“ Biz naməni yazdıq sənə göz yaşlarımızla...” – Xaqani Əmininin qəzəlləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Xaqani Əmininin qəzəlləri ilə tanışlıqdır.

                                     



QƏZƏL DE Kİ...

 

 

Xaqani ƏMİNİ

 


Hicranına dözmək mənə müşküldü, sözüm yox,
Amma elə zənn etmə ki, aşiqdə dözüm yox.

Saldın məni gözdən, könül, öz nalələrinlə,
İndi üzünə baxmağa cananın üzüm yox.

Səhraləri başdan-başa sərgəştə dolandım,
Hicranın əlindən, görəsən, harda izim yox?

“Yum gözlərini, bunca, – deyirsən, – mənə baxma,”
Nolar, elə billəm, koram aləmdə, gözüm yox.

Başdan-başa, Xaqani, vücudum dolu qəmdir,
Əks eyləyən ayinədə dərdimdir, özüm yox. 


***

Məhşər günü cənnət, deməyin, zahidə qaldı,
Hardan axı haqqın kərəmi fasidə qaldı?!

Göz gördü, tökən qanımı qəmzəndi, danırsan,
Aləmdə gümanım bu iki şahidə qaldı.

Biz naməni yazdıq sənə göz yaşlarımızla,
Amma səni görmək, gözəlim, qasidə qaldı.

Sən getdin, əzizim, mənə üz verdi kədər–qəm,
Həsrət ürəyimdə əbədi abidə qaldı.

Xaqani, gədalıq edə bildik qapısında,
Söz mülkü Süleymanlıq edən Vahidə qaldı.


***

Çərxdən umma vəfa, sabit keçən dövranı yox,
Hər zaman bir tövr dövr eylər, onun səhmanı yox.

Var əzəl gündən bizim peymanımız peymanəyə,
Sındırıb peymanəni zahid, onun peymanı yox.

Bir sağalmaz dərdə düşdüm, dərd dərd üstən gələr,
Dərdə bax ki, dərd əlindən dərdimin dərmanı yox.

Düşməmiş eşqində aşiq mənfəət sevdasına,
“Var-yox” fərqində yox ki, vəsli var, hicranı yox.

İndi ki, Xaqani eylər iddia aşiqliyi,
Eşq meydanında cananın düşünsün, canı yox.


***

 Görsəydi Züleyxa bu gözəl yarı, düzün de,
Heç gör səni istərdimi, ey Yusif, özün de.

Göstər ona, görsün necə gülşəndə solub gül,
“Qalmaz bu gözəllikdə sənin də gül üzün”, – de.

Öz dərdini könlüm deyə bilmir, dili yoxdur,
Ey badi-səba, yarə bu biçarə sözün de.

Tök gözlərim üstə bir ovuc torpaq öləndə,
“Qoy qalmasın arxamca o dünyadə gözün”, – de.

Öz cənnətinə bağlıdı zahid, nə qanır eşq,
Yox xeyri nəsihətlərinin, gündə yüzün de.

Səndən bizi, Xaqani, əgər kim xəbər alsa,
Aşiqlərin ünvanını ancaq göy üzün de.


***

Bu canı eşqdə bir sərvnazə verdim mən,
Xəyali-vəsl ilə ömrüm güdazə verdim mən.

Həqiqi eşqimi zahidlərə bəyan elədim,
Heyif ki, sirrimi əhli-məcazə verdim mən.

Cahan məhəbbəti dəryadə qərq edib çoxusun,
Bilib bunu, özümü çox dəyazə verdim mən.

Yaxardı qəm səni axır bədəndə qalsaydın,
Nə yaxşı, çıxmağa, ey can, icazə verdim mən.

Cəmali-yarımı, Xaqani, qiblədir bildim,
Odur ki, fikrimi ancaq nəmazə verdim mən.


***

Gərçi gülşəndə gülün xarə təmənnası olur,
Gülə axırda qalan bülbüli-şeydası olur.

Yar əgər istəsə, biganə məni incitməz,
Bülbülü dərdə salan öz güli-rənası olur.

Göz yumub eşqinə bənd olma vəfasız gözəlin,
Gec-tez axır bu işin sonradan əmması olur.

Adı dillərdə gəzər canlı bir əfsanə kimi,
Yaşadan aşiqi qəlbindəki sevdası olur.

Yetməsə vəslinə Xaqani, deyin ağlamasın,
Kim bilir, ayrılığın, bəlkə də, mənası olur.


***

Saldı sevdayi-səri-zülfü  könül başımıza,
Nə qara gündür, əcəb gəldi bu il başımıza.

Dərdi ərz eyləmək artırdı cəfasın yarın,
Bir bəla oldu məhəbbətdə bu dil başımıza.

Ey könül, heyrət edirsən ki, sitəm daşı yağır,
Yoxsa bu çərx, sanırdın, səpə gül başımıza?

Aldanıb zahidə cənnət həvəsiylə yaşadıq,
Almadıq saqi əyağın ələ, kül başımıza!

Ələ al saqi əyağın, başa çək, Xaqani,
Başa düş, başqa dəva çarə deyil başımıza.


***

Sevgilim, hər gəlişin qəlbə diləklər gətirər,
Dilinə eşqimizi odlu ürəklər gətirər.

Bir gözəlsən ki, mələklər də çəkir həsrətini,
Nə verər mislini dünya, nə fələklər gətirər.

Aşiqin dönsə də torpaqlara, səndən dönməz,
Onu hər gün qapına gizli küləklər gətirər.

Bil ki, dünyadə qəmindən yıxılan aşiqini,
Qaldırıb məhşərə çiynində mələklər gətirər.

Qəbrimin torpağı, Xaqani, dönər gülzarə,
Gündə cənnətdən enib huri çiçəklər gətirər.

 

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)