İnsanlara çatdırın ki, dualarında ehtiyatlı olsunlar… Featured

“Ədəbiyyat və incəsənət” portalı aforizmləri sevilərək oxunan Statusman Hümbət Həsənoğlunun bu dəfə “Dua” adlı pritçasını oxucularına təqdim edəcək. 

 

 

Dua

(pritça)

 

Baş mələk olan Cəbrayıl Allaha  yerdə gördüklərindən, eşitdikləri dualardan danışır. Nitqinə bir az fasilə verib deyir:- Ey Uca Allah, bir qadın illərdir eyni duanı edir. Tək bir dua.

- Hansı duanı?

- Ey Qadir Allah, hər dəfə mübarək adlarınızdan birini çəkib deyir ki, anası ölməsin, həmişə sağ qalsın.

- Əzrayıl mələyə de ki, onun anasına dəyməsin.

Beləliklə bir eldə, bir qızın öz anası haqda dediyi dua həyata keçir. 

Qızın anası yaşamaqda davam edir. Ətrafda olan analar bir-bir dünyasını dəyişir, bu qızın anasından başqa. Qız Allaha hər gün şükür duaları etməkdə davam edir, anasının yanında qalmasına hədsiz sevinir, axı o, anasını çox sevirdi. Aylar, illər keçir, qız öz anası ilə birgə qocalır. Qoca vaxtında da anasının yanında olmasına, onun hələ də yaşamasına çox sevinir, onu hər gün qucaqlayıb başına dönür, onun hər nazı ilə oynayırdı.

Qız artıq özü də nənə olmuşdu, öz balaları, nəvələri vardı.

Onun balaları da, nəvələri də hər iki nənələrini sevir, onların qayğısına qalırdılar.  Bir gün qız qocalıqdan dünyasını dəyişir. 

 Qoca nənə yaşamaqda davam edir. Onun nəvələri də, nəticələri də, kötücələri də qocalıb ölsələr də, o, yaşamaqda davam edir, çünki Əzrayıl mələyi ona olan tapşırığa görə anaya yaxın gəlmir.

Ananın yaddaşı zəifləyir, ətrafında olan çox insanları heç tanımır da, amma tez-tez onu çox sevən qızı yadına düşür, onun yanına getmək istəyir. 

Təkcə qızı yox, tanıdığı bütün insanlar artıq o biri dünyadaydı. O da öz qızına, ona yaxın və əziz olan insanlara qovuşmağı arzulayırdı. 

Yaşamaq onun üçün maraqsız və mənasız olmuşdu, onu dünyaya bağlaya bilən heç nə qalmamışdı.

Həyatın özü onun üçün dözülməz, artıq çəkə bilmədiyi yükə çevrilmişdi.

Qoca nənə hər gün eyni duanı edirdi:- ey Mərhəmətli olan Allah, məni bu əzablarımdan  xilas et, mənə lütf olaraq öz ölüm mələyini göndər.

Cəbrayıl mələk növbəti dəfə Allahın dərgahında olanda ulu nənənin əzablarını və tək duasını Ona bildirir.

Allah izn verir və əlavə edir: - İnsanlara çatdırın ki, dualarında ehtiyatlı olsunlar.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)