50 yaş nədir ki?.. - Kənan Hacı yazır Featured

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, publisist Kənan Hacının şair Əkbər Qoşalıya həsr etdiyi “Qağa, 50 yaş nədir ki?” yazısını təqdim edir. 

 

Doxsanıncı illərdə ədəbiyyata maraqlı bir   nəsil gəldi. Bu nəsil bütün parametrləriylə yeni idi; həmin gənclik ədəbiyyata   müstəqillik dövrünün paradiqmasını gətirdi, onların yaradıcılığında azad söz forma və məzmun baxımından, üslub cəhətdən bütün stereotipləri alt-üst etdi. Uzun illərdən bəri tanıdığım şair Əkbər Qoşalı bu dalğanın gətirdiyi yeni, azad sözün təmsilçilərindəndir.   

İllər sürətlə bir-birini əvəz edir,   doxsanıncıların ədəbiyyatda açdığı cığırla yeni-yeni nəsillər gəlir, bir atımlıq barıtı olanlar tədrucən söz meydanından çəkilir, sözü taleyinə çevirənlər isə ədəbiyyatın yaddaşına hopur. Əkbər bu yolda sabitqədəm oldu, söz-söz addımladı, bu yolun çətinliklərini canına hopdurdu və beləcə, bir də baxıb gördük ki, yarım əsrin  dizini yerə qoydu! 

Öz yazdığım cümləyə heyrətlənirəm...   Əkbər Qoşalının – gənc qələm dostumun 50 yaşa qədəm qoyması mənə bir az inanılmaz, bir az qəribəgəlir. Onu həmişə harasa tələsən görmüşəm, bilirəm ki, getdiyi   yerdə mütləq millətimizin, ədəbiyyatımızın nəfinə hansısa işlər görür. Tərtibatçısı olduğu, tərcümə etdiyi və yazdığı kitablar Azərbaycan ədəbiyyatının Türk dünyasıyla  birləşib bir bütöv olmasına xidmət edib. Onun yaratdığı Dünya Gənc Türk Yazarlar Birliyi Turan dünyasına atılan ədəbi körpüyə çevrilib. Əkbər türk xalqları arasında ədəbi əlaqələrin yaranmasına böyük töhfələr verib, bu yolda neçə-neçə şeirini, neçə-neçə   yazısını qurban verib. Gördüyü işin əhəmiyyətini dərk edərək bütün enerjisini, gücünü bu yöndə sərf edib və bu gün də həmin missiyanı davam etdirir. Əkbər uzun illər Ayatürk Mərkəzində səmərəli fəaliyyət   göstərib. Ölkəmizi dəfələrlə uluslararası  konfrans, simpozium və festivallarla ləyaqətlə təmsil edib. Bir sıra beynəlxalq  ödüllərə layiq görülüb. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə“Tərəqqi” medalına layiq görülüb. Bu gün də Milli Məclisin Mədəniyyət Komitəsində ekspert olaraq çalışır. Əkbərin ədəbi və ictimai fəaliyyəti zəngindir. Əkbər dost kimi də canayaxınadamdır. Onunla dostluğumuzun az qala, iyirmi yaşı var. Onu həmişə özümə    simsar bilmişəm, səmimiyyəti, dostcanlılığı   ayaqüstü söhbətlərimizdə belə adamı xoş auraya kökləyir. Bir dəfə yazmışdım ki,Əkbər dostu da köksünə ürəklə sıxır. 

O ki qaldı şairliyinə... Onun “Ürək daşı” kitabı haqqında yazdığım düşüncələri bu yazıda təkrarən təqdim edirəm:

Əkbərin poeziyası kökü qədimlərdən gələn   türk ruhunun gələnəklərinə söykənir. Dünyanın yollarını əriş-arğac eləmiş bu poetik təfəkkür Əkbərin qan yaddaşında yenidən oyanır və sözdə bədii ifadəsini tapır. Hardansa oxumuşdum ki, şeir qəlbiylə ağlını   sözə batırıb balla yemək deməkdir. Mənim düşüncəmə görə isə şair arı kimi sözdən şirə çəkəndir, söz şairin düşüncəsində şirələnib ballanır. Əkbərin şeirlərində həzin şirinliyə narın bir qüssə də qarışıb: 

Ürəyin çatan dərdə boyun çatmır, neyləyək? Baxdım, göz yaşın çatır, yaşın çatmır, neyləyək? 

Dərdə boy verməyən yaşda dünyanın kədəriylə tanış olmuş gənc dünyanı ağrılarıyla tanıyır. Şeir ağrı sözünün sinonimi kimi işlənir. Ağrı hələ kədəri tanımayan ürəyə ilan kimi sürünür. Əkbərin poeziyasında bu qəbil nisgilli misealar az deyil. Bu da poeziyanın təbiətindən doğur. Ona görə belə bir mümkünsüz arzu gəlir xəyalına:

Bircə dənə arzum qalıb, İlahi!

O qədər dərd yükləmişik çiyninə,

İnnən belə doğulacaq uşaqların

Ürəyini cüt elə...

Bu, bir şair arzusudur. Qəribə, irreal arzudur... Mən isə Əkbərə, qədim dostuma    dünya qədər qədimlik arzulayıram! Yaşın   üstə yaş gəldikcə arzuların tükənməsin, əziz dost! 50 yaş nədir ki, ay qağa? Yüzəcən yaşa, bəsdir…

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)