Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

9-cu dərc

 

Tum çırtlayarkən qəzetlərə göz gəzdirdim.

Qəzetləri poçtalyon gündəlik olaraq gətirib Layiqəyə verir, o isə stolumun üstünə qoyurdu.

Əsasən səhərlər onlarla tanış olur, bəzən vacib işlər olanda isə günün müxtəlif vaxtlarında olsa da, mütləq oxuyurdum.

Abunə olduğum bir neçə yerli qəzeti oxumaq artıq məndə vərdiş halı almışdı. Bəzən qəzet səhifələrində tapdığım məlumatlara heç bir internet portalında rast gəlmək olmur.

Məlumatlı olmaq isə mənim işimin əsas şərtlərindən biri idi…

 

* * *

Həsənağa maşını elə də sürətlə sürmür, əslində heç evə də getməyə tələsmirdi.

O da bir qədər əvvəl tərk etdiyi evə gəlməyi sevmirdi, ancaq şişman kimi özü də sivri burunlunun boyunduruğu altında olduğundan başqa çarəsi yox idi.

İndi də dalanın başından şişmanın maşınının səsi gələn kimi mühərriki işə salmış, buradan tez getmək üçün darvazanı belə özü açmışdı.

Bu evlə bağlı onu dəhşətə gətirən, həmin dəhşətli gecə yenə şişmanın yadına düşdü. Həmin gecə isə…

Hələ axşam olmasa da, ustalar yaxşı bir qonaqlıq boyun olan Həsənağanın təklifi ilə bir gecə də qalmağa razılaşaraq səhər obaşdan yola düşəcəklərinə qərar vermişdilər, indi onu gözləyirdilər.

Hava qaralmaq üzrə idi. Bazarlıq etməyə gedən Həsənağa əlində ərzaq dolu sellofan torbalarla həyətə girdi. Hovuzun kənarında qoyulmuş masanın arxasında əyləşən ustalardan biri cəld qalxıb torbaları onun əlindən aldı və mətbəxə apardı.

Çəpgöz hazır yeməklər gətirmişdi. Təkcə xiyar və pomidorları, göy-göyərtini yuyub doğramaq, süfrəni hazırlamaq qalırdı.

Yemək torbalarını mətbəxə aparan ustalardan nisbətən cavanı bu işlərlə məşğul olarkən çəpgöz həyətə çıxıb o biri ustalara yaxınlaşdı.

-Deyirəm, hava əməlli başlı sərinlədi, ev də ki tör-töküntüdü. Bəlkə elə məclisimizi təzə tikdiyimiz yeraltı obyektdə təşkil edək? Həm də obyektin açlışını etmiş olarıq.

Həsənağa ustalara göz vurdu. Çəpgöz olduğu üçün bu çox məzəli alındı.

Ustalar baxışdılar.

-Elə bil mən də bir az üşüdüm.

Ustalardan yaşca böyüyü, öz aralarında briqadir seçdikləri dilləndi. Və əlavə etdi:

-Haydı, bu stol-stulu daşıyın aşağı görək.

O biri ustalar cəld briqadirin göstərişini yerinə yetirməyə tələsdilər.

Həsənağa evə keçib mətbəxdəki işlərə kömək edən şişmanı arxa otağa çağırdı.

-Sən bir azdan de ki, vacib zəng gəldi və getməlisən, əgər zəng vursam qayıt, yox əgər zəng vurmasam, yıxıl yat. Səhər saat 9-da burda olarsan.

Şişman bu adamın qeyri-adi hərəkətlərinə öyrəşmişdi. Bununla belə, yenə də dilləndi.

-Axı, yemək yeyəcəkdim.

-Evində yeyərsən,  nə deyirəm onu elə.

Çəpgözün səsi sərtləşdi.

-Yaxşı, yaxşı. Əsəbləşmə, beş dəqiqəyə çıxıram.

Artıq ustalar bunkerdə yemək masasını hazırlamış, Həsənağa ilə şişmanın gəlməsini gözləyirdilər.

Nəhayət onlar da aşağı düşdülər.

Həsənağa keçib stolun yuxarı başında, onunçün saxlanmış boş stulda əyləşdi.

Bu vaxt şişman üzünü oturanlara tutub dedi:

-Gərək məni bağışlayasınız, telefonuma vacib zəng gəldi, getməsəm olmaz. Əgər çatdıra bilsəm, bir-iki saata qayıdaram. Siz nuş eləyin.

Ustalar xorla, -Əşşi bu olmadı ki, nə vacib zəngdi, sonra getsən olmaz? - deyib şişmana baxdılar.

Şişman isə Həsənağaya baxıb, udqundu.

-Yox, olmaz, yaxın qohumumu xəstəxanaya aparıblar. Vəziyyəti ağırdı. Gərək orada olum, -deyib hamı ilə sağollaşdı.

Həsənağa, -İndi gəlirəm, -deyib ayağa durdu və şişmanın arxasınca yuxarı qalxdı. Həyət qapısının cəftəsini açıb onun çıxmasını gözlədi, sonra yenidən cəftəni bağlayıb bir də yoxladı. Yenidən bunkerə düşüb, içəridən  düyməni basdı. Bunkerin qapısı səssizcə bağlandı.

-Hə, indi başlamaq olar, -deyib bayaqki yerində oturdu. -Kabab soyumamış çəkin görək.

Kabab isti qalması üçün ağzı bağlı qazanda süfrəyə qoyulmuşdu.

Xidmətçiliyi üzərinə götürmüş cavan usta qazanın ağzını açıb kabab tikələrini boşqablara düzməyə başladı.

Həsənağanın boşqabına çatanda o, -Yooox, mənimçün qoyma, həkim qoyun ətini mənə qəti qadağan edib, -deyərək, cəld boşqabını əli ilə kənara itələdi. Elə bu gətirdiyim toyuq salatından yeyəcəyəm.

Kabab tikələrini bölüşdürən usta, masanın üstündəki litrlik arağı götürüb ağzını açdı. Qədəhləri doldurub Həsənağaya baxdı.

Həsənağa, -Bir dəqiqə bağışlayın, mən maşın sürəcəyəm, dəfnə arağın iyini öldürür, -deyib cibindən əvvəlcədən hazırladığı dəfnə yarpağını çıxarıb yandırdı və qədəhinə saldı. Sonra qədəhini qaldırıb boğazını artladı və sağlıq dedi:

-Əziz qardaşlar. Mən sizə minnətdaram. Həqiqətən əlləriniz qızıldır. Bu badəni sizin hər birinizin sağlığına qaldırıram. Qısa müddətə belə böyük bir işi gördüyünüzə görə sağ olun.

Qədəhlər toqquşdu…

 

* * *

Artıq “Beloçka” paketindəki tumun yarısını çırtlamışdım. Əvvəlcə Layiqəyə görə çırtlasam da, sonra tumun dadı xoşuma gəldi.

Layiqə altdan-altdan mənə göz qoyurdu.

-Bəxtiyar müəllim, mən haradasa oxumuşam ki, semiçka beyin üçün çox faydalıdır. Tərkibində çoxlu sink var.

-Həəə? -yalandan təəccübləndim.

-Bəli, bir də deyirlər ki, öd kisəsinə ziyandır.

Bu qız başdan-ayağa təzad idi də.

-İndi nə məsləhət görürsən, çırtlayım, ya dayanım?

-Məncə birinci, -Layiqə ciddi şəkildə fikrini bildirdi.

“Birinci” deyəndə, qeyri-ixtiyari məni gülmək tutdu.

Layiqə bir qədər təəccüblə mənə baxdı. Yəqin ürəyində fikirləşdi ki, burda görəsən gülməli nə var ki…

Mənimsə yeniyetmə vaxtı baxdığım bir televiziya tamaşasının epizodu yadıma düşmüşdü.

-Çoxdan baxdığım bir tamaşanı sənə danışsam, biləcəksən nəyə güldüm. Deməli, məsələ belədir. Sovet dövründə səhərlər, dərsə va ya işə başlamazdan əvvəl məktəblərdə, idarə və təşkilatlarda on dəqiqə səhər idmanı etmək məcburi idi. Dediyim tamaşada hansısa pambıqçılıq rayonunda işə gələn işçiləri idarə müdiri həyətdə düzərək səhər idmanı keçir. Müdir deyir, mən bir deyəndə nəfəsi alın, iki deyəndə buraxın. Beləcə başlıyır bir-iki, bir-iki. İşçilər də qollarını qaldırıb-endirməklə nəfəsi alıb buraxırlar. Müdir növbəti dəfə “bir, nəfəsi alın” deyəndə, kənardan kimsə gəlib ondan nəsə soruşur. O, söhbət etdiyi müddətdə işçilər nəfəslərini alıb ovurdlarını şişirdir və nəfəsi buraxmaq üçün iki deməsini gözləyirlər. Müdir gələni yola salandan sonra bir dediyini unudub, yenidən, “bir, nəfəsi alın” deyir. Onsuz da bayaqdan nəfəs alıb dayanan işçilər ikinci dəfə də birtəhər nəfəslərini udub ovurdlarını daha da şişirdirlər.

Layiqə diqqətlə qulaq asırdı.

-Müdir “iki, nəfəsi buraxın” deyəndə, idarənin mühasibi Bərbərzadə ordu şişmiş halda soruşur: “Yoldaş müdir, hansını buraxaq, birincini ya ikincini?”

Layiqə qəhqəhə ilə güldü.

-Doğrudan da gülməlidir, gərək tapım o tamaşaya baxım.

-Tamaşa, səhv etmirəmsə, “Əliqulu evlənir” adlanır. Hər-halda mən ikincini nəzərə alıb tum çırtlamağı dayandırıram,- Layiqəyə zarafatla deyib, tum qabıqlarını tökdüyüm qəzet parçasını bükdüm, masanın altındakı zibil qabına ataraq ayağa qalxdım.

Elə bir işim olmadığından, yaxınlıqdakı “Rus kitab evi”nə dəyib yeni kitablara baxacaqdım.

Ancaq ofisin açılan qapısından yaşlı iki insanın içəri girdiyini görəndə kitab mağazasına ekskursiyanın təxirə düşdüyünü anladım. Çünki bu saçları ağarmış, ahıl yaşda olan kişi və qadının üzlərində elə bir ifadə var idi ki, sanki dünyanın dərdini çiyinlərinə yükləmişdilər.

Layiqə cəld ayağa qalxıb salamlaşdı və onları mənim stoluma qədər müşayiət etdi. Mən də yaxınlaşıb stulları çəkərək onların oturmalarına kömək etdim.

Bundan sonra keçib kreslomda oturdum və qocalara nəfəslərini dərmək imkanı verib Layiqəyə çay gətirməsini tapşırdım.

-Bəlkə nənəynən babaya su, ya da şirə verim?

Layiqə sözləri uzada-uzada dedi və əlini stulda oturan yaşlı qadının çiyninə qoyub, onun verəcəyi cavabı gözlədi.

Hə, əlbəttə unutmuşdum, maneələri aşmaqla on kilometr məsafəni qət etməyi çay dəmləməkdən üstün tutan bu çoxbilmiş qız, belə hallar üçün mətbəxi müxtəlif su və şirələrlə doldurmuşdu.

-Sağ ol, qızım, elə adi su içərik.

Nənənin əvəzinə baba dilləndi.

Layiqənin gözlərinə işıq gəldi. Cəld mətbəxə keçdi.

Qocaları tələsdirmirdim. Yəqin ki, yaşları yetmişdən yuxarı olardı. Onlara nəfəslərini dərməyə imkan verib gözlədim.

Layiqə içində “Badamlı” şüşəsi və iki stəkan olan sini ilə mətbəxdən çıxdı. Sinini stolun üstünə qoyub şüşənin qapağını açdı və stəkanlara su süzüb birini nənəyə, o birisini babaya uzatdı. Nənə stəkanını götürüb sudan bir qurtum içdi.

Baba stəkanı alsa da, içməyə tələsmirdi. Bir qədər stəkanın içində oynayan qaz qabarcıqlarına baxıb üzünü mənə tutdu.

-Oğul, sənin yanına bir xahişə gəlmişik.

Nəzakətlə, -Buyurun, sizi dinləyirəm, ağsaqqal, -dedim.

-Bizim nəvəmiz yoxa çıxıb. Onu tapmaqda bizə kömək elə.

Qocanın səsi titrədi. Əlindəki sudan bir neçə qurtum içib stəkanı masanın üstünə qoydu.

-Neçə gün əvvəl itib? Polisə müraciət etmisiniz?

-Srağagün axşam saat 8-də müəllim yanına hazırlığa gedib, məşğələdən çıxıb, ancaq evə qayıtmayıb. Polisə ərizə vermişik. Axtarışlar gedir.

-Belə başa düşdüm ki, siz məsələni paralel olaraq araşdırmamı istəyirsiniz.

Qoca susurdu. Nəhayət zənnimcə onun üçün ən çətin olan mövzunun üstünə gəldi.

-Bəli, ancaq bilmək istəyirdim, bu bizə neçəyə başa gələcək.

İndi də mən fikrə getdim. Əslində, belə işlərdə qonorar axtarışlara sərf olunacaq əlavə xərclər də daxil olmaqla müəyyənləşirdi. Axtarışlarınsa nə qədər davam edəcəyi və haralara gedib çıxacağı məlum deyildi. Nəticə olub-olmayacağı da. Ancaq qarşımda oturan, içəri girdikləri andan tərəddüdlü davranışlarından və geyimlərindən imkansız olmaları hiss edilən bu iki təqaüdçü ahıl insana nə deyəydim?

-Bu barədə danışarıq, zəhmət olmasa əvvəlcə məsələ barədə bir qədər ətraflı məlumat verin, -deyib gülümsədim. Onları incitmək istəmirdim.

Bu dəfə bayaqdan susub söhbətə müdaxilə etməyən nənə dilləndi.

-Bilirsən oğul, Nərmin nəvəmiz bizim həyatda tək sevincimizdir. Gəlinin uşağı olmurdu. Neçə illər nəvə həsrətində qaldıq. Uzun-uzadı müalicələrdən sonra Nərmin dünyaya gəldi. Oğlumuz həyat yoldaşı ilə avtomobil qəzasında həlak olanda Nərminin dörd yaşı var idi. Onu biz böyüdüb tərbiyə vermişik. İndiyənə qədər heç vaxt icazəsiz evdən çıxmayıb, getdiyi yerdən də yarım saat belə gec qayıtmayıb. Ona görə də indi belə yoxa çıxmağında mütləq başında bir iş olduğuna əminik.

-Hətta dərsdən sonra evə azca da olsa gec gələrsə, mütləq zəng vurub bizi xəbərdar edib, -baba əlavə etdi.

-Həmin gün bir saat gözlədik ki, bəlkə nə isə xəbər çıxar. Cib telefonuna zəng çatmırdı. Ancaq görəndə ki, gəlmədi, əvvəlcə müəllimin evinə getdik. Yox idi, həmişəki qaydada məşğələdən çıxmışdı. Bundan sonra polis bölməsinə gedib ərizə yazdıq. Məsələni araşdıran polis kapitanı Qasımlının tövsiyəsi ilə evə dönüb gözləməyə başladıq, bir neçə saat çonra isə o evimizə gəlib Nərminin fotoşəklini istədi və bəzi şeyləri dəqiqləşdirb axtarışlara başladığını dedi. İnsafən, dəfələrlə bizimlə əlaqə saxlayıb və əlindən gələni edir. Ancaq hələ ki, bir nəticə yoxdur.

Azacıq susub davam etdi:

-Biz bu yaxında yaşayırıq. Buranın detektiv agentliyi olduğunu bilirdik. Ona görə də qərara aldıq ki, müraciət edək. Bəlkə sizin bizə bir köməyiniz dəydi. Nərminin şəklini də gətirmişik.

Baba pencəyinin iç cibindən çıxardığı şəkli mənə uzatdı.

Qızın başında bir iş olduğu aydın idi. Ancaq nə?

Şəkildən mənə gülərüz, on yeddi yaşlı bir qız baxırdı. Qara uzun saçları səliqə ilə yığılmış, qara gözlərindən məsumluq yağan bu qız kimə nə edə bilərdi ki? Çox güman ki, burada başqa bir məsələ var. Hələlik nəsə demək çətin idi.

-Bəlkə Nərminin sevdiyi və ya görüşdüyü biri var imiş?

-Bu ehtimalları artıq bölmə əməkdaşları araşdırıblar. Ən yaxın rəfiqəsi Nazan nəvəmizin heç bir oğlan yaşıdı ilə ünsiyyəti olmadığını, bütün fikrini dərslərinə və qarşıdakı imtahanlarına yönəltdiyini deyib. Cib telefonunda da ancaq mənim və bir neçə qız rəfiqəsinin nömrələri olub. O qızlar da çoxu sinif yoldaşlarıdır və dərsdən sonra hərəsi öz evinə yollanıb, heç biri ilə də telefon danışığı olmayıb, -baba cavab verdi.

-Bəs onunla hazırlığa gedən uşaqlar?

-Nərmindən başqa məşğələdə iki şagird də olub. Bir oğlan və bir qız. Elə telefonundakı nömrələrdən biri də o qızındır. Onlar başqa məktəbdə oxuyurlar,  çıxandan sonra da yolları ayrı olduğu üçün müxtəlif istiqamətlərə gediblər. 

-Həmin gün, ya da əvvəlki günlər Nərminin əhvalında bir dəyişiklik hiss etməmişdiniz ki?

-Xeyr, elə həmişəki kimi deyib-gülür, dərslərini hazırlayır, tez-tez təhsili ilə bağlı gələcək planlarından danışırdı. Bu ən çox sevdiyi mövzu idi.

-Yaxın qohumlardan, ya da tanışlardan elçi düşən və ya o barədə nəsə eşitdirən olmayıb ki? -qızın qaçırılması ehtimalı da mümkün idi.

-Xeyir, elə bir eyham da vuran olmayıb.

Bu yaşlı adamları sonradan tez-tez narahat etməməkçün mənə vacib olan bütün sualları verməyə çalışırdım.

-Nərminin telefonu hansı markadan idi?

-“Samsunq”.

-Axırıncı dəfə evdən çıxanda əynində nə var idi?

-Boz rəngli cins şalvar, ağ kofta, həmin rəngdə nazik gödəkçə və ağ idman ayaqqabısı. Hə, bir də içində dəftər-kitabı olan əl çantası, -bu dəfə nənə cavab verdi.

Görünür, polis əməkdaşları artıq bu detalları dəqiqləşdirdikləri üçün nənə sualıma belə tez cavab verdi.

-Məşgələ keçən müəllim nə bildirib?

-O da eynilə uşaqların dediyini deyir, Nərmin uşaqlarla birlikdə çıxıb və evə yollanıb.

-Nərminin evdən məşğələ keçdiyi ünvana qədər getdiyi yolu mənə göstərə bilərsiniz?

-Bəli, ilk günlər onu mən aparırıdım, sonra xəstələndiym üçün bir neçə gün tək getdi. Sağalandan sonra isə onu ötürməyə ehtiyac olmadığını dedi, mən də razılaşdım. Ümumiyyətlə,  bizə çox əziyyət verməyi xoşlamayıb heç vaxt. Müəllimin evi də elə uzaqda deyil, kəsə gedəndə iyirmi-iyirmi beş dəqiqəlik yoldu. Elə piyada gedib-gəlirdi.

-Elədirsə, onda vaxt itirməyək. Mən həmin yolu əvvəldən-axıra görmək istəyirəm.

Ayağa qalxdıq. Ofisin qapısına çatanda baba dayandı, üzünü mənə tutub, -Ay oğul, axı heç demədin bu işin zəhmət haqqı nə qədər olacaq? -dedi.

-Sonra, indi isə tələsmək lazımdı. O barədə narahat olmayın, -xasiyyətimi bildiyimçün onsuz da bu kasıb insanlara “yox” deməyəcəyimi bilirdim.

Mən hələ də detektiv roluna tam uyğunlaşa bilmir, sanki yeni əməliyyat tapşırığı almış polis əməkdaşı kimi hadisənin baş vermə yeri olduğunu ehtimal etdiyim, Nərminin keçdiyi küçələri görməyə tələsirdim, işin qonorarı məni bir o qədər də maraqlandırmırdı.

Ofisin qarşısında əl edib saxladığım taksi on dəqiqədən sonra bizi babanın dediyi ünvana çatdırdı. Yolda babanın adının Səməd olduğunu öyrəndim. Nənənin evə qalxıb gözləməsini tapşıran Səməd kişi -Bu tərəfə gedəcəyik, -deyib yaşadığı binadan bir qədər aralıda yerləşən bir və ikimərtəbəli həyət evlərinin arası ilə keçib gedən yola tərəf işarə etdi.

Yaxın gələcəkdə söküntüsü nəzərdə tutulan bu məhəllənin küçələri nabələd adamlar üçün az qala labirintə çevrilir, tanıyanlar isə yollarını qısaltmaq üçün bu küçələrdən daha çox istifadə edirdilər. Bu yaşayış sahəsi hələ çox əvvəllərdən el arasında “Kubinka” adlanmaqla adı gələndə kimlər üçünsə çox doğma, kimlər üçünsə təlaş doğuran bir ərazi idi.

Hələ Sovet dövründə hər şeyin defisit olduğu vaxtlarda “Kubinka”da həmun dövr üçün çox dəbdə olan dublyonkadan, layka plaşdan tutmuş, hər marka xarici siqaretəcən tapmaq olurdu. Sovet milisi bu hallarla nə qədər mübarizə aparsa da, müxtəlif gizli kanallarla ölkəyə gələn və ya gizli emalatxanalarda hazırlanan yüksək keyfiyyətli malların pərakəndə satış bazarı olan “Kubinka”da alverin qarşısını ala bilməmişdi. İndi fərdi biznes fəaliyyəti hesab olunan bu iş o vaxtlar möhtəkirlik adlanaraq buna görə cinayət məsuliyyəti nəzərdə tutulurdu. Neçə-neçə “Kubinka” sakini tutularaq azadlıqdan məhrum edilsə də, digərləri, lap elə tutulanların özləri də azadlığa çıxandan sonra bu gəlirli fəaliyyətlərindən əl çəkmirdilər.

Təbii ki, bu qədər insanın alış-veriş üçün axışdığı bir ərazidə narkotik vasitə alverçiləri də kənarda qalmayıb öz gizli bizneslərini qurmuşdular. Bu alverçilər aralarındakı razılaşmaya əsasən narkotik vasitələri həftənin günləri üzrə aparılmış bölgü əsasında növbə ilə satır, konkret gündə gələn bütün alıcılar həmin gün satmaq növbəsi olan, “barıqa” adlanan narkotik satanın ünvanına yönəldilirdi.

Məşhur “Qara volqa” əsərindəki volqanın sürücüsü Arif, cinayətkar dəstənin üzvü Zerkalo Klara da “Kubinka”da yaşayıblar.

Hətta, kifayət qədər peşəkar və sərt fəaliyyət göstərən Sovet milisinin nümayəndələri belə zərurət olmazsa, hava qaralandan sonra buralarda çox görünməməyə üstünlük verirdilər.

Və böyük ehtimalla məşğələdən çıxan Nərmin də, əgər evə gələrkən yolunu dəyişməmişdisə, bu küçələrdən birində yoxa çıxmışdı. Hansı küçədə və hansı səbəbdən, bunu aydınlaşdırmaq artıq mənim üzərimə düşürdü.

Səməd kişi asta addımlarla yeriyirdi. Yanaşı gedərək hər tini, hər döngəni və dalanı yadda saxlamağa çalışırdım. Sökülməsi nəzərdə tutulduğundan bu ərazidə videomüşahidə kameraları cəmi bir neçə yerdə quraşdırılmışdı. Onlar da ərazinin nisbətən enli və maşınların hərəkətinin daha intensiv olduğu küçələrdə. “Kubinka” şəhərin mərkəzində böyük bir ərazini əhatə etdiyi üçün köhnə asfalt döşəməsi dağılıb getmiş yolları hər tərəfdən nəqliyyatın sıx olduğu geniş küçələrə birləşirdi.

Yəqin ki, buradakı kameraların yaddaşındakı görüntüləri polis əməkdaşları nəzərdən keçirmiş və ola bilər ki, bəzi maraqlı məqamlar əldə etmişdilər. İşi aparan əməliyyatçı ilə mütləq görüşməliydim.

İyirmi səkkiz dəqiqədən sonra müəllimin evinin qarşısına çatdıq.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(08.05.2023)