Ramiz Qusarçaylının çəkdiyi dağ

“Ədəbiyyat və incəsənət” portalının “Poetik qiraət” rubrikasında ustad şair Ramiz Qusarçaylı “Bu dağı mən çəkmişəm” deyəcək.

 

Bu dağı mən çəkmişəm,

Məni də çox dağ çəkib.

Ömür sürüşür əldən,-

Saatına yağ çəkib.

 

Dalımca daş olanlar,

Daşında çaş olanlar,

Ayaqda baş olanlar

Başında ayaq çəkib.

 

Yolunda öldüklərim,

Nəyim var böldüklərim,

Ən yaxın bildiklərim,

Məni ən uzaq çəkib.

 

Anam bilir işini,-

Dəyişmir vərdişini,

Mən yaşında kişini

Gözündə uşaq çəkib.

 

Bu yazı, bu həkk kimin,-

Qəm suvarır lək kimi.

Fələk də son şəklimin

Üstündə torpaq çəkib.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)