Bakıda Tolstoy və Dostoyevski barədə sərgi açılıb

Aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində rus ədəbiyyatının iki klassikinin yaradıcılıq əlaqələrinə həsr edilmiş “Baş tutmayan böyük görüş. Tolstoy və Dostoyevski” adlı sərginin açılışı olub. Sərgini Bakıdakı Rus Evi təşkil edib. 

 

Təşkilatçının yaydığı məlumata görə, sərgidə L.N.Tolstoy Dövlət Muzeyi fondunun materialları, V.İ.Dal adına Rusiya Dövlət Tarix Muzeyinin fotoşəkilləri, habelə Rusiya Dövlət Kitabxanasının fondundan məktub təqdim olunub. 

L.N.Tolstoy Dövlət Muzeyinin elmi işçisi Yelizaveta Alekseyeva qeyd edib ki, bu sərgi Lev Nikolayeviç Tolstoyun və Fyodor Dostoyevskinin baş tutmayan şəxsi görüşündən bəhs edir. “Biz sərgidə bu paradoksu təhlil etməyə, ziyarətçilərin diqqətinə iki böyük yazıçı arasında qiyabi ünsiyyəti çatdırmağa çalışdıq”, -deyə o əlavə edib. 

Yazıçıların həyata qarşılıqlı və birmənalı olmayan baxışı, onların eyni suallara cavablar axtarması, müasirləri tərəfindən onların yaxınlığının qavranılması məsələlərinin təqdimatı sərginin əsas qayəsidir. Layihənin məqsədi sərgiyə gələnlərin özlərinin seçim etməsi və iki dahi yazıçının qiyabi dialoqunun tarixi ilə bağlı öz fikirlərini bildirməsidir. 

L.N.Tolstoy və F. Dostoyevski eyni dövrdə yaşayıb, yaradıb və vahid zaman kəsiyində həqiqət axtarışında olublar. Onlar bir-birinin yaradıcılıq yenilikləri ilə yaxından maraqlanıb və uğurlarına seviniblər. Onların hər biri öz müasirinin əsərlərini həyəcanla mütaliə edib, təkrar oxuyub və sitatlar gətirib, qarşı tərəflə qiyabi dialoq aparıb. 

Yazıçıların ortaq dostları və tanışları olub. Onlar öz əsərlərini eyni jurnallarda dərc elətdirib, lakin tanışlıqları olmayıb və yazışma aparmayıb, hərçənd bir-biri ilə görüşməyi arzulayıblar. Məhz bu paradoks rus ədəbiyyatının qızıl dövrünün indiyədək açmağa cəhd edilən sirrlərindən biri olub. 

Layihə başa çatdıqdan sonra sərgi Bakıdakı Rus Evinə təhvil veriləcək. 

Qeyd edək ki, Bakıdakı Rus Evi və Azərbaycan Dillər Universitetinin iştirakı ilə “Rus dili millətin mədəniyyət kodu və millətlərarası ünsiyyət vasitəsi kimi” layihəsinin təşkilatçıları qismində Kinofestivallar və Beynəlxalq Proqramlar Mərkəzi, Moskvadakı L.N.Tolstoy Dövlət Muzeyi, “KinoFokus” kompaniyası çıxış edirlər. Layihə mədəni təşəbbüslər üzrə Prezident Fondunun dəstəyi ilə həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)