“Perik düşmüş nəğmələrim ağrıyır...” – Cəmil Cəmilbəylinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə debüt vaxtıdır, Cəmil Cəmilbəylinin şeirləri ilə tanışlıqdır.

 

 

DEBÜT

 

Cəmil CƏMİLBƏYLİ

 

***

Həm öyrətdik, həm öyrənib dərs aldıq,
Gedənlər də, qalanlar da sağ olsun.
Şirin-şəkər nağıllara inandıq,
Doğrular da, yalanlar da sağ olsun.

Gül arzular, gül ümidin üzən çox,
Gül üstündə titrəyən çox, əsən çox.
Taledi də, inciyən çox, küsən çox,
Açanlar da, solanlar da sağ olsun.

Kim nə bilir, nə yolunuq, nə köçün,
Ya savabın, ya xeyirin, ya suçun.
O dünyada bizə düşən pay üçün
"Xeyir-dua qılanlar da sağ olsun".


***

Dərdin alım, gileylənsə, incimə,
Ürəyimdə nə qəmlərim ağrıyır.
Həsrətinlə toxuduğun, hördüyün
Naxışlarım, ilmələrim ağrıyır.

Ha axtarsın, ha arasın gözlərim,
Öz yolunda itkin düşüb izlərim.
Dodağımda köz-köz olmuş sözlərim,
Külə dönmüş kəlmələrim ağrıyır.

Bir zamanlar şən səsinlə güllənən,
Gahdan coşub, gah durulub lillənən,
Gah kamanda, gah da tarda dillənən
Perik düşmüş nəğmələrim ağrıyır.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)