Niyə dünya tərəzisi heç vaxt taraz olmur?

 

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında bu gün portalımızın Güney Azərbaycan təmsilçisi, təbrizli yazar Əli Çağlanın “Dünya tərəzisi” şeirini təqdim edirik. Şeir ictimai motivlidir, insan kədəri ilə cəmiyyət kədərinin bir-birinə qarışmasından bəhs edir. 

 

*

 

Tərəzisi dünyanın,

Heç vaxt taraz olmadı.

Zülüm qaldı ayaqda

Ölüm qaldı ayaqda,

Şənlik biraz olmadı.

 

Ucaldıqca bir qolu,

Demək ki, yüngül oldu.

Bir qol tərəqqi tapdı,

Bir qol tənəzzül oldu.

 

Şahlar qılınc çaldılar,

Qan tökdülər, ay oğlum!

O qanlar toplandılar,

Tərəzinin qolunda,

Yarandı zülüm, zülüm!

Qan tökdülər, ay oğlum!

 

Bir qolu göydə qaldı,

O qol sevinc qoluydu.

O qol həyat qoluydu,

O qol yaşam qoluydu,

Bu yandan da bir qolu,

Qanlar ilə doluydu.

 

Ucada qalan qolun,

Başında bayraq oldu.

Azadlıq bayrağıydı,

Vətənin torpağıydı,

Nədənsə tapdaq oldu.

 

Tərəzisi dünyanın,

Məhkumu hakim etdi.

Heç vaxt taraz olmadı,

Hər nəyin ömrü bitdi.

 

Sən də gözlə ay oğlum,

Yaydan sonra payız var.

Görərsən, keçdi günlər,

Görərsən soldu güllər,

O güllər kimi ömrün,

Görərsən birdən solar.

 

Yaşa, yüngül tərəfdə,

Qoy o qol ağırlaşsın.

Qoy o qolun içindən,

Qalxıb azadlıq daşsın.

Zülümün ağlı çaşsın...

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)