Ədəbiyyat adamının 75 illiyinə Featured

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçimiz Vaqif Yusiflinin 75 illiyi münasibətilə Elman Eldaroğlunun təbrik yazısını təqdim edir. Vaqif Yusifli ədəbiyyatımız üçün olduqca gərəkli bir imzadır. Bunu yazıdan da duyacaqsınız. 

 

Deyir ki,- “”Azərbaycan jurnalı” mənim həyatımın yaradıcılıq yolunda böyük rol oynayıb. Uzun müddət Ədəbi tənqid şöbəsinin müdiri, sonra baş redaktorun müavini olmuşam. Məni bir tənqidçi kimi tanıdan məhz bu jurnal olub. “Azərbaycan jurnalı” sözün əsl mənasında Azərbaycan ədəbiyyatının - həm klassik, həm də müasir dövrün güzgüsüdür. İndi də bu missiyanı şərəflə yerinə yetirir. Və jurnalla əlaqəmi üzməmişəm, yenə orada yazılar çap etdirirəm.”

Sakit, təvazökar, mülayim adamdır. Dünyaya baxışları fərqlidir. Qalmaqaldan uzaq olmağı, qaydalara riayət etməyi xoşlayır. Qurub yaratdığı öz aləmi var. Bu aləmdə xeyirxahlıq, insanları ruhlandırmaq, heç kimi acılamamaq əsas prinsiplərdəndir…

“Mənim yaradıcılığımda “Ədəbi gənclik” mövzusu mühüm yer tutur. Bu mövzuya 80-ci illərdən müraciət etmişəm. Artıq 4 ədəbi nəslin yaradıcılığı ilə bağlı sayı-hesabı bilinməyən məqalələrin müəllifiyəm. 1997-ci ilin son oktyabr günündə ulu öndərimiz Heydər Əliyevin qarşısında “Ədəbi gənclik” haqqında məruzə etdim. Çıxışımın səhəri, Yazıçıların 10-cu qurultayında yenə həmin mövzuda çıxış etdim. “Ədəbi gənclik” ədəbiyyatın sabahıdır. Onları vaxtında qiymətləndirmək lazımdır. Son 10 ildə ədəbiyyatımıza istedadlı gənclər gəlib. Mən də çalışıram ki, onların yaradıcılığı haqqında ilk sözü deyə bilim. Qismətin, Ramil Əhmədin, Ruslan Əli Dostun, Ruzbeh Məmmədin, Günel Bağıyevanın, Günel Eyvazlının, Elşad Ərşadoğlunun, Arzu Nehrəmlinin, Cavidanın, Emin Prinin, Mahir Mehdinin, Aysel Əlizadənin, Gülnar Səmanın və b. cavanların yazıları haqqında məqalələrim dərc edilib. Həmin yazılarda cavanların qüsurları haqqında da söz açmışam. Bir sözlə, “Ədəbi gənclik” daim mənim diqqət mərkəzimdədir.”- söyləyir.

Onunla cəmi bir dəfə görüşüb söhbət etmişik. O vaxt şəxsi vəsaitim hesabına yazıçı, publisist, ssenarist Hafiz Nəzərlinin kitabını dərc etdirmişdim. Vaqif Yusiflidən xahiş etdim ki, kitab haqqında fikirlərini ictimailəşdirsin ki, bir növ müəllifə uğur arzulasın. Sağ olsun, sözümü yerə salmadı…

Akademik Nizami Cəfərov onun haqqında yazır:- “Vaqif - bilən, məlumatlı olan, dərk edən, anlayan; Yusif isə gözəl deməkdir. Təsadüfi deyil ki, Səməd Vurğun bir oğluna Yusif, o birinə Vaqif adı verib... Vaqif  Yusiflinin rəhmətlik valideynləri dahi şair-mütəfəkkirdən də  tədbirli tərpəniblər... Əsas məsələ isə odur ki, taleyin bütün obyektiv və subyektiv maneələrinə baxmayaraq, Vaqif Yusifli həm adının,  həm də soyadının  ideya-estetik mistikasını doğrulda bilib. Və bu gün də doğruldur...”

Özünü o qədər ədəbiyyata həsr edib ki, təpədən dırnağa ədəbilləşib- ƏDƏBİYYAT ADAMDIR. Ədəbiyyatçı kimi peşəkar, tənqidçi kimi mükəmməldir…

Deyir ki,- “Məni üç dəfə tənqid ediblər. Birincisi 80-ci ildə baş verib. Rəhim Əliyev “Ədəbiyyat qəzeti”ndə tənqid edib, mən də ona cavab vermişəm. İkinci dəfə məni Rafiq Tağı tənqid edib. Biz həmyerliyik, orta məktəbdə oxuyandan dostlaşmışıq. Amma Rafiq Tağı sürprizləri çox sevirdi. Mən bir yazımda Rafiq Tağını Azərbaycanın Çexovu adlandırmışdım. O da məni AYB üzvü olduğuma görə, Anarın əsərlərini təriflədiyimə görə tənqid eləmişdi. Mən də ona cavab yazdım. İllər keçdi, barışdıq…”

Bu gün- aprelin 20-si filologiya elmləri doktoru, professor, tənqidçi ədəbiyyatşünas Vaqif Yusiflinin 75 yaşı tamam olur. Ömrünün ixtiyar çağlarını yaşayır. 

Yusif Səmədoğlunun “Qətl günü” romanını Nobel mükafatına layiq bilən bu gözəl insana nə var-dövlət lazımdır, nə də səltənət. Ona ağrı-acısız günlər, sağlamlıq və uzun ömür arzulayıram.

75 yaşınız mübarək, eloğlu!

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.