Naturalizm cərəyanı - Məti Osmanoğludan gənc yazıçılar üçün nəzəriyyə dərsi

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas və pedaqoq Məti Osmanoğlunun gənc yazarlar üçün ünvanladığı “Naturalizm cərəyanı” məqaləsini təqdim edir.

 

Naturalizm ədəbi cərəyan kimi XIX əsrin ikinci yarısında Fransada yaranıb və proqramlı şəkildə formalaşıb. “Naturalizm” termini latın dilindən gəlir, mənası  “təbii” deməkdir.  Bu cərəyanın qarşısına qoyulan başlıca məqsəd psixoloji və sosial gerçəkliyi bədii əsərlərdə təbiət elmlərində istifadə olunan metodlar vasitəsilə təsvir etmək idi. Naturalizm cərəyanının təmsilçiləri gerçəkliyin və insan xarakterinin obyektiv, dəqiq və qərəzsiz təsvirinə can atdıqlarını iddia edirdilər.

 

Bu cərəyanın nəzəriyyəsinə əsasən, roman gerçəkliyi necə var, o cür təsvir etməli, həyatı ideallaşdırmaqdan, ona bəzək-düzək vurmaqdan çəkinməlidir. Təbiəti tədqiq edən romanın qarşısına sədlər çəkərək onu məhdudlaşdırmaq olmaz: roman tarix, fiziologiya, psixologiya, siyasət, sosial iqtisadiyyat, din məsələlərinə müdaxilə etməlidir.

Naturalizm anlayışının ədəbiyyatşünaslığa gətirilməsi isə  fransız yazıçısı Emil Zolyanın adı ilə bağlıdır. Onun “Eksperimental roman” məqaləsi həkim Klod Bernardın “Eksperimental təbabətin öyrənilməsinə giriş” əsərinə əsaslanır. E.Zolya K.Bernardın  müşahidə və eksperiment haqqında fikir və mülahizələrini ədəbiyyata tətbiq edərək  bədii yaradıcılığı təbiət elmlərinin XIX əsrin ikinci yarısında əldə etdiyi nailiyyətlərlə bir araya gətirməyə çalışmışdı. E.Zolyanın fikrincə, naturalizm təbiətə münasibətdə dəqiq elmlərin son nailiyyətləri ilə eyni səviyyəyə yüksəlməli, Viktor Hüqonun idealist-romantik “fantasmaqoriyasını” aradan qaldırmalı idi.

K.Bernardın “müşahidə göstərir, eksperiment isə öyrədir” mülahizəsinə istinad edən E.Zolya romançının həm müşahidəçi, həm də eksperimentator olduğu fikrində idi. O vurğulayırdı ki,  roman yazan yazıçı “müşahidəçi olaraq faktları müşahidə etdiyi kimi təsvir edir, başlanğıc nöqtəsini müəyyənləşdirir, personajlarının fəaliyyət göstərəcəyi və hadisələrin cərəyan edəcəyi möhkəm zəmini hazırlayır. Sonra o, eksperimentatora çevrilir və eksperiment aparır – yəni konkret əsər çərçivəsində personajları hərəkətə gətirir, əsərdə baş verən hadisələrin ardıcıllığının tədqiq olunan hadisələrin məntiqinin tələb etdiyi kimi tam eyni olacağını göstərir”.

Fransız ədəbiyyatında E.Zolyadan sonra yazıb-yaradan yazıçılar bu cərəyana yeni rənglər əlavə elədilər. Gi de Mopassan romanlarında öz tərcümeyi-hal faktlarından daha çox istifadə etdi, Alfons Dode naturalizmə satira və yumoru gətirdi.

Keçən əsrin əvvəllərində dünya ədəbiyyatında naturalizm yenidən canlandı. Almaniyada Q.Hauptmanın, İsveçdə C.Strindberqin, Rusiyada M.Qorkinin, A.Kuprinin, İ.Buninin, ABŞ-da T.Drayzerin, C.Londonun və C.Steynbekin yaradıcılığına naturalizmin təsirlərini görmək mümkündür.

Ədəbiyyatşünaslıqda belə bir yanaşma da mövcuddur ki, naturalizm realist metodun zirvəsi idi və ədəbiyyat bu zirvəni fəth edəndən sonra realist metod tərəddüd keçirməyə düçar oldu.  Xüsusilə Birinci Dünya müharibəsi kimi qlobal fəlakət gerçəkliyin realist və romantik ölçülərə sığmayan qatma-qarışıq mahiyyətini üzə çıxartdı, hər hansı bir nəzəriyyə ilə izah etməyin mümkün olmadığını ortaya gətirdi. Beləliklə, ədəbiyyatda digər cərəyanların, gerçəkliyə fərqli pəncərələrdən baxmağın yolu açılmış oldu.

 

Emil Zolyanın naturalizm cərəyanının nəzəri əsasını təşkil edən “Eksperimental roman” məqaləsi söylənənlərə əyani sübutdur ki, Məti Osmanoğlunun dilimizə çevirdiyi həmin məqaləni irəliləyən saatlarda diqqətinzə çatdıracağıq.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)