Hafiz Baxış - “Bizim dost itirən vaxtımız deyil” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı “Nostalji: ən sevilən şeirlər” rubrikasında mərhum şair Hafiz Baxışın “Bizim dost itirən vaxtımız deyil” şairini təqdim edir. Sovet dönəmlərində əslən Qərbi Azərbaycandan olan şair Hafiz Baxış çox sevilərdi, onlarca şeirinə mahnı bəstələnmişdi. Bu şeir isə o qədər dəbdə idi ki, əksər toy məclislərində tost sözlərinə çevriımişdi. 

 

Gəlin itirməyək dostları, qardaş!

Onsuz da çox deyil yaxşı dost, sirdaş.

Dostluq qalasından bir kərpic, bir daş

Uçurub aparır hər saat, hər il -

Bizim dost itirən vaxtımız deyil!

 

Bir könül həmdəmi tapana qədər

Can evi illərlə olur dərbədər.

Var-dövlət dünyada gəlib də gedər,

Hər şeyə göz yumub dosta et meyil-

Bizim dost itirən vaxtımız deyil!

 

Tutmursa xasiyyət, tutmursa ürək,

Havayı duz dadıb, kəsməyək çörək.

Dostun hər cövrünə qatlaşıb gərək,

Olaq yaxşısına, pisinə qayil -

Bizim dost itirən vaxtımız deyil!

 

Onsuz da qısadır, dönükdür ömür,

Tale biz deyəni həmişə demir.

Ey dost, biz nə daşıq, nə də ki, dəmir,

Əsl dost yolunda ikiqat əyil-

Bizim dost itirən vaxtımız deyil!

 

Dünyanı tutub ha qalan deyilik,

Əbədi məskən də salan deyilik.

Ömrü bir də satın alan deyilik,

Dostluqda hər anın qiymətini bil-

Bizim dost itirən vaxtımız deyil!

 

Canını istəsə, dosta qurban de,

Dərdinə çarə qıl, ona dərman de.

Dost sənə "çor" desə, sən ona "can" de,

Düşməni dost edir xoş söz, şirin dil-

Bizim dost itirən vaxtımız deyil!

 

Hafiz, dar ayaqda dosta ol dayaq,

Dostluğu müqəddəs bir nemət sayaq.

Fitnə-fəsadlara məhəl qoymayaq,

Çəkək nankorların gözlərinə mil -

Bizim dost itirən vaxtımız deyil!

 

Sonda əziz oxucularımız, sizlərə dost itirməməyi arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)