı olardı ki, öz təxəyyülü ilə yox, real həyatdan

olan hadisələri qələmə alsın. Məsələn, dahi şəxsiyyətlərimizdən, vətən

müharibəsində iştirak edən qəhrəmanlarımızdan bəhs edən əsərlər

yazmaq olar. Ümummilli liderimiz Heydər Əliyev, onun Azərbaycana və

dünyaya bəxş etdikləri haqqında kitablar yazmaq çox gözəl olardı.

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)