Gəlibdi həsrət artıq, yolum-izim dumandı - “Qəzəl saatı”nda Lilpar Cəmşidqızıdır Featured

“Ədəbiyyat və incəsənət” portalının “Qəzəl saatı” rubrikasında Sumqayıtda yaşayıb-yaradan şair Lilpar Cəmşidqızının qəzəllərinin dərcini bu gün yekunlaşdırır. Buyurun, son 4 qəzəllə tanış olun.

 

 

 

***

Könül çıxardı bir gün, dar olmasaydı xanə,

Ağıllı bir sevən də, verərmi qüssə canə.

 

Dedim məhəbbətinlə gəl oynama əzəldən,

Könül veribsən artıq, o qaşları kəmanə.

 

Nə Leyli var, nə Məcnun yaman dəyişdi dövran,

O çöllərin tozunda, de kim düşüb dumanə?

 

Sevib- sevəndə insan, qanadlanır səmadə,

"Məhəbbətin"dəmindən, olur könül miyanə.

 

Sevənlərin çoxunda, bitib- gedib sədaqət,

Yalanla doğdu insan, nə eyləsin zəmanə.

 

Bu bəhridən çıxanlar, boğulmayır cahanda,

Ömür sürən zamanda, gəlir qayıq limanə.

 

Qızılgün yanında o xəstə bülbül olsa,

Bulaq başında hər gün ətir səpərdi nanə.

 

Ötüb- keçən məhəbbət, qayıtmayan qatardı,

Kədərlə yol gedənlər, edir bunu bəhanə.

 

Nələr alıbdı səndən, nələr veribdir aləm ,

Susur könül də Lilpar, dolanda sevgi qanə.

 

 

***

Pəncərədən gələr külək, bağlamamış, əsər keçər,

Yar qayıdar bu gün səhər, gəlməsə görsənər keçər.

 

Gəl görüşək deyər mənə, bax nəfəsim gəlir gedir,

Gör necə il sıxılmışam, dar küçədən qəhər keçər?

 

Çöldə yağış döyəcləyər, daş divarın yuyar üzün,

Göydə bulud sıxar gözün, göy çəmənə tökər keçər.

 

Gözlərimin dərinliyin, görmək üçün baxar bir az,

Çayda batıb boğulmamış sahilinə üzər keçər.

 

Mən necə söyləyim ki, yar inciməsin, darıxmasın,

Yoxsa gələr görər məni, bir sənəlik küsər keçər.

 

Məktubunu sətir- sətir mən oxuyum cavab verim,

Çox düşünüm bir az gərək ağzını yar büzər keçər.

 

Gör nə qədər yazılmamış kəlməsi var, bu Lilparın,

Bir qəzəlin içindəkin, ağladaraq gülər keçər.

 

 

***

Düşərdimi bir eşqə, könül vurulmasaydı?

Axardımı damardan o qan durulmasaydı?

 

Nə sevgi vardı indi, nə ülvi bir məhəbbət,

Nə Adəm ilə Həvva, cahan qurulmasaydı.

 

Cəhənnəm ilə Cənnət, dolub daşardı hər gün,

Bilərdi səhvin insan, günah sorulmasaydı?

 

Fəğan edərdi bülbül, qızılgülün dəmindən?

Açanda gül budaqdan o xar sarılmasaydı.

 

Cəfa çəkən bir aşiq, dözərdi min bəlayə,

Külək gələrdi hardan, o cam qırılmasaydı?

 

Tutub bərabər aşiq, içəndə qəm şərabın,

O fərqi bilməz idi, ürək yarılmasaydı.

 

Yazardı burda Lilpar, tapıb qələm və dəftər,

Cilid- cilid kitablar, əgər yorulmasaydı.

 


***

Xəyali-yarə yetsəm, görüşməyim gümandı,

Gəlibdi həsrət artıq, yolum-izim dumandı.

 

Vüsalına ümid yox, qayıtmayır ki, zalım,

Zəhər tökür dilindən, o bəxtəvər yamandı.

 

Vurulmuşam o bilmir, bir od yanır içimdə,

Ki, oxlayan yaxamdan, o qaşları kamandı.

 

Gözümdə sellər oynar, tutanda yar əlimdən,

Bir azca diqqət etdim ki, tutduğum samandı.

 

Bu sevgidən səmər yox, yalançıdır məhəbbət,

Gedən bu bəxti bizdən, gətirməyən zamandı.

 

Mənim bu qanlı könlüm sıxışdırır yaxamda,

Döyəcləyəndə köksüm, deyim ki, qəhrəmandı.

 

Nə arzudur, nə istək, bilinməyir xəyalın,

O gözlərin də, Lilpar, oxunmamış romandı.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)