Sensasiya: Qabriel Markesin çap olunmayan romanı nəşrə hazırlanır Featured

Bu xəbər yəqin ədəbiyyatsevərləri olduqca sevindirəcək! Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, ecazkar realizmin ustadı, kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin bu vaxtadək çap olunmayan romanı 2024-cü ilin yazında öz oxucularına yetişəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə  “The Guardian” xəbər verib. Xəbərdə deyilir ki, “Biz avqustda görüşərik” adlanacaq romanın nəşri ilə yazıçının ailəsi məşğul olur. 

Romanın dərci yazıçının ölümünün onuncu ildönümünə həsr ediləcək. Bütün bu dövrdə Markesin özündən sonra çap edilməyən əsərlər qoyması barədə söz-söhbət gəzirdi. Nəticədə bu, belə də oldu, həqiqətən də “Biz avqustda görüşərik” romanı ABŞ-ın Ostin şəhərindəki Texas Universitetində Markesin əlyazmalar arxivində saxlanılıb. 

“The Guardian” nəşri yazır ki, yazıçının uşaqları yarımçıq qalmış romanı çap etdirmək istəmirdilər, lakin buna baxmayaraq qərar verdilər ki, oxucuları bu mətndən məhrum etmək lazım deyil. Kitab 2024-cü ildə Cənubi Amerika ölkələrində mağaza rəflərində orijinal ispan dilində təqdim ediləcək, daha sonra başqa dillərdə də çap olunacaq. 

Boləsiniz ki, Qabriel Qarsia Markes ispandilli yazıçılar arasında kitabları daha çox dilə tərcümə olunmaq üzrə birincidir. Ən tanınmış romanları “Yüz ilin tənhalığı”, “Patriarxın payızı” və “Vəba zamanı məhəbbət”dir ki, bu romanlar üst-üstə 10 milyon tirajla çap olunub.

Dahi yazıçı 2014-cü ildə vəfat edib. Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)