“Dünyanın müxtəlif qütbləriymişik...”– Rəşad Məcid Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Xuraman Hüseynin Rəşad Məcidin şeirləri haqqında yazdığı essesi ilə tanışlıqdır.

 

 

ESSE

 

 

Xuraman HÜSEYN

 

 

“HƏLƏ NƏLƏR YZMALIYAM, MƏN NƏLƏR...”

Rəşad Məcidin şeirləri haqqında               

 

Mətbuatda və ədəbiyyatda önəmli yeri olan Rəşad Məcidin baş redaktoru olduğu “525-ci qəzet”də  yaradıcılığa meydan verməsi, gənclərə dəstək olması haqda çox danışmaq olar. Sözə, istedada biganə qalmayan jurnalist, yazıçı, şair Rəşad Məcidin poetik dünyası da maraqlıdır. Bir az da onun poetik dünyasından bəhs edək...

Şeir, onu yazanla bərabər, oxucuların da hiss və həyəcanlarını ehtiva edir. Məlumdur ki, insan yaşantılarından heç kim xali deyil. Dünyaya gəlmişiksə, Allah verən ömrü yaşayırıqsa, onun bəxş etdiyi duyğuları, həyatı da hiss etməli, görməliyik. Həyatımız, yaşadıqlarımız şeirlə oxucuların görüşünə gələrsə, bu onlara başqa ovqat bəxş etməzmi? Poeziya elə buna görə sevilmirmi?

Rəşad Məcidin şeirləri hər kəsin ürəyindən su içən, bəzən yaza bilməyib mübhəm saxladığı, yaşadığı hiss və həyəcanları, arzuları ifadə edir. R. Məcid “Həmişə” şeirində  lirik qəhrəmanının ondan həmişə nəyisə sirr saxlayacağını, dilinə gəlməyən sualları onun gözlərinə baxaraq da hiss edəcəyini deyir:         

                  

Sən məndən həmişə sirr saxlayacaq,

Həmişə nəyisə gizlədəcəksən.

Dilimə gəlməyən suallarımı

Baxıb gözlərimdən hiss edəcəksən.

 

Sevənlər bir-birlərinin alter-eqosu da olarsa, sevgi daha gözəl bir duyğuya  çevrilməzmi? O da sevginin sirli-sehrli bir duyğu olmasını lirik qəhrəmanının təlaşda yaşamamasında və günah səbəti daşımamasında görür:     

 

Həmişə şübhələr didəcək məni,

Həmişə təlaşda yaşayacaqsan.

Cavabsız suallar güdəcək məni,

Sən günah səbəti daşıyacaqsan.

 

Bu hal onları bezdirdikdən sonra hərənin bir yana burulacağı şanssızlığı görünməzmi? R. Məcid də oxucuları nə vaxtsa görünəcək bu ayrılıqdan uzaq durmağa səsləyir:

 

Bir gün bu halımız əzəcək bizi,

Bir gün bezəcəyik, yorulacağıq,

Bir gün çatacağıq yolayrıcına,

Hərəmiz bir yana burulacağıq.

 

Yolayrıcına çatmaq ayrılığın ilk işartısı deyilmi? Rəşad Məcid lirik qəhrəmanının yad adam təsiri bağışlayan davranışının  yaxşı nə isə vəd etmədiyini bildirir:  

 

Bir də görəcəyəm, dayanıb zaman,

Bir də görəcəksən, tənhasan, təksən.

Sən məndən həmişə sirr saxlayacaq,           

Həmişə nəyisə gizlədəcəksən.

 

Anton Pavloviç Çexov özünü tənha hiss edən insan üçün hər yerin çöl-biyaban olduğunu deyirdi. O da lirik qəhrəmanına həmişə nəyisə gizlətməyin sonunun yaxşı olmayacağını, təkliklə bitəcəyini bildirir. Təbii, hər yerin çöl-biyaban təsiri bağışlamasını heç kim istəməz.

Sevginin qüdrəti, əvəzolunmaz bir duyğu olması bu şeirdə bir daha görünür. O, “Həmişə” şeirində sevənlərin bir-birlərinə inamının, etibarının və onların həmişə mehriban olmasının gözəlliyindən bəhs edir...

 

Baharın vüsalı saxta olanda...

 

Həyatımıza gələn və həyatımızdan gedən zamanı, fəsilləri təqvimlərin hesabına görürük, ayırd edirik. R. Məcid də dövri təbiət hadisələrinə uyğun yaranan, həyatımızın nizamını göstərən təqvim haqda  düşündüklərini poetik ovqatla ifadə edir. “Təqvim” şeirində lirik qəhrəmanının günləri, ayları bir-birinə necə qarışdırmasından  söz açan Rəşad Məcid, bu harmoniyanın təbəddülatları qarşısındakı çətinlikdən də danışır:        

 

Qarışdırdın vaxtı, günü, zamanı,

Günlər, aylar bir-birinə qənimdi.

Hardan bilim xoşbəxt günüm hansıdı,

Bu təqvimin hansı ayı mənimdi?

 

Vaxt ötür, zaman keçir, səhər günəşi, gecə ulduzları, ayı seyr edə-edə yaşayırıq. Beləcə, ömür karvanımızdan hər gün bir qatar fəsilləri, təqvimləri adlayıb gedir... Bizə qalan isə xəyallar, arzular və ümid olur. Lirik qəhrəmanının vaxtı, günü, zamanı bir-birinə qarışdırdığını deyən Rəşad Məcid bu təqvimin hansı ayının onun olduğunu bilmədiyindən də söz açır...

Fəsillərin bir-birinə şərik olması və uzun günləri haqda fikirlərini poetik ovqatla bildirən şair qısa günləri olan fevral ayını xilas etməyin çətin olduğunu deyir: 

 

Şərik varmış bu payıza, bu qışa,

Baharın da saxta imiş vüsalı,

Ta yanvarı, dekabrı soruşma,

Bəlkə, zorla xilas etdim fevralı.

 

Aylar, günlər, anlar yaddaşda oynadıqca-xatirələr unudulmadıqca insan ötüb keçən zamanın yaxşı xatırlanacağına çalışır. Əlbəttə, Tanrının insana bəxş etdiyi ömür payının sonra necə xatırlanacağını heç kim bilmir. R. Məcid də bu günlərin  yaxşı xatırlanacağı haqda ümidlə və şövqlə danışır:

 

Yaddaşımda yallı gedən günlərin

Ən doğmasın qucaqlasam, hünərdi.

Zəhrimara çevrilən bu zamandan

Beş-üç təmiz gün saxlasam, hünərdi.

 

“Səndən qalanlar” isə şairin şeirlərinin, yazılarının könül həmdəmini ondan necə ayrı salmağına poetik münasibətdir:

 

Bu şeirlər, bu yazılar canımdan

Səni hiss-hiss, duyğu-duyğu qoparır.

Əllərini, tellərini astaca,

Gözlərini qorxa-qorxa qoparır.

 

Vaxtın qızıl dövranı

 

Dinlədiyimiz musiqilər, oxuduğumuz şeirlər, bədii əsərlər ovqatımızı dəyişdirərək bizi dərindən düşündürür, bəzən təsirləndirir, ağrıdır. Onlar məhz buna görə sevilmirmi? R. Məcid bu nəğmələrin bir az da ağır, təsirli aurasından bəhs edir: 

 

Hələ çoxdur səndən məndə qalanlar,

Hələ nələr yazmalıyam mən, nələr…

Ağrı dolu, əzab dolu romanlar,

İnildəyən, sızıldayan nəğmələr.

 

Müasir dövrdə baş verənlərin inikasının poetik ovqatla ifadəsi ədəbi tələbatdır. Poeziyada müasir ifadələrdən, epitetlərdən istifadə edilməsi həmişə maraqla qarşılanıb. Rəşad Məcid də bunu unutmur: 

 

Gərək hələ səni gün-gün itirib,

Görüşləri bir-bir sayıb çıxarım.

Hüceyrəmdən pinset ilə götürüb,

Ürəyimdən qaşıqlayıb çıxarım.

 

Son şeirinin yazıldığı son səhərdə o, qəhrəmanının necə uzaqlaşmasını da poetik kədərlə ifadə edir: bu, son baxışda da təcəssümünü taparsa, o, müəllifin gözündəki son damlayla  bitməzmi?

 

Son şeirimi yazdığım gün-son səhər,

Yaddaşımdan uzaqlaşıb itərsən.

Son baxışın bədənimi titrədər,

Gözümdəki son damlayla bitərsən.

 

O, “Mən elə bilirdim” şeirində lirik qəhrəmanına olan sevgisinin dərinliyinə münasibət bildirərək yanılmasından poetik əhvalla söz açır. Həyatın ən böyük yanlışlarından biri də “mən elə bilirdim” ifadəsi deyilmi?   

 

Mən elə bilirdim, sənə doğmayam,

Dünyaya gəlmisən çağırışımla.

Mən elə bilirdim, hər səhər-axşam

Duyursan qəlbimi bir baxışımla.

 

Bir sirli gülüşün nələri ifadə etməsini misralarla bildirmək də oxucuda başqa təəssürat yaradır:

 

Mən elə bilirdim, sirli gülüşün

Bəxtimin ömrünə işıq payıdır.

Mən elə bilirdim, qəfil gəlişim

Səndən ötəri də qəlb harayıdır.

 

Bu gülüş bəxtin ömrünün işıq payı olarsa və qəfil gəliş qəlb harayı kimi düşünülərsə, bunlar  sevginin rəngarəng bir hiss kimi poeziyada yer tapmasını təsdiqləmirmi?

İnsan gördüklərindən, yaşadıqlarından sonra, adətən, oyanır və çox vaxt bu, sublimasiyaya çevrilir. R. Məcid də sonda ürəklərin uzaq olmasının gerçəyi izah etdiyini bildirir. Göründüyü kimi, nəyi isə doğru təsəvvür etməmək, yanılmaq insanın əhval-ruhiyyəsinə də yaxşı təsir etmir. Rəşad Məcid bu haqda düşündüklərini də oxucularla bölüşür:

 

Demə, uzaq imiş ürəklərimiz

Dünyanın müxtəlif qütbləriymişik.

Aldanan ürəyim,

Yuxulu gözüm

Səni kiminləsə salıb dəyişik.

 

“Sənə görədir” şeirində sevginin necə bəşəri, gözəl bir hiss olduğundan bəhs edilir. Dünya yaranandan var olan bu gözəl hiss haqda nə qədər gözəl sözlər desək, yenə azdır. İnsan, sevgisi üçün nələr etməz:

 

Özümü hamıdan güclü sanmağım,

Durduğum yerdəcə qanadlanmağım,

Mənim sevinməyim, ya şadlanmağım

Hamısı, hamısı sənə görədir.

 

Somerset Moem poeziyanın ədəbiyyatın tacı olduğunu deyirdi. Ədəbiyyatın tacını şeirləri ilə bəzəyən R. Məcid ümid işartısı kimi gördüyü sevginin gözəlliyi haqda düşündüklərini yazır:      

 

İndi ucadadır yeri taxtımın,

Qızıl dövranıdır indi vaxtımın,

Sınıq taleyimin, bağlı baxtımın

Açılan qapısı sənə görədir.

 

Payızın insana bahar havası gətirəcəyi ilə bağlı sətiraltı mesajlar da bəşəriliyini bir daha göstərir:    

 

Qalmayıb qəlbimin daha gileyi,

Qəmli çəmənimin açıb çiçəyi.

Payızın ortası yazın gəlməyi –

Bu bahar havası sənə görədir.

 

 

Ömrə söz dağı çəkiləndə...

 

Lord Bayron deyirdi ki, ulduzlar göylərin poeziyasıdır. Bu, poeziyanın gözəlliyinə dəlalət etmirmi? Ürəyimizdən keçənləri, demək istədiklərimizi sözə büküb poeziyaya çeviririksə, bundan gözəl nə isə ola bilərmi?

Rəşad Məcidin şeirlərində poeziyanın əsas sütunlarından olan sevgi mövzusunun qabardılması oxucunu bu hissin dünyanı xilas edəcəyinə bir daha inandırır. “Bilmədim” şeirində o, sevginin başının üstünü qəfil qara buludların almasından gileylənir. Sevgi ən gözəl duyğu, qəlbin atəşi və fərəhi deyilmi? Təəssüf ki, o gözəl hisslərə qarşı çıxanlar da olur. Onun sevənləri ayırmağa çalışanların necə günah iş görməsi haqda fikirlərini poetik gileylə ifadə etməsi oxucunu düşündürür:

 

Gizli-gizli gileylərə qarışıb,

Qəfil gəldi sevgimizin qar-qışı.

Kim bələdi bu sevincə qarğışı,

Qəzəbini kim sıyırdı, bilmədim.

 

İki ürək sevməkdən başqa nə edə bilər?

 

Ömrümüzün günlü günü, yaz çağı,

Ömrümüzə çox çəkdilər söz dağı.

İki ürək bir şübhənin dustağı,

Yalanları kim hayqırdı, bilmədim.

 

Skeptik düşüncələrə rəvac verən, ömrə dağ çəkənlər, yalanlar uyduranlar haqda danışır şair. Elələri olmasaydı, sevgini həyatının simvoluna, düsturuna çevirənlər də xoşbəxt olardı. R. Məcid də sevənləri ayıran namərdlər haqda fikirlərini misralara etibar edir:  

 

İlan dillər şimşək kimi çaxanda

Odumuza su çiləndi bir anda.

Tale belə yandıranda, yaxanda,

Bəlkə, bizi sınayırdı, bilmədim.

        

Sevgidən danışan zaman antiteza məqamı olan ayrılığı, onun əzablarını da unutmaq olmur. Rəşad Məcid poeziyanın əsas mövzularından biri olan ayrılığın necə əzablı hiss olduğuna münasibətini bu misralarla bildirir:

 

Bu ömürdü, yaşamağa qəlb gərək,

Kin bürüyən qəlb-bataqlıq, qəlb-dərə.

Namərd dili bütövləşən qəlblərə

Necə qıydı, niyə qıydı, bilmədim.

Səni məndən kim ayırdı, bilmədim.

 

“Bilmədim” şeirində R. Məcid yaşamağa qəlbin gərək olması haqda düşüncələrini poeziya ovqatı ilə ifadə edir. Bu yaşantı bir anda gəlib keçərsə, ondan bir iz qalmaz, unudular. Oxucunu düşündürərsə, ona nələrisə xatırladarsa, poetik lövhəyə çevrilə bilər. Bu lövhədə də oxucu ayrılıq ağrısının, onun gətirdiyi kədərin nə olduğunu görür. 

 

“Qoşundur, əsgərdir, ordudur Şuşa”

 

30 ilə yaxın erməni əsarətində olan Qarabağ, nəhayət, azad edildi. Bu illər ərzində nə qədər şəhidimiz, əsirimiz oldu, yurd-yuvası işğal edilən didərgin soydaşlarımız nələr yaşamadı, nələr görmədi? Nəhayət, Ali Baş Komandan İlham Əliyevin və igid, qorxmaz əsgərlərimizin, hərbçilərimizin sayəsində Qarabağımız erməni işğalından azad olundu. Xalqımız üçün bundan gözəl, qürurlu nə ola bilərdi ki? Torpaqlarımız işğalda olan zamanlar söz adamları öz hiss və həyəcanlarını yaradıcılıqları ilə bildirdilər. Artıq elə bir dövr gəldi ki, yaradıcılığa könül verənlər qələbə haqqında düşündüklərini, arzu və sevinclərini ədəbi nümunələrlə – poeziya ilə, nəsrlə ifadə etdilər və hələ edəcəklər. Bizim Vətən eşqimiz, torpaq sevgimiz tükənməzdir... 

Xalqımızın Vətən sevgisi özünü layiqincə göstərməkdədir. Qarabağ sevgisini yaradıcılığında da bildirən Rəşad Məcid üçün də o yerlərimiz çox əzizdir. Onun bu sevgisi və sevinci Şuşa haqqında yazdığı şeirdə bir daha görünür:         

 

Bir şəhər adı var, dillər əzbəri,

Adların ən üstün adıdır Şuşa.

Musiqi notudur cüt hecasıyla: Şuşa!

Dilimin şəhdidir, dadıdır Şuşa.

 

Cıdır düzü, Topxana meşəsi, Daşaltısı, İsa bulağı, xarıbülbülü, saf havası, buz bulaqları ilə cənnət olan Şuşanı kim sevməz ki? Belə bir diyarın Azərbaycana məxsus olması da ölkəmizin gözəlliyinin sübutu deyilmi? 

R. Məcid də bu gözəl diyarın əsrarəngiz olması haqda fikirlərini poetik ovqatının daha canlı, estetik çalarları ilə ifadə edir:

 

Ciyərdə nəfəsdir, damarda qandır,

Ruha qanad verən sirli məkandır,

Bilib eşidəndir, güc artırandır,

Qoşundur, əsgərdir, ordudur Şuşa.

 

“Şuşa” şeiri Qarabağın bu əsrarəngiz diyarının gözəlliyini tərənnüm edir. Rəşad Məcidin Şuşanın tilsim, ovsun, cadu olduğunu bildirməsinin də səbəbi bu misilsiz gözəllikdir:   

 

Qoynuna hər gələn yüz xəyal eylər,

Uzaqda qalanlar qeylü-qal eylər,

Birini coşdurar, birin lal eylər,

Tilsimdir, ovsundur, cadudur Şuşa.

 

R. Məcidin şeirlərində hamının yaşadığı, gördüyü, yaşamaq və görmək istədiyi həyat eskizləri poetik müstəvidə cızılır. Düşünülmüş, yaxud spontan yazılan şeirlərin oxucu qəlbinə yol tapması onu yazanın sözə bağlı olmasından və dəyər verməsindən asılıdır...

Virciniya Vulf deyirdi: “Poeziya gözəldir. Ən gözəl nəsr də poeziya ilə dolu olandır”. Poeziyanın ifadə etməkdə aciz qaldığı nə isə ola bilərmi? İnsanın düşündükləri, yaşadıqları ilə oxucunun qəlbini riqqətə gətirməsinə vəsilə olan poeziyanın  Söz adamı Rəşad Məcidin yaradıcılığına təsirini də nəzərdən keçirərək onun poetik aləminə səyahət etdik...

 

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)