Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

 

2-ci dərc

 

Hadisə isə belə olmuşdu. Günün istənilən vaxtında ona kömək üçün müraciət edənlər utanmasınlar deyə ömrünün son əlli ilini həyət qapısının cəftəsini bağlamadan yaşamış Day-day Çəmbərəkənddəki evi söküntüyə düşdüyü üçün ahıl çağlarını Badamdar qəsəbəsində, mənzərəsi dənizə baxan bir yerdə ev tikib orda yaşamaqla keçirmək qərarına gəlir. Qəsəbənin ən yüksək yerlərindən birində torpaq sahəsi alan Day-day yeni tikdirdiyi mülkündə də qapını bağlamadan köhnə adəti üzrə yaşamaqda davam edir, bir il əvvəl Almaniyada olarkən bəyənib aldığı “S class” markalı “Mersedesi”ni də elə çox vaxt küçədə saxlayırmış. Həyatı ərzində çox qanları yatırmış, saysız-hesabsız yaxşılıqlar etmiş, şəxsi vəsaiti hesabına altmış qaçqın ailəsinə aybaay maddi yardım göstərən, şəhərdə söz sahibi olan ağsaqqal heç ağlına gətirməzmiş ki, kimsə onun maşınını oğurlamağa cəsarət edər. Bu azmış kimi, özü də düz evinin qarşısından.

 -Sən bilirsən ki, mən o maşından neçəsini istəsəm ala bilərəm. Ancaq məsələnin məğzini gözəl başa düşürsən,- deyə o söhbətini yekunlaşdırıb baxışlarını mənə zillədi.

 Bəli, söhbətin nədən getdiyini mənə izah etməyə ehtiyac yox idi. Kiminsə maşınının qaçırılması sadəcə onun maşınının qaçırılması sayıla bilər, ancaq İsfəndiyar Mövlayevin yox. Hər bir cinayətin arxasında nəsə durur, bu məsələnin nəsəsi də oğurluğun Day-daya sataşmaq məqsədi ilə edilib-edilməməsi idi. Bunu bilmək üçün həmin cinayəti açmaq lazım idi. Həmin cinayət açıldıqdan sonra isə, bu ehtimal özünü doğruldacağı təqdirdə bu işdə əli olanların özlərinə yox, onların yetim qalacaq uşaqlarına indidən mənim yazığım gəlirdi.

Hətta neçə illər əvvəl tək oğlunu itirməklə həyatdan ağır zərbə alması da kimlərinsə övladları olan həmin adamların Day- day tərəfindən bağışlanacağına inamımı artırmırdı.

İsfəndiyar Mövlayevin yeganə övladı olan oğlunun meyiti gecə saatlarında evinin yaxınlığında tapılmışdı. O vaxt şəhərdə müxtəlif şaiyələr dolaşsa da, istintaqın gəldiyi yekun rəy oğlanın qaranlıq küçədə naməlum maşın tərəfindən vurulması oldu. Axtarışlar nə qədər davam etsə də, nə həmin maşın tapıldı, nə də ki, sürücüsü…      

Deyilənlərə görə, bu hadisədən sonra Day-dayı nəinki gülən, heç gülümsəyən də görən olmamışdı.

Mən agentliyimi son zamanlar dəbdə olan ər-arvad xəyanətlərini deyil, elə bu cür cinayətləri açmaq üçün təsis etmişdim. Yaranmış vəziyyətin mənfi və müsbət tərəflərini tərəziyə qoydum. Araşdırmanı tək aparacağım üçün uğur qazanacağım təqdirdə  bütün kartlar mənim əlimdə olacaqdı və Day-daya nəyi deyib, nəyi gizlətməyi özüm qərar verəcək, nəticədən asılı olaraq hansısa baş verə biləcək fəlakətin qarşısını ala biləcəkdim. Lap elə həmin cinayətkarların heç bir günahı olmayan uşaqlarının xətrinə. Ancaq tək bir haldan başqa. Bu məsələdə tək bir şeyin - düşmənçilik faktorunun təsdiqlənməsini arzulamırdım. Mövlayev elə bir adam idi ki, onun düşmənlərinin olması istisna olunmurdu. Birbaşa deməsə də və ya demək istəməsə də, söhbətimizdə buna eyham vurmuşdu.

Maşının tapılması cinayətkarların tapılıb aşkara çıxarılmasından keçəcəkdi və bu halda cinayətin motivi də məlum olacaq və ortaya qoyulacaqdı. Motiv düşmənçilik olardısa, məhz bu halda bunu gizli saxlaya bilməyəcəkdim ki, bu da tərəflər arasında, cinayət aləmində “müharibə” adlanan qarşıdurmanın yaranmasına gətirib çıxaracaqdı. Dolayısı ilə də olsa, “müharibə”nin səbəbkarı olmaq istəmirdim.

İsfəndiyar Mövlayev kimi bir adama “yox” deməyim özü də şəhərdə yeni başladığım işimin nüfuzuna xələl gətirə bilərdi. Bütün bunları Day-dayı dinləyərkən götür-qoy etdim və bu işi boynuma götürməyə razılıq verdim.

Ağsaqqalla eyni vaxtda ayağa qalxdıq. O dedi:

-Cavanlardan biri qalan məsələləri həll etmək üçün qalır, gedişat barədə isə şəxsən özümə zəng edib məlumat verərsən.

Və sağollaşıb getdi.

Qapı arxasınca örtüləndən bir dəqiqə sonra artıq davranışı qətiyyən bayaqkı donmuş kral qvardiyası əsgərini xatırlatmayan gənclərdən biri lovğa-lovğa içəri daxil oldu. Bu dəfə də qapını döymədən. “Atalar üçdən deyib” fikirləşərək, mənə lazım olan sualları ona verməyə başladım. Lazım olan bütün məlumatı dəqiqləşdirdikdən sonra suallarımın bitib-bitmədiyini bilməyən lovğa gəncə kiçik bir dərs vermək məqsədilə yerimə keçib kresloma əyləşdim və qəsdən bir nöqtəyə baxaraq təxminən üç dəqiqə belə qaldım. Sonra isə guya birdən fikirdən ayrılaraq, -Oho, sən hələ burdasan, -deyərək, saxta təəccüblə ona baxdım. Özünü son dərəcə təhqir edilmiş hesab edən gənc oğlan stola yaxınlaşaraq təzə kağız və rəng qoxusu verən iki dəst yüzlük bükülüsünü və bir vizit kartını stolun üstünə qoyub, -Bunlar sizə çatacaq, -deyərək, qapını lazım olduğundan bir qədər bərk örtüb sürətlə otağı tərk etdi.

Onunla hələ görüşəcəyimizi bilirdim…

Maşının bu gecə oğurlanması mənə müəyyən ümidlər verirdi. Belə ki, bir sıra cinayətlərin açılmasında zaman məfhumu həlledici rol oynayır. Həm də, bu lovğa gəncin suallarıma verdiyi cavablar içərisində mənim üçün çox vacib olan bir məlumat var idi.

Bayaq sizə demədim, ancaq bu işi götürməyə razılıq verəndə artıq beynimdə hərəkət planım hazır idi və dərhal fəaliyyətə başlamağa qərar verdim.

İnsanın yaşadığı şəhərdə olan əlaqələrinə cibindən gələn pul xışıltısı əlavə edilərkən hansısa bir məsələnin həllində onun əvvəllər malik olduğu qətiyyətinə bir o qədər də qətiyyət əlavə olunur. Bir qədər əvvəl stolun üstündən götürüb cibimə qoyduğum iki ədəd yüzlük dəstini əlimlə bir də yoxlayıb çox qətiyyətli şəkildə ofisdən çıxdım. Daxili İşlər Nazirliyində işləyən bir dostumla təcili görüşməliydim və zəng vuraraq yarım saatdan sonra Mərkəzi Univermağın qarşısına düşməsini xahiş etdim.

Nadirlə beş il əvvəl tanış olmuşdum. Günlərin bir günü, təxminən gecə saat 23 rədələrində maşınla Yasamal rayonu ərazisindən, Hüseyn Cavid parkına birləşən Ələsgər Ələkbərov küçəsindən keçirdim. Bu zaman həyəcanla yola qaçaraq əlləri ilə mənə dayanmaq işarəsi verən bir gənci gördüm. Qış vaxtı olduğu üçün küçədə kimsə görünmürdü. Cəld əyləci basıb maşını saxladım, on yedli-on səkkiz yaşlarında olan həmin oğlan nəfəsi kəsilə-kəsilə dostunun bıçaqlandığını, çoxlu qan itirdiyini bildirib kömək istəyirdi. Maşından düşərkən bir qədər aralıda huşsuz vəziyyətdə yerə uzanmış, qan içində olan oğlanı gördüm. Vəziyyəti çox ağır idi və mən vaxt itirmədən onu qucağıma alıb maşının arxa oturacağına uzatdım, dostuna oturmaq işarəsi verib sükan arxasına keçdim və maşını böyük sürətlə Musa Nağıyev adına xəstəxanaya sürdüm. Oğlanı dərhal reanimasiya şöbəsinə yerləşdirdilər. Əgər məlumatınız yoxdursa, bilin ki, xəstəxanaya istənilən xəsarətlə daxil olmuş xəstə barədə növbətçi həkim tərəfindən dərhal ərazi polis orqanına  məlumat verilir. Onsuz da əməliyyat qrupunun gələcəyini bildiyim üçün dostu bıçaqlanmış oğlanı sorğu-suala tutmadım və bir qədər özünə gəlməsini gözlədim. Onun təxminən on beş dəqiqə sonra gəlmiş əməliyyatçılara danışdıqlarından belə məlum oldu ki, tələbədir və hadisə baş verən yerə yaxın evlərdən birində kirayədə yaşayır. Bıçaqlanan gənc isə onun tələbə yoldaşıdır və birlikdə imtahana hazırlaşırmışlar. Bir qədər əvvəl evə gedən dostunu ötürməyə çıxmış və evdən aralanandan sonra səki ilə gedən bir qızın qarşısını kəsmiş, əlində bıçaq tutmuş sərxoş adamı görmüşlər. Qaranlıq küçədə son dərəcə qorxmuş qız onları görərəkən qışqıraraq kömək istəmiş, bu zaman dostu köməyə atılmışdı, sərxoş da əlindəki bıçaqla onu ağır yaralayıb qaçmışdı.

Həmin gecə çox yorğun olduğum üçün əməliyyat qrupunun rəhbərinə özümü təqdim edib evə getdim, növbəti gün gecə baş verənlər barədə rəhbərliyimə məruzə edərək hadisənin baş verdiyi ərazinin polis idarəsinə yollanıb cinayət işinin araşdırmasını aparan müstəntiqə ətraflı ifadə verdim. Üç gün sonra isə haqqımda müstəntiqdən məlumat almış Nadir iş yerimə gələrək bıçaqlanmış oğlanın atası olduğunu və oğluna yardım etdiyim üçün  mənə minnətdarlığını bildirdi. Sonra onun Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində işlədiyini öyrəndim. O, cərrahiyyə əməliyyatının uğurla keçdiyini və bir neçə günə zəng edəcəyini  deyib sağollaşdı.

Təxminən üç gün sonra, şənbə günü yenidən zəng edərək səhər məni xaş yeməyə dəvət etdiyini, təklifinin müzakirə olunmadığını, saat 9 tamamda Bakıxanov qəsəbəsindəki “KİA-servis”lə üzbəüzdə yerləşən “Ruzi” kafesində məni gözləyəcəyini bildirdi.

Xaş yeməyi bir o qədər sevməsəm də, çarəsiz saat 9-da deyilən yerdə oldum. “KİA” markalı avtomobilimi kafenin qarşısındakı kiçik meydançada saxlayıb içəri keçdim. Bir neçə dostu ilə artıq məni gözləyən Nadir ayağa qalxıb mənə tərəf gəldi və çox səmimi görüşdükdən sonra masa arxasına dəvət edib dostları ilə tanış etdi. İçki məclislərini sevmədiyim üçün yəqin ki, qonaqlığın saat 1-ə yekunlaşacağını fikirləşib özümə təsəlli verdim və süfrəyə gəlmiş buğlanan xaşı qabağıma çəkdim. Ancaq ay-hay, sən saydığını say, gör Nadir nə sayır. Səhər saat 9-da başlanan xaş qonaqlığı nahar da daxil olmaqla düz saat 3-ün yarısı Nadirin telefonuna gələn bir zəngdən sonra nəhayət ki, başa çatdı. Bir qədər dəmləşmiş Nadir -Hə, indi qalxa bilərik,- deyib müəmmalı şəkildə dostlarına baxdı.

Maşınım bayaq saxladığım yerində idi. Təkcə bir fərq ilə. Saxlayarkən səki ilə gedənlərə mane olmasın deyə kafenin qarşısındakı kiçik meydançanın kənarında əkilmiş söyüd ağacına az qala söykədiyim maşın, indi həmin ağacdan düz bir qarış aralı dayanmışdı.

Hamı ilə sağollaşaraq maşının qapısını açdım. Və ətrafda baş verən ən xırda dəyişiklikləri belə nəzərindən qaçırmamağa öyrəşmiş peşəkar əməliyyatçı üçün maşının salonunda edilmiş dəyişikliyi görməmək sadəcə mümkün deyildi.

İndi hər şey mənə aydın oldu.

Bu boyda şəhərdə xaş yemək üçün niyə məhz Bakıxanov qəsəbəsində yerləşən KİA-servis”in qarşısındakı kafe seçilmişdi, məclis niyə belə uzanmışdı, telefon zəngindən sonra  Nadir dostları ilə niyə müəmmalı baxışmışdı?  

Yuduzdursam belə, qan ləkələrinin təmizlənmədiyi oturacaqların yerində zavod iyi verən, sellofana bükülmüş təp-təzə oturacaqları görəndə sözün həqiqi mənasında Nadirə olan hörmətim artdı. Oturacaqlara görə yox, etdiyi hərəkətinə görə. Qan ləkəsinin yuyulmadığını və mənim kimi adamların belə bir vəziyyətdə, kiminsə övladını xilas edərkən dəymiş zərərə görə pul götürməyəcəyini gözəl başa düşən Nadir bu pəstahanı açmışdı. Bir də oturacaqları geri sökdürməyəcəkdim ki…

Bəzən insan tək bir hərəkəti ilə özünü başqalarının gözündə çox yüksəyə ucaltmış olur. Nadiri mənim gözümdə ucaldan onun dolayısı ilə olsa da, heç kimə borclu qalmaq istəməməsi idi. Təkcə bir suala cavab tapmaq qalırdı. Açarlar cibimdə olduğu halda maşınım yolun əks tərəfində yerləşən “KİA-servis”ə necə “gedib-qayıtmışdı”?

Bax elə Nadirlə tanışlığımın tarixçəsini danışmağımın və hal-hazırda onun görüşünə getməyimin səbəbi bu sualın cavabını biləndən sonra sizə də aydın olacaq.

Uzun müddət Baş Cinayət Axtarış İdarəsinin Mülkiyyət Əleyhinə Cinayətlərlə Mübarizə Şöbəsində işləyən Nadir neçə-neçə oğurlanmış avtomaşını taparaq sahiblərinə qaytarsa da, maşın oğurluğunu özünə peşə seçmiş bir çox gənclərin düzgün yola qayıtmalarına da nail olmuşdu. Nəticədə tam peşəkar oğru olmasalar da, bu sahədə kifayət qədər püxtələşmiş bu gənclər Nadirin onlarla apardığı səmimi söhbətlərdən sonra həbsxana həyatını dadmamış bu işdən əl çəkmişdilər. Əlbəttə, yəqin başa düşdünüz ki, bu məsələdə təkcə söhbətlər yox, oğurlanmış maşınları hansısa neytral ərazidə tapılmış kimi sənədləşdirməklə onları məsuliyyətdən kənar qoymuş Nadirin öz vədlərinə əməl etməsi böyük rol oynamışdı.

Bütün bunları dostlaşdıqdan sonra Qubada Təngəaltıda dincələrkən mənə danışan Nadirə tam bəraət vermiş, onun yerində olsaydım özümün də belə hərəkət edəcəyimi  söyləmişdim. Hamımız həbsxana həyatının insanı necə korladığını, oradan çıxandan sonra çox az adamların düzgün yola qayıtdığını gözəl bilirik. Belə olan təqdirdə gənclərin oraya düşməməsi, həyatlarının qalan hissəsini vicdanla yaşaması, anaların gözü yolda qalmaması naminə bəzən vəzifə borcunu, nə qədər müqəddəs olsa belə, pozmaqda, razılaşın ki, heç bir qəbahət yoxdur. Razılaşmayanlara isə bildirirəm ki, əgər onlara mənimlə razılaşmağa nəsə mane olursa, həmin gənclərin yerinə öz yaxınlarını qoysunlar, o zaman bütün tərəddüdləri dərhal naməlum istiqamətdə yoxa çıxacaqdır.

Beləliklə, sonradan onunla dostlaşmış həmin gənclərdən birinə lazımi təlimatları verən Nadir, maşınımın markasını nəzərə alaraq, yaxın olsun deyə məhz “KİA-servis”in qarşısındakı kafeni seçmiş, xaş qonaqlığını tam günortaya qədər uzatmışdı. Bu müddət ərzində isə xüsusi üsullarla maşını açaraq mühərriki işə salan gənc onu sürüb əvvəlcədən tapşırılmış ustalara təhvil vermiş, sonradan isə yenidən yerinə qaytarmış, Nadirə zəng edərək hər şeyin hazır olduğunu bildirmişdi.

     Mərkəzi Univermağın yanına çatanda artıq Nadir məni orada gözləyirdi, saat 1 tamam idi. Salamlaşıb dərhal mətləbə keçdim. Peşəkarlar arasında çox vaxt hansısa məsələ barəsində uzun söhbətlərə ehtiyac olmur. İki kəlmə ilə vəziyyəti dostuma anlatdım. Əlini çənəsinə qoyan dostum bir qədər fikrə gedəndən sonra əl telefonu ilə bir neçə zəng edərək iki-üç saat gözləməyin lazım olacağını bildirdi. Bu isə o demək idi ki, artıq hansısa məkanlarda lazımi mexanizmlər işə düşmüşdü.

Bu iki-üç saatda isə mənim dəqiqləşdirməli olduğum bir məsələ var idi.

-Zəngləşərik, -deyib sağollaşmadan Day-dayın özündənrazı gəncdən öyrəndiyim ünvanına üz tutdum.

Day-dayın yaşadığı Badamdar qəsəbəsi Bakının Səbail rayonunun ən yüksək hissəsində yerləşir. Bu yer həm dənizə baxması, həm şəhərə nisbətən sakit və tıxacsız olması ilə fərqləndiyi üçün imkanı olanlar bu qəsəbədə yaşamağa üstünlük verirlər. Day-dayın yaşadığı ünvanı tapmaq elə də çətin olmadı. Maşını bir qədər aralıda saxlayıb ərazini gözdən keçirməyə başladım. İstənilən cinayət işinin araşdırılmasında hadisə yerinin müayinəsi vacib şərtdir. İsfəndiyar kişinin kifayət qədər zəngin evlərin sırasında yerləşən evi möhtəşəmliyi ilə bir çox evləri üstələyirdi. Dəmir işləmələrlə naxış vurulmuş yaşıl rəngli yekə darvaza, hündür daş hasar arxasından görünən üçmərtəbəli ev öz sahibi kimi əzəmətli idi. Darvazanın qarşısında maşın saxlamaq üçün nəzərdə tutulmuş, salxım söyüd ağacları ilə əhatələnmiş kiçik meydançada naxışları darvazadakı naxışlarla eyni olan tunc skamyanın yəqin ki, min manata yaxın qiyməti olardı. Gördüyüm naxışlar mənə tanış gəlsə də, indi bu haqda fikirləşməyə vaxtım yox idi. Evin qarşısından hamar asfalt döşənmiş geniş yol keçirdi. Küçə boyu hər hansı bir müşahidə kamerası quraşdırılmasa da, evlərdən bir çoxunun qapısı üzərində kameraların olduğu silahlanmamış gözlə də görünürdü. Böyük məmnuniyyətlə o kameraların görüntülərinə baxardım. Ancaq olmazdı, bu hadisə barədə heç kim, xüsusilə qonşular heç nə bilməli deyildilər. Day-day isə sadəcə, evin qarşısına kamera quraşdırmağa heç bir ehtiyac duymamışdı.

Evdən təxminən əlli metr aralıdakı ərzaq mağazasını, ondan bir qədər o tərəfdə işləyən altı nəfərlik briqadanı nəzərə almasaq, daha diqqət çəkən heç nə yox idi. Aramla bir qədər irəlidə işləyən fəhlələrə yaxınlaşıb ucadan salam verdim. İlk baxışdan, burada bir neçə gündür ki, iş getdiyi məlum olurdu. İstənilən kollektivdə həmişə çox danışması ilə digərlərindən fərqlənən biri olur. Nəzəriyyəm bu dəfə də özünü doğrultdu.

-Ay əleykümə salam qərdeş, buyur, nə qulluğun, nə tapşırığun, -deyə təxminən otuz beş yaşlarında olan, sırf Bakı ləhcəsi ilə danışan bir fəhlə mənə cavab verdi. Tək bircə salamıma bir nida, altı söz və iki ədatlacavab verən bu kişi mənə lazım olan həmin biri idi. Belə adamlardan lazım olan məlumatı almaq elə bir çətinlik tələb etmir, sadəcə bu tip insana özünü bir qədər məhrəm göstərmək bəs edir.

 

 

 “Ədəbiyyat və incəsənət”

(20.04.2023)