Mən bir həsrət vağzalı, sən də getmiş qatarsan… Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən Əlizadə Nurinin sehirli poeziya nümunəsiylə tanışlıqdır. Bu dəfə şair “Allah girib yuxuma…” deyir.

 

Bu yeli kim qorxudub,

Niyə belə əsir yel?

Mənə bir yer göstərin-

Ordan görünməsin yer.

 

Sevgi bəhanə imiş,

Hər gün darıxmaq üçün.

İllər pilləkan oldu-

Ölümə çıxmaq üçün…

 

Yol da yoxdu getməyə,

Yol sal, məni yola sal.

Çıx o qəmi qarşıla

Qorxuram ki, yol aza…

 

Mən bir həsrət vağzalı,

Sən də getmiş qatarsan.

Yaram yaman dərindi-

Yaxın gəlmə, batarsan…

 

…Gecə nə mehribandı,

Ayrılmaq istəmirəm.

Allah girib yuxuma-

Ayılmaq istəmirəm…

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)