“Söz bir dəfə deyilir, qalanı təkrardır” - Yusif Nəğməkar Featured

“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın hikmət bankomatından növbəti seçmələri təqdim edir

 

*Atılan addımın uğursuzluğu atılacaq addımın uğur təlimidir.

 

*Qürurlu insan məğrur dağa bənzər; sinəsində uyuyan daşlar məkanından qopanda dağdan yuxarı yox, yalnız üzü aşağıya yuvarlanıb, dərələrdə it-bata düşər...

 

*Sınaqlar olmasaydı, sınıqlar çox olardı...

 

*İşıq gələn yerə barmaq tıxayan qaranlığı lənətləməsin...

 

*Qadın gücü ilə deyil, zərifliyi ilə güclüdür.

 

*Hamı BİRƏ bağlıdır, BİRƏ də bərə bağlıdır...

 

*İtirdiklərinin alovunda əriməyən  itirmədiklərinin sevincini yaşaya bilməz...

 

*Əsl peşimanlıq peşimanlığına peşiman olmaqdır...

 

*Kəmfürsətə minnətdar ol ki, hər ...kəmində sənə cəm fürsətin kəmini "bağışlayar"...

 

*Kinindən bar gözləyən ürək əkinə yararsız yer kimidir...

 

*Ən əzablı, üzücü, uzun  yol qəlbən yaxın olmadığınla yaxınlığındır.

 

*Söz bir dəfə deyilir, qalanı təkrardır.

 

*Sənin təkcə dediyini yox, nə deyəcəyini də hiss edən adamın qarşısında susmağın da ona daha aydın və daha tutarlı sözündür.

 

*Sevgisiz adamdan başqa heç kəs bədbəxt deyil...

 

*Qınaq gələn yerə qonaq gəlməz...

 

*Bütün sözlər "hə" və "yox"un ətrafında dolanan peyklərdir.

 

*Sürüşkən yerdən düz yox, sivişib keçməlisən.

 

*Səndən qaçanın qabağına çıxmaq da, arxasınca qaçmaq da absurddur.

 

*Əsəbi deyilən söz 50% hikkənin, 50% də anlaqsızlığın təzahürüdür...

 

*Həyatda insanı heç bir qüvvə xatirələr qədər öz ilkinliyinə qaytara bilməz...

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)