Sən yalanımdan başladın - Nuranə Cavidanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı gənc şairə Nuranə Cavidanın şeirlərini diqqətinizə çatdırır. Şeirləri redaksiyamıza Dünya Gənc Türk Yazarlar Birliyi təqdim edib. 

 

*

Başladın sol tərəfdən, xislətimdən başladın,

Mən nəfsi tox adamdım, ac qəlbimnən başladın.

Başım dikdi, üzüm ağ, gülüşdən pərdəm vardı,

Gizlindəki o ağlayan gücsüz ruhdan başladın.

Axtarmağa taqətim yox,

İçimdəki yalqızlığın qollarına buraxmışam varlığımı.

Bir mən vardım, bir mən vardım, mən iki nəfərdim cəmi.

O hamıdan gizlətdiyim ikinci məndən başladın....

Yıxılmaq gücsüzlük idi, ağlamaq acizlik demək.

Kiminə güclü görünmək, kiminə bir oyun demək.

İçimdə bir düz mən vardım, sən yalanımdan başladın...

Görməz gozün, cismin məni, ya bəlkə sən gözəl gördün,

 Çox heyif ki bahardan yox, mənim qışımdan başladın....

Gücüm çatmaz hisslərimdən sərdabələr quram sənə,

Əlim çatmaz körpə eşqə çabalayan ürəyimi kecmişimdən çəkəm sənə.

Elə baxma mənə məsum, zamanımın boşa gedib tükənməyimdən başladın...

Duruşum şux, obrazım çox, bir insan var dünya boyda,

Sevgisi var, parça-parça.

Zülmətin dərd otağında ac qəlbiylə baş-başadır,

Mən ki iki nəfər idim, sən hamıdan gizlətdiyim ikinci məndən başladın...

 

*

Biz uzağiq sevgilim. 

Aramızda beş addım,

Bir qucaq qara bulut

Bir milyon il zaman var.

Məndən sənə yüz doğru yol,

Bir cüt çarəsiz qalan boş qol.

İndi sənə mən əvəzdən daha soyuq sarılan var...

İndi həsrət qatarında yola çıxıb xatirəmiz.

Sonuncu oturacaqdan pəncərəyə söykəmişəm 

bir cüt nəmli gözlərimi.

Ordan-bura, burdan-ora köçürürəm xatirəni.

Hansı oturacağa baxsam, mənə baxan bir sən varsan.

Yalan danışmaq gözəldi, o yalan ki süşləmişəm hər tərəfin varlığınla,

o yalan ki gerçəyindən çox qorxuram.

Elə təxmin eləyirəm göy üzündən

 mənim bu dəli halıma baxıb gülüb əylənən var....

Yol gedirə taqətim yox,

addımlarm azıb qalır.

Bilirəm yıxılacağam, yol da məndən bunu danır.

Nə qəribə, dizimdən yox,

Ürəyimdən qan axmaqda.

Mən səni xəyal etdikcə düşünürəm məlhəmim var...

 

*

Azadlığın şüarı ilə bir ürək gətirmişdim sənə,

O ürək ki sevgisizliyin məhkumluğundan canını təzə qurtarıb.

Sənin gözlərində görə bilirəm dərin baxışların sərkərdəsini.

Mən ruhlarımız arasındakı körpüdə gözləyirəm səni.

Yıxılsam yapışacam kipriklərindən

İndi sarılmağa nə var ki?!

Payızın soyuğundan tutmuş, sənsiz keçmiş illərimə kimi.

Yüz bəhanə də tapa bilərəm.

Ata bilərəm özümü həsrətin boğazına çöküb, səni bezar etdiyi yerdən.

Həsrətdən yıxılanlar onsuz da ölmür...

Yaşamağı öyrənir...

Bəs sən neçə nəfərə yaşamağı öyrətdin?

Sən mənə də öyrədirsən,

Yaşamağı yox, sevginlə ölməyi öyrədirsən.

Əllərində əllərimi sıxdıqca,

Elə hissləri  öldürdün ki.

Nə yaxşı ki bu gün ölənlər yenidən yarana bilir,

Mən gözləyirəm səni ruhlarımız arasındakı körpüdə...

Bu gün bir yerdə öldürdüyümuzü yenidən yaşatmaq üçün.

Mən gözləyirəm səni kipriklərinin dibində..

Orda sənə sarılmaq üçün...

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)