Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb. 

 

Kitabxananın məlumatına görə, “Xalq yazıçısı Anar 85” adlı elektron bazada Anarın həyatı, bədii və ictimai yaradıcılığı haqqında geniş məlumat verilib. 

 

Burada yazıçının Azərbaycan və xarici dildə çap edilən əsərlərinin, haqqında qələmə alınan kitab və dövri mətbuat materiallarının siyahısı əks olunub. Məlumat bazasında Anarın tərcümələri, redaktoru, “Ön söz” müəllifi olduğu əsərlər, onun həyat və yaradıcılığına həsr edilən dissertasiya və avtoreferatlar təqdim edilib. Anar haqqında görkəmli şəxslər tərəfindən söylənilən fikirlərin yer aldığı elektron bazada yazıçının təltif edildiyi mükafatların siyahısı da əks olunub.

Bundan əlavə kitabxana əməkdaşları tərəfindən Anarın bədii və ictimai fəaliyyətinə həsr edilən videomaterial və biblioqrafik vəsait hazırlanıb. Kitabxananın sosial şəbəkə səhifələrində Ümummilli Lider Heydər Əliyevin Xalq yazıçısı Anar haqqında söylədiyi “Azərbaycanın böyük yazıçısı, Yazıçılar Birliyinin sədri, hörmətli Anar əcdadlarının, anasının, atasının işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir” sözlərini əks etdirən paylaşımlar edilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)