Ramiz Qusarçaylının kölgəsi…

 

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında qubalı ustad şair Ramiz Qusarçaylının “Kölgə” şeirini təqdim edir.

 

Dünya zülüm kölgəsidi,

ahdı,

Ömür sələm kölgəsidi,

behdi,

İnsan ölüm kölgəsidi,

ruhdu, 

şairim, ruhdu... 

 

Babək edam kölgəsidi, 

Bəzzdi,

Günah Adəm kölgəsidi,

həzzdi,

Həvva qadın kölgəsidi,

qızdı, 

şairim, qızdı...

 

Ləvat Lutun kölgəsidi,

tordu,

Zina lütün kölgəsidi,

kordu,

Məzar bütün kölgəsidi,

gordu, 

şairim, gordu...

 

Tüstü tütün kölgəsidi,

hisdi,

Qaymaq südün kölgəsidi,

üzdü,

İpək tutun kölgəsidi,

bezdi, 

şairim, bezdi...

 

Orden metal kölgəsidi,

misdi,

Şöhrət medal kölgəsidi,

pisdi,

Şeir detal kölgəsidi,

hissdi, 

şairim, hissdi...

 

Ay sarının kölgəsidi,

aldı,

Gül arının kölgəsidi,

baldı,

Eşq Tanrının kölgəsidi, 

yoldu, 

şairim, yoldu...

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)