Emil Zolyanın “Eksperimental roman”ı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı dünya ədəbiyyatı irsində əhəmiyyətli yer tutan Emil Zolyanın naturalizm cərəyanının nəzəri əsasını təşkil edən “Eksperimental roman” məqaləsini tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun tərcüməsində diqqətinzə çatdırır.

 

 

Emil ZOLYA

 

EKSPERİMENTAL ROMAN

 

Ədəbi esselərimdə tez-tez eksperimental metodun roman və dram əsərlərində tətbiqinin zəruriliyindən bəhs etmişəm. Təbiətə qayıdış, çağımızı valeh edən naturalizmin inkişafı insanın zehni fəaliyyətinin bütün növlərini tədricən geriyə dönülməz elmi yola yönəldir. Lakin elmin də ədəbiyyata istiqamət verməsi fikri təəccüblü görünə bilər, çünki bu fikir dəqiq ifadə olunmayıb və anlaşılmamış qalıb. Buna görə də eksperimental roman deyəndə, mənim fikrimcə, nəyi başa düşməli olduğumuzu aydınlaşdırmağı faydalı hesab edirəm.

Beləliklə, mən burada yalnız Klod Bernardın “Eksperimental təbabətin öyrənilməsinə giriş” kitabında heyrətamiz güc və aydınlıqla ifadə etdiyi eksperimental metodun ədəbiyyata tətbiqindən danışmalı olacağam. Nüfuzlu bir alimin bu kitabı mənim üçün mötəbər təməl olacaq. Bu kitabda sualın hərtərəfli şərhi verilib və mən ondan təkzibedilməz arqumentlər kimi lazım olan sitatları gətirməklə kifayətlənəcəyəm. Beləliklə, mən kompilyasiya işinə başlayacağam və bütün məqamlarda Klod Bernarda istinad edəcəyəm. Fikrimin aydınlaşması və ciddi elmi həqiqət xarakteri daşıması üçün çox vaxt “həkim” sözünü “romançı” sözü ilə əvəz etməyim kifayət edəcək.

Ona görə “Giriş”i seçdim ki, çoxlarının nəzərində tibb hələ də incəsənətdir – lap roman kimi. Klod Bernard bütün həyatı boyu tibbin həqiqi elm yoluna girməsi üçün mübarizə apardı. Biz də tədricən empirizmdən qurtulan və eksperimental metod sayəsində həqiqəti dərk etməyə başlayan elmin dilinin açılması ərəfəsindəyik. Klod Bernard sübut edir ki, kimya və fizikada cansız cisimlərin öyrənilməsində tətbiq edilən bu metod canlıların öyrənilməsində, fiziologiya və tibbdə də tətbiq edilməlidir. Mən də öz növbəmdə sübut etməyə çalışıram ki, əgər eksperimental metod fiziki həyatın dərk olunmasına gətirib çıxarırsa, ehtiraslar həyatının və zehni həyatın dərk olunmasına da gətirib çıxarmalıdır. Bu, sadəcə, eyni yolun kimyadan fiziologiyaya, fiziologiyadan antropologiyaya və sosiologiyaya aparan pillələri məsələsidir. Sonda isə eksperimental roman gəlir.

Aydınlıq üçün “Giriş”in xülasəsini verməyi zəruri hesab edirəm. Bu elmi əsərin planı və orada işlənən mövzu ilə tanış olduqdan sonra oxucular mətndən istinad etdiyim çıxarışları daha yaxşı başa düşəcəklər.

Təbabətin bundan sonra fiziologiyaya əsaslanmaqla və təcrübi metoddan istifadə etməklə elmi yola qədəm qoyduğunu göstərən Klod Bernard ilk növbədə müşahidəyə əsaslanan elmlərin eksperimental elmlərdən nə ilə fərqləndiyini açıqlayır. Və o, belə bir nəticəyə gəlir ki, mahiyyət etibarilə təcrübə şüurlu şəkildə ərsəyə gətirilmiş müşahidədir. Bütün eksperimental mülahizələr şübhə üzərində qurulur, çünki eksperimentatorun təbiət qarşısında heç bir qərəzli niyyəti olmamalıdır və o həmişə mühakimə azadlığını saxlamalıdır. O, hadisələri yalnız sübut olunduğu zaman qeydə alır.

Kitabın ikinci hissəsində Bernard əsas mövzuya keçir və sübut edir ki, orqanizmlərin müstəqil mövcudluğu onlara eksperimentin tətbiq edilməsinə mane olmur. Fərq yalnız ondan irəli gəlir ki, cansız cisim xarici və adi mühitdə olduğu halda, canlı orqanizmlərin elementləri daxili və daha mükəmməl bir mühitin içindədir, lakin daxili mühit də xarici mühit kimi daimi fiziki və kimyəvi xassələrə malikdir. Buradan həm canlı varlıqlar, həm də cansız cisimlər üçün təbiət hadisələrinin mövcudluğu şəraitində tam determinizm meydana gəlir. Klod Bernard müəyyən hadisələri yaradan, “şərtləndirən” səbəbi "determinizm" adlandırır. Bu, onun dediyi kimi,  birbaşa səbəbdir, hadisələrin mövcudluğunun və ya baş verməsinin fiziki və maddi vəziyyətindən başqa bir şey deyildir. Deməli, eksperimental metodun məqsədi, hər hansı elmi araşdırmanın vəzifəsi canlı və cansız varlıqlara münasibətdə eynidir: bunun hər ikisində hansısa hadisə ilə onun birbaşa səbəbi arasında əlaqə tapmaq lazımdır, başqa sözlə desək, hər hansı bir hadisənin baş verməsi üçün hansı şərtlərin lazım olduğunu müəyyənləşdirməyə ehtiyac var. Eksperimental elm "niyə" sualı ilə məşğul olmamalıdır, o yalnız və yalnız hadisənin necə baş verdiyini izah edir.

Canlı varlıqlar və cansız cisimlər üzərində təcrübələr haqqında ümumi mülahizələri qeyd edən Klod Bernard yalnız canlılar üzərində aparılan təcrübələrlə bağlı mülahizələrə yer verir. Burada böyük və yeganə fərq ondan ibarətdir ki, canlı orqanizmlərin tədqiqi zamanı gərək öyrənilən hadisələrin ahəngdar bir bütövlük təşkil etdiyini nəzərə alasan. Daha sonra o, canlı varlıqlar üzərində eksperimentdən – tibbi  əməliyyatdan, anatomik hazırlıq şəraitindən, canlıların seçilməsindən, hadisələrin öyrənilməsinə riyaziyyatın tətbiqindən və nəhayət, fizioloqun laboratoriyasından danışır.

“Giriş”in son hissəsində Klod Bernard öz fikirlərini gücləndirərək eksperimental fizioloji tədqiqatlardan nümunələr verir. Daha sonra o, fiziologiyada eksperimental tənqiddən nümunələr verir və nəhayət, eksperimental tibbin hansı fəlsəfi xarakterli maneələrlə qarşılaşdığını göstərir. O, birinci sıraya fiziologiyanın təbabətə yanlış tətbiqini, psevdoelmi cəhaləti, eləcə də həkimlər arasında mövcud olan bəzi illüziyaları qoyur. Bununla belə, yekunda deyir ki, empirik və eksperimental təbabət nəinki bir-birinə uyğun gəlmir, əksinə, onları bir-birindən ayırmaq olmaz. Kitabın son sətirlərində eksperimental təbabətin heç bir tibbi doktrinaya və heç bir fəlsəfi sistemə uyğun gəlmədiyi deyilir.

Bu, ümumi şəkildə desək, "Giriş"in, üstünün əti götürülmüş skeletidir. Ümid edirəm ki, bu qısa sxem Klod Bernardın mətninə müraciət edərkən qaçılmaz olaraq yaranacaq boşluqları doldurmaq üçün mənə kifayət edəcək, yəqin ki, oradan yalnız "eksperimental roman" anlayışını müəyyənləşdirmək və şərh etmək üçün mənə lazım olan sitatları götürəcəyəm. Yenə deyirəm, Klod Bernardın əsəri mənim üçün yalnız üzərində dayandığım, arqumentlərlə və hər cür dəlillərlə dolu olan təməldir. Dili açılmaq ərəfəsində körpəlik dövrünü yaşayan eksperimental təbabət bizdə hələ südəmər olan və danışmaq səviyyəsinə yetişməmiş eksperimental ədəbiyyat haqqında təsəvvür yarada bilər.

 

I

 

İlk növbədə belə bir sual yaranır: ədəbiyyatda eksperiment mümkündürmü? İndiyə qədər onda yalnız müşahidədən istifadə edilib.

Klod Bernard müşahidə və eksperiment haqqında çox danışır. Burada onların ikisi arasında çox aydın bir hədd qoyulur: “O kəs müşahidəçi adlanır ki, sadə və ya mürəkkəb təhqiqat metodlarından istifadə edərək, hadisələri dəyişdirmədən öyrənir və buna görə də həmin hadisələri təbiətin ona təklif etdiyi kimi qəbul edir; eksperimentator isə sadə və ya mürəkkəb tədqiqat üsullarını tətbiq etməklə təbiət hadisələrini təbiətin yaratmadığı şərait və ya şərtlərdə meydana çıxması üçün hər hansı məqsəd naminə dəyişdirir və ya fərqli hala gətirir”. Məsələn, astronomiya yalnız müşahidədən istifadə edən elmdir, çünki astronom səma cisimlərinə təsir edə bilməz; kimya isə eksperimental elmdir, çünki kimyaçı təbiətə təsir edir və onu dəyişdirir. Bu, Klod Bernardın fikrincə, müşahidə və eksperiment arasındakı yeganə əsas fərqdir.

Mən eksperiment və müşahidənin indiyə qədər mövcud olan müxtəlif təriflərini təhlil edərkən Klod Bernardın ardınca getmək imkanında deyiləm. Dediyim kimi, o belə qənaətə gəlir ki, əslində, eksperiment şüurlu şəkildə yaranmış müşahidədir. Onun sözlərini sitat gətirirəm: “Eksperimental metodda faktların nəzərdən keçirilməsi, yəni tədqiqat həmişə əsaslandırma ilə müşayiət olunur – adətən, eksperimentator irəli sürülmüş fikrin düzgünlüyünə nəzarət etmək, onu yoxlamaq məqsədilə eksperiment aparır. Deyə bilərik ki, bu halda eksperiment nəzarət məqsədilə aparılan müşahidədir”.

Ancaq naturalist romanda müşahidənin hansı rol oynadığını və eksperimentin hansı rol oynadığını təyin etmək üçün bu parçanı sitat gətirməyim kifayətdir: “Müşahidəçi sadəcə olaraq, öz gözü qarşısında hansı hadisələrin baş verdiyini müəyyən edir... O, hadisələrin fotoqrafı olmalıdır; onun müşahidələri naturanı dəqiq əks etdirməlidir... O, təbiəti dinləyir və təbiətin diktəsi ilə yazır. Ancaq fakt müəyyən edildikdə və hadisə müşahidə edildikdə fikir yaranır, əsaslandırma məsələyə müdaxilə edir, sonra isə eksperimentator hadisəni yozan rolunda çıxış edir. Eksperimentator – az və ya çox ehtimal olunan, lakin müşahidə etdiyi hadisələrin ilkin təhlili üzərində elə bir eksperiment quran şəxsdir ki, məntiqi təxminlər silsiləsi əsasında fərziyyəyə və ya apriori ideyaya nəzarət etmək mümkün olsun... Təcrübənin nəticəsi məlum olduqda isə eksperimentator özünün təxmin etdiyi əsl müşahidə ilə üz-üzə gəlir, bu müşahidəyə də o biri müşahidələr kimi, heç bir ön yarğılı fikirlə yanaşmaq olmaz. Təxmin etdiyi  müşahidə ilə üz-üzə gələn eksperimentator yoxa çıxmalı, daha doğrusu, bir an içində müşahidəçiyə çevrilməlidir; və yalnız eksperimentin nəticələrini adi müşahidədə olduğu kimi təsbit etdikdən sonra o, eksperimentin ifadə olunmuş fərziyyəni təsdiq və ya təkzib etdiyini düşünməyə, müqayisə və mühakimə etməyə başlayacaq”.

Bütün mexanizm burada verilib. Bu, kifayət qədər mürəkkəbdir və Klod Bernard belə deməli olmuşdu: “Bütün bunlar tibb kimi qeyri-dəqiq elm sahəsində tədqiqat aparan bir alimin başında baş verəndə, burada müşahidədən doğan elementlərlə eksperimentdən alınan elementlərin o qədər sıx çulğalaşması olur ki, həllolunmaz bir qarışıqdakı elementlərin hər birini analiz etməyə çalışmaq qeyri-mümkün və mənasız olardı”. Ümumiyyətlə, onu deyə bilərik ki, müşahidə “göstərir”, eksperiment isə “öyrədir”.

Romana müraciət etsək, görərik ki, romançı həm müşahidəçi, həm də eksperimentatordur. O, müşahidəçi olaraq faktları müşahidə etdiyi kimi təsvir edir, başlanğıc nöqtəsini müəyyənləşdirir, personajlarının fəaliyyət göstərəcəyi və hadisələrin cərəyan edəcəyi möhkəm zəmini hazırlayır. Sonra o, eksperimentator olur və eksperiment aparır – yəni konkret əsər çərçivəsində personajları hərəkətə gətirir, orada baş verən hadisələrin ardıcıllığının tədqiq olunan hadisələrin məntiqinin tələb etdiyi kimi tam eyni olacağını göstərir. Burada, demək olar ki, həmişə qarşımızda, Klod Bernardın sözü ilə desək, “əyanilik üçün” bir eksperiment var. Romançı həqiqət axtarışına çıxır. Məsələn, götürək Balzakın “Betta bacı” əsərindəki baron Yulo obrazını. Balzakın müşahidələri ilə müəyyən edilən əsas fakt məhvolmadır, ehtiraslı kişilər özünü, ailəsini və cəmiyyəti məhv edirlər. Yazıçı süjeti ona müşahidələrdən məlum olan faktlara əsasən seçir, sonra eksperiment aparır, ehtiras mexanizminin necə işlədiyini göstərmək üçün Baron Yulonu silsilə sınaqlara məruz qoyur, öz personajını bu və ya digər mühitə daxil edir. Tamamilə aydındır ki, qarşımızda təkcə müşahidə yox, həm də eksperiment var, çünki Balzak topladığı faktları göstərən fotoqraf roluna tam əməl etmir, birbaşa öz obrazını özünün idarə etdiyi müəyyən şəraitlərdə yerləşdirmək məqsədini güdür. Vəzifə bunu göstərməkdir ki, hansısa insan ehtirası hansısa mühitdə, hansısa şəraitdə inkişaf edərsə, nə baş verəcək, ayrıca fərd və bütün cəmiyyət baxımından bu nələrə səbəb olacaq; və “Betta bacı” kimi eksperimental roman, sadəcə olaraq, yazıçının ictimaiyyət qarşısında bir neçə dəfə təkrar etdiyi təcrübənin protokol qeydini əks etdirir. Bir sözlə, bütün əməliyyat bundan ibarətdir ki, faktlar naturadan götürülür, sonra hadisələrin yaranma mexanizmi öyrənilir, bunun üçün hadisələrə dəyişən şərait və ətraf mühit təsir edir, onlar heç vaxt təbiətin qanunlarından kənara çıxmır. Son məqsəd isə insanı anlamaq, onu ayrıca bir fərd və cəmiyyətin bir üzvü kimi elmi baxımdan dərk etməkdir.

Əlbəttə, burada biz kimyada və hətta fiziologiyada əldə etdiyimiz dəqiqlikdən uzağıq. İnsan ehtiraslarını tərkib hissələrinə parçalayan və onları təhlil etməyə imkan verən reagentlər hələ kəşf edilməmişdir. Bu essedə bir neçə dəfə sizə xatırlatmalı olacağam ki, eksperimental roman təzəcə dünyaya gəlmiş eksperimental tibbdən daha gəncdir. Ancaq mən onun artıq hansı nəticələri əldə etdiyini müəyyən etmək fikrində deyiləm, yalnız metodun özünün nə olduğunu aydın şəkildə ifadə etmək istəyirəm. Əgər eksperimental romanın müəllifi hələ də bütün elmlərin ən qaranlığı və ən mürəkkəbi ərazisində əl havasına hərəkət edirsə, bu da onun mövcudluğuna mane olmur. Və naturalist roman, şübhəsiz ki, indi qarşımızda göründüyü kimi, yazıçının öz müşahidələrinin köməyi ilə bir insan üzərində apardığı həqiqi bir eksperiment hesab edilməlidir.

Yeri gəlmişkən, bu təkcə mənim deyil, həm də Klod Bernardın fikridir. Bir yerdə o deyir: “Praktik həyatda insanlar bir-birləri üzərində eksperiment aparmaqdan başqa heç nə etmirlər”. Bu isə onun daha inandırıcı ifadəsi, eksperimental romanın bütöv bir nəzəriyyəsidir: “Biz öz əməllərimiz haqqında danışarkən sadiq bir bələdçimiz – şüurumuz var: biz nə düşündüyümüzü, nə hiss etdiyimizi bilirik. Başqa bir insanın hərəkətlərini mühakimə etmək, onu bu cür hərəkətlərə sövq edən səbəbləri anlamaq istədikdə isə vəziyyət tamamilə fərqlidir. Təbii ki, gözümüzün qabağında bu insanın hərəkətləri, eləcə də, şübhəsiz, bizim fikrimizcə, onun hiss və istəklərinin başqa təzahürləri var. Bundan əlavə, biz hesab edirik ki, əməllər və onların səbəbləri arasında zəruri əlaqə var. Bəs həmin səbəb nədir? Biz bunu hiss etmirik, özümüzdə olduğunu dərk etdiyimiz kimi onu dərk etmirik; ona görə də onu şərh etməli, gördüyümüz hərəkətlərə və eşitdiyimiz sözlərə görə təxmin etməliyik. Bu adamın bir hərəkətini digər hərəkətləri ilə tutuşdurmaq məcburiyyətindəyik; hər hansı bir şəraitdə onun özünü necə apardığına baxacağıq – bir sözlə, eksperimental metoda əl atacağıq”. Yuxarıda dediklərimin hamısı alimin bu son ifadəsində yığcam şəkildə ifadə olunub.

Klod Bernardın məni heyrətləndirən başqa bir obrazlı ifadəsi: “Eksperimentator təbiət hadisələrini təhqiq edən müstəntiqdir”. Biz romançılar da insanları və onların ehtiraslarını araşdıran müstəntiqlərik.

Və eksperimental metodun indiki imkan daxilində bütün ciddiyyəti ilə  tətbiqinə  bu nöqteyi-nəzərdən baxanda işığın dərhal şəfəq saçmağa başladığını görün. Biz – naturalist yazıçılar gülünc bir qınağa tuş gəlmişik, guya biz sadəcə fotoqraf olmaq istəyirikmiş. İnsanın həm temperamentini, həm də şəxsiyyətinin digər təzahürlərini nəzərə almağımızla bağlı təsbitlərimizə heç kim qulaq asmır, cavab olaraq bizə qarşı axmaq arqumentlər irəli sürməkdə davam edirlər, gerçəkliyi dəqiq şəkildə təsvir etməyin mümkün olmadığını və heç olmasa bir neçə bədii əsər yaratmaq üçün faktları “nizamlamağın” zəruri olduğunu deyirlər. Yaxşı, onda romanda eksperimental metodu tətbiq edin, bütün fikir ayrılıqları aradan qalxacaq. Eksperiment ideyası modifikasiya ideyasını ehtiva edir. Biz həqiqi faktlardan çıxış edirik, gerçəklik bizim sarsılmaz təməlimizdir; lakin faktların mexanizmini göstərmək üçün biz hadisələrə üz tutmalı və onları istiqamətləndirməliyik və burada biz yaradıcı təxəyyülümüzə sərbəstlik veririk. Beləliklə, aşağıda müraciət edəcəyim forma və üslub məsələlərinə toxunmadan, indidən iddia edirəm ki, romanda naturalistik metodu tətbiq etməklə, təbiilik çərçivəsindən kənara çıxmadan naturanı dəyişdirməliyik. Yuxarıdakı "Müşahidə göstərir, təcrübə isə öyrədir" tərifinə sadiq qalaraq biz  artıq kitablarımızın eksperiment yolu ilə öyrətmək hüququnun tanınmasını tələb edə bilərik.

Bu, yazıçının rolunu azaltmır, əksinə, onu son dərəcə yüksəldir. Ən sadə təcrübə belə həmişə öz mahiyyətində müşahidə nəticəsində yaranan ideyanı ehtiva edir. Klod Bernardın dediyi kimi: “Təcrübə ilə təsdiqlənmiş fikir heç bir halda özbaşına deyil, sırf bizim uydurmamız deyil: onun həmişə müşahidəyə məruz qalan gerçəklikdə, yəni naturada dayaq nöqtəsi olmalıdır”. Eksperimental metod tamamilə müşahidə nəticəsində yaranan ideyaya və ona qarşı şübhələrə əsaslanır. “Sonra eksperiment ilə nəzarət olunan ideya, – o davam edir, – kortəbii yaranır və öz təbiətinə görə tamamilə fərdi olur; bu, xüsusi duyğudan irəli gəlir, bu "quid proprium"dur, yəni hər bir insanın orijinallığı, özünəməxsusluğu, mənəvi varlığının incəlikləridir”. Daha sonra Klod Bernard şübhəni elmi idrakın güclü alətinə çevirir: “Alimin şübhə etməsi təbiidir; alim yalnız özünə və özünün izahlarına şübhə edir, elmə isə inanır; hətta eksperimental elmlərdə belə canlı təbiət hadisələri kimi həm də ölü təbiət hadisələri üçün mütləq olan bir meyarın və ya mütləq prinsipin – hadisələrin determinizminin mövcudluğunu etiraf edir”. Beləliklə, eksperimental metod romançını dar bir çərçivəyə qapamır, onun bir mütəfəkkir kimi zehninə, sənətkar istedadına tam sərbəstlik verir. Axı yazıçı görməli, anlamalı, icad etməlidir. Müşahidə olunan faktlardan onun qarşıdakı eksperimentlə – reallığı dərindən dərk etmək üçün yazılmalı olan romanla bağlı ideyası doğulmalıdır. Bu eksperimentin planını düşünüb qurduqdan sonra isə o, hadisələrin determinizminə yalnız uyğun gələn faktları qəbul edən bir insan kimi eksperimentin nəticələrini tam sərbəst götür-qoy edəcək. O, tam biliyə çatmaq üçün şübhədən çıxır və yalnız özünün sökdüyü və yenidən yığdığı ehtiraslar mexanizminin təbiət qanunlarına uyğun işlədiyinə əmin olduqda şübhəyə son qoyur. İnsan ağlı üçün daha böyük və daha sərbəst həll olunan problem yoxdur. Sonralar biz sxolastiklərin, ideal sistemləşdiricilərinin və nəzəriyyəçilərin yoxsulluğunun, bununla yanaşı, eksperimentatorların zəfərinin şahidi olacağıq.

Sonda bir daha təkrar edirəm ki, naturalist romançılar müşahidə edir və eksperiment aparırlar, onların bütün yaradıcılığı şübhədən doğulur, bu şübhə isə yaxşı başa düşülməyən həqiqətlərdən və izaha gəlməyən hadisələrdən mayalanır; günlərin birində bu və ya digər eksperimentin aparılmasının zəruri olduğu düşüncəsi naturalist romançıların istedadını oyadır və onlar faktları təhlil edib anlamağa çalışaraq eksperiment aparmağa başlayırlar...

 

 “Ədəbiyyat və incəsənət”

(17.03.2023)