“Gənc şairlər, sözüm sizədir...” – Vaqif Yusifli Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Ədəbi tənqid vaxtıdır, Vaqif Yusiflinin gənc şairlərin yaradıçılığına baxışıdır.

 

 

 

TƏNQİD

 

 

Vaqif  YUSİFLİ

 

 

GƏNC  ŞAİRLƏR, SÖZÜM  SİZƏDİR

(Onuncu   məqalə)

 

"Ulduz" jurnalının hər sayında gənc şairlərin şeirləri ilə tanış olur, onların yaradıcılıq uğurlarına sevinirəm.

         Bu gün ədəbi gəncliyin sıraları genişdir və "Ulduz"dan  başqa  heç bir ədəbi dərgidə çap olunmayan, ilk dəfə "Ulduz"un səhifələrində üzünü gördüyümüz cavan şairlərin şeirləri  ilə tanışlıq məndə müxtəlif fikirlər doğurur, bu yeni nəsil əsasən  ikimininci illərin birinci onilliyində  öz imzaları ilə "Ulduz"a  ayaq açıb. Onların ilk yazıları nələr vəd edir? Təklərin yox, ümumən yeni bir nəslin SƏSİ müasir poeziyamızda hamının aydın eşidəcəyi bir  SƏSƏ çevrilirmi? Yeni bir poetik nəslin formalaşması üçün hansı ümumi meyarlar yaranır? Bu suallara haçansa cavab veriləcək. Amma indi gələcəyinə ümidlər bəslədiyim gənc şairlərin şeirlrəri barədə söz açmaq istəyirəm.

 

Elvin İntiqamoğlunun "On dördüncü qızılgül"ü.

Elvin İntiqamoğlu yeni nəsil gənc şairləri içərisində artıq yetkinliyə doğru can atan və  fərdi üslubu da müəyyənləşməkdə olan şairdir. İyirmi altı yaşı var və "On dördüncü qızılgül" ilk şeirlər kitabı da işıq üzü görüb. Xalq şairi  Sabir Rüstəmxanlı onun bu kitabına  "Poeziya təkcə qızılgüllərdən ibarət deyil" adlı  səmimi bir ön söz də yazıb. Sabir müəllmin ön sözündə oxuyuram: "İlk növbədə, Elvinin şeirlərinin yığcamlığını, sözçülükdən uzaq olmasını  bəyəndim.  Gəlişigözəl, qafiyə havasına uzanan  yazısı yoxdur. Təqdim olunan yazıların, demək olar ki, hamısında irili-xırdalı bir poetik yük, bədii maya var". Bir gənc şairin yaradıcııq yolunun başlanğıcında tanınmış Xalq şairinin işıqlı ön sözü gəlirsə, bunu doğrultmaq gərək, tərifdən baş gicəllənməsin.

Elvin İntiqamoğlu II Qarabağ müharibəsinin iştirakçısıdır. Qazi şairdir. Onun "Müharibə xatirələri" silsiləsindən olan şeirlərində müharibə ab-havası yetərincədir. Müharibədə təkcə döyüşmək, qan tökmək azdır, onu içində yaşatmalısan – bu yaşantılar Elvini mühasirə zamanı əsgərlərin keçirdiyi hisslərə sarı aparır, bir şəhid anasının "çətindi övlad qəmi"nə, səssiz harayına doğru səsləyir, bir şəhid qızının atasızlıq həsrətinə qovuşdurur, talğım komandiri baş leytenant Emil Əsədovun qəhrəmanlıq və şəhidlik səhnəsinə çəkir, ümidin, inamın heç bir vaxt sönməyəcəyinə inandırır. Hətta yağış suyunda da bir məna axtarır:

  

Axır düşmənin qanı

          Vətənin can yerinə –

          Yerdən narahat olma,

          sən su tök göydən yerə

          qan yerinə.

          Həsrətində olduğumuz torpağı

          daddırdı bizə

          palçıqlı gölməçələr,

          Qoyma yağış dayansın

          Qarabağ suyunu içənə qədər.  

 

Ümumiyyətlə, Elvin İntiqamoğlunun müharibə ilə bağlı seçdiyi detallar uğurludur. Məsələn; "Bəlkə, uzaq dəhlizlərdən görünmür  Laçın pəncərələri-Havası çatmır Vətənin boğulur, açın pəncərələri". O, müharibədə odlar-alovlar ilə  üzləşib,  şəhidlik nədir ("Şəhid rəsmi gördüm, ürək dözmədi dərdə, ağladım") və bunun ağrısı ürəyi necə parçalayır, hamımızdan yaxşı bilir.

Elvin İntiqamoğlu əksər şeirlərində yaşının bu çağınacan həyatda, gerçəklikdə müşahidə etdiyi hadisələri, insanlarla münasibətlərini, dünya və cəmiyyət haqqında düşündüklərini bizə çatdırır. Hiss edirsən ki, qarşımızda həyatı dərindən duymağa çan atan bir cavan şair əyləşib. Çünki "Həyat haradadırsa, poeziya da oradadır" (V.Q.Belinski). O, müəllimi olan Həyat qarşısında imtahan verir. Birinci sual Dünya və İnsan haqqındadır.

  

Təsəvvür et:

          Yer qatı var, göy qatı var,

          insan adlı canlı yoxdu…

          Təsəvvür et:

          dünyanı yoxdan yaradan Tanrı var,

          palçıqdan insan düzəltmək istəyən Tanrı yoxdu.

          Təsəvvür et:

          nə savab var, nə günah var,

          nə cənnət var, nə cəhənnəm.

          Təsəvvür et:

          insan əliylə qurulan  bina yoxdu,

          insan əliylə salınan meşə yoxdu.

          Sənət yoxdu, peşə yoxdu…

          dünya çılpaqdı,

          ona paltar tikən yoxdu…

          Boş dünyanın boşluqların

          karandaşla çəkən yoxdu.

 

Elvinin dünya ilə bağlı digər şeirləri də var, bu şeirlərdə özü üçün müəyyənləşdirmək istədiyi bir çox mətləblərə toxunur. Təbii ki, İntiqamoğlu  dünya haqqında söz açanda məlum stereotiplərdən uzaqlaşmağa çalışır, dünyanın əbədiliyindən, vəfasızlığından, gəldi-gedərliyindən, ya da dünyanı bürüyən faciələrdən danışmağı sevmir, Dünya gedişatına İnsan münasibətini ortaya qoyur. "Dünya yüz don geyinir, zəif, güclü bilinir" – bu şeirdə təzadlar bir-birini əvəz edir "Qışla dağ yola getmir, başında qar var axı. Necə xoşbəxt yaşayaq, mərdiməzar var axı". Bu təzadlar silsiləsi onun başqa şeirlərində də diqqəti cəlb edir: "Asılqan" şeirində: "Aman Allah, dünya yaman dəyişib, söyüd ağacından bəhər asılıb". "Göydən yerə dərd tökülür, deyəsən, ekvator xəttindən kədər asılıb"."Dünya intihara çoxdan əl atıb, göyün dirəyindən kəmər asılıb". XXI əsrdir və biz dünyanın necə çalxalandığını, lokal və qlobal müharibələrin necə baş verdiyini görmürükmü, eşitmirikmi? Ona görə də, ilk növbədə, dünyanı dərk etməyə çalışırıq və haqqında söz açdığım İntiqamoğlu da bu yolda ilk addımlarını atır.

Elvin İntiqamoğlu  ilk şeir kitabına "On dördüncü qızılgül" adını seçib. Bəlkə, bu səbəbdən Sabir müəllim də "Poeziya təkcə  qızılgüllərdən ibarət deyil" adlı ön söz yazıb kitaba. Amma mən Elvin İntiqamoğlunun bütün şeirlərini diqqətlə oxudum. Bəs hanı qızılgüllər?

 

Şair  qızılgül əkir

          sözün bitdiyi yerə.

 

İntiqamoğlu yalnız bir şeirində ("Gül kimi sevmək"):

          

Düzün qızılgülləri,

           solanların verin mənə –

         təravətli olanların yar aparsın,

         qalanların verin mənə.

 

Qızılgüllərin "gül qoxuyan zamanları" arzulayır İntiqamoğlu. Təbii ki, bu da o qızılgülər kimi solub-saralmış xatirələrlə bağlıdır. "Nişanlı qız" şeirində yazır: "Bizdən başqa sevənlər xoşbəxt olub, bilirəm, On dördüncü qızılgül çoxdan solub, bilirəm".

Bu qızılgül söhbətini bir qədər başqa səmtə yönəltmək istəyirəm. Şah İsmayıl Xətai deyirdi: "Qızılgül, bağü-bustanım, nə dersən, fəda olsun sənə canım, nə dersən?". Şair sevdiyi qızı qızılgülə bənzədir. Və bizim klassik poeziyadan üzü bəri qızılgül gözəllik və həyat rəmzi kimi mənalanıb. Əlbəttə, dünyamız və gerçək həyatımız ziddiyyətlər içində keçir. Bəlkə, həyat və gözəllik simvolu olan qızılgüllər unudulur? Amma yox! Gözləyirəm ki, Elvin İntiqamoğlu da yeni şeirlərində "Sözün bitdiyi yerə" öz qızılgüllərini əksin. Həyatımız təkcə ağrılardan, qəmlərdən ibarət deyil.

Mənə ən çox xoş gələn Elvinin "Təkbəndli şeirlər"i oldu.Bu şeirlərdə Elvin üç-dörd, beş-altı misrada az sözlə dərinliyə – fikrin lakonik və mənalı ifadəsinə can atır və buna nail olur. Baxın:

    

Hamını ağladan dünya

          özü də

          haçansa ağlayacaq –

          səs salmayın, dünya yatır,

          oyansa, ağlayacaq.

     

Elvin İntiqamoğluna nə arzulaya bilərəm? Axtarışlarında daha inadlı olsun,  şeir dilindəki saflığı qoruyub saxlasın, şeirlərində işığa, bu dünyanın gözəlliklərinə şövqü, meyli artsın, çoxalsın, ruhunu, qəlbini əzən dərdlərə pessimist yox, nikbin nəzərlərlə boylansın, axı dərdin özünün də gözəlliyi olur. Onun "Yol gəlmişəm" adlı proqram səciyyəli bir şeiri var, bu yollçuluğunu-daş yol-torpaq yol, daha geniş mənada Vətən yol, Cahan yol əbədi səyahətini yeni poetik çalarlarla davam etdirsin.

         

 Gülay Tahirlinin "14 Arel şeiri".

 

İndi alma çiçəklərinin

          Budaqlardan boylanan vaxtıdır.

          Yarpızlar nanələrə  göz vurur

          arxın kənarlarından,

          Küləklər yerindən qopara bilmir nərgizləri,

          Həyətin gül-çiçək qoxuyan vaxtıdır .

 

Yazılan hər bir şeirin başlanğıcı  həmin şeirin sonrakı bəndləri üçün hazırlıq mərhələsi sayılır. Daha doğrusu, bu başlanğıc şeirin mahiyyətini, şairin demək istədiyi fikrin özəyini təşkil edir. Gülayın şeiri təbiətin ən gözəl fəsli olan baharın "gül-çiçək qoxuyan" vaxtını təsvirlə başlayır. Amma sonra… şeirə bir hüzn – bir qəmli nostalgiya dalğaları axır. 14 aprel günü bir insanın adi ölüm günümü, ya Vətənin azadlığı uğrunda həlak olan Atanın şəhidliyimi?  Hər halda, şeirdə buna işarə olmasa da, bunun rəmzi məna daşıdığını qəbul edək. Gülay Tahirli bütün şeir boyu ata yoxluğundan doğan kədəri təbiətin gözəlliyi fonunda təsvir edir, ata yoxdur, amma  alça çiçəkləri, qırx ilin əzəmətli armud ağacı gülümsəyir. Bu kontrast-yoxluqla varlığın  bir ürəkdə  solmayan, unudulmayan xatirələri kimi yaşayır. Gülay Tahirlinin yeni şeirlərini gözləyirəm…

         

Elvin Nurinin çiçək sevgiləri.

"Uduz" jurnalı 2021-ci il saylarının birində  ənənəvi "Debüt" rubrikasında Elvin Nurinin yeddi şeirini oxucuara təqdim etib. Elə "Ulduz"dakı ilk şeirlərindən onun  istedadına   bələd oldum. Elvin bu yeddi şeirlə "gəlmişəm, məni də oxuyun" – deyir. Gənc şairlərin əksəriyyəti sevgi şeirləri yazır, Elvin də həmçinin. Amma onun "Ulduz"dakı tək bircə sevgi şeiri bu əbədi mövzuda mənə təzə göründü. Təzəliyi ondadır ki, bu şeirdə sevgiliyə xitabən nə yalvarış var, nə də onun gözəlliyinin tərənnümü. Sevən aşiq bu müqəddəs yolu necə başa vuracağı barədə düşünür:

      

Çəmənlərə elə-belə gəlmirəm,

          Çiçək-çiçək sevəcəyəm mən səni.

          Hər ürəkdə eşqi bir az öyrənib

          Ürək-ürək sevəcəyəm mən səni.

 

          Məhəbbəti ünvanına yetirsin,

          Həsrətimi həmişəlik itirsin,

          Əsən yelə deyim, səni gətirsin,

          Külək-külək sevəcəyəm mən səni.

 

          Hər sözündə ünvanına daş atıb,

          Bu eşq məni dəli edib, yaşadıb,

          Hər mələyi bir az sənə oxşadıb.

          Mələk-mələk sevəcəyəm mən səni.

 

Şeirdəki "sevəcəyəm mən səni" ifadəsi, məncə, yaşanılacaq gözəl bir sevginin hələ başlanğıcıdır. Bunu həm and kimi, həm də etiraf kimi qəbul edək. Əliağa Vahid demişkən: "Sevmək, sevilmək yaxşıdır bu dünyada".  

Elvin Nuri özünün "Mənim ömrüm" şeirində bu şair ömrünü küəklərin, çiçəklərin, bulaqların, söyüdlərin, buludların, zirvələrin, dənizlərin ömrünə bənzədir. Çox gözəl! Hər bir insan ömrünü təbiətin müxtəlif atributlarına bənzətmək olar və Azərbaycan şeirində buna dəfələrlə təsadüf etmişik. Elvinin şeirində bütün bunlar ardıcıllıqla sadalanır, digər bənzətmələr də diqqətdən yayınmır, şair ömrü  uşaqların, babaların, nəvələrin ömrünə də qiyas olunur. Beləliklə, bir şair ömrü onun düşüncəsində çoxçalarlı məna kəsb edir. Amma şeirin ikinci hissəsində bu real düşüncəni xəyali bir "gediş" əvəz edir. Elvin deyir: "İnsan ömrü yaşayıram hələ ki, Ruhum uçsa, quş ömrü də olacaq. Yaşadığım şair ömrü öləndə Mənim ömrüm daş ömrü də olacaq. Yaratdığı əsərlərdə, görürəm   Sənətkara, deyirlər də, yaşayar". Və sonda: "Dünya, sənə qalmıram, bax, gedirəm, Mənim ömrüm əbədiyyət yolçusu". Cavan bir şairin öz gələcəyi barədə indidən belə düşünməsinə, olumu və ölümü barədə öncəgörməsinə haqq qazandıraqmı? Əlbəttə, hər hansı bir şair öz xəyalının qanadlarında gələcəyə uça bilər, amma bunun üçün mənəvi bir stimul olmalıdır.

         Elvin Nurinin  "Ölməli havadır", "Ölüb gəlib" şeirlərində ölümdən danışılır, amma qətiyyən pessimizm havası duyulmur bu şeirlərdə. Günəşin güldüyü bir vaxtda lirik qəhrəmanın ovqatı havaya köklənir, onun qəlbi ilə hava arasında bir sinoptik uyarlığı yaranır:

    

Nə ağlarsan, Günəş gülür,

          Deyib-gülməli havadır.

          Xoşbəxtliyi qarşılayıb

          Dərdi silməli havadır.

 

Günəşin güldüyü bu hava ilə dərdini unutmaq istəyən lirik qəhrəman dərdə, içindəki qəmə, gözlərindəki yaşa  "unut getsin" deyir.

  

Unut getsin dərdi-qəmi,

          Ömür-dəniz, arzu-gəmi.

          Bəlkə, yetsin vüsal dəmi?

          Nə toy çalmalı havadır.

 

          Hər şeyin öz yerini bil,

          Dostun dərdi-sərini bil,

          Bu sevginin qədrini bil,

          Qədir bilməli havadır.

 

          Ürəkdən gülmək istəyir,

          Hər şeyi bilmək istəyir,

          Adam lap ölmək istəyir,

          Əcəb ölməli havadır…

 

Sonuncu – "Əcəb ölməli havadır" misrası belə lirik qəhrəmanın dərdə üstün gəlməsini kölgələmir. El içində belə ifadə işlənir və bu qətiyyən bədbinliyə dəlalət eləmir.    

         Elvin Nurinin "Bu gecə yuxuma girmişdi Şuşa", "Əziz Şuşa, biz qayıtdıq" şeirəri isə qələbə sevincimizin gənc bir şairdə doğurduğu yüksək əhvali-ruhiyyənin ifadəsidir. Zəlimxan Yaqubun "Bu gecə yuxuma girmişdi Şuşa, Cabbar ağlayırdı, Xan ağlayırdı" şeirindəki əhvali-ruhiyyədən fərqli olaraq, Elvin əsir Şuşadan deyil, qalib Şuşadan söz açır:

  

 Bu gecə yuxuma girmişdi Şuşa,

           Başında nə duman var idi, nə çən.

           Allah, bundan gözəl gün olarmı heç? !

           Oyanıb gördüm ki, Şuşadayam mən.

           Asılmış zirvədən qanadım qoşa,

           Şuşada yuxuma girmişdi Şuşa…

 

Arzum budur ki, Elvin "Bir zaman həsrətə tutulmuşdusa, İndi dörd bir yanı al, gülşən idi" çiçək qoxulu misralarını çiçək sevgilərilə bütün Qarabağa səpsin…

         

Valeh Qoca – Kəsilmiş tut ağacının ağrısı ilə yaşayan şair.

Şəxsən tanımadığım, heç üzünü də görmədiyim (bunun elə bir əhəmiyyəti yoxdur) Valeh Qocanın "Ulduz"un 2022-ci il, may sayında "Dərgidə kitab"  bölməsində on üç şeirini oxudum. Ədəbiyyata istedadlı bir gənc şairin gəlişini hiss etdim. Şeirlərindəki dil, ifadə səlisliyi, fikirlə ifadə tərzinin vəhdəti bir çox şeirlərində diqqəti cəlb edən başlıca amildir. Nədən yazırsan-yaz, amma necə yazmaq əsas şərtdir. Biz ən çox hansı şeirləri sevirik? Çox səbəblər göstərə bilərik. Biri budur ki, şeir gərək fikrin obrazlı ifadəsi ilə diqqəti cəlb eləsin. V.Q. Belinski yazırdı: "Şair olmaq – indi o demək deyil ki, quş kimi melodik səslər çıxarıb civildəyəsən, şair olmaq – poetik obrazlarla düşünmək deməkdir". Valeh Qoca "Kəsilmiş tut ağacı" şeirində məhz obrazlı düşüncə tərzini ortaya qoyur. O, yaşıl tut ağacının kəsilməsini hüznlə xatırlayır, bu yoxluğu – bir ağacın qırılıb odun-oduncağa çevrilməsini təkcə bioloji    maddi fəlakət kimi deyil, həm də insani fəlakət kimi düşünür. Baxın:

         

Sən neçə sərçənin evi-eşiyi,

          Neçə gül balanın pənah yeriydin.

          Daş atıb qoynunda yuva dağıdan

          Neçə Allahsızın günah yeriydin.

 

          Hər səhər havaya təmizlik qatıb,

          Hər gecə qəlbimi dilləndirərdin.

          Qoşa budağını yelləncək edib,

          Körpə qızlarımı yelləndirərdin.

 

          Biz sənin ömrünü alıb əlindən,

          Qızındıq oduna, ömür eylədik.

          Sən bizi istidən qorudun, ancaq

          Biz səni yandırıb kömür eylədik.

 

Valeh Qocanın "Gedirəm" şeiri də  bu on üç şeirin içində seçilir. Öz doğma yurd-yuvasından ayrılan, uşaqlığını, gəncliyini orada keçirməyib həsrətlər içində yaşayan yüzlərlə otuz yaşlıların kədəri ilk dəfə bu şeirdə öz əksini tapır. Valeh Qoca  işğaldan azad olunmuş kəndinə gedir, çünki "Yol gözləyir talan evim, aynası daş olan evim, üşüyür lüt qalan evim, ocaq olmağa gedirəm". Və sonda: İlahi, ata yaşımda Uşaq olmağa gedirəm". Məncə, bu şeir Şuşa ilinin poeziyasında ümidsizliyə son qoyan, böyük qayıdışı əks etdirən şeirlərdən biridir.

         Valeh Qocanın  "Saat şəkil", "Darıxa", "Qızım elə bilir, atalar ölmür", "Kölgələr sevdiyi yerə düşərlər", "Səhərim" şeirlərində poeziyamızın yaşarı ənənələri ilə müasir şeirin çalarları birləşir. Yəni Valeh Qoca "köhnə havalarda" təzə notlar səsləndirə bilir. Məsələn, bugünkü gənc şairlərin şeirlərində "darıxmaq" sözünə tez-tez rast gəlirik. Onlar həm özləri darıxırlar, həm də bu darıxmağı az qala rəmzə çevirirlər. Valehin darıxmağı isə rəmzdən uzaqdı, bir insanın darıxmaq təşnəsini ifadə eləmir, amma darıxmağa yeni məna verməyə çalışır. "Ömründə bir dənə gecən olmaya, Səninçün ay ötə, ulduz darıxa… Bir tək sən olasan, bir də bu dünya, Qoyasan dünyanı yalqız darıxa… Bir qızın qəlbini dəftər edəsən, Bir az qələminçün kağız darıxa". "Saat şəkli" şeirində Valeh Qoca divardan asılmış, başının üstündə "oxuyan" saatın yerinə sevdiyi qızın şəklini asır. Çünki bu saat gedənləri qaytara bilmir, hicran – ayrılıq yaradıb, qoy onun yerində qızın şəkli asılsın, çünki "Mənim öz zamanım öz nəfəsimdir". Əlbəttə, bu "dəyişmə" onun ürəyincədir – qoy bütün ömrü boyu, saatın yerində asılan o şəklə doyunca baxsın. Məsələ bunda deyil, şeirdə müəllif fikri inandırıcıdır, çünki burada hər misra o fikri bizə çatdıra bilir. Valeh Qoca danışıq qüsurlu lal bir gəncin ürəyindən keçənləri də  belə inandırıcılıqla ifadə edə bilib.

         Mən də inanıram ki, Valeh Qoca şeirdə YÜKSƏLİŞ dövrünə yetəcək, axtarışları yeni poetik tapıntılarla diqqəti cəlb edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)