“Ondan təzə qəm istədim, o mənə nimdaşı verdi…”

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə Əlizadə Nurinin “Ağrı” şeirini təqdim edirik. 

 

Ondan  təzə qəm istədim

O mənə nimdaşı verdi.

Dedim mənə gün ağlasın-

Tanrı da göz yaşı verdi…

 

Sizə gəlib ,,sən” istədim,

Dünya yox, vətən istədim…

…Yaxşı bir düşmən istədim-

Pis qohum-qardaşı verdi.

 

Ömür verdi boynuburuq,

Ümid verdi qırıq-qırıq.

Baxıb gördü darıxırıq 

Dərd adlı sirdaşı verdi…

 

Bura şeytan dərəsidi,

Bu ki, iblis mərəzidi.

Bu nə mizan-tərəzidi-

Bunu hansı naşı verdi?

 

Yeridik zəli üstünə,

İşin əngəli üstünə.

Min nəfər dəli üstünə

Məni də minbaşı verdi…

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2023)