Məti Osmanoğludan gənc yazarlar üçün nəzəriyyə dərsi Featured

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas və pedaqoq Məti Osmanoğlunun gənc yazarlar üçün nəzəriyyə dərslərini davam etdirir. Bu dəfə Məti Osmanoğlu Bioqrafik məktəb barədə danışacaq.

 

Ədəbiyyatşünaslqda bioqrafik məktəb fransız yazıçısı və tənqidçisi Şarl Şent-Bövün (1804-1869) adı ilə bağlıdır.

Sent-Böv XIX əsr fransız ədəbiyyatında nəzəriyyəçi kimi deyil, daha çox tənqidçi kimi tanınırdı. “Tənqidçi oxumağı bacaran və bunu başqalarına öyrədəndir” qənaətində olan Sent-Bövün irəli sürdüyü təhlil metodunda yazıçının tərcümeyi-halının dərindən öyrənilməsinə, bədii əsərin təhlili zamanı yazıçı şəxsiyyəti ilə bədii əsər arasında paralellər aparılmasına üstünlük verilirdi. O belə hesab edirdi ki, yazıçının tərcümeyi-halını, həyat təcrübələrini, ictimai-siyasi baxışlarını və fəaliyyətini, cəmiyyətdəki mövqeyini nəzərə almadan bədii əsərin düzgün və obyektiv təhlilini vermək mümkün deyil: çünki yazıçını ilhama gətirən, yazmağa vadar eləyən birinci qüvvə onun yaşadıqları, həyatdan görüb-götürdükləridir.

Ona görə də yazıçının yalnız ictimai tərcümeyi-halının deyil, fərdi həyatının, şəxsi münasibətlərinin, xarakterinin zəif və güclü cəhətlərinin öyrənilməsinin də bədii əsərin təhlilində xüsusi yeri var.

Bioqrafik məktəb bədii əsərin sınaqdan çıxmış, təsdiqlənmiş faktlar əsasında təhlilinə əsaslanan müddəalarını bədii mətni ilkin miflərə bağlayan, bədii mətndə mifləri bərpa etməyə səy göstərən mifoloji məktəbə qarşı qoyurdu, mifoloji məktəbi əvəz etməyə çalışırdı.

Sent-Bövün təliminə görə, görkəmli yazıçıların təkcə öz həyat yolunu öyrənmək kifayət deyil, onların ailəsinin, əcdadlarının kimliyi də dərindən öyrənilməlidir. Bu zaman əldə olunan biliklə yazıçının əsərlərinin  əlaqələndirilməsi “bu və ya digər zəkanın gizli və üzdə olan xüsusiyyətlərinə gur işıq sala bilər”.

Bundan sonra isə yazıçını əhatə edən mühiti öyrənmək zəruri və əhəmiyyətlidir. Çünki istedadın formalaşmasında  onu əhatə eləyən mühitin danılmaz təsirləri var. 

Öz elmi yaradıcılığında pozitivizm fəlsəfəsinin sədaqətli tərəfdarı olan Sent-Böv bədii əsərin təhlili zamanı istinad edilən faktların dəqiqliyini ön sıraya çəkirdi.

Qeyd edək ki, pozivitizm fəlsəfəsi elmin metodologiyasında təcrübi tədqiqatı həqiqi, real biliyin yeganə mənbəyi kimi müəyyənləşdirirdi və Sent-Böv də israr edirdi ki, “hər bir bilik müşahidə və təcrübəyə əsaslanır”.

O bu fikirdə idi ki, müəllifin yaradıcılığının və onun şəxsiyyətinin tam dəqiqliyi ilə öyrənilməsi tənqidçini “aldadıcı gözəlliklərə” heyran olmaq təhlükəsindən qoruyur, ona daha düzgün elmi istiqamət verir.

Sent-Böv varislik məsələsindən bəhs edərkən düşünürdü ki, tələbələrin öz ustadlarını kumir səviyyəsinə yüksəltməsi onların yoluna işıq tuta bilər, bununla belə, təqlidçilik yazıçını həmin işıqdan məhrum edir və ustadın nüfuzundan süi-istifadə etmək yaradıcılığın imkanlarını məhdudlaşdırır.

Onu da qeyd etmək lazımdır ki, bioqrafik metod hələ də öz elmi aktuallığını saxlamaqdadır, hazırda Azərbaycan ədəbiyyatşünaslığında da bioqrafik metodun tətbiqinə rast gəlmək mümkündür.

Şarl Sent-Bövün sizə irəliləyən dəqiqələrdə təqdim edəcəyimiz əsəri isə ədəbiyyatşünaslığın tez-tez qaldırdığı və dəqiq cavab verə bilmədiyi (yəqin ki, cavab verə bilməyəcəyi) bir sualın cavabının axtarılmasına həsr olunub.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)