”Bilirsən buna nə deyirlər? Övladda nəvə, dövlətdə dəvə…” Featured

 

Ümummilli lider milli qəhrəman Əlif Hacıyevin qızı İradəyə bağışladığı oyuncaq dəvənin hekayəti

 

“Ədəbiyyat və incəsənət” portalı Əməkdar Mədəniyyət işçisi Zahirə Dadaşovanın  ümummilli lider Heydər Əliyevə həsr etdiyi esselərinin dərcini davam edir. Bu dəfə “Oyuncaq dəvə” essesi təqdim ediləcək. Esse Varisin “Qırmızı ləçəklər” romanında yer alan Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevin qızı İradənin xatirələri əssında qələmə alınıb. 

 

Oyuncaq dəvə

 

Mənim altı yaşım vardı.  Ulu öndərin göstərişi ilə hər il uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün  Həmrəylik Günü, Yeni illə  əlaqədar bayram şənliyi təşkil olunurdu. Keçirilən bayram şənliyində uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, eləcə də şəhid ailələrindən olan uşaqlar iştirak edirdi. Uşaqlara sevinc bəxş edilən həmin gün ərzində animatorların, psixoloqların iştirakı ilə müxtəlif əyləncə və şou proqramlar təqdim olunur, maraqlı müsabiqələr, idman estafet yarışları və oyunlar keçirilirdi. Uşaq və yeniyetmələr müxtəlif mahnı və rəqslər ifa edir, bacarıqlarını nümayiş etdirirdilər.

Belə tədbirlərdə ulu öndər uşaqlara xüsusi diqqət, qayğı göstərirdi. Bayram şənliyində anam mənimlə yanaşı əyləşmişdi. Tədbirə təşrif gətirən ulu öndəri görən kimi hamılıqla ayağa qalxdıq. Onun mehriban təbəssümü, sevgi dolu nurlu baxışları vardı. O, sanki əzəmətli bir dağ idi. Heydər Əliyev üzünü bütün uşaqlara tutub dedi: “Əziz uşaqlar, siz bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq necə xoşbəxtlikdir. Görülən bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır. Çünki siz bizim gələcəyimizsiz.”

Mənim əyləşdiyim masa lap öndə idi. Ulu öndər qarşımızda çıxış edirdi. Az keçmədi ki, Heydər baba bizim masaya yaxınlaşıb, mənimlə söhbətə başladı. Saçlarımı tumarlayıb, adımı soruşdu:

- Qızım, adın nədir?

- İradə.

- Nə gözəl adın var. Adının mənasını bilirsən?

Mən çox həyacanlı idim, cavab vermədim. Təkcə başımla “yox” deyə bildim. Ulu öndər gülümsəyərək söhbətinə davam etdi:

    -  Iradə - hər çətinliyi ortadan qaldıran deməkdir. Min bir əzaba dözdünsə, demək iradən heç sarsılmadı.  Bir şeyi əldə etmək üçün göstərilən səy, cəhd, qeyrət - bunlar hamısı sənin iradəndir. Sənin çox gözəl adın var. Bu adı çalış ki, yaşadasan. Sən atanı xatırlayırsanmı, bilirsən atan kim olub?

Mən adımla bağlı deyilən bu sözlərdən sonra bir az cürətləndim və dedim:

      - Əlbəttə, bilirəm. Atam Əlif Hacıyev Milli qəhrəmandır. O Xocalıdan idi. Nə qədər insanları xilas edib. O insanlar bizə gəlib mənə deyirdilər ki, atam onları necə ermənilərdən qoruyub, sağ qalıblar. Mən atamı çox az xatırlayıram. Amma, yadımdadır ki, o məni kürəyinə mindirib bütün evi gəzdirərdi, at kimi çapardı. Onun gülən, şən səsi heç yadımdan çıxmır. Hər dəfə onun səsini yada salıram ki, yadımdan çıxmasın.

Bu sözlərdən sonra Heydər Əliyev sanki kövrəldi, məni bağrına basıb alnımdan öpdü. Ulu öndər bizim masada ikən tədbirin təşkilatçıları hədiyyələrlə dolu zənbillərlə bizə yaxınlaşdılar. Bayramın özəl cəhətlərindən biri də odur ki, uşaqlara hədiyyələr verirlər. Ulu öndər əyilib həmin hədiyyə qutularından birini götürüb mənə uzatdı və dedi:

- Bax gör, sənə nə hədiyyə düşüb?!

Mən tez sevinclə qutunu açdım, içindən oyuncaq dəvə çıxdı. Ulu öndər gülərək dedi: ”Nə yaxşı hədiyyədir. Bilirsən buna nə deyirlər. Övladda nəvə, dövlətdə dəvə. Deməli sən də dövlətli olacaqsan. Faydalı, atan kimi xeyirxah, əsil vətənpərvər bir övlad olacaqsan.”

O, sanki mənim oyuncağa olan sevgimi duymuşdu. Mən dəvəni bərk-bərk sinəmə sıxdım. Bu mənim ulu öndərdən ilk oyuncağım oldu.

İllər keçdi. Mən məktəbi bitirdim, oyuncaqlarımı evimizə gələn uşaqlara hədiyyə etdim.  Təkcə ulu öndərin mənə bağışladığı dəvəni saxladım. Hər dəfə ona baxanda ulu öndəri xatırlayır, onun uşaqlara olan sevgisini unutmuram.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2023)