“Klassik kimdir?” - Şarl Sent -Böv Featured

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas və pedaqoq Məti Osmanoğlunun tərcüməsində Ədəbiyyatşünaslqda bioqrafik məktəbin yaradıcısı olan fransız yazıçısı və tənqidçisi Şarl Şent-Bövün (1804-1869) “Klassik kimdir?” yazısını oxucularına təqdim edir.

 

 

Bu, müxtəlif zəmanələrdə və dövrlərdə fərqli cavabları tapıla bilən qəliz sualdır. Bu gün bu sualı mənə ağlı yerində olan bir adam verdi, mən də çalışacağam, cavab verməsəm də, heç olmasa bu sualı oxucularımızın qarşısına çıxarıbonların gözü önündə nəzərdən keçirim ki, özləri buna cavab versinlər, sonra isə, bacara bilsəm, həm onların görüşlərini, həm də öz görüşlərimi izah edim. Həqiqətənmi tənqid hər zaman hansısa bir yazıçıdan bəhs etməlidir, yoxsa kiminsə haqqında deyil, nəyinsə haqqında danışmağa da cəsarət edə və bu cür mülahizələrdən sadə bir ad altında xüsusi janr – esse janrını yaradan ingilis qonşularımızın müvəffəqiyyətlə etdikləri kimi müxtəlif mövzuları şərh edə bilər? Düzdür, adətən, bir qədər mücərrəd və əxlaqi xarakter daşıyan bu cür mövzuları şərh etmək üçün həm özünün, həm də başqalarının diqqətliliyinə arxayın olmaqla soyuqqanlı danışmaq, qısa sakitlik fürsətindən,təmkin və asudəlikdən həzz almaq lazımdır. Bunlar bizim əziz Fransamızda nadir hallarda ələ düşür və Fransanın parlaq dühası hətta ehtiyatlı olmaq, daha inqilablarla məşğul olmamaq istədiyi vaxtda belə, obuna çətinliklə dözə bilir.

Klassik, adi tərifə görə, heyranlıqla hörmət edilən və öz sahəsində nüfuz sahibi olan qədim müəllifdir. Bu mənada “klassik” sözü ilk dəfə romalılar arasında yaranıb. Onlar bütün təbəqələrdən olan vətəndaşları deyil, gəliri müəyyən miqdardan aşağı olmayanları“classici” çağırırdılar. Gəliri aşağı olanların hamısı “infra-classem”(sinifdən aşağı – lat.) adlanırdı. “Klassicus” sözünə məcazi mənada Avl Gellidərast gəlirik və bu söz yazıçılara münasibətdə işlənir: dəyərli və görkəmli yazıçı, daşınmaz əmlakı olan və proletar izdihamına qarışmayan yazıçı“classicus assi duusque scriptor” (özünü klassik kimi təsdiq edən yazıçı – lat.) hesab edilir. Belə bir tərif ədəbiyyatda təsnifat və təhlil kimi bir şeyin baş verməsi üçün kifayət qədər inkişaf etmiş bir dövrdən xəbər verir.

Yeni dövrün insanları üçün əsl və yeganə klassiklər əvvəlcə, əlbəttə ki, yalnız qədim yazıçılar idi. Öz çevik zehni ilə yunanlar xoşbəxt və nadir təsadüf nəticəsində özlərininkindən başqa heç bir klassikaya sahib deyildilər və onlar əvvəlcə romalılar üçün yeganə klassik oldular, romalılar onları hər cür şəkildə təqlid etməyə çalışdılar. Romalılar, ədəbiyyatlarının çiçəklənməsindən, Siseron və Vergilidən sonra klassiklərinə də sahib oldular, Siseron və Vergilisonrakı əsrlər üçün də, demək olar ki, istisnasız klassiklər oldular. Qədim latınlardan heç də düşünüldüyü kimi cahil olmayan, lakin ölçüsüz və zövqsüz olan orta əsr ədəbiyyatşünaslarısəviyyələri və rütbələri qarışdırdı: orta əsrlərdəOvidi Homerdən üstün tutuldu, La Boesi ən azı Platona bərabər səviyyədə klassik hesab edildi. XV-XVI əsrlərdə ədəbiyyatın intibahı uzun müddət davam edən bu çaşqınlığa işıq saldı və yalnız bundan sonra dəbdəbəli qiymətləndirmələr səviyyələri yerbəyer elədi. O vaxtdan bəri iki mərhələli antik dövrün həqiqi və klassik yazıçıları aydın görünməyə və ahəngdar şəkildə qruplaşdırılmağa başlandı və bu qruplardan hər biri zirvədəki yerini tutdu.

Bu arada yeni ədəbiyyatlar yaranırdı və ən qədim ədəbiyyatlardan, məsələn, italyan ədəbiyyatı kimi, bəziləri antik dövrü dərhal özünəməxsus şəkildə mənimsədi. Dante peyda oldu və tezliklə onun nəsli onu klassik elan etdi. O vaxtdan bəri italyan poeziyası öz əhatə dairəsini müəyyən qədər itirdi – lakin nə vaxt istəsə, daim ona qovuşurdu, çünki onda öz yüksək mənşəyindən bəzi əks-sədalar almaq və yüksəyə ucalmaq istəyi qalmışdı. Deməli, poeziya öz başlanğıc nöqtəsinin harada olmasına, klassik qaynağının hansı dağ yüksəkliklərində yerləşməsinə biganə deyil və onun üçün, məsələn, hansısa Malerbedən iztirab içində doğulmaqdansa, Dantedən gəlmək daha üstündür.

İndiki İtaliyanın öz klassikləri var idi, İspaniya haqlı olaraq öz klassikası olduğuna inanırdı, Fransa isə hələ də özünü axtarırdı. Həqiqətən də, özünəməxsusluq və müstəsna ilham sahibi olan bir neçə istedadlı yazıçı, davamı olmayan və qəfildən yarımçıq dayanan ayrı-ayrılıqda bir neçə parlaq yüksəliş, bəzən də yenidən başlamalı olan yüksəlişlər hələ də millət üçün təsirli və etibarlı bir ədəbiyyat xəzinəsi yaratmağa kifayət etmir. “Klassik” anlayışı uzunmüddətli və sabit olan, bütövlük və davamlılıq yaradan, tədricən formalaşan, ötürülən və əsrlər boyu qalan bir şeyi ehtiva edir. Yalnız parlaq XIV Lüdovik dövründən sonra qürurdan yerində dayana bilməyən millətbelə bir xoşbəxtliyin ona nəsib olduğunu hiss etdi. Sonra hamı bir səslə bunu təmtəraqla XIV Lüdovikin adına çıxmağa başladı, yaltaqlıqla və təntənə ilə onun dövrünün parlaqlığını şişirtdilər, eyni zamanda özlərinin müəyyən dərəcədə haqlı olduqlarını da hiss etdilər. Elə o zaman maraqlı bir paradoks da ortaya çıxdı: yeni ədəbiyyat adına bütün qədim müəlliflərdən imtina etməyə hazır olan Böyük Lüdovikin bu əsrin bütün nailiyyətlərinin ən səmimi pərəstişkarları, Perronun başçılıq etdiyi bu insanlar onun ən ehtiraslı əleyhdarı və rəqibi olan nümayəndələrini mədh və tərənnüm elədilər. Öz müasirlərini, yəni Korneli, Molyeri, Paskalı və öz zamanının ilk növbədə Bualonun özü də daxil olmaqla digər görkəmli insanlarını tərənnüm edən Perrodan qədimləri Bualo var gücü ilə müdafiə etdi.Xeyirxah xasiyyətli Lafontenbu davada alim Hyuenin tərəfini tutmaqla,bütün yanlışlıqlarına baxmayaraq, gözəl səhərlərin birində özünün yuxudan bir klassik kimi oyanacağını bilmirdi.

Nümunə ən yaxşı tərifdir: Fransada XIV Lüdovik əsri keçəndən sonra və Fransa bunu artıq müəyyən perspektivdə nəzərdən keçirə bildikdə ona klassik olmağın nə demək olduğu tamamilə aydın oldu və bu, hər hansı əsaslandırmadan daha aşkar idi. XVIII əsr özünün bütün rəngarəngliyi ilə dörd böyük adamın yaratdığı bir neçə gözəl əsər sayəsində bu təsəvvürü daha da gücləndirdi. Volterin “XIV Lüdovik dövrü”nü, Monteskyönün “Romalıların yüksəlişi və süqutu”nu, Buffonun “Təbiətin eraları”nı, Jan-Jakın “Savoya keşişi”ni, eləcə də xəyallar qurduğu və ya təbiəti təsvir etdiyi gözəl səhifələrini oxuyun və XVIII əsrin bu yaddaqalan səhifələrdə ənənəni inkişaf azadlığı və yaradıcı müstəqillik ilə uzlaşdıra bilmədiyini söyləməyə cəhd edin. Lakin bu əsrin əvvəllərində və İmperiya dövründə tamamilə yeni və bir qədər də məsləhətli olmayan ədəbiyyatın ilk cəhdləri qarşısında klassik anlayışı, ciddi rəqiblərlə müqayisədə daha məyus olan bəzilərinin təsəvvüründəheyrətamiz şəkildə daralmış və məhdudlaşmışdı. Birinci “Akademik lüğət” (1694) klassik yazıçının tərifini olduqca sadə verirdi: “Mühakimə etdiyi mövzuda nüfuz sahibi kimi tanınan, böyük dəyərə malik qədim yazıçı”.

1835-ci ilin “Akademik lüğət”i bu tərifi daha da sıxır və bir qədər qeyri-müəyyən tərif əvəzinə, dəqiq və hətta dar bir tərif verir. Lüğət “hər hansı bir dildə örnək olmuş”ları klassik müəllif kimi tanıyır və sonrakı bütün məqalələrdə “nümunələr”, kompozisiya və üslub üçün müəyyən edilmiş “qaydalar”, “riayət edilməli olan ciddi sənət qaydaları” ifadələrinə daim rast gəlinir. Klassikə belə bir tərifi, yəqin ki, hörmətli akademiklər, bizim sələflərimiz vermişdi, onlar o zaman romantik adlandırdıqlarını, yəni düşmənlərini nəzərdə tutmuşdular. Mənə elə gəlir ki, bu məhdudlaşdırıcı və çəkingən təriflərdən əl çəkməyin və onların mənasını genişləndirməyin vaxtı çatıb.

Əsl klassiki öz anlayışıma uyğun olaraq mən belə müəyyənləşdirməyə üstünlük verərdim: əsl klassik insan ruhunu zənginləşdirən, insan ruhunun xəzinəsini dəyərli töhfələrlə zinətləndirən, insanıirəli getməyə vadar edən, şübhə doğurmayan hər hansı mənəvi həqiqəti kəşf edən və ya ürəyində yenidən hansısa bir ehtiras yaşayan, hər şeyi dərk edən və yaşayan yazıçıdır, o öz fikrini, müşahidəsini və ya təxəyyülünü hansı formada olursa-olsun,azad və möhtəşəm, zərif və mənalı, mahiyyətcə sağlam və gözəl çatdırır; o, hər kəslə özünün fərdi,bununla yanaşı, hamı üçün aydın üslubunda, yeni və neologizmsiz, yeni və qədim bir üslubda, asanlıqla bütün zəmanələrin müasirinə çevrilən bir üslubda danışır.

Belə bir klassik bir anlığa inqilabçı ola bilər və ya ən azı belə görünə bilər, amma o, inqilabçı deyil. Hər şeydən öncə, o, ətrafındakılara zor göstərməyib, dahasonrası,özünə darlıq gətirən nə varsa, ondan imtina edib ki, nizam və gözəllik naminə tarazlıq tez bir zamanda bərpa olunsun.

İstəsəniz, bu tərifə uyğun adlar çəkə bilərəm, onları mən bilərəkdən əzəmətli və tərəddüd edən, daha qəti desək, səxavətli görmək istərdim. Birincisi, mən burada “Polievkt”in, “Tsinna”nın, “Horatsilər”in müəllifi Kornelin adını çəkərdim.Mən burada Fransanın ən mükəmməl və çoxyönlü sənət dahisi Molyeri qeyd edərdim.

Göte (o, tənqidin kralıdır) demişdi: “Molyer o qədər böyükdür ki, onu hər dəfə təkrar oxuyanda bizi yenidən heyrətləndirir. Bu, fərqli bir insandır: onun pyesləri faciəviliklə sərhədlənir və heç kim onları təqlid etməyə belə cəsarət göstərmir. Onun eybəcərliyin ata-oğul arasında hər cür səmimiyyəti məhv etdiyi “Xəsis” əsəri ən yüksək əsərlərdəndir və ən yüksək dərəcədə dramatikdir... Dramatik əsərdə personajların hər bir hərəkəti özlüyündə mənalı olmalı və daha böyük əhəmiyyət kəsb edən hərəkətlər doğurmalıdır... Bu mənada “Tartüf” bir modeldir.Elə birinci səhnədəcə necə ekspozisiya var! Lap əvvəldən hər şey məna ilə doludur və sizi daha da vacib bir şeyi qabaqcadan duymağa vadar edir. Burada Lessinqin pyeslərinin birindəki ekspozisiyanı da xatırlamaq olar, lakin “Tartüf”ün ekspozisiyası dünyada yalnız bircə dəfə olur. Bu janrda bundan böyük heç nə yoxdur... Hər il Molyerin pyeslərindən birini yenidən oxuyuram, elə oxuyuram ki, elə bil vaxtaşırı böyük italyan sənətkarlarının tablosundan hansısa qravüraya baxıram.

Özümə aydındır ki, klassikə verdiyim tərif, adətən, bu sözlə əlaqəli olan anlayışın çərçivəsindən bir qədər kənara çıxır. Hər şeydən əvvəl qaydalara dəqiq əməl etmək, müdriklik, mötədillik, məntiq, əhatəlilik hər şeyin ona tabe olması zəruri şərt kimi götürülür. Cənab Remyuz Ruaye Kolları tərifləmək məcburiyyətində qalanda deyirdi: “Əgər o, klassiklərimizdən zövqün qüsursuzluğunu, sözdən yerində istifadə etməyi, dövrələrin müxtəlifliyini, öz düşüncəsini ifadə etmək üçün ən uyğun formanı mümkün qədər diqqətlə seçmək istəyini götürürsə,bütün bunların hamısını verdiyi xarakterə görə yalnız özünə borcludur”. Buradan görmək olar ki, klassikin keyfiyyətlərinə daha çox ciddi söz və çalar seçimi, obrazlı və ölçülü üslub aid edilir– bu, hər halda, ən geniş yayılmış fikirdir. Bu halda orta səviyyəli yazıçıların əksəriyyəti klassik olardı – dəqiq, tədbirli, zərif, həmişə aydın, ehtiraslarda nəcibliyini itirməyən və öz gücünü ört-basdır etməyə üstünlük verən. Mari-JozefŞenye bu mötədil və tamamilə bitmiş yazıçıların poetikasını şeirlə təsvir edib və özünü onların uğurlu tələbəsi kimi göstərib:

 

Ağıl ilə idrakınbirliyini

Hər şey – şücaət, düha, ruh, istedad və zövq yaradır.

Şücaət nədir?–Əməldə təcəssüm olunan idrak.

Ruh? –İdrakın hazırcavablığı.

İstedad? – Bəli, almaz kimi parlayan odur.

Zövq? – Sağlam ağıldır,özü dəcila verilmiş.

Düha isə ən yüksək idrakdır.

 

Bu misraları yazarkən o, yəqin ki, Papa haqqında, Depreo haqqında və onların ortaq müəllimi Horatsi haqqında düşünürmüş. Mahiyyəti təxəyyülü və hətta həssaslığı idraka tabe edən bu nəzəriyyə,bəlkə də, müasir dövrdə ilk dəfə Skaligerə məlum idi. Bu, sözün əsl mənasında, latın nəzəriyyəsidir və uzun müddət həm də fransız nəzəriyyəsi olub. Əgər “idrak” sözündən sui-istifadə edilməsə, bu söz yalnız uyğun hallarda istifadə olunsa, bunda doğru olan bir şey var.Amma bəllidir ki, bundan sui-istifadə edilir və əgər idrak, ​​ məsələn, hansısa mənəviyyat nəsihətində poetik dühaya qovuşub onunla vahid bir bütöv təşkil edə bilsəydi, dramda və ya epopeyada bu qədər rəngarəng və bənzərsiz ehtiraslar yaradan və təsvir edən düha  kimi ola bilməzdi. “Eneylilər”in IV kitabında və ya Didonun hiddətində idrakı haradan tapacaqsınız? Yoxsa onu Fedranın hikkəsində tapa bilərsiniz? Necə olursa-olsun, bu nəzəriyyəni diktə edən dövrün ruhuşövqlə ilhama dalanları deyil, ilhamını idarə etməyi bacaranları klassiklərin ən yüksək kateqoriyasına daxil etməyi əmr edir – əlbəttə ki, Homerdən çox Vergilini,Korneldən çox Rasini. Bu nəzəriyyənin örnək götürməyi sevdiyi əsər “Ətaliya”dır, “Ətaliya”,həqiqətən də, tədbirlilik, qüvvət, getdikcə güclənən cəsarət, yüksək əxlaq və əzəmətin bütün tələblərinə cavab verir. Sonuncu iki yürüşdəki Türenn və “Ətaliya”dakı Rasin –ehtiyatlı və müdrik insanların dühaları mükəmməl yetkinliyə çatdıqda və ən yüksək cürət çağına yetdikdə nəyə qadir olduqlarının iki gözəl nümunəsidir.

Buffon “Üslub haqqında mülahizələr” əsərində əsl klassik əsərləri fərqləndirən ideyanın, arxitektonikanın və icranın vəhdəti üzərində israr edərək deyirdi: “Hər bir mövzu bütövdür və nə qədər geniş olur-olsun, onu vahid fikirdə əhatə etmək olar. Kəsintilərə, qırılmalara, bölünmələrə yalnız o zaman yol verilə bilər ki, söhbət müxtəlif mövzularda getsin, yaxud ciddi, çətin və ya qeyri-adekvat şeylər haqqında danışmağa məcbur olan dahi görsün ki, onu qarşısındakı çoxlu əngəllər dayandırır və ya müxtəlif şəraitlərə görə ləngiməlidir, əks halda çoxlu sayda bölgülər daha əhəmiyyətli bir əsər yaranmamışdan onun hissələrinin bütövlüyünü pozacaq; kitab zahirən aydın görünəcək, amma yazıçının niyyəti qaranlıq qalacaq...” Və o, Monteskyönün əsasən əla olan, lakin hədsiz xırda hissələrə parçalanmış “Qanunların ruhu” kitabını nəzərdə tutaraq tənqidini davam etdirir. Öz yaradıcılıq gücünü vaxtından əvvəl tükətmiş görkəmli yazıçı kitabıbütöv bir ilham həmləsi ilə yarada bilməyib və öz geniş əhatəli materialını birtəhər yola verib. Etiraf edim ki, Buffonun bu məqamda öz əsəri ilə Bossyenin “Dünya tarixi haqqında mülahizələr”iarasındakı təzadı xatırlamadığına inanmıram – bu,  qeyri-adi dərəcədə geniş və eyni zamanda böyük natiqin vahid bir nitqə sığdıra bildiyi əsərdir.

Əsərin ilk nəşrini, fəsillərə bölünməmiş 1681-ci il nəşrini vərəqləyin. Fəsillər ora sonradan əlavə olunub və kitabın haşiyələrindən mətnə ​​keçərək onun bütövlüyünü pozub. Burada hər şey rəvan ardıcıllıqla cərəyan edir, natiq hər şeyi vahid bir ruhda təqdim edir və sanki bu natiq özünü burada Buffonun haqqında danışdığı Təbiət kimi aparır, hansısa əbədi plan üzrə işləyir, ondan heç kənara çıxmır –dahiyanə uzaqgörənliyə çatır və ona nüfuz edir.

“Ətaliya” və “Dünya tarixi haqqında mülahizələr” – klassisizmin ciddi nəzəriyyəsinin həm öz dostlarına, həm də düşmənlərinə təklif edə biləcəyi ən yüksək iki nümunədir.

Bununla belə, bu cür bənzərsiz əsərlərin mükəmməlliyində heyrətamiz dərəcədə sadə və əzəmətli bir şey olduğuna baxmayaraq, biz istərdik ki, sənətə tətbiq edilərkən bu nəzəriyyəni bir qədər az sərtləşdirək və onun sərbəstliyə varmadan daha geniş şəkildə şərh oluna biləcəyini göstərək.

Götenin bu sözlərini belə məqamlarda sevə-sevə sitat gətirirəm: “Mən sağlamı klassik, xəstəni isə romantik adlandırıram. Mənim üçün “Nibelunqların nəğməsi” Homer qədər klassikdir: hər ikisində  sağlamlıq və güc var. İndiki yazılar yeni olduqlarına görə deyil, zəif, ağrılı və ya xəstə olduqlarına görə romantikdir. Qədim əsərlər qədim olduqlarına görə klassik deyil, şən, enerjili və təravətli olduğuna görə klassikdir. Əgər biz romantik və klassik olanları bu iki mövqedən nəzərdən keçirsək, tez bir zamanda vahid fikrə gələrdik”.

Beləliklə, bu mövzu üzərində dayanmazdan əvvəl, mənə elə gəlir ki, hər bir qərəzsiz ağıl ilkin olaraq dünya səyahətinə çıxmalı və bəşəriyyətin bütün ədəbiyyatını ilkin gücü və sonsuz çeşidi ilə nəzərdən keçirməlidir. Orada nələri görəcək? Hər şeydən öncə, Homer kimi bir ozanı, klassik dünyanın atasını, başqalarından fərqlənən ayrıca şəxsiyyət olmaqdan daha çox, bütöv bir dövrün və onun yarıbarbar sivilizasiyasının hərtərəfli və canlı sözçüsü olan bir ozanı görəcək. Onu, sözün əsl mənasında, klassik etmək üçün ayağına,keçmiş tarixlə ideya, plan, ədəbi hədəflər yazmaq, ona lütf və nəzakət bəxş etmək lazım gələcəkdi –o, ilhamın təbii axınına dalaraq bunları heç vaxt ağlına belə gətirməzdi. Bəs biz onun yanında kimləri görəcəyik? Əzəmətli, hörmətli ağsaqqalları, Esxili və Sofoklu, lakin tamamilə şikəst edilmiş şəkildə və burada yalnız özlərinin parçalarını, bir çox başqa müəlliflərin qalıqlarını göstərmək üçün görünürlərhəmin müəlliflər, şübhəsiz ki, bu günə qədər yaşamağa onlardan az layiq deyillər, lakin onlar əsrlərin haqsız qəzəbindən əbədi həlak olmuşlar. Qərəzsiz bir insana, bütün ədəbiyyatı, hətta klassikləri nəzərdən keçirərkən onlara dar və bəsitləşdirilmiş ölçü ilə yanaşmamaq üçün təkcə bu fikir də kifayət edər; belə bir adam əmin olardı ki, sonralar bu qədər ardıcıllıqlabərqərar olan dəqiqlik və əndazə bizi heyrətə gətirən qədimliyin sərbəst şərhinin bəhrəsidir.

Bəs müasir dünya necə olacaq? Müxtəlif ədəbiyyatların yüksəlişində gördüyümüz nəhəng adlar məhz məhdud fikirlər üçün daha qəbuledilməz və təhqiramiz olanlardır, poeziyada gözəllik və mütənasiblik haqqında mühakimələr həmin məhdud fikirlərə əsaslanırdı. Məsələn, Şekspir klassikdirmi? Bəli, indi İngiltərə və bütün dünya üçün o, klassikdir; amma Papa zamanında belə deyildi. O zaman klassiklər ancaq Papa və onun dostları idi; onlar ölümlərindən bir gün sonra da bu sifətdə görünürdülər. Hələ bu gün də onlar klassikdirlər və klassik olmağa layiqdirlər, lakin onlar artıq ikinci dərəcəli klassiklərdir və onları öz yerinə qoyan və üfüqlərimizin dərinliklərində öz yerini tutan indi onlara əbədi olaraq hökmranlıq edir.

Mən heç vaxt nə Papaya, nə də onun layiqli tələbələrinə küfr etmək fikrində deyiləm, xüsusən də onlarda Qoldsmit kimi incəlik və təbiilik varsa. Ən böyüklərini istisna etsəniz, onlar yazıçı və şairlərin, bəlkə də, ən xoşuna gələnləridir və həyata başqalarının hamısından daha çox gözəllik qatmağa qadirdirlər. Bir dəfə Lord Bolinqbrokun doktor Sviftə yazdığı məktuba Papa aşağıdakı postskriptumu əlavə edib: “Düşünürəm ki, üçümüz ən azı üç il birlikdə keçirsəydik, bunun əsrimiz üçün bir faydası ola bilərdi”. Yox, özü haqqında lovğalanmadan bunu deyən,layiqli insanhaqqında yüngül söz deyə bilməz. İstedadlı insanların bir-birlərinə o zamanlar heç də xəyal olmayan ittifaqlar təklif edə bildikləri o mübarək və bəxtəvər zamanlara həsəd aparmaq daha yaxşı olar. Bu illər, istər XIV Lüdovikin, istərsə də Kraliça Annanın adına çıxaq, yeganə əsl klassik illərdir (sözün həqiqi mənasında), bu illərdə kamil istedadsığınmaq üçün özünə layiqliyer və əlverişli ab-hava tapır. Biz bütün əlaqələrin itirildiyi, bəlkə də, əvvəlkilərə bərabər istedadların öldüyü, dövrün qeyri-sabitliyinin, amansızlığının hərəsini bir yana səpələdiyi dövrümüzdən bunu çox yaxşı bilirik. Nə olursa-olsun, hər bir dühanın qədri bilinməli və üstünlüyüdərk edilməlidir. Əsl və ən böyük dahilər başqalarını büdrədən çətinliklərin öhdəsindən gəlirlər. Dante, Şekspir və Milton bütün müdaxilələrə, təqiblərə və həyatın fırtınalarına rəğmən zirvələrə çatmağı və gəldi-gedər olmayan əsərlər yaratmağı bacardılar. Bir vaxtlar Bayronun Papa haqqında söylədiyi fikirlər ətrafında çox mübahisə edirdilər, klassik məktəbə heyran olan, bunun yeganə yaxşı məktəb olduğunu bəyan edən və öz yaradıcılığı ilə ondan qəti şəkildə fərqlənən Don Juan ilə Çayld Haroldun fikirləri arasında yaranan ziddiyyəti izah etməyə çalışırdılar. Hələ o zaman Göte hədəfi gözündən vuraraq, Bayronun personajları və onların hərəkətlərini yaratmaqda özündən güclü olan Şekspirdən çəkindiyini qeyd etmişdi: “O öz istəyi ilə ondan imtina edərdi, o, eqoizmə bu qədər yad olan dühadan çəkinirdi, Şekspirin kölgəsində özünün tam gücünü göstərə bilməyəcəyini hiss edirdi. Lakin o heç vaxt Papanı inkar etmirdi, çünki ondan qorxmurdu. Çox gözəl başa düşürdü ki, Papa onu əhatə edən daş divardır”.

Əgər Papanın məktəbi Bayronun arzuladığı kimi hökmranlığını davam etdirsəydi və keçmişdə məlum fəxri hakimiyyətini qoruyub saxlasaydı, o zaman Bayron bu sahədə ilk və yeganə olardı. Papanın bir növ daş divar kimi ucaldılması Şekspirin nəhəng fiqurunu gözdən uzaqlaşdırdı, Şekspir hökm sürəndə və bütün əzəməti ilə hökmranlıq edəndə isə Bayron yalnız ikinci oldu.

Fransada XIV Lüdovik əsrinə qədər bizim böyük klassikimiz olmamışdı, bizdə Dantelər və Şekspirlərçatışmırdı ki, ruhani qurtuluş illərində gec-tez bu ilkin avtoritetlərinüstünə qayıdaq. Bizdə ancaq böyük şairlərin olduğu barədə eyhamlar var idi – Matüren Renye də belədir, Rable də belədir. Onlarda ideal, ehtiras və ciddilik çatmırdı ki, bunsuz heç bir böyük yazıçı ola bilməz. Monten, belə demək mümkünsə, vaxtından əvvəl Horatsicinsindən doğulmuşklassik idi, layiqli mühit olmadığı halda, cilovsuz qələm və fantaziya oyununa qapılan arsız bir kəşfiyyatçı idi.

Buradan belə nəticə çıxır ki, biz ədəbi əcdadlarımız arasında başqa xalqlardan daha az yaradıcı tapmışıq, nə vaxtsa ona istinad edərək uca səslə yazıçıya azadlıq və istiqlal tələb edə bilmişik və sonralar bu azadlığı əldə edəndə klassik dəyərləri saxlamağa daha çox çətinlik çəkmişik. Bununla belə, böyük dövrdə Molyer və Lafontenin klassiklərimiz arasında olması kifayətdir ki, onlara öz ləyaqətinə görə verilən qiymətdən heç vaxt imtina etməyəsən. 

Klassik ideyasını və ona qarşı ənənəvi heyranlığı qoruyub saxlamaq, eyni zamanda bu anlayışı genişləndirmək bu gün mənə vacib görünür. Klassik əsərləri necə yaratmaq üçün heç bir resept yoxdur. Bunu təsdiq etməyin, açıq şəkildə qəbul etməyin vaxtıdır. Yazı üslubunuzdan və öz ilhamınızdan asılı olmayaraq dilin müəyyən saflıq, sərtlik, qüsursuzluq və zəriflik keyfiyyətlərini təqlid edərək klassik olacağınızı düşünmək, ata Rasindən sonra oğul Rasinlərin də dünyaya gələ biləcəyini düşünmək deməkdir – bu rolu ifa etmək ehtirama layiq bir məşğuliyyətdir, lakin ona həsəd aparılmaz, poeziyada isə bundan pisini təsəvvür etmək mümkün deyil. Daha artığını deyəcəyəm: müasirlərin qarşısında tez-tələsik klassiklər sırasında olmaq məsləhət deyil; onda özün bax, gələcək nəsillər üçünklassik olaraq qalmayacaqsan. Bir vaxtlar Fontan dostlarına əsl klassik görünürdü. Baxın, iyirmi beş ildən sonra o necə də bayağılaşdı! Erkən yetişmiş neçə-neçə klassiklər öz nüfuzunu itirir və ya bu siyahıya qısa müddətə salınırlar. Səhər baxırsan və təəccüblənirsən ki, onlar artıq yoxdurlar. Madam Sevinye zarafatla demişdi ki, onlardan yalnız rəngi getmiş cır-cındır qaldı. Klassiklərə gəlincə, ən yaxşı, həm də ən böyük klassikləronların ən gözlənilməzləridir. Doğrudan da, ölməz doğulan və solmadan çiçəklənən cəsur dahiləri xatırlayın. Zahirən XIV Lüdovik dövründə dörd böyük şairin ən az klassiki Molyer idi. Ona alqışlandığı qədər hörmət edilmirdi; qiymətinin nə olduğunu bilmədən ondan həzz alırdılar. Ondan sonra Lafonten ən kiçik klassik kimi görünürdü. İndi görün iki əsrdən sonra tale onlarıharadan haraya gətirdi! Onlar Bualodan, hətta Rasindən də xeyli irəli keçdilər və bizim dövrümüzdə də yekdilliklə etiraf edilmirmi ki, ümumbəşəri insan əxlaqının xüsusiyyətləri məhz onlarda ən bol və zəngin şəkildə ifadə olunur?

Bununla belə, məsələ nəyisə qurban vermək, nəyisə dəyərdən salmaq deyil. Zövq məbədi, mənim fikrimcə, yenidən qurulmalıdır, lakin yenidən qurularkən onu, sadəcə, genişləndirmək lazımdır ki, bütün nəcib ruhların, mənəvi zövqlər xəzinəsinə əhəmiyyətli və davamlı töhfələrverənlərin və insan şüuruna ayrılmaz keyfiyyətlər qazandıranların Fəxri xiyabanına çevrilsin. Mən özüm belə bir məbədin inşaatçısı olmağı və ya onun tikintisi üçün kreditlərin idarəçisi olmağı iddia edə bilmərəm (bu, aşıq-aşkar belədir) – heç olmasa,  smetaya bir şey əlavə etmək üçün bir neçə istəyimi ifadə etməklə kifayətlənəcəyəm. Əvvəla, layiq olanlardan kimisə kənarda qoymaq istəməzdim. Qoy hər kəs öz yerində olsun, Şekspirdən tutmuş, parlaq yaradıcıların ən sərbəsti, özü də bilmədən klassiklərin ən böyüyü və sonuncusu olan, kiçicik klassik Andriyöyə qədər. “Atamın evində iqamətgahlar çoxdur” və qoy yer üzündəki Gözəllik səltənətində olduğu kimi, səma səltənətində də eyni həqiqət olsun. Tanrıya bərabər Homer həmişə və hər yerdə olduğu kimi, burada da birinci olacaqdı, ondan sonra isə Şərqdən üç şahanə sehrbazyürüş edən kimi üç möhtəşəm şair, üç Homer gələcəkdi, uzun müddət tanımadığımız və Asiyanın qədim xalqları üçün ucu-bucağı olmayan və son dərəcə möhtəşəm dastanlar yaradan bu şairlər hindistanlı Valmiki, Vyasa, eləcə də fars şairi Firdovsidir. Zəriflik mühitində belə insanların var olduğunu və bəşər övladını hansısa hissələrə ayırmağın yaxşı olmadığını bilmək faydalıdır. İnsan əxlaqını təriflərlə dilə gətirən, sadə tərzdə tərənnüm edən mütəfəkkir və şairlərin ən uluları özlərini nadir və şirin sözlərlə izah edər, ilk sözdən bir-birlərini başa düşdüklərinə təəccüblənməzdilər. Solon, Hesiod, Feoqnid, İov, Solomon (və niyə Konfutsi özü də olmasın?) kimi insanlar müasir dövrün ən mahir yazıçıları Labruyer və Laroşfukonu tanıyardılar. Müasir dövrün şairləri onları dinləyərək özlərinə deyərdilər: “Bizim bildiklərimizin hamısını onlar da bilirdilər, biz keçmişi cavanlaşdırmaqla yeni heç nə kəşf etməmişik”. Vergili göz qabağında, yoxuşu sərt olmayan bir təpədə Menanderin, Tibullun, Terentsinin, Fenelonun əhatəsində dayanıb onlarla böyük füsunkarlıq və müqəddəs cazibə dolu söhbətlərə can atardı; onun zərif sifəti işıqlanar və utandığından qızarardı, o gün şeirlərinin yenicə oxunduğu Roma teatrına girəndə görərdi ki, camaat bir nəfər kimi bir anda onun qarşısında ayağa durub, ona ehtiram göstərir, lap Avqusta ehtiram göstərdiyi kimi. Ondan bir az aralı, əziz dostunun yanında olmadığına təəssüflənən Horatsi də öz növbəsində dinc həyatı tərənnüm edən bir qrup şairə, həmçinin müğənni olsa da, danışmağı bacaranlara – Papaya, Depreoya rəhbər (incə şair və müdrik insan nəyəsə rəhbərlik edə bilər) olardı; onlardan biri daha az tüdnməcaz, digəri isə daha az deyingən olardı. Monten – bu əsl şair də onların arasında olardı və öz varlığı ilə hamını inandıra bilərdi ki, bu dilbər guşəyə hansısa bir ədəbi məktəb toplaşmamışdır. Lafonten burada özünü unudar və öz hərdəmxəyallığını başından çıxardıb daha buranı tərk etmək istəməzdi. Volter buradan keçərdi, amma buranı nə qədər bəyənsə də, burada qalmağa səbri çatmazdı. Vergilinin də olduğu həmin təpədə, amma bir az aşağıda, gözəl xasiyyətli, hərbçiliyindən heç bir şey nəzərə çarpmayan və daha çox muzaların carçısına bənzəyən Ksenofonun ətrafına bütün ölkələrin və xalqların hazırcavab yazıçılarını – Addisonları, Pellisonları, Vovenaqrları, rahatlıqla inandırmağı bacaranların, eləcə də ləzzətli sadəliyin və yüngül bəzəkli səhlənkarlığın dəyərini bilənlərin hamısının necə toplaşdığını görərdik. Əsas məbədin eyvanında (çünki onu bir neçə başqa adam əhatə edərdi) üç böyük insanla görüşmək istərdi və dördüncü olmadan orada toplaşardılar, çünki özü nə qədər böyük olsa da, onların söhbətinə və ya sükutuna qoşulmaq onun ağlına da gəlməzdi – o qədər gözəlliyə, ahəngdar əzəmətə və dünyada yalnız bir dəfə: həyatın və gəncliyin zirvəsində olanda baş verən o mükəmməl harmoniyaya rəğmən. Hər üçünün – Platonun, Sofoklun və Demosfenin adı sənət idealına çevrilib.Lakin biz bu yarıtanrılara nə qədər sayğı göstərsək də, onlar bizə yaxından tanış olan, hər zaman həvəslə Servantesi və hər zaman Molyeri, praktik rəssamları, bu xoşniyyət dostları izləyən mükəmməl ağıllardan ibarət nəhəng qələbəliyi, üstəlik, insana şənlik verən, insanı öyrədərkən əyləndirən, sağlam, mənalı gülüşdəki gücün ürəkdən gəldiyini bilən ilk xeyirxahları gözümüzdən salmamalıdırlar. Mən bu təsviri davam etdirməyəcəm, tam yazmalı olsam, bütöv bir kitab əmələ gələr. Orta əsrlər və Dante, cəsarətlə deyə bilərəm ki, əsrlər boyu müqəddəs zirvələri işğal edərdilər; Cənnət müğənnisinin ayaqları altında, demək olar ki, bütün İtaliya bağ kimi uzanardı. Bokkaçço və Ariosto da orada zarafatlaşardılar, Tasso isə yenidən Sorrentonun portağal bağlarına girərdi. Ümumiyyətlə, hər bir xalqın öz guşəsi olardı, amma yazıçılar oradan ayrılmağı, gəzib ən gözlənilməz yerlərdə qardaşları və müəllimləri ilə görüşməyi çox istərdilər. Məsələn, Lukretsi Miltonla dünyanın mənşəyini və kainatın xaosdan harmoniyayanecə keçdiyini məmnuniyyətlə müzakirə edərdi. Lakin onların hər ikisi öz görüşlərinə sadiq qalaraq ancaq şeirin və ilahi təbiət obrazlarının qiymətləndirilməsində razılaşardılar.

Budur bizim klassiklərimiz. Hər kəs bu çaparaq oçerki öz təxəyyülü ilə tamamlaya və hətta öz zövqünə əsaslanaraq bu və ya digər yazıçını seçə bilər. Çünki seçmək lazımdır və hər şey dərk olunanda zövqün ilk təzahürü durmadan dolaşmayacaq: dayanacaq və bir yerdə qərarlaşacaq. Sonsuz gəzişmələr qədər heç bir şey zövqə bunca darıxdırıcı və dağıdıcı təsir göstərmir; poeziyanın ruhu Əbədi sərgərdan deyil. Ancaq mən “dayanmaq və kimisə seçmək lazımdır” deyəndə bu heç də o demək deyil ki, biz zövqümüzə ən uyğun gələn keçmiş ustadlarımızı təqlid etməliyik. Yetər ki, biz onları hiss edək, onların içinə nüfuz edək –onda heyran qalacağıq. Bu qədər gecikmə ilə biz heç olmasa, özümüzə aid olanı qoruyub saxlamağa çalışaq. Öz mülahizələrimizə əsaslanıb seçim edək. Qoy düşüncələrimizdə və hisslərimizdə səmimiyyət və təbiilik yaşasın – bu həmişə mümkündür. İmkan varsa (bu daha çətin olsa da), buna hansısa ali məqsəd üçün nəcib bir əzm də əlavə edək! Beləliklə, gəlin taleyin bizi içinə atdığı, həm gücümüzü, həm də gücsüzlüyümüzü aldığımız zəmanənin şərtlərinə tabe olaraq öz dilimizdə danışaq və bununla yanaşı, baxışlarımızızaman-zaman o təpələrə çevirək, pərəstiş etdiyimiz o fanilərə nəzər salaq və özümüzə sual verək: onlar bizim haqqımızda nə deyərdilər?

Bəs niyə yalnız müəlliflərdən və yalnız yaradıcılıqdan danışaq? İnsanın həyatında elə bir vaxt gələ bilər ki, ümumiyyətlə, yazmağa son qoyar. Oxuyanın və oxuduğunu yenidən oxuyanın, mütaliə meylini sərbəst izləyə bilənin xoş halına! Həyatda elə bir vaxt gəlir ki, bütün vurnuxmalar bitir, bildiklərinitəhlil edibdərinləşdirməkdən, hiss etdiklərindən sevdiyin insanlarla yenidən görüşmüş kimi həzz almaqdanparlaq həyəcan qalmır–ürək üçün əsl təsəlli və yetkinlik çağında estetik hiss bax budur. Məhz bundan sonra "klassik" sözü öz həqiqi mənasını alır və zəriflik hissi olan hər bir insana istedaddan gələn seçimlə durmadan diktə olunur. O vaxta qədərsə zövq müəyyənləşib kamilləşir və sağlam düşüncəmiz, əgər özünü göstərəcəksə, tam yetkinləşir. Artıq təcrübə aparmağa vaxt, axtarışlara həvəs yoxdur. Dostlarla, uzun zamanın sınağından çıxanlarla kifayətlənəcəksən... Çoxillik şərab, qədim kitablar, köhnə dostlar... Və Volter bu misralarda dediyi kimi özünə deyirsən:

 

Belə yaşayaq, yaradaq və əylənək, Horatsi!

Səndən çox yaşasam da, şeirlərimin

ömrü əsrdən gödək.

Amma mən tabuta qoyulanda da

Müdrikliyindən dərs almağa:

Ölümü nifrətlə qarşılamağa, həyatdan həzz almağa,

Zövqün və zəkanın hökm sürdüyü şeirlərini

Duyğulara can verən çoxillik şərabkimi

Başıma çəkməyə hazıram.

 

Və sonda, bizim üstün tutduğumuz və bizə öz düşüncələrimizi bütün zənginliyi və yetkinliyi ilə çatdıran yazıçı istər Horatsi olsun, istərsə də başqa biri, kimliyindən asılı olmayaraq, biz hər dəqiqə bu şanlı qədim zəkalardan biri ilə söhbətləşməyə, onunla bizi heç vaxt aldatmayan dost olmağa can atacağıq ki, bu dostluq bizi,bizi insanlarla və özümüzlə barışdıran (buna daha çox ehtiyacımız olur!),adət etdiyimiz dinclik və səmimiyyət hissini heç vaxt tərk etməsin.

 

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)