Almandilli ədəbiyyatın tanınmış tərcüməçisi Vilayət Hacıyev vəfat edib Featured

Azərbaycan elminə və ədəbiyyatına ağır itki üz verib. Azərbaycan filoloqu, dosent, tərcüməçi, Azərbaycan YaIçılar Birliyinin  üzvü Vilayət Tapdıq oğlu Hacıyev dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Vilayət Tapdıq oğlu Hacıyev 1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olub. 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirib və elə həmin ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olub. İnstitutu 1971-ci ildə bitirdikdən sonra bir il Daşkəsən rayonunda alman dili müəllimi işləyib. 1973-cü ildən vəfatına qədər Azərbaycan Dillər Univesitetində çalışıb. 

Vilayət Hacıyev böyük almandilli yazıçılar Erix Mariya Remark, Herman Hesse, Haynrix Böll, Stefan Sveyq, Frans Kafka, Lion Feyxtvanger, Daniel Keelman və başqa müəllifləri orjinaldan dilimizə tərcümə edərək mədəniyyət xəzinəmizə böyük töhfə verib. 

Vilayət Hacıyev 2012-ci ildə Frans Kafkanın “Məhkəmə” romanını mükəmməl tərcümə etdiyinə görə Avstriyanın “Tərcümə Mükafatı”na, eləcə də Azərbaycan Yazıçılar Birliyinin “Tofiq Bayram” mükafatına layiq görülub. 2019-cu ildə Haynrix Böllün "Kişisiz ev" romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə Mədəniyyət Nazirliyimizin  “Qızıl Kəlmə” mükafatına layiq görülüb. 2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin "Fəxri Diplom"u ilə təltif edilib. 

Avstriya Federal Prezidenti Avstriyanın federal Elm, Tədqiqat və İqtisadiyyat nazirinin təqdimatı əsasında Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə "Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç" ordeni ilə təltif edilib. 

Vilayət Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)