“Göyə çöp daşıyan bir quşam, ana…” Featured

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında şair Əlizadə Nurinin “Göyə çöp daşıyan bir quşam, ana…” şeirini təqdim edir

 

Bu qəmlə bələkdə tanış olmuşuq-

Mən elə bu qəmlə tay-tuşam, ana.

Yerdə yer tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Sözün aynası da qırıldı bu gün…

Sonuncu ümid də vuruldu bu gün.

Dərd mənə çatınca yoruldu bu gün-

Mən tanrı dağına yoxuşam, ana…

 

Göy üzü göstərin, baxım bu gecə,

Axan ulduz ilə axım bu gecə…

Özümü tutacaq ahım bu gecə-

Mən bu gün özümə qarğışam, ana.

 

Sərhədi kim çəkib çəpər eyləyib?

Şeytanın evinə səfər eyləyib…

Xaraba tikənə xəbər eyləyin-

Mən bu xarabada bayquşam, ana.

 

Sənin haqq bildiyin haqq-hesab imiş,

Ölüm-iynə imiş, ömür-sap imiş…

…Verdiyin süd imiş, ya şərab imiş-

Dünyaya gələndən sərxoşam, ana?!..

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)