Baş daşına həkk etdim yalan sözcüyünü... - güneyli Nuriyyə Lövhün şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti sizlərə Nuriyyə Lövhün şeirlərini təqdim edir. 

 

Nuriyyə Lövh

1984-cü ildə Güney Azərbaycanın Binab şəhərində anadan olmuşdur. Orta məktəbdə humanitar elmlər üzrə, Universitet dövründə  Kimya fakültəsində təhsil almışdır. 

O, 2011-ci ildən şeir yazmağa başlamış, şeirləri ədəbi qəzetlərdə, portallarda nəşr edilmişdir.

Onun yeni şeir kitabı çapa hazılanmışdır, yaxın gələcəkdə çap olunacaqdır.

 

 

 İNDİ DÜNYADA QAN QUSULUR

 

 Şeirin nəfəsi geri sayıma düşmüşdü

Qələmi,

Balamı, səni gətirmədilər.

Əlim,

Öpüşüm,

Baxışım,

Acı olduğu üçün...

 

Amma qoy deyim sənə

Aaaaaay oxucum

Dinləyicim

İnan

Ey özüm təki üsyankar, inan...

Dərdin çoxu da yoluxucu xəstəliyindən deyil

Qəfəsdə təngə gəlir nəfəsim

Vətən çicəkləri solur ürəyimin vulkanında 

və millət nisgilini

Daşıya bilməyən çiyinlərimdən aslanıb 

qara sevgi.

 

İndi əllərim əsitməyə düşsə də

Dilimin tutulmasına izin verməmişəm.

Niyə ki, güneyli-quzeylisindən 1400 çiçək yağacaq əllərimə vətən...

 

Düzdür kələmələr xırıldayır xırxıramda

Ventilyatorla çəkirəm acı sancıları

Amma xəstəliyə inanan deyil polad iradəm.

Axı

Təkcə mən deyiləm ki,

Yer kürəsinin dəli sızıltıları işini bitirib yazıq bəşərin kövrək kürəklərində...

İndi burda elə bu saat 1400-cü günəş cücərir sinəmin daş yarasından

İndi gecə quşları baladan çıxırlar ağ ciyərlərimin qaranlıq böcəklərində.

 

Pekin ilə Vaşinqton!

Hərdən nə isə Moskvaya süqut edir gözlərimin gücsüzlüyündə...

 

Mən isə ağ ciyərimin

Sən isə serum-saatın

Pərəstar dostum isə O2-nun eniş-yoxuşuna

Cum-culuq tər içində cummuşuq.

 

Üçümüz də bilirik

Zalımların hansı felinə uymuşuq.

 

İndi dünyada qan qusurlur

Humanizmin çeşidli düşuncəsi

Yer kürəsinin atlantasını

Ortadoğu ölkələrinin

Özünü qonşularından tez 

və ucuz satan yollarını

Şəhərin balalarıma çatdıran 

bütün xəritələrini

Bir də gözlərini

Hə gözlərini çəkirəm

Xəstəxananın şahmatı tavanında

İndi burda bütün isimləri qusaraq

Təkcə talanmış vətəni həzm edə bilirəm 

uca röyalarımda

Daşını, kəsəyini, çiçəklərini,

O tay-bu taylı dağlarını, dərələrini, təpələrini

Bütün hər nəyini

Sinirsiz çəkirəm

Vətəndaşların, dildaşların

Ürəklərini kədərsiz, yarasız çəkirəm...

 

İndi atrovent

Qıtlığına düşüb bu talanmış çevrədə

Sevgilim Qafqaza yürüyüb çiçəkli qıçlarıyla

Bəlkə nəfəs gətirə quzeydən

Yaramı sağaltmaq üçün...

 

 

SÜLH SİMGƏSİ

 

Üfüqi deyil kələmələr

Dikinə döşənir qələmin ucuna

Boyutlar boylanır əski divarlardan

Şamdanlar sevişir 

Sərbəst sarmaşıqlarla.

Hə!

Sülh simgəsidir barmaqlarım

Qələmin gücünə inandıqca daha ardıcıl, daha çalışqan

Botları tanıdıqca 

Daha güclü, daha qorxmaz Diogenlərəsinə 

Sındırıram tabuları

Mən dünyanın şəhərdaşıyam,

Yer kürəsi fırlanır başımın qafatasında

Sınırlar sınır neyronlarımın böcəklərində

Xəzər yol açır göz pınarlarıma

Birrləşir gözümün önündə millətlər.

İstəkanlaşır şeirimin gün çıxan bucağında sülh şairləri

Oriyana doğur o heç doğulmaz uşağı

Nəzar danışır Beyrutun qovurulmuş saçlarından

Bursa dadı verir Hikmətin qanadları

Berlin çat götürür Brechtein yazısında

Ritsosun çiçəklərinə çatır şeirimi xalçası

Epitafiyosu qurtarınca əllərim qızarır 

 

Çörəyı, suyu, havanı alsalar da,

Gülüşlərimi çox görməmişəm şeirimin Pablosuna...

 

Biz çıxırıq savaşların uzun xəlsəsindən

Duyğular keflənir 

Və  yenidən sevişirik şəhərin röyalı günbatışında.

Məzələnir savaşdan qurtulan dodaqlarımız

Və dincəlir yorğun orqanlarımız.

 

O mərtəbəli yuxudur şeirim

Bir an diskinirəm orta qatında

Burası şingen deyil

Bir tayım Qafqaz

Bir yanım ortadoğu

Üzbəüzüm isə qara qoşunun sındırılmaz qayaları.

Burda tanrılar daha zorlu cəhalət at çapdırır içimizin boş imperatorluğunda.

Meksika divarlarından hündürdür nadanlıq

Burda ağ-qara gəzirlər qaranlıq şeytanrıları

Dara çəkirlər azadlığı 

Və oraqlayırlar sevginin gənc çağlarını.

Hə!

Biz orta əsirləri yaşayırıq əslində

Xaç yürüşləri qurtarmayıb burda hələ.

 

 

AZƏR 

 

Azər, çirikliyimin sevdiyi qızdır

İnqilaba alışmadan

Qışa çevirdi vətənin son baharın

75 illik açıq bir yara

Bitmədən 

Qan tuluğuna dönür hər xəzan

Əskilərdəki dostumun adı

İndi isə

Əkizlərinin sicillisinə döyülmüş...

Azər vətən gözətçisi

Doqquz başlı bir devdir

Talançıların bünövrəsini laxlatmaq üçün.

Neçə qatlı qanlı torpaqdır,

Özgürlüyün üzünə qonmuş 

İmamiyyədə gömülmüş igidlərin dar ağacı...

Südü qaçan anaların ürək döyüntüsü

Sürgün düşənlərin qara boğuntusu

Qulağı kəsilənlərin qara qışqırtısı.

Azər 

Azər 

Azər 

Azər boğazımdan püskürdüyüm iniltilər...

Azər, Təbrizin minarələri

Vətənin təqvimə atılan qanlı göbəyi

Yandırılan kitabların külüdür 

Sönük gözlərin sürməliyində.

 

Ərkdə sönən işıqlar

Gülüstanda asılı qalan iztirablı düşüncələr...

Azər dağlar daşıdır 

Ürəyimin başına qalanmış ağladıcı bir şeirdir...

Boğazımın yoluna tıxılmış ağırlıq

Ayrılıq

Qana çevrilmiş yumruqdur azər.

Təndirlərdə yanan azadlıq səsi 

Diktatura qurban edilən başların qan fışqırtısı,

Azərbaycanın toy gecəsində ölüm xəbəri

Əfsanə deyil;

Qara pərdələrdə basdırılmış

Real bir faktdır azər...

 

 

ƏLƏNDİ SIĞIRÇINLARIN SƏSİ

 

Hüznlü bir axşam üstü

Sığırçınlı ağac altında

Paslı sofanın üzərində qonuşduq.

Çiyin-çiyinə

Əl-ələ

Göz-gözə

Sofanın tilişkəsinə toxunmadan

Sıxıldı qoltuğuma boşluq

Palmalar yanaqlarıma çırparkən

Sayxaşlaşdı içimdəki yoxluq

Yırğalandı gözümün önündə şəhər

Atdı sığırçın səsini başından

Və yatdı o heç kiriməz cığaz!

Mən ilə yalqızlığım

Cumduq bu atmosferə

Şəhərin yırğasını dayandırdı yağış

Çatlatdı ağacın bağrı bu durumdan

Ələndi sığırçınların uçuş səsi

Diskindi 

Kəsdi böyrünü aramızdakı tilişkə

Partladı.

Parçalandı.

Batdı...

Palmalarla cumdu sıcaq dərimə

İtdi içimdəki sənsizlikdə...

 

 

İNAM

 

Səndən sonra 

Öyrəndiyim sözcüklərin biri də inam idi.

Gilələrim günəşdən oxlandığında

Kədərli çırpıları çırpdığımda süfrə başında 

İlk hecasını udqunduğumda bəzək masamın arxasında! 

İkincisi ilə mavi xəyallara cumduğumda

Əlimdə araşdırdığım kitablarda,

Yataqda,

Hamamda...

Taksi durağında

Pasajlar üstümə gələn zaman

Pozuntudan qaş qaralana qədər

Gün orta çağılar...

Səndən sonra hər an 

İnamı məşq edirdim 

Duyğuların eniş-yoxuşunda.

Basqınlıqdan ilişib qalan 

Yalanları didrəkən

Sərf edirdim inam sözcüyün

Hər axşam çağı.

Birinci şəxsi 

Qusurdum sinəmin narlığına.

Üçüncü isə tökürdüm 

Ətəyimdə solan çiçəklərin 

Yorğun dibinə.

Gahdan da boyaqçılaşıb,

Qaralayırdım inamı

Baltanı buraxıb,

Çəkici götürürdüm

Ancaq öldürməyinə alışmışdım

Qəbrini qazıb 

Baş daşına həkk etdim

Yalan sözcüyünü...

 

 

DƏNİZİNİ İTİRMİŞ FLAMİNQOLAR

 

Dialektik bir görüş idi

Zır kefli bir oğlan sayağı

Gözlərimin yaşını anladığında

Dil açdı cansız dalğaları.

Çaldı, çevirdi

Özünü düz yatağına çırparaq

Məni qucağına almaq

Mən onda

O məndə rahatlaşmaq istədik.

Çılpaqcasına

Toxundum şor sıxlığına.

Günəşi döşlərimin ucuna alaraq

Acı bir öpüş buraxdım şorallığına.

Yaladı duzlu dili ilə gövdəmin vətən dadını

Pıçıldadı qulağıma qıtlıqdan

Ağladı içimə talanmış varlıqdan

Yandım, yaxıldım.

Elə ki, yanıb-yaxılar bakirə dodaqlar

Dənizsiz sahillər

Və sevdasız ürəklər...

Sonra bir şey çaba vurdu bətnimdə

Boylu bir qadın sayaq

Ürəyim ağzıma gələ-gələ

Çimdirdim qara yaraları.

Qurtara bilməyəcəksən yaxamdan

Adını “Dəniz” qoy qızımın söylədi.

İllər sonra ürəyini dələn həmən bu yerlərdə

Mavi göydələnlər qovzayacaqlar

Göydələnin buynuzunda oturduqda

Dəftərində qabıq qoymuş

Duzlu yaralarımızı.

Açıqlayacaq oxuculara

Tarix yazacaq

Dənizini itirmiş flaminqolara...

Ekspress qatar çəkiləcək ürəyimin başından

Təbrizin beli bükülüb

Urmunun birçəkləri ağaracaq şoranlığımda.

Osman yumruğunu şüşləyəcək tanrıya

Duz mifinə çevriləcək Artmiya.

Yasımda saçını yolacaq Şərəfxananın günəşi.

Barı Urmunun mənsiz gecələrini bağıracaq aya.

Rəhmanlı ulduzların axıtdıracaq

Kazım daşının yalnızlığına...

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)