“Sağ əlim Caviddən pislik yazarsa, sol əlimlə onu baltalayaram…”

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla Stalin dövrü repressiyasının ədəbiyyata vurduğu zərbələri Mikayıl Müşfiqin tale hekayətində qələmə almaq cəhdi edərək “İçimdəki “Müşfiq” şeirini yazıb. Düşünürük ki, oxucular üçün maraqlı olar. 

 

 

İÇİMDƏKİ “MÜŞFİQ”

 

Dilbər, ev-eşiyi süpürüb, silib:

“Bir il də ömrünün üstünə gəldi,

Yeni yaş səninçün mübarək olsun!”

Deyib fərəhləndi, ürəkdən güldü.

 

Gecə göz vururdu göydə ulduzlar,

Şairlər zülmətdən ilham alırdı.

Deyirdim ölərəm, amma dönmərəm,

Köksümdə istiqlal marşın çalırdı.

 

Stalinə tərif yazan şairlər,

Bakının boyunu yerə soxurdu.

Rusiya onların sinələrinə,

Yaltaqlıq ordeni bir-bir taxırdı.

 

“Oxuma tar, oxuma tar,

Səni sevmir proletar.”

 

Dilim də, elim də, milliyyətim də,

Tarın çanağından çıxan səs idi.

Yaltaq şairlərin sözü şahların,

Mənə sevilməyən tarım bəs idi.

 

“Oxu tar, oxu tar,

Səni kimu unudar?”

 

“Oхu, sеvdiciyim, öz həvəsinlə!

İlham qanadlanır sənin səsinlə.

Nəğməndə oynasın sеllərin səsi,

Dan yеrindən əsən yеllərin səsi.

Gülləri qoхlayan bir rüzgar kimi,

Qumları oхşayan dalğalar kimi

Titrəyən, çağlayan nəğmən olaydım,

Ürəyindən qopan səs mən olaydım,

Oхu! Qüvvət gəlsin şеirə, sənətə,

Кönlümün quşunu gətir hеyrətə!

Nə qədər bənzəyir, vardım fərqinə,

Ömrümün ahəngi sənin şərqinə.

Ürək kövrəkləşir sən oхuyanda,

Sən də dinləsəydin mən oхuyanda!

Oхu, sеvdiciyim, öz həvəsinlə!

İlham qanadlanır sənin səsinlə!”

 

Gecəydi, sevgilər tavan altında,

Otaqdan şəhərə aşıb-daşırdı.

Uzaqdan atların ayaq səsləri,

Küçədə sükuta yaxınlaşırdı.

 

Atlar kişnədilər, dayanan kimi,

Düşdü faytonundan rus əsgərləri.

Silahlı adamlar evə doldular,

Evdə axtardılar bütün hər yeri. 

 

Dedim: “Dilbər, qorxma, qayıdacağam,

Dönməsəm, bil ki, mən ömrümü sürdüm.”

Qolumu əsgərlər bağlayan zaman,

Dilbərin gözünün yaşını gördüm.

 

Oldun rus əlində vətən tapdağı,

İşgəncə zamanı əzilən canım.

Mənim bədənimdən süzülən hər qan,

Sənə qurban olsun, Azərbaycanım.

 

Min bağça qürbətdə versələr mənə,

Vətənin bir sopmiş gülünə dəyməz.

Vətənin oğulu, vətən şairi,

Boynunu zalimin önündə əyməz.

 

Deyirlər tərif yaz rus şahlarına,

Hüseyin Cavidi öldürməsinlər.

Deyirəm onlara elə iş görün,

Sizi xalqınıza güldürməsinlər.

 

Cavidin ölümü bir inqilabdır,

Gözümün yaşıyla, nəşin yuyaram.

Sağ əlim Caviddən pislik yazarsa,

Sol əlimlə onu baltalayaram.

 

Cavidi öldürüb, öldürməsələr,

Xalqın yaddaşından silinməyəcək.

Xain şairlərin mədhiyyələri,

Rusa yazdıqları bilinməyəcək...

 

Yaz vətən adından, ana dilindən,

Qoy tarın zil səsi göyə ucalsın.

Ana laylasıyla böyüyən igid,

Şərəfli qocalsın, özgür qocalsın...

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)