Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

 

8-ci dərc

 

Bu vəziyyət sizə hansısa kəşfiyyat oyununu xatırlatdısa, səbəbini deyim. Çox-çox illər əvvəl, vaxtilə mənim hami tərbiyəçim və müəllimim, sonradan isə rəisim olmuş, əməliyyat işinin əlifbasını mənə öyrədən polkovnik Arif Dadaşzadə təqaüdə yollanarkən məni kabinetinə çağırıb təklikdə belə bir söhbət etdi:

-Bəxtiyar, bilirsən ki həyatımı həsr etdiyim bu yolda az çətinliklərim olmayıb. Bu çətin və şərəfli yolda çox uğurlar qazanmış, neçə-neçə qatı cinayətkarı zərərsizləşdirmiş, böyük təcrübəyə yiyələnmişəm. Və böyük zəhmət hesabına uzun illər yaratdığım agentura şəbəkəsinin təqaüdə getməyimlə bir anda dağılmasını istəmirəm, əldə etdiklərimin məndən sonra da həm peşəmizə, həm də xalqımızın əmin-amanlığına xidmət etməsini istəyirəm. Səni ilk gündən öz balam kimi çox istədim və yaxşı əməliyyatçı olacağın barədə zənnimdə yanılmadım. Ona görə də sənə ən qiymətli inanılmış şəxsimi miras qoyuram. Bir şərtlə - sən onun kimliyini heç vaxt bilməyəcəksən. Yalnız dediyim yerdə və vaxtda onun təklif etdiyi qaydada verdiyi məlumatları sənə çatdıracaqlar.

Bax elə bu səbəbdən, mənə bir qədər avantüralı görünsə də, bu təklif olunan qayda ilə razılaşmalı oldum. Şərtləri mən təyin etmirdim…

Bu söhbətdən az sonra tumsatan vasitəsilə həmin şəxsin verdiyi ilk məlumatı alarkən həqiqətən də onun necə qiymətli bir agent olduğunu başa düşdüm. Ancaq kimliyi mənə indiyənədək sirr qalan o adam haqqında heç vaxt maraqlanmadım və nəsə öyrənməyə cəhd etmədim. Təkcə öz məntiqi təhlillərim əsasında belə qənaətə gəldim ki, o kimdirsə, cinayətkar aləmdə nüfuz sahibi və müəyyən dairələrə girişi olan biridir. Heç bir şeyə ehtiyacı yoxdur, hüquq-mühafizə orqanları ilə maddi maraq naminə deyil, ideya naminə əməkdaşlıq edir və bununçün onun özünün hansısa motivləri vardır. Tumsatana verdiyim əlli manat isə, yəqin ki, elə uzun illər onun xidmətində dayanan, ilk dəfə görərkən kriminal keçmişi olmasına şübhə etmədiyim tumsatanın zəhmət haqqıdır. Çünki polisdə işlədiyim müddətdə onun verdiyi bir neçə məlumatın dəyəri mənim fikrimcə on minlərlə manatdan da qiymətli olub. Və bu məlumatlar əsasında neçə qatı cinayətin üstü açılarkən onun niyə kölgədə qalmaq istəməsini başa düşmüşdüm. Əks təqdirdə kim olmasından asılı olmayaraq ən yaxşı halda onun meyiti belə ələ gəlməzdi. Onu da başa düşmüşdüm ki, şəbəkədə olan digər inanılmış şəxslərdən fərqli olaraq, məni məlumatlandıran şəxs barəsində heç bir kartotekada heç bir qeyd yoxdur və polkovnik Dadaşzadədən başqa onun varlığı belə heç kimə bəlli deyildir.

Hər halda bu vəziyyət mənə sərf edirdi və müəllimimdən fərqli olaraq, yaş həddi ilə deyil, öz arzumla polis sıralarından xaric olunaraq detektiv fəaliyyəti ilə məşğul olduğum üçün onun xidmətindən istifadə etməkdə davam edirdim. 

Hələ on dəqiqəm var idi. Tumsatan görünmürdü… Ola bilər ki, bu dəfə heç gəlməyəcəkdi.

Hiss etdirmədən ətrafı bir daha gözdən keçirdim. Yaxınlıqda baş verənləri ən xırda detallarına qədər nəzərdən keçirsəm də, şübhəli heç bir şey aşkar etmədim. Şübhə doğuran bir hal olardısa, peşəkar nəzərimdən qaçmayacağına əmin idim. Məhz illərlə işlənən və cilalanan vərdişlər peşəkarlıq adlanır. Ona görə də peşəkarlıq bir günə, bir aya, bir ilə yarana bilməz. Milis məktəbində oxuyarkən kəsildiyim ilk imtahan yadıma düşdü. Nə qədər qəribə olsa da, tək-tək dəvət olunduğumuz imtahan otağına daxil olarkən orada heç kimin olmadığını gördüm. Ətrafa baxaraq nə baş verdiyini anlamağa çalışarkən haradansa mikrofondan gələn səs məni otaqdakı digər qapıdan keçməyə çağırdı. Girdiyim qapı ilə üzbəüzdəki qapını açıb içəri keçdim. Böyük otaqda masanın arxasında imtahan komissiyasının üzvləri oturmuşdular. Yaxınlaşıb özümü təqdim etdim. Adətən bundan sonra bilet çəkmək təklif olunurdu, lakin bu dəfə stolun üzərində imtahan biletləri görünmürdü.

Müəllimlərdən biri üzünü mənə tutub dedi: -Müdavim Nəzərli, zəhmət olmasa deyin, bir qədər əvvəl keçərək gəldiyiniz otaqda hansı əşyalar var idi?

Bəli… Yaman yerdə axşamladıq… Təbii ki, belə bir suala hazır olmadığım üçün otağın divarlarına çəkilmiş boyanın rəngindən başqa heç bir şey xatırlaya bilmədim. Və imtahandan iki alaraq suyum süzülə-süzülə müəllimlərin göstərdiyi, binanın bir başqa dəhlizinə açılan qapıdan bayıra çıxdım. Dəhlizdə dayanmış növbətçi müdavim imtahan bitənədək kurs yoldaşlarımın toplaşdığı dəhlizə qayıtmağın qadağan olunması barədə məni xəbərdar etdi.

Sonradan bildim ki, həmin imtahandan kursumuzun yalnız bir müdavimi zorla üç qiyməti alıb. Onun da digərlərinə nisbətdə bir neçə əşyanı sadalaya bilməsinin müəllim heyəti tərəfindən nəzərə alınması səbəbindən, güzəşt qaydasında.

Növbəti gün isə, auditoriyaya daxil olan müəllimimiz, polkovnik Viktor Nikolayeviç Qrinko bütün dərsi məhz bu imtahan ətrafında diskussiyalara həsr edərək, milis zabiti üçün son dərəcə diqqətli olmağın, ətrafda baş verənləri nəzərdən qaçırmamağın və yadda saxlamağın nə qədər əhəmiyyətli olması barədə bizə uzun bir mühazirə oxudu. İlk baxışdan əhəmiyyətsiz görünən xırda detalların əməliyyat-axtarış işində necə fayda verə biləcəyini dəfələrlə vurğulayaraq məhz xırda detallar vasitəsilə açılmış, dərsliklərdə olmayan bir neçə cinayət hadisəsi barədə danışdı.

Mənə isə üzünü tutaraq, -Sizin ki, soyadınız Nəzərlidir. Səhv etmirəmsə, bu Azərbaycan dilində diqqətli olmaq mənasını verir. Siz niyə iki qiymət almısınız? -deyə bütün auditoriyanı güldürdü.

Həmin imtahandan sonra hamımız yaxın zamanda kəsirimizi düzəltmək üçün eyni tərzdə imtahan götürüləcəyini düşünərək, hər bir getdiyimiz yerdə diqqətimizi ətrafdakı əşyalara yönəltməklə məşq edir, bir-birimizə suallar verir, bir növ özümüzü imtahana hazırlayırdıq. Lakin aylar keçəndən sonra həmin imtahan yada düşmədi və bir çox müdavimlər ilk günlər onlara maraqlı olan bu məşğuliyyəti kənara qoyub sonradan tamam unutdular.

İmtahan isə nə az, nə çox, düz altı aydan sonra bir qədər fərqli formada təkrarlandı və polkovnik Qrinkonun nəsihətlərini unudanlar hamısı yenidən həmin imtahandan iki qiymət aldılar.

Həmin imtahanda mən suallara ardıcıl cavab verərək növbəti sualı gözləyərkən, müəllimlərdən biri, -Bir sualım var, ona cavab verə bilsəniz Sizə beş qiymət yazılacaq, -deyərək gözümün içinə baxdı.

Susub sualı gözlədim.

-Zəhmət olmasa deyin, Nəzərli, geriyə baxmadan hal-hazırda olduğumuz otaqda, sizdən arxa tərəfdəki divarda asılmış saatın saniyəölçəni haqqında nə deyə bilərsiniz? Otuz saniyə vaxtınız var.

İmtahan otağına daxil olarkən imtahan komissiyasının üzvləri qapı ilə üzbəüzdə qoyulmuş masanın arxasında oturduqları üçün arxa divara baxmaq imkanım olmamışdı. Yəqin ki, bunu müəllimlər də bilirdilər. Görmədiyim saatın saniyəölçəni haqqında nə deyə bilərdim ki? Bəs onda bu sualı verməkdə məqsəd nə idi?

Saniyələr gedirdi… on saniyə, on beş saniyə. Niyə axı saniyəölçən… Bəlkə məntiq…. Elədirsə, onda məntiq nə deyir… İyirmi saniyə…Pedaqoq heyətinin hamısı diqqətlə mənə baxırdılar. İyirmi beş saniyə… Və birdən sualın cavabını tapdım.

-O divarda saat yoxdur.

Müəllimlər bir anlıq baxışdılar.

-Afərin Nəzərli, beş qiymət alırsınız.

Bir sual dedikdə, illərin təcrübəsinə malik olan müəllimlər ikinci suala ehtiyac olmayacağını əvvəlcədən bilirdlilər. Bütün hallarda. Belə ki, ya mən cavabı tapmayıb 4 qiymət alırdım, ya da cavabı tapacağım təqdirdə necə tapdığımı onlar soruşmayacaqdı.

Yeraltı keçidin pilləkənləri ilə qalxan tumsatan parkın kənarında əkilmiş zeytun ağacının altında dayandı. Tum paketlərini qoyduğu  torbasını qucağına alıb, sakitcə müştəri gözləməyə başladı.

Tələsmirdim.

Bürmələdiyim əlliliyi ovcumda sıxıb ona yaxınlaşdım.

-Qardaş, mənə bir qırx qəpiklik qara “Beloçka” ver.

-Buyur, əmoğlu, -deyib tum paketini mənə verdi  və əlliliyi alıb cibinə qoyandan sonra o biri cibindən altmış qəpik xırda pul çıxarıb mənə uzatdı.

-Bazar olsun, -deyib uzaqlaşdım.

Əvvəllər Bakıda “Min bir xırdavat” kimi tanınan mağazanın yerində yerləşən “Beşqazan” restoranının yanından keçib Nizami metrosuna tərəf üz tutdum.

Ofisə girən kimi ilk işim yerimə keçib tum paketini açmaq oldu. Məlumat yazılmış vərəq həmişəki kimi nazik rulon kimi bükülərək paketin yan büküş yerində açılmış dəlikdən içəri salınmışdı. Dəliyi yalnız diqqətlə baxanda görmək mümkün idi.

-Bəxtiyar müəllim, yenə də semiçka almısız? Siz ki, onu çırtdamırsız. Neçəsi ağzı açılsa da, mətbəxdə toxunulmamış qalıb, -Layiqə təəccüblə mənə baxdı.

Hə, bircə bu çatmırdı… Sonuncu dəfə üç həftə əvvəl məlumat aldığım üçün Layiqənin həmin tum paketini çoxdan tulladığını düşünmüşdüm. O isə hələ əvvəlkiləri də saxlayıbmış.

Bu qız da deyəsən axırda detektiv olacaq.

-Ürəyim istədi nəsə. O birilərinin qaldığını bilsəm almazdım, -deyib, “indi gərək bu tumun ən azı yarısını çırtlayım” fikri ilə Layiqəyə hiss elətdirmədən tum paketindən çıxartdığım bürmə kağızı açdım.

Kağızda bircə cümlə yazılmışdı -“Kaftar” ova çıxıb.

Bəli… Bu da Qocanın şəhərdə olmağının ikinci təsdiqi. Deməli Tatarın verdiyi məlumata şübhə qalmırdı. Qocanın bir ləqəbi də “Kaftar” idi və bu məlumatda da söhbət məhz ondan gedirdi. Özü də tək şəhərdə olması yox, ova çıxması barədə. Bu isə çox ciddi siqnal idi. El arasında goreşən də deyilən “Kaftar” ləqəbli bu cinayətkarın ovunun nə olduğunu ancaq onun barəsində məlumatı olan çox az adam bilirdi. Bu barmaqla sayıla biləcək adamlardan biri də mən idim.

“Kaftar” ləqəbi ona “Qoca” ləqəbindən də əvvəl verilmişdi. Yırtıcı, goreşən xislətinə görə. El arasında yayılmış “qoca kaftar” ifadəsindən qaynaqlanaraq sonradan “Qoca” ləqəbi də ona yapışsa da, heç kim indiyədək bu iki ləqəbi birlikdə onun üzünə deməyə cəsarət etməmişdi.

Əməliyyat marağı doğuran şəxs kimi çoxdan diqqət mərkəzinə  düşsə də, olduqca gizli həyat tərzi yaşayan bu adam haqqında əməliyyat aparatı o qədər də çox məlumata malik olmadığından, sonra isə uzun illər ölkəni tərk etdiyindən o demək olar ki, unudulmuşdu. Bununla belə, fotoşəkli və barəsində toplanılmış, birbaşa təsdiqlənməsi mümkün olmayan cüzi məlumatlar xüsusi bazada saxlanılırdı.

Kağızı xırda tikələrə bölüb hamamxanaya keçdim. Unitaza atıb suyu buraxdım. Kiçik kağız parçaları unitazın çənindən axan suyun yaratdığı burulğanda dövrə vurub gözdən itdilər.

Əllərimi yuyub otağa qayıtdım.

Layiqə televizora baxırdı. Gözucu ekrana baxdım. “Ağdağ” natural gips suvağının reklamı gedirdi. ”Mən evimi Ağdağla suvayacağam. Ailəm də sağlam qalacaq, mən də”. Bəh-bəh. Bu reklama baxandan sonra, respublikadakı bütün xəstəxana və əczaxanaları bağlayıb yerində “Ağdağ” natural gips suvağının zavodlarını tikmək istəyirsən. Görəsən bu gips suvağının istehsalçıları nə əcəb indiyənədək Səhiyyə Nazirliyindən lisenziya alıb sağlam qalmaq üçün “Ağdağ”ı toz və həb şəklində də qəbul etməyi vətəndaşlara təklif etməyiblər?

Sənayemizin bu qabaqcıl istehsalçısını daha yaxşı reklam etmək olmazdımı?

Yenidən keçib yerimdə oturub fikrə getdim. Əslində, əlimdə elə çox məlumat da yox idi: Qocanın şəhərdə olması və bununla bağlı zəng edərək dəqiqləşdirdiyim bəzi şeylər…Təbii ki, telefonda yalnız mənə və zəng etdiyim adamlara məlum olan ifadələrlə danışmışdıq və kənar qulaqlar üçün bu, bir-birini çoxdan görməyən köhnə  dostların söhbətini xatırladardı.

Hansısa mülahizə yürütmək üçün bunlar kifayət etmirdi.

Qocanın şəhərdə olması, hətta hansısa cinayət törətməsi, müstəqil detektiv kimi mənim üzərimə hər-hansı məsuliyyət qoymurdu. Lakin hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşı olmur. İstənilən halda baş verənlər haqqında məlumatlılığın nə qədər vacib olduğunu bildiyim üçün bu məlumatı qulaqardına vurmaq istəmirdim. Xüsusilə, onun ova çıxmasını bildikdən sonra… Çünki bu, hansısa günahsız insanın və ya insanların fəlakəti anlamına gəlirdi və buna göz yuma bilməzdim.

Ancaq hələlik hər şeyi zamana buraxmaqdan başqa çarəm yox idi.

Sizi isə yəqin ki, intizarda qoydum. İmtahandakı son sualın cavabını necə tapdığımı sizə deyim. Sualda saniyəölçən barədə soruşulanlar əsas yayındırıcı məqam idi. Niyə saat özü yox, saniyəölçəni… Bu psixoloji gediş idi. Saniyəölçənin necə olması artıq yüz faiz saatın divarda asılması fikrini yaradaraq cavab verənin bütün fikrini ancaq saniyəölçənə yönəldirdi. Onun nə rəngdə olması, işləyib işləməməsi, xarabdırsa, hansı rəqəmin üzərində dayanmasını götür-qoy edən şəxsin fikirləri əsas istiqamətdən yayınır, verilmiş otuz saniyə elə əvvəldən yanlış şeylərə sərf olunurdu. 

Bunu başa düşən kimi dərhal indiyə qədər olduğum dərs və imtahan otaqlarını bir-bir yadıma saldım. Onların heç birində heç vaxt divar saatı görmədiyim dəqiq idi.

Bu dediklərimə bilirsinizmi nəyi də əlavə etdim? Deyim bilin. Sualın cavabına otuz saniyə vaxt verən müəllimlər hamısı bu müddət ərzində diqqətlə mənə baxmış, heç biri bir dəfə də olsun sual obyekti olan, mənim arxa tərəfimdə, onlarla isə üzbəüzdə, guya divardan asılmış saata tərəf baxmadılar. Nə qədər peşəkar olsalar da, ən azı onlardan birinin nəzərləri bu otuz saniyə ərzində ötəri də olsa o istiqamətə, sualın predmeti olan həmin saata yönəlməli idi. Ancaq bunu etmədilər. Olmayan bir şeyin nəyinə baxacaqdılar ki. Onlardan biri qol saatına baxaraq vaxtın bitdiyini bildirəndə mən artıq sualın cavabını tapmışdım.

İmtahanın eynilə təkrarlanmaması üçün müəllimlər bu dəfə imtahan otağına gələrkən keçdiyimiz dəhlizdəki əşyalar haqqında suallara bir qədər də məntiqi suallar əlavə etmişdilər.

Bu, peşəkarların yetişdirilməsi düsturunun əlifbası idi. Qeyri -adi müşahidə qabiliyyəti, yaddaşı olan və məntiqi mülahizə yürütmək bacarığına malik müdavim təhsil illərində aldığı nəzəri və xidmət illərində topladığı təcrübi biliklərin vəhdəti nəticəsində neçə illər sonra peşəkar adlanmaq hüququ qazanırdı.

Hər əməkdaşa müyəssər olmayan hüququ…

Və mən uzun illərdən sonra bu hüququ qazanarkən indi sizlərə danışdığım epizodla bağlı bir həqiqəti də anladım.

Komissiya üzvlərinin guya divarda asılmış saat tərəfə deyil, məhz nümayişkəranə şəkildə diqqətlə mənə baxmaları verilmiş sualın cavabında elə əsas açar imiş. Mən isə heç vaxt görmədiyim bir saat haqqında verilmiş sualın cavabında bu yolla mənə qəsdən ip ucu verərək məntiqi düşüncə tərzimi yoxlayan pedaqoqlarda, guya, kiçik bir səhv tutduğumu düşünərək cavanlığa xas olan necə bir müştəbehliyə yol vermişdim.

Mənim müdrik müəllimlərim…

 

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(04.05.2023)