Saz ilə, söz ilə… Featured

Muğam Mərkəzində Əkbər Qoşalının 50 illik yubileyi qeyd edildi

 

Dünən axşam Beynəlxalq Muğam Mərkəzində şair Əkbər Qoşalının 50 illik yubileyi qeyd olundu. Milli Məclisin Mədəniyyət Komitəsinin xətti ilə və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirılən yubileydə iştirak etmək istəyənlər o qədər çox idi ki, qapı ağzında çox sayda adam qalmışdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yubiley törənində Milli Məclisin Mədəniyyət Komitəsinə rəhbərlik edən Qənirə Paşayeva ilk olaraq çıxış etdi, Əkbər Qoşalını türk dünyasına körpü salan şəxs adlandırdı. 

Daha sonra məşhur alim Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev eləcə də xarici qonaqlar çıxış etdilər, yubilyara ürək sözlərini çatdırdılar. Bu yubiley törənlərində iştirak etmək üçün ölkəmizə türk dünyasının ünlü söz adamları, nüfuzlu diaspor nümayəndələrimiz təşrif buyurmuşdular. 

Malik Otorbayev – Qazaxıstan Prezidentinin müşavirinin, Rkail Zəydullanın – Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Millət vəkilinin, Şemsettin Kuzecinin - İraq Türkmanlarının tanınmış nümayəndəsinin, Kərküklü şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadimin çıxışları xüsusi alıqşlarla qarşılandı. 

Xarici qonaqlar və diaspora nümayəndəıərimiz arasında digərləri də vardı:

Murat Toylu – “TRT Türkmənistan Masası”nın rəhbəri, jurnalist,

 Aygiz Baymuxammet – Başqurdistan Yazıçılar Birliyinin başqanı, Dövlət Gənclər Mükafatı laureatı,

 Qavril Androsov – Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini,

 Tanagöz Tolkınkızı – Qazaxıstanda ABAY TV-nin prodüsseri, şair,

Janargül Kadırova – Qazaxıstanın Ekibastuz şəhərinin “Otarka” qəzetinin redaktoru,

Janayım Auğanbaykızı – Qazaxıstan yazarı, teleaparıcı,

Batırxan Sersenxan – “Egemen Qazaxıstan” qəzetinin “Ədəbiyyat və incəsənət” şöbəsinin əməkdaşı;

 Nurlan Kalıbekov – Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi, şair,

 Marina Karyagina – Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair, rejissor;

 Əliş Məmmədov – Saxa-Yauyita İl Tüməninin  (Parlamentinin) deputatı, “Saxa-Yakutiya Azərbaycan diasporu" ictimai təşkilatının sədri,

Tərlan Qasımov – “Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri,

Aqil Əliyev – “Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin başqanı;

Yılmaz Okuklu – Türkiyədən nüfuzlu işadamı,

Selim Yuhay – Türkiyə telejurnalisti, rejissor, ictimai xadim.

Çıxışçılar həm də yubilyarı təltif etdi, Əkbər Qoşalı Qazaxıstanın, Qırğızıstanın, Tatarıstanın medallarını, AYB-nin Diplomunu qazandı.

Aşıq musiqisi, “Folklor” ansamblının çıxışı, qiraətçinin səsləndirdiyi şeirlər isə gecəyə xüsusi gözəllik verdi.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)