“Sevdiklərinizin sizinlə olan hər anını dəyərləndirin”

Sosial şəbəkədə tanınmış Azərbaycan şairi, mərhum Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli atası barədə xatirəsini bölüşüb. Həmin xatirəni oxucularımıza təqdim edirik:

Yəqin ki bu daşı çoxunuz görmüsünüz Filarmoniyayanın arxasındakı parkda. O daş orda uzun illərdir ki var. Hətta park yenidən abadlaşdırıldıqdan sonra da həmin bu daşı elə demək olar ki, əvvəl durduğu yerə qoyublar. Uşaqlığımın xatirəsidir. Hər dəfə yanından keçəndə qəribə hisslər keçirirəm. Çünki uşaq vaxtı atam bizi o parka tez-tez aparardı, dondurma yeməyə. Sonra da parkda atamla  oynayardıq. Bir dəfə atamla oynayanda onu tapa bilmədim və ağlamağa başladım. Atam həmin bu daşın arxasından çıxıb məni qucaqladı. O qədər sevinmişdim ki. 2003-cü ilin oktyabr ayının 15-i isə atam həmişəlik "daşın" arxasında gizləndi. Beləliklə də bu gizlənqaç oyunu mənim məğlubiyyətimlə bitdi. İndi də hər dəfə o parkdan keçəndə atamın daşın arxasından çıxıb mənə sarılacağını gözləyirəm. Sevdiklərinizin sizinlə olan hər anını dəyərləndiririn. Bir gün xatirəyə çevriləndə toxunduqları ən ucuz əşyalar belə sizə doğma olacaq, amma onları əvəz etməyəcək.
Səni çox sevirəm Atam. Bir gün axirətdə görüşmək ümidiylə.... ALLAH rəhmət eləsin!