“Həqiqət, tanrıya tərəf gedər...” - Güneyli Yaz-Baharın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney təmsilçisi Əli Çağla növbəti dəfə Güneydən səslər rubrikasını rəqdim edir. Bu dəfə sizlər Yaz-Bahar xanımın şeirləri ilə tanış olacaqsınız.

Qeyd: Yazının orfoqrafiyasına toxunulmayıb.

 

Yaz-Bahar xanım 1983-cü ildə Ərdəbil şəhərində dünyaya göz açmışdır. Onun illər öncədən ədəbiyyata olan marağı onu bu sahədə ciddi səviyyədə yazıb oxumaqdan əlavə dünya ədəbiyyatı və özəlliklə Azərbaycan ədəbiyyatı üzərində təhqiqat aparıb, tərcümə işləri görməsinə səbəb olmuşdur. O, professional səviyyədə ədəbiyyat və xüsusən şeir ilə məşğul olmağı ilə eyni zamanda rəssamlıq sahəsində də çalışmışdır. Onun "Müharibəsiz sevgi" adlı ilk kitabı 2023-cü il işıq üzü görmüşdür.

 

ƏLVİDA

 

Yeni həyat,

Yeni evim mübarək!

Əlvida arxamca qalan qısqanclı qaranlıqlar

Yalana bürünmüş sevgilər –

Dustaq qalan beyinlər!

Əlvida qədri-qiymət bilməyən ürəklər

Əlvida

Min türlü üz dəyişdirən insanlar...

 

Salam mənim yeni dörd divarım!

Salam mənə yoldaşlıq edən

Yorğanım,

Yastığım,

Tərliyim!

Salam mənim pəncərədə gözləyən

Yaşıq kaktus çiçəyim,

Salam mənim hasar üstündə oturan

Mavi göyərçinim...

 

Bunlar mənim yeni həyatım,

Bunlar mənim yeni dünyam!

 

Bir mən gərəkli deyil idim zatən

Sizin kirli dünyanıza

Bir də artıq

Sevib də, sevilməyən

Anlayıb da, anlanılmayan

Düşüb də, qalxanmayan

Kölgələr vardır ki, burada

Gəlməzdir sizin zatən karınıza!

 

Yalqızlığı seçərək

Dörd divara sığınmış olan,

Burda düşdaşlarım varımdır mənim.

Onlara dəli-divanə deyirsiniz siz!

Ancaq

Onları dəli edib də, tərk eləyənlərə

Heç bir söz deməyirlər,

Heç bir zaman, onlar!

Sizin hər bir zaman onlara,

“Dəli” dedikləriniz!..

 

Pis-yaxşıya məruz qalaraq

Danışdıqda

Danışmağa məhkum olan

Seçib də seçilməyə haqqı olmayan,

Duru su kimi,

Saf ürəkləri vardır onların;

Siz, onların kölgələrisiniz

Çünki ürəklərində,

Duru su kimi,

Saf diləkləri vardır onların...

 

Bax!

O, sizin dəyərsiz

Yalanla bağlı ola dünyanız!

Bu isə bizim

Tər-təmiz, huzurla dolu yeni dünyamız!

Bizim dünyamızı,

Yalnız tər-təmiz yaşamaq dəyər

Sizin o qaranlıq,

Sizin o səfil dünyanıza!

Sizin dünyanız gəlməz bizim karımıza

Sizin dünyanız, gəlməz sizin arınıza...

 

Yenə xatırladım bir daha

Yeni həyatım,

Yeni evim mübarək!..

 

MÜHARİBƏSİZ SEVGİ

 

Həyat müharibələrlə doludur.

İnsanın ilk müharibəsi isə

Beləsi bir başlanğıcı olmalıdır;

Həvva ilə şeytanın arasındakı müharibə!

Həvvanın şeytana tovlanıb da,

Yasaq almanı dişləməsi!

 

İnsanın doğulmanın isə səbəbi

Doğulduğundan bəri müharibələrdə olmasıdır.

Onun üçün,

Doğulduğumuz gündən bəri,

Hər gün müharibədəyik, özümüz ilə!

Türlü-türlü müharibə meydanlarında

Döyüşürük bir-birimiz ilə.

 

Bəzən də

Müharibə meydanlarının

İçərisində doğulmuşuq sanki biz!

Özümüz heç bilmədən,

İstəmədən də döyüşürük, hər birimiz!

Bu isə bizim cəzamızdır,

Yasaqların qarşısında

Baş qaldırdığımız üçün!

 

Biz insan oğlu insan

Məhkum doğulduğumuzu bilə-bilə,

Ağlaya-ağlaya

Ayaq qoymuşuq bu dünyaya

Anamızın bilməzdən etdiyi cinayətinə xatir.

 

Biz ağrı çəkməliyik indi bu gün,

Sınmalıyıq,

Sınaqdan keçə bilmədiyimiz üçün!

 

Bu bizə verilmiş olan

Cəza olmalıdır sanki əzəldən,

Biz bu müharibə ilə

Yaşamağa məhkum olmuşuq əbədə qədər.

Çünki müharibələr

İnsanın insanlığını bəlli edər,

Şeytanın isə şeytanlığını...

Bütün yanlışların sonu şeytandır

Həqiqət, tanrıya tərəf gedər...

 

 

Təkcə alıb da verdiyimiz

Bir şeylərimiz vardır müharibəsiz!

Bir sevgimiz vardır,

Bir də sevincimiz!

Bunlardır bu boyda dünyada, bizim

Qiymətsiz sayılan iki incimiz.

 

Bu dünyanın qalibi olmaq istərsənsə,

Sən sevgini əsirgəmədən,

Sevinclə, məhəbbətlə

Toxunmaqdan çəkinməyəcəksən

Büsbütün bu canlılara!..

 

Aldığımız cəzamızdan bizi, əlbəttə

Mütləq elə bunlar qurtaracaqdır, 

nəhayət də.

Şeytana bir daha aldanıb da, 

qulaq verməkdənsə,

Müharibəsizcəsinə

Könüllərin məmləkətini

Topsuz, tüfəngsiz fəth etməlisən!

Durmadan,

Çəkinmədən...

Bu bizim yasamızdır –

“Müharibəsiz sevgi...”

 

DARIXMAQ

 

Darıxıram bu havadan

Darıxıram bu sudan

Darıxıram bu torpaq yığımı olan

Yalan dünyadan!

Sevgisizliklərdən darıxıram bir də,

Bir də darıxıram vəfasızlıqlardan!

 

Darıxıram,

Bir yarpağın, budağından qopduğu qədər;

Bir ağacın,

Tərk etdiyi göyərçini kimi darıxıram!

 

Darıxıram,

Bir qızın

Gəlinlikdə tərk etdiyi ata evi təkin!

Bir uşağın,

Anasından ayrıldığı boyda darıxıram!

 

Mən,

Yasda darıxıram illərdir,

Mən illərdir toyda darıxıram!

 

Gündüzlər,

Gecələr,

Həftələr, aylar,

Üstümə yıxılırlar mənim hər an sanki!

Bir heçliyin içindəyəm

Çoxdandır inan ki...

 

Nə gülə bilirəm,

Nə də ağlamaq gəlir mənim əlimdən!

Nə gedə bilirəm,

Nə də ki,

Qalmaq istəyirəm mən!

 

Mən yalqızlığımın içində yanıram,

Mən yalnızca möcüzələrə inanıram!

Çünki inam,

Həqiqətə çatmağın tənha yoludur.

Çünki dünya möcüzələrlə doludur...

Biraz diqqət etsən görərsən,

Yeni bir həyat doğulur hər gün!

Yeni bir möcüzə,

Yeni bir ümid

Gecənin ən qaranlıq anında

Yeni bir gün doğulur,

Hər yeni bir gün...

 

KAŞKİ

 

Kaşki bütün darıxanların yerinə mən darıxaydım –

Darıxan ürək olmayaydı!

Kaşki bütün ağlayan gözlərin yerinə mən ağlayaydım

Heç bir göz dolmayaydı!

Kaşki bütün qırılan qəlblərin yerinə qırılaydı qəlbim –

Heç bir qəlb daha qırılıb da, solmayaydı...

 

Kaşki gözü yol çəkən bütün insanların yerinə gözləyirdim,

Kimsənin gözü yollarda qalmayaydı,

Kaşki öləydim

Büsbütün yersiz köçüb də gedənlərin yerinə

Bitərdi bütün dünyanın,

Kədəri, qəmi...

Gözəlləşərdi həyat!

Darıxmazdı yalqız ürəklər...

Yaşalmazdı ağlayan gözlər...

Qırılmazdı sevən qəlblər...

 

İntizar çəkən qalmazdı o zaman,

Köçüb gedən olmazdı bu dünyadan.

Bir tək mən sınardım!

Bir tək mən solardım!

Bir tək mən ölərdim!

Bir tək mən yox olardım!

Büsbütün insanların yerinə...

 

HƏYATIMIN PAZELİ

 

Hər şəkil bir tikəsidir insanın,

Pazel kimi kamilləşir hər saat.

İtirsə də bir tikəsin, bir anın,

Tam vaxtında tapacaqdır çox rahat.

 

Bir tikəsi, ağ çadrası başında,

Qucağında gəlincikli bir mələk.

Asfalt yola göz tikib o yaşında,

Gözləyir ki ana haçan gələcək?!

 

Pəncərədən boylandıqda həyətə,

Özü gördü, öz gözüylə quşları!

Quşlar gəldi, o dalaraq heyrətə -

Gözlərindən axırdı gözyaşları!

 

Quşlar gəlsə, küsüb gedən anası,

Mütləq gəlib baş vuracaq qızına.

Olar məgər o məhəbbət sonası

Qayıtmasın baharına, yazına?!

 

Bir tikəsi atasının qəzəli,

Unudanmaz heç ömrünün boyunca!

Atasının ahugözlü gözəli,

Oxuyaraq ağlamışdır doyunca!

 

O qəzəli saxlayır o, hələ də,

Pazelinin bir tikəsi olaraq.

Bəlkə onu öz qızına verə də -

Bəlkə də heç verilməzdir o varaq!

 

Bir tikəsi Ərdəbildən Təbrizə,

Gəlin gəlir bəzədilmiş maşında.

Bir tikəsi xoşbəxtliklə üz-üzə,

Ana olur ömrünün gənc yaşında.

 

Bir tikəsi sevinc dolu saatlar,

Bir tikəsi qəmə batmış dəyqələr!

Bir tikəsi ürəyini rahatlar,

Bir tikəsi nə çəkdiyin kim bilər?!

 

Hər şəkil bir tikəsidir insanın,

Pazel kimi kamilləşir hər saat.

İtirsə də bir tikəsin, bir anın,

Tam vaxtında tapacaqdır çox rahat.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2023)