“Hər şey doğrudur, heç nə doğru deyil” – Ləman Musayevanın debütü Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Debütdür, Ləman Musayevanın şeirləri ilə tanışlıqdır.

 

 

 

DEBÜT

 

 

Ləman Musayeva

 

 

NİCAT

 

Çarpayı.

Dolab.

Kitab.

Nərdivan

Sağa gedən yol

Və ya tərəfsiz

Yoldaşla yol...

Utancsızlıq.

Bir fincan çay.

Qaranlığın xəlvətini gözləyən

Rəngsiz damcı,

Yalnız zülmət olanda

Doluluq boşluğa dönür.

 

 

PAUZA

 

Ağzı olsa da, deməyə sözü yox idi...

Çığırtı.

Uğultu.

Pauza, pauza, yenə pauza...

Bərələ gözləri ilə sükut içində oranı tərk etdi.

Saçlarında ağ dənələri olan içəri girib,

astadan əllərini onun kürəyinə uzadaraq “bitdi” – dedi.

Sonra iri insanların portretlərinə baxmağa getdilər.

 

 

NOT

 

Daxilindəki boşluq təkcə sənin deyil.

O boşluq

heç nə olmamış kimi səs-küy salanlarındır.

Boş olmayan yeganə şey otaqdır,

bir də ağarmağa can atan içi qara notlar.

 

 

TOZ

 

Qışqırıq dolu səslər, dar məkana səpələnmiş varlıqlar,

yorğun  simalardan bərələnən gözlər

yerdəki torba kimi heç də heyrət doğurmur.

Nə dünən, nə də bu gün.

O başa düşdü ki, qəsr sözü əsr sözü ilə qafiyələnir,

amma bunun fərqi yoxdur.

Dəyişən keçmiş qonaqların qayıdışı oldu.

Ümumiyyətlə, bunlar kağızdakı yazılara görədir.

 

 

ABDULLAYEVA  İLAHƏ

 

Bir-biri ilə kəsişən əşyalar,

İçəridəki gülüşlər...

Nə təlaş, nə həyəcan var.

Sadəcə imtahandır.

Sarı libas,

Buruq saçlar,

Qaçaraq həyat,

Məsuliyyətli iş –

Bunların hamısı onun həyatının bir hissəsidir.

 

 

TƏLƏBƏ

Sözünü auditoriyaya səs dalğaları ilə ötürdü,

Tələb edən və tələb edilən görünürdü.

Balaca otaqda bizə aid olan bircə isti çay idi.

Çöldən pəncərəni dimdiyi ilə döyən qarğa,

Ayağını sürüyən canlı nə qədər dolaşsa da,

Bir yerə çıxırdı.

 

 

NƏRMİN HƏSƏNOVA

 

Yaxşı görünmək arzusu dissonanslıq yaradır.

Birdən çox itin hürüşməsi.

Gözümün zilləndiyi köhnə qutunun üstündə

sarı kağızda yazılmış “qarışıq” kəlməsi ətrafdakı səliqəni dağıtdı.

Bəlkə, xaos elə mətnin içindədir?

Bu gün həftənin altıncı günüdür,

Saatın əqrəbləri ikini gözləmir.

Sakitdir, istidir, kimsə belə deyərdi: durğunluqdur.

Daxili dialoq ahəng yaratmır.

Sən susursan, ətraf qaynayır.

Cümlələr arasında əlaqələr pozulub, amma

Müəllim fikrin hamar olmasını tələb edir.

Müəllim həm də kənardan gələn səslərin

musiqiyə daxil edilməsini deyir.

Bu şeir özündə heç nəyi əks etdirmir.

 

 

ŞAİRİN DOSTU

 

Musiqi,

Riyaziyyat,

Fəlsəfə... bunlardan hansı daha vacibdir?

Şair sözlərin şərti olduğunu deyir,

Həm də “şair” sözünün sınıq cəmi “şeir, əşar, şüəra”dır.

Beyin sağ, sol yarımkürələrin çarpazlaşmasından idarə olunur.

Hər nöqtə bir mərkəzdə toplanır,

Müxtəlif üsullar eyni nəticəni verir,

Qar dənələrinin hər biri fərqlidir.

 

 

ŞÜUR

 

Görünən kiməsə zəruri,

Kiməsə təsadüfdür.

Etina göstərməyən də var.

Bəlkə, bu barədə düşünmək lazım deyil?

Bəs doğru nədir?

Norma statistikaya əsaslanır.

Bütün suallara cavab verəni tanıyırsan?

Qafiyəli şeirdə sonuncu misra sərbəst olur.

 

 

ŞÜUR 2

 

Yaxınlaşıb ünvanı soruşanda hamı bir ağızdan "dəlixana" dedi...

Xane fars dilində ev deməkdir.

Təsəvvür nitqi qabaqlayır.

Hər şey dialoqda məlum olur.

Ardıcıllıqlar uyğun gəlməsə də,

Bir-birini həmişə izləyir.

 

 

***

 

Stoldakı dəftərdən vərəqi dartıb çıxartdı,

həm də  gülümsəyə-gülümsəyə.

Qapı arabir açılırdı.

Kimsə içəri girməyə, ya da nəsə xahiş etməyə çalışır.

Səni bənövşəyi təsəvvür edirəm.

Təşvişlər.

Soyuqdur.

Buludludur.

Qərarsızlıq...

Bəlkə də, ardı olacaq.

 

 

***

 

Əgər seçim varsa, pəncərədən içəri düşən

günəşdən imtina edib soyuqda qalardım.

Fincandakı köpük bir azdan əriyəcək.

Bir ədəd şeirin tərcüməsini istəyən oğlan bir gün

başa düşəcək ki, əslində, poeziya metaforalardan ibarət deyil.

 

 

***

 

Hər şey doğrudur, heç nə doğru deyil –

Görünür, görünmür...

Bəlkə, küləyin istiqaməti,

Bəlkə, küləyin istiqamətinin əksi?

Seçim, yoxsa film?

Evdən çıxanda şəffaf maskanı tax...

Oyun.

Uduzmaq – səbir.

Növbədə bir qədər gözləmək...

 

 

QAPILAR

 

Dördü bağlıdır,

Biri açıq,

Biri digəri ilə üz-üzə.

Hər birindən insan çıxır,

Biri isə açılmaq üzrədir

Hər an  biri açılır, o biri bağlanır...

Mən hələ də rəfiqəmi gözləyirəm.

 

 

***

 

Qara bənizli içəri heç kəsi buraxmır.

Başqa birinin yuxuları barədə nəqli

özündən savayı heç kimi təəccübləndirmir.

Palıd qozası küknar ağacının budaqlarından sallanır,

Amma o budaqlardakı sərçələrin səsi musiqi deyil.

Bir gün hər kəs dəyişə bilər...

Qışın qayıdışını gözləyirəm!..

 

 

***

 

Hadisə yeni formada təkrarlanır,

Maraq var, yaxud yoxdur –

Fərqli neyronlar,

Axşam gəzintisi,

Radikal qərarlar,

Qəflətən xorultu,

İt hürməsi,

Külək,

 

 

***

 

Hissiyyatsızlıq,

Dur, get və et.

Məqsəd.

Dərman.

Arzu.

Maraq.

Qaçış.

Hara gedirsən?

Hər gün eyni şeyi düşünürsən

Dostum deyir ki, səni tərk etməyən yeganə şey xəstəlikdir.

Bəs ozün?

İndi məni yalnız quşların səsi narahat edir...

Yeni xəbərlər.

Minimalizm.

Optimist düşüncə.

Deyilən tapşırıqda bir doğru, bir yanlış var...

 

 

***

 

Mən kənardakı müşahidəçiyəm.

Qapısı iç-içə açılan otağın içində

Özünü yeni sahibinə təhvil verən it boynundakı zəncirin açılacağını gözləyir...

Eyvanları küçələrə baxan evlər.

Güldanın arxasında gizlənən günəbaxan yarpağı.

Dərmanlarla qidalanan kitab vərəqləri.

Üfürməyə şarı olmayan uşağın baxışında gizlənmişəm,

Küləkdə hərəkət edən ip kimiyəm,

Heç nə düşünməyən canlı kimi,

Qarnını dolduran heyvan kimi...

Şüurumun kənarında hərəkət edən orqanlarım...

Sadəcə, eşitdiklərimə bir dəqiqə sonra reaksiya verə bilərəm.

Mən zibillərini bəsləyən insan içindəyəm.

Evə tələsmirik,

Qarşımda gördüyümün xaricində hər şey mənasızdır.

 

 

İNDİRA USMAN

 

Uzaq – yalnız məsafədir.

Günorta çağı skamyada oturub, danışıb dağılışdıq...

Zərdəki şans qədər gözəlsən.

Zarafatlarındakı doğru = Dostluqdakı sevgi

Hər bir cəhd mübarizəni davam etdirir.

 

 

HÜMBƏTOVA ELNARƏ

 

Təmkinli görünürdü.

Yadımda,

Qabaqda əyləşib dinləyirdi.

Təmkinli görünürdü, hədəfi olan biri kimi –

Müşahidələrim məni doğru ünvana apardı.

Özünün dediyi kimi eyniyik və zidd

Hələ, bəlkə də, bilmədiklərim var,

Növbəti görüşümüz barədə dũşünürəm.

 

 

BİZ

 

İndi bizə özünü yaxşı hiss etmək vacibdir.

Oyunda iştirak edək,

Dostlarla görüşüb söhbətləşək.

Ağacın kölgəsində otururuq.

Ikimizin harmoniyası,

Üstəlik, bizi təqib edən keçmişlə bərabər

Düşünürəm:

Yaxşı ki, ümidlərimiz var,

Ehtiyatdakı enerji bitib

Mexanika, ola bilsin, çatışmayan budur.

Bayırdakı səsləri eşidirəm...

 

 

NÖQTƏ

 

Axşam düşüb.

Fürsəti görən külək otağa doldu.

Açıq qalıb pəncərələr.

Çıraq altında daldalanan birisi

Sakitcə söhbət edirdi,

Qəfildən titrəyib

Pəncərələri bağlamağa yollandı.

Səhərin şehi

arxasından çıxan günəş

Söndürdü evdəki lampanı...

Söz birləşmələrindən ibarət şe’r yazıram –

Köhnə estetikada – apostrofla...

 

 

LAQEYD

 

Gecə. Bir neçə dilim çörək.

Göyərti. Masanın ətrafında toplaşanlar

və cəmlənməyən çoxluq...

Dolanıb qayıdıb yoxluq,

Xəbər çatıb, səfalət maddım-maddım

Qəsb edir.

Uzun-uzadı durğunluq,

lakin çəhrayı çantanın üzərindəki enli zolaqlar

pişiyin qabırğası tək otaqdakı musiqiyə çevrilə bilər.

Yuxarıdan aşağıya doğru siyahıda

əlaqəsiz əşyalar sistematik cədvələ tabe deyil.

In B.

Hərəkətin dinamikası.

 

 

AFAQ

 

Zəng vurdum,

Əhvalını soruşdum.

Xahiş etmək istədim,

Üşüdüm.

Hava da yaman soyuyub,

Külək də yerdəki xəzəlləri

Torpaqla birgə göyə sovurur,

Payız yetişib.

 

 

***

 

Sitat: Mən sənin kitabına baxıram, sən mənim şəklimə (c)

Avtoreferata kim baxır?

Məqsəd dəyişsə də, qəsdən həmin yerə çatırsan.

Əgər darıxmaq istəsəz, gəlin bir yerdə darıxaq (c)

Kadrlarda qorxu, hücum:

Filmdən reallığa.

 

 

***

 

Əvvəllər hər şeyi tilsim kimi görürdüm,

Özümə gücüm çatmazdı…

Bir-biri ilə əlaqəsi olmayan hərf birləşmələri

eyni adlı insanları bir yerdə görüşdürür...

Güzgülər qarşı-qarşıyadır, pattern-lər təkrarlanır,

Hələ də bəsit düşüncələrdən xilas ola bilmirəm

Yol tam qət olunmasa da, yüngülcə doğmalıq yaranmışdı.

Təəccüblü ola bilərdi, lakin təcrübə əksini deyirdi.

Əslində, yazmaq çətindir:

məsafə, ailə, qayğılar.

Bir neçə dəqiqəlik özündən ayrılıb mənimlə davam etdi.

Problemin həlli dəmir qutunun üstündədir.

Dairə.

Diqqəti yayındırmaq olmaz,

Dolaşıq düşüncə rəflərə bölünüb.

Bu, hələ heç nə deyil.

Time goes on –

Fikri mütləq tamamlamaq lazımdır, – o dedi:

Kitabçadakı tarix qeydləri,

Əyri-üyrü qırıq-qırıq xətlər.

 

 

***

 

Dar dölmələrlə gedirəm

Məndən qabaqdakılarla bərabər.

Bir də əbədi təmirdən xilas ola bilməyən paytaxtın küçələrində

Siqnallar eşidirəm

Beş dəqiqə bundan qabaq hər şey başqaydı.

Tənək yarpağı

Pəncərəyə dolanıb.

Növbəti dayanacaqda

Əlləri ciblərində bir uşaq

Tələskən sərnişinlər içindən

Mənə sarı baxırdı.

 

 

***

 

Sınıq nəlbəkidəki suda əks olunuram.

Əziz körpəm, burda olmadığına görə təşəkkür edə bilərsən

Şəkil çəkən uşağın binasından düşən işığam –

Suallarım ip kimi özümə dolanıb,

Azdığım yerdən çıxış axtarıram...

 

 

SAHİLƏ HÜSEYNLİ

 

Mən sevgini ondan öyrəndim.

Ayaqqablarımı geyinib, davam edirəm.

Cavabsız qalan suallardan yeni suallar doğur.

Sonsuzluq sonsuzluqla haçalanır.

Bəzilərinin  bəxti gətirib: düşünmədən xöşbəxtliklə əhatələniblər.

Bəs görəsən, bütün bunlar zamana təsir edir?

Pişik də özü özünə ağalıq edir.

Qarğa da iti dimdiyilə pəncərəni döyərək çörək istəyəcək.

Şeirin qafiyəsi tapılmasaydı, qapılar hansı tərəfə açılardı?

 

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)