“Yox”u sığallamaqla “hə”yə çevirmək olur - Hümbət Həsənoğlunun aforizmləri Featured

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti aforizmlərini təqdim edir

 

1.İnsan dili ilə ifadə edə bilmədiyini, adətən, sifətinin ifadəsilə çatdırmağa çalışır.

 

2.Ağıl ona görə lazımdır ki, mürəkkəb düşünüb, sadə çatdırasan.

 

3.“Yox”u sığallamaqla “hə”yə çevirmək olur.

 

4.Ömür uzundur, səbir etməyə məcburuq.

 

5.Güzgünün sehri ondadır ki, o, sənə həm xoşbəxtliyinin, həm də bədbəxtliyinin səbəbkarını eyni vaxtda göstərir.

 

6.Xoşbəxtliyə gedən yol öz bədbəxtliyini görməzliyə vurmaqdan keçir.

 

7.Vaxtın dəyərini onu dəyərləndirən bilər.

 

8.Yaxşılığa gedən bütün yollar yaxşı 

fikirlərdən keçir.

 

9.Uğur yiyələri niyyətlərini deməzlər, əməllərini göstərərlər.

 

10.“Qadınlara bələdəm” deyən kişi hələ özünə bələd deyil.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2023)