Pərdələr və arakəsmələr barədə mütləq həqiqət - Hümbət Həsənoğlu yazır Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Hümbət Həsənoğlunun “Pərdələr və ya arakəsmələr haqqında” adlı essesini oxucularına təqdim edir

 

Nar meyvəsini açanda içindəki pərdələri görmüsünüz. Qoz meyvəsinin içində də belə pərdələr, arakəsmələr vardır.

Pərdələr ona görədir ki, meyvənin bir hissəsində olan xəstəlik, mərəz asanlıqla digər hissələrə keçməsin.

İnsan bədəninin daxilində hər orqanın da öz pərdəsi var. Ürəyin, ciyərlərin, hətta beynin də öz pərdəsi var. 

Belə, lakin görünməyən pərdə-arakəsmələr gözümüzə, qulağımıza və digər hissiyyat orqanlarımıza da qoyulub.

Məsələn, insan gözü yalnız 400-700 nm işıq dalğası diapazonunda görür. Bundan kənar diapazonda insan gözü heç nə görmür. Əks halda biz əllərimizdə, ətrafda qaynaşan milyardlarla mikroblar görərdik ki, bu da yaşayışımızı mümkünsüz edərdi. Eyni zamanda, dünyamız belə rəngbərəng və gözəl deyil, ağ-qara və boz rənglərdə olardı.

Qulağımıza da pərdə( məhdudiyyət) qoyulub. Biz səsi yalnız 16-20000 hs. arası tezlikdə eşidirik. Bundan qıraq tezliklərdə, təbiətdə elə səslər ola bilir ki, biz dəhşətə gəlib qulağımızı tıxayıb yaşamalı olardıq.

Allahın dənizlər arası qoyduğu pərdə haqqında Quranda da yazılıb.

O gözə görünməyən pərdədən sular fırtınada belə qarışmır.

Düşünürəm ki, Allah bizim beynimizə də məhdudiyyət pərdələri qoyub. Bu pərdələrə görə biz ruhlar aləmini heç vaxt dərk edə bilməyəcəyik. İnsan min ildən sonra da quşların, kəpənəklərin, cırcıramaların dilini başa düşməyəcək. Bunlar ona görə edilib ki, onlar bizdən və əksinə qorunaq.

Bəşəriyyət Allahın onun üçün müəyyən etdiyi, pərdələrlə dəqiq çərçivələnmiş dar  bir cığırla gedir. 

İnsan öz ağlı ilə də belə görünməz pərdə yarada bilir.

İnsanın ailədə, ictimai yerlərdə, könüllü olaraq özü ilə digər insanlar arasında qoyduğu bu məhdudiyyət pərdəsinin adı əxlaqdır.

Əxlaq insanı heyvandan fərqləndirən əsas meyardır.

Hətta dilimizdə də “pərdə saxlamaq” ifadəsi var. 

Ailədə, cəmiyyətdə, kollektivdə, dostluqda belə  

“pərdə saxlamaq” la çox problemlərin qarşısını almaq olar.

Bizi ayırmaq üçün deyil, bizləri qorumaq üçün yaradılan pərdələri birlikdə qoruyaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)