Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

 

1-ci dərc

 

 

Əsərdəki hadisələr müəllifin təxəyyülünün məhsuludur və real hadisələrlə heç bir əlaqəsi yoxdur.

 

 

Salam, axır ki, son bir ildə ilk dəfə arzuma çatdım, bu gün oyanmadan düz səhər saat 10-a qədər yatmışam. Bilirsiniz niyə? Dünən axşam qonşunun məni uzun müddət rahat yatmağa qoymayan xoruzunu tutub başını kəsmişəm.

Mən Bakının mərkəzində yerləşən Dağlı məhəlləsində yaşayıram. Şəhərin mərkəzində qərarlaşan, böyük bir ərazini əhatə edən bu məhəllə özü də iki yerə bölünür - Aşağı və Yuxarı məhəllələrə.

Düz bir il bundan əvvəl qonşum Səmədağaya kimsə bir yapon xoruzu bağışladı. O gündən mən səhər yuxusuna həsrət qaldım. Çünki bu cırtdan xoruz bu boyda məhəllədə ən sevimli yer kimi mənim yataq otağımın pəncərəsinin qarşısını seçdi və mən hər səhər onun “qukqiliqu” sədaları altında şirin yuxudan oyanmalı oldum. Bu azmış kimi ardınca da, xoruzundan bir qədər sonra yuxudan duran Səmədağanın “Petruşka, Petruşka, cip-cip-cip” eləməsi məni lap təbdən çıxarırdı.

Kim yaşamayıbsa bilməz, bu cür məhəllələr şəhərin mərkəzində yerləşsə də, əslində bu məhəllələrdə kənd qayda-qanunu hökm sürür və sakinlər arasında iki cür qonşuluq münasibəti formalaşır. Birincidə qonşular bir-birinin evindən gələn hay-küyə, saxladıqları heyvanların səsinə, heç kimin dinləmədiyi beş manatlıq radionun səhərdən axşamacan danışmasına və bir çox başqa səslərə səbrlə yanaşır. Bunun da səbəbləri var. Mən atamdan soruşanda ki, ay ata, eşitdiyimə görə, o vaxt Xızıdan köçüb burada yurd salanda məhəlləmizin yeri bomboş çəmənlik olub, bəs niyə evləri bir-birindən bir az aralı tikib yolları azca geniş götürməmisiz, o cavab verdi ki, ay oğul, əvvəla sovet hökumətinin vaxtı idi, gördüyün bu evlərin divarlarını bir gecədə tikib dərhal da çöldən əhəngləyirdik ki, səhər yeni tikili olduğunu bilib sökməsinlər. İkincisi də, kasıb zəmanə idi, hamı evini qonşunun hazır divarına söykəyib tikməyi qənimət sayırdı, hamı eyni vəziyyətdə olduğu üçün heç kəs də bu məsələdə  digərinə etiraz etmirdi.

Nəticədə böyüklər tərəfindən bünövrəsi kasıbçılıqla qoyulmuş bu mehribanlığı sonrakı nəsillər bir-birinə ötürərək yaşatmış, bu gün də belə məhəllələrdə şəhərin digər yerlərinə nisbətən qonşular arasında istər gediş-gəliş, istərsə də xeyir-şər adətləri daha çox qorunub saxlanılmışdı. Bir məhəllədə böyüyən gənclərin bir-birilərini sevib ailə qurmaları ilə yaranan qohumluq münasibətləri bu telləri daha da möhkəmlədirdi. Elə bu səbəbdən də mən bu cır xoruzun səsinə düz bir il, səbr kasam daşanacan dözüb qulaq asdım.

Qonşular arasındakı ikinci münasibət isə qısa və konkret idi, cavanlar arasında yaranmış hər hansı bir dərin məsələ sonda bir qonşunun bıçaqlanması, digərinin  isə həbs olunması ilə öz həllini tapırdı. Lakin bunun üçün çox tutarlı səbəblər olmalı idi. Elə səbəblər ki, heç ağsaqqallar da işə qarışmağa imkan tapa bilmirdilər. Bu halda vuran özü milis orqanlarına təslim olur, yaxınlarının hüquq-mühafizə orqanlarına çağırılaraq sorğu-sual olunmalarına imkan vermir, hər şeyi olduğu kimi boynuna alırdı.

Dağlı məhəlləsinin yazılmamış qanunları ilə yaşayan gənclər, bəzi səhvləri heç bir halda bağışlamırdılar. Yaxşı ki, səhvlər çox nadir hallarda baş verirdi.

İstəyirəm biləsiniz ki, mən birinci münasibətin tərəfdarıyam. İkinci yanaşma isə həm əqidəmə, həm ömrümün uzun illərini həsr etdiyim peşəmə, həm də bu gün cəmiyyətdə tutduğum mövqeyimə ziddir.

İndi isə gəlin tanış olaq. Mən Bəxtiyaram. Yəqin ki, bu yaxınlarda şəhərdə məşhur iş adamı Nicat Bayramovun evindən nadir brilliantların oğurlanması kimi səs-küylü cinayət hadisəsi barədə eşitmisiniz. Onda bilin və agah olun ki, həmin cinayəti mən açmışam. Bəli, mən həmin detektiv Bəxtiyar Nəzərliyəm.

Sadə həyat prinsipim var. Mark Avreli fəlsəfəsində olduğu kimi: vicdanının yol vermədiyi əməlləri etmə, həqiqətə uyğun olmayan heç nə danışma. Bunlara riayət etsən, həyatının vəzifəsini yerinə yetirmiş olacaqsan.

Əgər düzgün yolla getsən, düzgün fikirləşsən və düzgün hərəkət etsən xoşbəxt həyat sürərsən. Hərə xoşbəxtliyi bir şeydə görür. Mənimçün ən böyük xoşbəxtlik başqalarına kömək etmək, xüsusilə darda olan insanların dadına yetməkdir.

Düşünməyin ki, xoruzu kəsmək elə də ürəyimcə idi. Ancaq bu Səmədağa başa düşmək istəmirdisə, ona bir dərs vermək lazım idi. Onsuz da, gec-tez bunu onun özünə deyəcəyimi bilirdim. Qoy hələ bir az axtarsın.

Xoruzu isə, yaxşı bir bazarlıqla birlikdə məhəlləmizdən iki küçə o tərəfdə yaşayan kimsəsiz qadına verdim.

Təxminən bir il əvvəl on səkkiz il xidmət etdiyim daxili işlər orqanlarından öz arzumla xaric olunduqdan sonra kiçik bir detektiv agentliyi açmaq qərarına gəldim. Bunun üçün dördüncü mikrorayondakı binalardan birinin alt mərtəbəsində yerləşən bir dərzi emalatxanasını alaraq əsaslı təmir etdirdim, sonra müvafiq qurumlarda qeydiyyatdan keçdim. Buna nə az, nə çox düz üç ay vaxtım getdi. Əlimdəki sərmayəmin çox hissəsini xərcləsəm də, icarə haqqı kimi problemimin olmaması üçün bunu etməyə dəyərdi. Çünki etiraf edim ki, polis orqanlarında topladığım təcrübəmə arxayın olsam da, detektivlərə elə də çox tələbatın olmadığı Bakı şəhərində başladığım işin uğur gətirib-gətirməyəcəyi böyük sual altındaydı. Bununla belə, mən agentliyimin fəaliyyət göstərəcəyi ilk ofisini açdım. Niyə ilk, bunu sonra sizə deyəcəyəm.

Ofisim üç otaqdan ibarət idi. Şefin, yəni mənim on iki kvadratmetrlik otağımda stol, dörd ədəd stul, seyf, işıqkeçirməyən pərdələr, şəhər telefonu, bir də qardaşım oğlunun verdiyi, çoxdan istifadədən çıxmış “Pentium-3” proqramlı kompyuterdən başqa heç nə yox idi.  Köməkçimin səkkiz kvadratmetrlik otağında qoyulmuş stolun üstündəki daha bir köhnə kompyuter və faks cihazı isə əsas təyinatından çox agentliyə müraciət edənlərdə işgüzar mühit təəssüratı yaratmağa xidmət edirdi. Altı kvadratmetrlik istirahət otağında qoyulmuş kiçik mətbəx stolu, iki stul, elektirk samovarı, çay dəstgahı üçün zəruri olan digər şeyləri və divanı, bu otağın arxasında yerləşən üç kvadratmetrlik sanitarar qovşağı da əlavə etsəm, yəqin ki, iyirmi doqquz kvadratmetrlik ofisimin ümumi mənzərəsi haqqında sizdə təsəvvür yaratmış oldum.

İlk dörd ayı köməkçisiz işlədim, çünki mənim işimdə hər adamı köməkçi götürmək olmaz, bu işi ancaq tam şəkildə inandığın və müəyyən qabiliyyətləri olan şəxsə etibar etmək olar. Sonra da ki, bəzən günlərlə iş-güc olmur, bəzənsə gecə-gündüz işləməli olursan, bura bir qədər riski də əlavə etsək, işə başladığım ilk aylarda layiqli köməkçi tapa bilməməyim təəccüblü deyildi.

Tək işlədiyim bu müddətdə cəmi bir sifarişim oldu. Şəhərdə düzgünlüyü, yetim-yesirə əl tutması ilə tanınmış Day-day ləqəbli  köhnə kişilərdən biri qaçırılmış maşınının tapılması üçün mənə müraciət etmişdi.

Keçmiş SSRİ-nin tərkibində olan on beş sosialist respublikasında, biri də Azərbaycan olmaqla bəzi dairələrdə köhnə oğru qanunlarına həmişə riayət olunur, bu qanunlar müqəddəs sayılmaqla onları pozanlara çox ağır cəzalar tətbiq edilirdi.

Qanuni oğru altı aydan çox azadlıqda qalmamalı, azadlıqda olduğu müddətdə cinayətkar aləmin ümumi kassası sayılan “obşak”dan yalnız özünə zəruri olan qədər xərcləməklə dolanmalı, həbsxananı doğma evi hesab etməklə öz evi, şəxsi vəsaiti olmamalı, narkotik vasitələr qəbul etməməli, ailə qurmamalı, silah gəzdirməməli, əlini qana batırmamalı, bir sözlə, oğru adına ləkə gətirən heç bir iş görməməli idi. Bu qanunlara ciddi riayət edən oğrulara NEP dövrünün oğruları deyirdilər. Bu oğru qanunları hələ 8 mart 1921-ci il tarixində sosializmin rəhbəri Vladimir İliç Lenin tərəfindən Fəhlə-Kəndli Partiyasının 10-cu qurultayında qəbul edilmiş və 1924-cü ilədək davam edən Novaya Ekonomiçeskaya Politika (NEP), yəni Yeni İqtisadi Siyasət haqqında qanunun qəbuluna qədər formalaşdığından həmin dövrün oğrularını simvolik olaraq NEP dövrünün oğruları adlandırırdılar. Sonrakı dövrlərdə, əsasən də yaxın keçmişdə oğru qanunlarında edilmiş bəzi dəyşikliklər cinayətkar aləmdə fikir ayrılığına gətirib çıxardı və nəticədə oğrular NEP dövrünə və ondan sonrakı dövrə aid olan iki qola bölündülər. Belə ki, hakimiyyətə gələn Stalinin göstərişi ilə həmin vaxt həbsxanalara atılan çoxsaylı repressiya qurbanlarına, xüsusilə siyasi dustaq damğası ilə həbs olunan böyük bir kütləyə nəzarət etmək üçün dustaqlar arasından seçilmiş kriminal avtoritetlərə həbsxana rejim qaydalarında bəzi güzəştlər edilməklə onlar vasitəsilə daxili qayda-qanunun qorunması işi təşkil olundu. Bu avtoritetlərin əksəriyyəti qanuni oğru adı daşısalar da, onların rejimə işləməsi köhnə oğrular üçün sirr deyildi və onlar bununla barışa bilməzdilər. Stalin özü də “Koba” ləqəbi daşıyan keçmiş qanuni oğru olduğundan kriminal aləmin psixologiyasını yaxşı bilirdi və onlardan öz məqsədləri üçün düşünülmüş şəkildə istifadə edirdi.

Zaman keçdikcə oğru qanunları daha çox deqradasiyaya uğrayaraq bir çox hallarda ayrı-ayrı şəxslərin mənafelərinə xidmət etməyə başladı. Belə ki, artıq bircə gün belə həbsxana həyatı yaşamamış kriminal meyilli insanlar “obşak” adlanan oğru kassasına böyük məbləğdə pul ödəməklə oğru adını daşımaq hüququ qazandılar. Artıq cinayətkar aləmin kralları sayılan bu adamlar şəxsi bizneslə məşğul ola, ailə həyatı qura bilərdilər. Pul ilə aldıqları oğru adı və ətraflarındakı silahlı əlaltıları heç də həmişə qanunlara söykənməyən bizneslərində rəqiblərini üstələməyə onlar üçün geniş imkanlar yaradırdı. Bütün bunlar isə köhnə qanunlara sadiq olan oğruların xoşuna gələ bilməzdi. Odur ki, illərlə həbsxana həyatının məşəqqətlərinə dözərək oğru adı daşımağa layiq görülən avtoritetli cinayətkarlar bu yolla oğru adı almış şəxsləri “Apelsin” adlandırır, istehza ilə bu tez yetişən meyvənin adı ilə çağırarq onları qəbul etmirdilər. “Apelsin”lərin təşəkkülü dövrü isə, demək olar ki, köhnə oğru qanunlarına riayət edənlərin barmaqla sayılan vaxtlarına, təxminən doxsanıncı illərə təsadüf etdiyindən onlar buna qarşı heç nə qoya bilmədilər və nəticədə kriminal aləmin daxili qaydaları demək olar ki, kökündən dəyişdirildi.

Ədalət naminə söyləmək lazımdır ki, azlıq təşkil etsələr də, köhnə qanuni oğruların həm hökmü, həm də hörməti ikinciləri həmişə üstələmişdir.

Əsl oğru ideologiyasına sonadək sadiq qalan bu zümrənin ən sonuncu nümayəndəsi rusiyalı Vasya Brilliant idi ki, o da artıq dünyasını dəyişmişdir.

Məqsədim yalnız oğru qanunları haqqında sizlərə kiçik bir məlumat verməkdir. Mənim mövqeyimdən asılı olmayaraq, cinayətkar aləm, onu tənzimləyən oğru qanunları mövcuddur və bu qanunlar mən anadan olmamışdan çox-çox əvvəl formalaşaraq bu günə qədər gəlib çıxmışdır. Və təəssüf ki, bəzi gənclər də, nəyə getdiklərini anlamadan bu ideologiyanı özlərinə həyat meyarı seçərək sonda həbsxana həyatı yaşayır, bununla da nəinki öz, həm də yaxınlarının həyatlarını korlayırlar.

Elə həmin Sovetlər ölkəsində oğru qanunlarına ciddi dəstək verən bir zümrə formalaşmışdı ki, ideologiyaları sovet ideologiyasına tam zidd olmasına baxmayaraq, qanunlardan yan ötsələr də, qanun qarşısında təmiz qalmış, öz şəxsi fərasət və bacarıqları  hesabına qazandıqları puldan həm oğru obşakına, həm də ehtiyacı olan kasıb ailələrə xərcləməklə oğru aləmində və cəmiyyətdə ad çıxarmışdılar. “Sxodka” adlanan oğru yığıncaqları istisna olmaqla istənilən digər söhbətlərdə bu nüfuz sahiblərinin sözü, ağsaqqal sözü kimi qəbul edilərək müzakirə edilmədən əməl olunurdu.

Qaçırılmış maşınının tapılması üçün mənə müraciət edən Day-day da həmin ağsaqqallardan idi.

Sovet dövründə belə adamları “sexovşik” adlandırırdılar. İndi tamamilə leqal fəaliyyət sayılan fərdi sahibkarlıq fəaliyyəti o vaxtlar qəti qadağan olunmuşdu və ciddi cəzalandırılırdı. Ancaq az-az da olsa, fərasətli adamlar tapılırdı ki, gizli emalatxanalar təşkil edərək həmin dövrdə defisit sayılan müxtəlif təyinatlı mallar, əsasən də paltar istehsal edirdilər. Hazır olduqdan sonra xarici ölkələrin yarlıqları tikilərək xüsusi adamlar tərəfindən adi satış qiymətindən qat-qat baha qiymətə pərakəndə satışa çıxarılan belə mallar əhali tərəfindən böyük rəğbətlə qarşılanır və məmnuniyyətlə alınırdı. Çünki mallar həqiqətən də keyfiyyətli olurdular.

Gizli emalatxanalar dedikdə, heç də o demək deyildi ki, onlar haqqında heç kim heç nə bilmirdi. Əksinə, o dövrdə xalq arasında belə bir deyim də yaranmışdı - “Filankəs sexovşikdi, pulunu balta kəsməz”. Sadəcə emalatxanalardan gələn külli miqdarda qazancın bir hissəsi lazımi dairələrə çatdırıldığından belə vəziyyət hamını qane edirdi.

Elə yuxarı dairələrdəki ağıllı insanlar da başa düşürdülər ki, qanunla qadağan olunsa da, bu fəaliyyətdə hər hansı kriminal tərkib yoxdur və onların fəaliyyətini leqallaşdıraraq dövlətə vergi ödəmələrini təmin etmək hamıya daha çox fayda verər.

Hər şeyin ictimai olduğu təlqin olunan quruluşda bu mümkün olmadığından hamı susmağa üstünlük verirdi.

 Olduqca iradəli və bacarıqlı birisi olan Day-day Sovet İttifaqı dağıldıqdan sonra böyük risk hesabına qazandığı külli miqdarda pulu gizlədib saxlamamış, əksinə müxtəlif biznes sahələrinə yönəldərək daha da artırmışdı və heç nəyə ehtiyacı olmadığı üçün daha çox xeyriyyəçiliklə məşğul olurdu.

Elə həyatı boyu sadiq olduğu bu ideologiya həm hüquq-mühafizə orqanlarına müraciət etməyi, həm də başına gələn hadisəni cavabsız qoymağı mümkünsüz etdiyi üçün tale çox güman ki, qəzetdə verdiyim elan vasitəsilə Day-dayı mənim yanıma gətirib çıxarmışdı.

Agentliyi açmağımdan təxminən bir ay vaxt ötmüş olardı. May ayı idi. Saat təxminən 11-12 radələriydi. Ofisdəki otağımın qapısını döymədən açaraq içəri keçərək sol və sağımda dayanan iki gəncin ardınca daxil olan  kişinin əzəməti məni gənclərin bu tərbiyəsizliyini unutmağa vadar etdi. Əlbəttə müvəqqəti. Qeyri -ixtiyari olaraq ayağa qalxdım. Polis orqanlarında xidmət etdiyim illər mənə çox şeyi, o cümlədən şəhər və onun bir çox sakinləri haqqında məlumatlı olmağın, ən azı qiyabi də olsa lazımi adamları tanımağın zəruriliyini öyrətmişdi. Düşünmürəm ki, qarşımda dayanmış şəxs yaşadığım otuz doqquz il ərzində mənim mövcudluğum haqqında hər hansı bir məlumata malik olmuşdu. Ancaq mən onu dərhal tanıdım - bəli, bu hamının hörmətlə yanaşdığı və bir qədər də ehtiyat etdiyi, bütün şəhərin ehtiramla Day-day deyə çağırdığı İsfəndiyar Mövlayev idi.

Dünyasında bu insanın mənim ofisimə ayaq basacağını təsəvvür edə bilməzdim. Elə təsəvvür edə bilmədiyimə görə də bir anlıq onun üzünə baxıb nə deyəcəyimi bilmədim. Lakin bu yalnız bir neçə saniyə çəkdi. Çünki mənə də mən deyərlər. Böyük ehtimalla Day-day mənim ofisimi bərbərxana ilə səhv salmamışdı və hansısa bir məsələ onu mənim yanıma gəlməyə vadar etmişdi. Əgər belə idisə, ilk saniyələrdən onun gözündə etimad qazanmalı idim. O bilməsə də, mən gözəl anlayırdım ki, ofisdə milçək qovmaqdan tam bezdiyim bir vaxtda mənə müraciət etmiş ilk müştərini qaçırmağa heç bir ixtiyarım yoxdur. Özümü toplayıb sükutu birinci mən pozdum -Buyurun, İsfəndiyar müəllim, əyləşin,- deyərək kreslomu ona təklif etdim. Kim Deyl Кarneginin “Necə dost qazanmalı və insanlara necə təsir göstərməli” kitabı ilə tanışdırsa, o zaman tanış olmadığı şəxs tərəfindən adı ilə çağırılmasının qarşı tərəfə necə sehrli təsir göstərdiyini bilməmiş olmaz. Adını bilməyim belə şeylərə öyrəşmiş İsfəndiyar Mövlayevi təəccübləndirməsə də, bunun ona xoş gəlməsi mənim qarşımdakılar üçün heç nə ifadə etməyən gözlərimin dərinliyində hər şeyi qeyd edən nəzərimdən yayınmadı. Qaşlarının düyünü bir qədər açılan İsfəndiyar kişi -İndi ki, məni tanıyırsan, onda səninlə söhbətim qısa olacaq,- deyərək hələ də sağ və solumda İngiltərə kral ailəsinin sarayı qarşısında dayanan fəxri qarovulun əsgərləri kimi quruyub qalmış gənclərə çıxmaq işarəsi verdi, özü isə kresloma yox, otaqdakı stullardan birinə əyləşdi. Həqiqətən də böyük insanlar hər şeydə böyükdürlər. Təklif etməyimə baxmayaraq, təklifsiz də yaş fərqimiz və cəmiyyətdə olan nüfuzu ona birbaşa kreslomda oturmaq səlahiyyəti verdiyi halda, stulda oturmaqla o mənə özü üçün heç də ürəkaçan olmayan bir məsələ ilə bağlı müraciət etdiyinə, təklifini qəbul edəcəyim təqdirdə heç bir kənar təzyiq olmadan işləyəcəyimə, məni bərabər tərəf kimi qəbul edəcəyinə işarə verirdi. Mən də öz növbəmdə onun bu jestini cavabsız qoymadım. Eyhamını başa düşsəm də, istənilən vəziyyətə rəğmən ağsaqqal kimi olan ehtiramımın daha yüksəkdə duracağını ona bildirmək üçün onun oturmaq barədə təklifini gözləyərək ayaq üstə durmaqda davam etdim.

Psixoloqların gəldiyi ümumi rəyə görə istənilən insan yaşlaşarkən qocalıq sindromu deyilən bir mərəzə tutulur. Bu, hərədə bir formada təzahür edir. Sindromun cəhətlərindən biri də özünə qarşı edilmiş ən xırda diqqətsizliyin yaşlı insan tərəfindən  böyük tərbiyəsizlik kimi qəbul edilməsidir. Məhz İsfəndiyar Mövlayev kimi bir şəxsin nəzərində özüm haqda mənfi qəhrəman obrazı yaratmaq  fikrim olmadığı üçün yalnız onun təklifindən sonra stullardan birini çəkərək qarşısında oturdum. Və düz onluğa düşdüyümü anladım, artıq qarşımda bayaq gözlərindən ildırım yağan Day-day yox, dünyagörmüş, təmkinli, ağıllı gözləri mənə maraqla baxan bir ağsaqqal görürdüm.

Nəhayət, o danışmağa başladı. Və danışdıqca da tərəfimdən bu hadisənin araşdırılmasının mənfi yox, müsbət sonluqla nəticələnəcəyi təqdirdə nələrin baş verəcəyini təsəvvür etməyə başladım.

Hadisə isə belə olmuşdu…

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2023)