“Zeqris Mentos” – Vəfa Mürsəlqızının hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Dərgidə kitabdır, Vəfa Mürsəlqızının prozası ilə tanışlıqdır.

 

 

 

DƏRGİDƏ KİTAB

 

 

Vəfa MÜRSƏLQIZI

 

 

ZEGRİS  MENTOS

 

Sakit iyul gecəsi idi. Havadan iydə ağaclarının iliyə işləyən qoxusu gəlirdi. Şər çoxdan qarışmışdı və hətta gecəyarısına az qalırdı. Buna baxmayaraq, hava işıqlı idi. Adətən, belə gecələrə aydınlıq gecələr deyirlər. Açıq - maviyə çalan gecənin qucağında evlərin aydınca görünən silueti insanı sakitləşdirir, yaxınlıqda adamlar yaşadığından xəbər verirdi. Bakının bu səmtindəki xüsusi evlərdə imkanlı ailələr, adlı-sanlı tanınmış şəxslər yaşayırdı. Yaraşıqlı, irili-xırdalı, səliqə ilə tikilmiş evlər onların içində yaşayanların firavanlığından xəbər verirdi. O uça-uça bir pəncərədən o birinə qonur, maraqla içəridəki adamları seyr edirdi. Bu evlərin bir çoxunun sakinləri hələlik şəhərdəki bina evlərində yaşayırdılar. Bağ mövsümü başlayanda buralara, isti qum və təmiz dəniz qoynuna qaçırdılar. Hələlik isə yəqin ki, sakinlərin çoxu məzuniyyətə çıxmamışdı. Evlərin əksəriyyəti boş idi, səliqəli pərdələri bərk-bərk çəkilmişdi. Bu pərdələrin arxasındakı həyatdan kimsənin xəbəri yox idi. İnsanlar bəzən həyatlarını ömür boyu  belə pərdəli yaşayırlar. Bu pərdələr isə o qədər qalın olur ki, onları çox zaman açmaq olmur. Bir anlıq özü haqda düşündü…

…Zegris menestho fəsiləsinə aid kəpənək. Status. Zaqafqaziya endemikidir. Yayıldığı yer. Naxçıvan  və Talışın (Zuvand) dağətəyi və dağlıq yerlərinin kserofil bitkilər yayılan zonaları. Yaşadığı yer. Dağ kserofitləri ilə örtülü dərə və yamaclar. Sayı. Sabit, azsaylı növdür.

Fikrə getdi. Ay aman, alimlər onu azsaylı növün nümayəndəsi sayırdılar. Əslində isə o, bir dənə idi. Yəni doğrudan da, Zegris menestho növündən idi, amma bu növdən olan yeganə kəpənək idi ki, gecələr də, gündüzlər də oyaq olurdu. Həm də bu cinsdən olan başqa kəpənəklərin ömrü çox qısa olduğu halda, onun ömrü başqalarından uzundur. Bunu dünyaya gəlişinin ikinci günü kəşf etmişdi. Əslində, birinci günün sonu yaxınlaşdıqca ürəyi əsə-əsə ölümünü gözləməyə başladı. Gün bitdi, gecənin qaranlığında başını itirmiş halda uçurdu. İçində sevinc, kədər və darıxmaq vardı. Düşündü ki, bax insanlar, əslində, xoşbəxtdirlər, çünki öz yaşıdları ilə, demək olar ki, eyni zamanda dünyanı tərk edirlər. O isə artıq dünən tanıdığı kəpənəkləri görmürdü ətrafında. Deməli, bir nəsli ötürmüşdü.

Gecənin maviliyi hopmuş qanadlarını çırpdı. Bir pəncərənin önündən keçəndə yarıqapalı pərdələrin arxasında tərpəniş və kölgələr hiss etdi. Yavaşca yaxınlaşıb pərdənin kənarına qondu. Pərdənin kənarı kifayət qədər açıq idi. İçərini rahatca görürdü. Otağın  səliqəli, zövqlu və müasir görnüşü vardı. Amma heç bir şey onunla müqayisə oluna bilməzdi. Tən ortada, qalın, qarışıq rəngli xalının üstündə mavi geyimli bir qadın dayanmışdı. Qadının şərq qravürlərini xatırladan oval çöhrəsi, düz burnu, qaranquş qanadı kimi gərilmiş, uzun qaşları vardı. Qap-qara, uzun, iri qıvrımlı gur saçları şəlalə kimi kürəyinə və sinəsinə dağılmışdı. Uzun, zərif boynu çini sürahıya bənzəyirdi. Bütün incə, uzun boyunu mavi tül paltar bürümüşdü. Tül, əslində, sanki heç bir yerindən iynə və  sapla bənd olunmamışdı. Qadının vücudunun zərifliyi tülün zərifliyindən geri qalmırdı. O rəqs edirdi. Nəsə baletə bənzər, həzin, qeyri - adi lirik bir melodiya altında fırlanırdı. Qarşısındakı güzgüdə özünə tamaşa edirdi. Bədəni də, mavi tül də bir-biri ilə həmahəng şəkildə titrəyirdi. Bu anda qadın zərif bir kəpənəyi xatırladırdı. İkinci kölgə yaxınlaşdı. Cavan, yaraşıqlı bir kişi zərif tül topasına bürünmüş gözəl kəpənəyi qucaqladı. O yavaşca pərdənin arxasında gizləndi. Bu gözəl çütlüyün məhrəm dəqiqələrini nəzərləri ilə faş etmək istəmədi.

                   

***

 

Şəbnəm  yuxudan duranda saat doqquz idi. Fəhmin,  yəqin ki, bu vaxta artıq işə çatmış olardı. Həmişə arzulayırdı ki, səhər durub ərini işə yola salsın, amma hər dəfə də yatıb qalırdı. Fəhmin qıymırdı onu oyatmağa. Özü çaydan, qəhvədən içib gedirdi. Tənbəl-tənbəl gərnəşdi, mələfənin sərin tərəfinə fırlandı. Durub duşa girsəydi, gümrahlaşacaqdı, yuxusu da qaçacaqdı. Amma dərd də elə bu yataqdan durmaq dərdi idi. Şəbnəm aktrisaydı. Özü də az-çox tanınan aktrisalardan. Onu bəxti gətirmiş insanlar qəbilindən saymaq olardı. Düzdü, ata-anası uzaqda yaşayırdı, beş ildi evil olmalarına rəğmən, hələ ana ola bilməmişdi. Amma belə, ümumi planda hər şey qaydasında idi. Fəhminlə ən yaxın rəfiqəsinin doğum günündə tanış olmuşdular. Ərə gedəndə Şəbnəmin iyirmi beş yaşı vardı, yəni uşaq sayılmazdı. Fəhmin də iyirmi doqquzu bitirib keçmişdi otuzuna. Tez dil tapdılar, tez sevdilər, tez nişanlandılar, tez də evləndilər. Hər şey nəsə çox rahat gedirdi, arabir Şəbnəm bu rahatlıqdan qorxurdu da. Hardansa oxumuşdu ki, insan həyatındakı xoşbəxt günlərin bədəlini mütləq əzabla, göz yaşıyla, ayrılıqla ödəməlidir. Ya əvvəl, ya da sonra. Fəhminlə o qədər xoşbəxt, o qədər rahat idi ki, uşağının olmaması belə onun bəxtəvərliyinə kölgə sala bilmirdi. Həyatı başa düşəndən sonsuz qadınların əzabları haqda eşitmişdi. Filimlərdə körpə paltarlarına həsrətlə baxan qadın obrazlarına, sonsuzdan uşaqlarını qoruyan zalım ana personajlarına tez-tez rast gəlsə də, heç zaman özünü o vəziyyətdə, o qəhrəmanların yerində hiss edə bilmirdi. Nə olsun axı, uşağı olmur, olmur da. Cavandır, sağlamdır, əla karyerası var. İmkanlı, onu sevən əri, rahat həyatı var. İnanırdı ki, mütləq uşağı da olacaq, lap olmasa da, gedib bir uşaq götürüb saxlayar. Əsas odur ki, Fəhmin bu beş ildə bircə dəfə də ona uşaq barədə güldən ağır söz deməmişdi. Durub duş qəbul etdi, geyinib-kecindi, işə yollandı. Qapıdan çıxanda adəti üzrə evə nəzər yetirsə də, yataq otağının açıq qapısından görünən abajuru söndürmədiyinin fərqinə varmadı. Abajurun altındakı zərif məxluqu da görmədi…

         …Ekologiyası – Kəpənəklərin qanadlarının eni açıq halda 40-45 mm-ə çatır. Mayda – iyunun əvvəlində uçurlar. Uçuşları xırıltılı və sürətlidir. Tırtılları iyun-iyul aylarında şüvəran bitkisi yarpaqları ilə qidalanır.

 

***

 

Abajurun işığında qanadlarının divara düşmüş kölgəsi elə böyük görünürdü ki. Bir xeyli özünə tamaşa edib ğörünüşündən həzz aldı. Düşündü ki, görəsən, kölgədəki kimi böyük olsaydı, nolardı? Amma bir nəticəyə gələ bilmədi. Axşam yarımqaranlıq otaqda, abajurun mavi işığında rəqs edən qadın elə çox xoşuna gəlmişdi ki... Kaş o qadın onun kimi kəpənək olaydı. O zaman qadını sevə bilərdi. İnsanların sevgisi çox əcaib görünürdü ona. Bu sevgilərdə mütləq təmənna olur, məhdudiyyət olur, şərt olur, bəlkə olur. Amma kəpənəklərin sevgisi qısa, şimşək kimi ani və güclüdür. Onlara sevişmək  üçün nə ev, nə yataq, nə pul lazım idi. Ax, kaş o qadın mavi, gözəl bir kəpənək olaydı.

Şəbnəmin bu gün teatrda məşqi vardı. Kinoya çəkilməyi  teatrda oynamaqdan daha çox sevirdi. Bəlkə də, teatra gələnlərin azlığı xoşuna gəlmirdi. Həm də nədənsə səhnədə özünü naqolay hiss edirdi. Zalda təkəmseyrək oturan adamlar, elə-belə maraq xatirinə gəlmiş cavanlar ona heç vaxt xoş gəlmirdi. O bu sənətə qədəm qoyduğu vaxtdan teatrları belə görmüşdü. Düzdür, vaxt vardı ki, bu səhnədə oynamağı böyük bir səadət  hesab edirdi, amma insan arzuları heç zaman yerində durmur. Bir məqama çatan insan ondan yüksəyinə ucalan kimi öncəki gözündə adiləşir. Kinoya dəvət alanda qorxmuşdu ki, alınmaz. Amma sonra elə bir uğura imza atmışdı ki, uzun müddət hamı ondan danışmışdı. "Hörümçək toru" filmində baş rolu oynamışdı. Həmin filmdən sonra çox rejissorlar onunla işləmək istədilər. Kinoda həm də yaxşı pul vardı. Gün-gündən şöhrət dəlisinə çevrilirdi. Amma insafən, oynadığı rolları çox təbii və gözəl oynayırdı.

Əlvan çətirini açıb səkinin o tərəfinə keçdi. Bir-iki addım atmışdı ki, kiminsə onu izlədiyini hiss etdi. Küçədə, metroda maraq dolu baxışlarla tez-tez qarşılaşırdı. Ona görə də narahat olmadı. Amma adını eşidəndə dayanıb səs gələn tərəfə boylandı. Səkidə yaraşıqlı, cavan bir oğlan dayanmışdı. Oğlan təxminən Fəhmin yaşda olardı. Əynində cins şalvar, ağ, qısaqol kətan köynək var idi. Sarışın, bir az cod və dalğalı saçları sola daranmışdı. Açıq – qəhvəyi gözlərini gün qamaşdırdığından tez-tez qıyırdı. Qız diqqətlə baxıb oğlanı tanımadığına əmin olandan sonra soruşdu:

– Mənimləsiniz? Biz tanışıq?

– Şəbnəm xanım, əlbəttə, sizinləyəm. Minnət qoymaq kimi çıxmasın, düz iki saat otuz yeddi dəqiqədir ki, sizi gözləyirəm.

Oğlanın səsi də, əlləri də titrəyirdi. Həyəcan keçirdiyi bütün vücudundan bəlli idi.

Şəbnəm öz gözəlliyindən xəbərdar olan qadınlar qismindən sayılırdı. Viktor Hüqonun Kozetta haqda dediyi kimi, qadın öz gözəlliyini anladığı an daha da füsunkar olur, fəqət gözəlliyindən bixəbərliyinin cazibəsini itirir. Bu yaşına qədər həyatında çox heyranlara rast gəlmişdi.

Oğlanın həyəcanını gördükcə Şəbnəmi gic gülmək tuturdu.

– Siz niyə məni gözləyirdiniz ki?

– Heç, elə-belə. Yox ey, yəni mən sizin fanatınızam, pərəstişkarınızam. Yəni necə istəyirsiniz, eləcə də başa düşün. Sizin bütün tamasalarınıza gəlirəm. Arxadaca oturub sizi, daha doğrusu, oynadığınız rolları izləyirəm. Son filminizə baxıb – burda oğlan, deyəsən, tərəddüd elədi – ağlamışam hətta. Siz çox gözəl aktrisasınız. Oynadığınız rollar o qədər təbii və füsunkardır ki. Mən söz tapmıram Bu gülləri götürün də, səhərdən əlimdə qalıb.

Oğlan yaylığı ilə alnında puçurlanmış tər damlalarını sildi. Nitqini bitirib qəribə farağat vəziyyəti aldı. Səbnəm bu vaxta qədər heyranları ilə çox rastlaşmışdı. Amma bu qədər qəribə və maraqlı adam ilk dəfə idi rastına çıxırdı. Gül dəstəsini məmnuniyyətlə götürdü.

– İcazə versəydiniz, sizi evə qədər ötürərdim.

– Yox, evə qədər  ehtiyac yoxdur. Mən metro ilə gedəcəyəm. Əgər yolunuz metroya tərəfdirsə, o zaman metroya qədər mənə yoldaşlıq edə bilərsiniz. Amma bir şərtlə.

– Nə şərt?  Nə şərt olsa,  qəbuldur.

– O zaman adınızı deyin, mənim məchül fanatım.

– Hə, çox üzr istəyirəm, bir daha tanış olaq, Şəbnəm xanım, mənim adım Əlidir.

Əli adı kimi sadə və təvazökar görünürdü. Şəbnəm yol boyu oğlanın bitib- tükənməyən təəssüratlarını maraqla dinləyirdi. Qəribə görünsə də, bu oğlan onun hər bir tamaşasını ən kiçik ayrıntıları ilə yadda saxlamışdı. Həmin tamaşa zamanı baş verən bütün detalları elə maraqla danışırdı ki, qadın daxili bir qürur hissi keçirirdi,  həm də təəccüblənirdi. Metroya çatanda əl görüşüb sağollaşdılar.

– Sizə yazmaq olar?

– Harda?

– Sosial şəbəkədə. Mən çoxdandır ki, sizin profilinizi izləyirəm. Maraqlı məlumatlar olur, tamaşalarınızdan, filimlərinizdən parçalar da olur.

– Əlbəttə olar. Buyurun, nə zaman istəsəniz, yaza bilərsiniz.

Evə girəndə bircə arzusu vardı – əynindəki bütün paltarları  çıxarıb qapının kandarına tökmək və duşa girmək. Son günlərdə hava yaman isti keçirdi. Başdan-başa kaşı ilə döşənmiş hamama girib özünü ilıq su şırnağının altına verdi. Günün istisi, rütubəti, görüşləri, ayrılıqları, sevincləri, xəbislikləri suya qarışıb ayaqlarının altına tökülürdü. Hamamdan çıxanda ev artıq sərinləmişdi. İçəri girən kimi kondisioneri qoşmuşdu. Ərinə zəng vurdu, amma çox zaman olduğu kimi, Fəhminin nömrəsinə zəng çatmırdı. Keçib uzandı, gözlərini yumdu. Günortakı heyranı haqda düşünməyə başladı. Beləcə də yuxu apardı onu. Oyananda axşam düşmüşdü. Çox yatmışdı. Son vaxtlar nəsə belə gündüzlər yatmağa adət eləmişdi deyə, gecələr yaxşı yata bilmirdi. Fəhmin zəng vurmamışdı. Özü zəng vurdu. Əri gecdən-gec telefona cavab verdi:

– Yat, məni gözləmə, bu gün mal boşaldırıq. İşim çoxdur.

Bax belə! Ömründə ilk dəfə bir körpəsi olmasını ürəkdən arzuladı. İndi birlikdə yatağa uzamardılar. Körpəsinin sarışın... Niyə məhz sarışn? Əşi, nə fərqi var ey, axır ki, saçlarını qoxulaya-qoxulaya yuxuya gedərdi. İçinə ibtidai bir qorxu doldu. Birdən heç zaman ana ola bilməsə? Onda necə? Onda, görəsən, kimin üçün yaşayar? Əri onu boşayarmı?

Səhər gözlərini açanda ilk gördüyü şey Fəhminin qıvrım, qara saçları oldu. Əri gecə gəlib, yerinə girib yatmışdı. Havanı iylədi, havadan yüngül şərab qoxusu gəlirdi. Qalxıb yuyundu, telefonu açdı. Bu gün ad günü idi. Nəsə ad günlərini çox sevirdi. Özünə qarşı diqqəti, hədiyyələri və sairə təmtarağı xoşlayırdı. Əri də oyandı. Səhər süfrəsində bir kəlmə də olsun danışmadılar. Fəhmin qayğılı idi. Gözlədi ki, indi onu təbrik edəcək. Nəsə deyəcək. Amma görünür, Fəhmin onun ad gününü unutmuşdu. Balaca uşaq kimi son çarəyə əl atdı:

– Bu gün ayın neçəsidir?

– İyirmi altısı. Necə məyər?

– Heç, elə-belə soruşdum. İşə gedirsən? Axşama nə planın var?

– İş çoxdur, Şəbnəm, planım-zadım yoxdur. Elə ofisdə olacam, gecə də ola bilsin ki, gec gələcəm.

Qapı Fəhminin ardınca örtülənə qədər hələ də ümid edirdi ki, ərinin yadına düşəcək. Ya da sadəcə, qəsdən özünü bilməməzliyə vurub. Amma qapı örtüldü. Və ümid də söndü. Sonra fikrə getdi. Eh, dünyada minlərlə qadın var ki, normal həyat şəraiti yoxdur yaşamaq üçün. Güya elə hamının əri ad gününü, bayramları qeyd edir? Telefonu açanda çaşdı, ona tanımadığı bir nömrədən ismarış gəlmişdi. “Şəbnəm xanım, sənət günəşi hər zaman başınız üstə parlasın. Doğum gününüz mübarək! Hörmətlə: Əli” Mat qaldı. Əli onun nömrəsi və ad gününün tarixini hardan bilirdi?.. Səhifəsinə baxdı, səhifənin tam ortasında böyük bir buket vardı. Ad gününü təbrik eləmişdi Əli. Məktubu da vardı. Salam, Şəbnəm, necəsən? Xoş gördük. Sənə dostluq göndərirəm. Əgər mümkünsə, qəbul et.

         Sonrakı günlər hadisələr daha sürətlə inkişaf etməyə başladı. Əli bahar yağışı kimi, payız leysanı kimi, şimşək kimi, nə bilim ey hansısa bir təbiət hadisəsi və ya təbii fəlakət kimi Şəbnəmin həyatına daxil olmuşdu. Aşırı dərəcədə qayğıkeş, hərdən lap zəhlətökən dərəcədə diqqətcil idi. Teatra gül gətirirdi, sosial şəbəkədə səhifəsində  çiçək şəkilləri  paylaşırdı. Tez-tez yazırdı. Şəbnəm artıq Əlidən yorulmağa başlamışdı. Hiss etdiklərindən, yəni bu yorğunluqdan utanırdı. Hər səhər Əli ona uzun-uzadı məktublar yazırdı. Bu məktublar bəzən giley-güzarla, Əlinin şəxsi problemləri ilə dolu, bəzən isə xoş ovqatlı olurdu. Arabir şeir də göndərirdi. Şəbnəm vaxt tapıb cavab yazmayanda oğlan küsür, uzun-uzadı gileylənirdi. Qadın nədənsə bu qeyri-adi fanatının ürəyini sındırmağa qıymırdı. Əlinin təkidi ilə bir neçə dəfə çay evində birlikdə çay da içmişdilər.

Sakit bir payız səhəri idi. Şəbnəm teatra tez gəlmişdi. Bir-iki saat oturub çıxdı, yolun sağ tərəfinə keçib taksi dayanacağına tərəf istiqamət götürdü. Arxadan yeyin-yeyin gələn adamın ona çatıb astaca “Sabahın xeyir” deməsindən  diksindi. Əli idi.

– Şəbnəm, olar səni bir yerə dəvət edim?

– Salam, necəsən, Əli? Hara dəvət edəcəksən ki? Maraqlıdır, sənin ideyaların bitib-tükənmir.

– Karuselə.

– Hara? Deyəsən, uşaqlığın yadına düşüb.

– Nolar, gedək də. Çoxdandır karuselə minmirəm.

– Yox, Əli, getmirəm. Evə gedəcəm. Bu axşam Fəhmin tez gələcək evə. Yemək bişirməliyəm.

– Nolar, gedək də. Qayıdanbaş nəsə alarıq. Məsələn, qril alarıq, hazır dolma alarıq.

– İstəmirəm, Əli. Hazır yemək də almağı sevmirəm.

Şəbnəm artıq hövsələdən çıxırdı. Əlinin tez-tez yazması, onunla belə əcaib görüşlər təşkil eləməyə meylliliyi qızı əsəbiləşdirirdi.

– Əli, uşaq deyilik axı. Belə tez-tez görüşməyimizə də lüzum yoxdur. Dostuq, anlayıram səni, mənim sənətimi sevirsən, özümə hörmət edirsən. Minnətdaram bunlara görə, amma mənim axı səninlə karuselə minən yaşım deyil. Səni anlayıram, subay adamsan, macəra həvəsindəsən. Amma daha gənc, subay bir xanımla əylənə bilərsən.

– Nə əylənmək, Şəbnəm, sən nə danışırsan?

Əlinin gözləri dolmuşdu. Civə kimi oynaşan bəbəkləri gah yerə, gah da qadının üzünə, dodaqlarına, saçlarına tuşlanırdı. İki damla yaş yanaqlarından üzü- aşağı süzüldü.

– Sən məni niyə yanlış anladın? Hə, niyə? Mən məyər səninlə əylənmək istəyirəm? Mən, mən ifadə edə bilmirəm.

Şəbnəm yumşaldı. Əlini incitmək istəməmişdi. Əyləncə sözünü də elə-belə sözgəlişi demişdi. Yəni sətiraltı mənada yox, elə birbaşa mənasında.

– Əli, mən əyləncə dedikdə, həqiqətən də, əylənməyi nəzərdə tutdum. Yəni demək istəyirəm ki, səninlə belə yerlərə getmək üçün həvəsim yoxdur. Daha həvəsli birini tap. İncimək lazım deyil.

– Bilirəm, sən bunu qəsdən edirsən. Məndən bilə-bilə uzaqlaşmaq istəyirsən.

– Niyə? Bu hardan çıxdı? Yox, inan ki, belə deyil. Niyə uzaqlaşıram ki, biz dostuq, tez-tez danışırıq, yazışırıq.

– Elə bilirsən mən hiss etmirəm? O sənə qarşı biganədir. O səni sevmir. Mən isə... Şəbnəm, mən ölümə də gedərəm sənə görə.

Qadın qızardı. Əslində, Əlinin düşüncələrindən bixəbərdir, desəydi, yalan olardı. Elə ilk gündən bu qəribə oğlanda özünə qarşı nəsə bir meyil duymuşdu, amma buna əhəmiyyət verməməyə, görməzdən gəlməyə çalışırdı.

– Yetər! Əli, biz bir-birimizin şəxsi həyatına bu qədər qarışacaq qədər yaxın deyilik.

– Yox, sən qəsdən belə edirsən, çünki sən də məni mən səni sevdiyim kimi sevirsən.

– Nə gicləyirsən sən? Sənin başın xarab olub? Mən evli adamam, ərimi də sevirəm. İndi sənə iki dəfə salam verdim deyə, səni sevmiş oluram?

Şəbnəm arxasına baxmadan özünü taksiyə atdı. Taksinin qapısını ona nəsə deməyə hazırlaşan Əlinin düz burnunun qabağında çırpıb evin ünvanını dedi.

Səhər yuxudan duranda Fəhmin əsəbi və sözlü adama oxşayırdı.

– Nolub?

– Sən de. Sən de nolub. Bu nə məktubdur? Gecə yatmışdın, telefonuna gələn mesajı mən açdım.

Kimdir bu Əli? Xəbərimiz olmayan işlər var, deyəsən. Cavab ver!

– Fəhmin, Əli mənim fana...

Kəlmələr Şəbnəmin ağzında qaldı. Fəhminin vurduğu şillənin təsirindən səntirləyib yatağa yıxıldı. Fəhmin qapını çırpıb çıxdı. Əri gedəndən sonra qadın xeyli ağladı. Sonra telefonu götürüb Fəhmini cin atına mindirən mesajı oxudu.

“Gözlərimin qarası, əzizim, həyatım, dünən səni incitdiyimi bilirəm. Sən taksiyə minib gedəndən sonra güclə özümə gəldim. İstədim ardınca sizə gəlim, o adama başa salım ki, səni sevirəm. Sən də mənə qarşı biganə deyilsən. Amma cəsarət...”

Mesaj burda yarıda kəsilmişdi. Qadın başını əlləri arasına aldı. Dəhşətə gəldi. Uzanıb gözlərini yumdu. Sadəcə, yatmaq istəyirdi. Hər şeyi unutmaq üçün yatmaq.

Qanadlarını çırpıb astaca ona yaxınlaşdı. Qadın yatırdı, elə sakit və rahat görünürdü ki. Amma qaşları çatılmışdı. Sanki yuxuda da nəsə düşünürdü. Qanadlarının ucunu Şəbnəmin göz yaşları qurumuş, nəm yanaqlıarına toxundurdu. Kaş böyük olaydı, çox böyük. Fəhminə qalib gələcək qədər böyük. Kaş çox sevdiyi bu qadını qorumağı da bacaraydı. Birdən qeyri-adı bir şey hiss etdi. Gözlərindən balaca, lap balaca, bir xaş-xaş dənəsinin dörddə biri boyda göz yaşı süzüldü. Ağlaya bilirmiş, demə. Adamlar kimi o da ağlamağı bacarırmış. Adamlar ağlayanda həmişə düşünürdü ki, görəsən, niyə ağlayır adamlar? İndi başa düşdü, demək, adamlar bütün hallarda öz acizliklərindən ağlayırlarmış. Döyən də, döyülən də, əzən də, əzilən də. Sən demə, acizlik çox ağır, böyük, güclü bir şey imiş. Qanadlarını qadının saçlarına sərib sakitcə uzandı.

Bir ay idi ki, Fəhmin evdən getmişdi. Fəhmin Şəbnəmə yox, dedi-qodulara inanmışdı. Şəbnəmin sosial şəbəkəsin qurcalamış, ordan tapdığı hər şeyi dəlil-sübut kimi arvadının gözünə soxub evi tərk eləmişdi. Şəbnəm inana bilmirdi, bütün bunların onun başına gəlməsi əcaib bir hal idi. Əli də bir tərəfdən onun günün qara eləmişdi. Oğlan mütləq bir yol tapır, ona elani-eşq məktubları, gül dəstələri göndərməkdə davam edirdi. Qəribə burası idi ki, Əli ciddi cəhdlə Şəbnəmə isbat eləməyə çalışırdı ki, qadın da onu sevir. Əli bəzən bunu sübuta yetirmək üçün elə dəridən-qabıqdan çıxırdı ki, qadın onun fərziyyələrinə inanmağa məcbur qalırdı. Arada Şəbnəm özünə sual verirdi. Bəlkə, hardasa Əliyə ümid verib? Bəlkə, bir ümidverici baxış, bir təbəssüm, bir eyham olub aralarında? Az qala başına hava gələcəkdi. Həmişə ona inanan, onu anlayan Fəhmin sanki dəyişilmişdi. Evdən getdiyi gün Fəhminin gözlərində gördüyü ilan soyuqluğunu hər dəfə yadına salanda içinə uşütmə düşürdü. Sonradan təhqir olunmuş qadın qüruru ona Fəhminə təzədən zəng vurmağa icazə verməmişdi. Dərd orasında idi ki, heç kimə günahsız olduğunu sübut edə bilmirdi. Ölüm hökmünü gözləyən məhkuma bənzəyirdi. Beynində içindən çıxa bilməyəcəyi əcaib bir boşluq var idi. Bəlkə, Fəhmin ilə münasibətləri qondarma imiş? Bəlkə, Əlini sevir? İtki insan ömrünün ən faciəvi hadisəsidir. Bu, təzə fikir deyil, bunu illər boyu hamı deyib. Amma eşitmək başqa, dadmaq başqa. İtki zəhər kimidir, onu əvvəlcə görür, qoxulayır, sonra dadırsan. O zaman bütün bədəninə hakim kəsilir. İnsan bu  yaşadığı cəmiyyətin bir parçasıdır, fəqət insan həmin o parçası olduğu cəmiyyətin digər fərdini heç zaman sona qədər anlamır. Ən inkişaf etmiş cəmiyyətlərdə belə insanı son həddə gətirən ictimai qınaq var. Bəzən bunu insanların mədəni səviyyəsi ilə ölçürlər, amma bu, düz deyil. Mədəni səviyyə ancaq qınağın dərəcəsini artırıb-azalda bilər, məzmun və struktur isə olduğu kimi qalır. Bəlkə də, qınaq insanların genindədir, mürəkkəb cihaz kimi kodlaşdırılmış insan içindəkini çıxarıb atmaq gücündə deyil. Çünki insana bu xüsusiyyət özgüvən qazandırır.

         Teatrda da dedi-qodu baş alıb gedirdi. Bu cür məsələlərdə həddən artıq köhnə fikirli müdirləri son günlər Şəbnəmlə yaman sərin-soyuq rəftar eləməyə başlamışdı. Şəbnəm başını itirmişdi. Qadın son günlər tez-tez eyhamlı, sözlü baxışlarla qarşılaşırdı. Lakin ən kiçik ehtimalı belə ağlına gətirmək istəmirdi. Bəlkə də, eşidə biləcəklərindən qorxurdu. Amma...

– Şəbnəm, incimə, amma bir söz deyəcəm sənə. Bilirsən axı səni sox istəyirəm.

Ayaqlarını çarpazlayıb kafedəki dəyirmi, qırmızı masanın arxasında oturmuşdu. Qarşısındakı qəhvə fincanının içinə tamaşa edirmiş kimi başını fincana sallamışdı. Amma əslində, heç nə görmürdü.

– Hə, Aytən, bilirəm, de.

– Son günlər dedi-qodu gəzir sənin haqqında.

– Hə? Bəs sən nə düşünürsən bu barədə, yəni nə danışdıqlarını soruşmayacağam, sadəcə, mənə məsləhətin nədir?

– Şəbnəm, sənin də ixtiyarın var kiminləsə münasibət qurmağa. Yəni uşaq deyilsən ki, ola bilər, biri xoşuna gəlsin. Məgər ailədən kənar hiss, bağlantı yaşayan bir tək sənsən? Mən, sadəcə, deyirəm ki, sən bunu elə edə bilər....

– Kəs səsini! Bircə sualıma cavab ver, sən inanırsan danışılanlara?

– Şəbnəm!

– Səninləyəm, inanırsan?

–.............

Qadın hədəqədən çıxmış gözləri ilə qarşısında oturmuş rəfiqəsini süzdü. Heyif, – dedi, – heyif ki, bu vaxta qədər özümü sizə zərrə qədər tanıda bilməmişəm. Xoş getdin.

Günlərin sayını itirmişdi. Vaxt onun üçün qaranlıq quyuda keçirdi sanki. Özünü bu qədər aciz, yazıq bilməzdi. Dözümsüzlüyü onu məhv edirdi. Son vaxtlar teatra da getmirdi. Bülletenə çıxmışdı. Daha Fəhminsiz yaşaya bilmirdi. Ərini nə qədər sevdiyini indi aydınca dərk edirdi. Eybi yox, gedib üzür istəyəcək. Etmədiyi xətaya, səhvə görə ərinə yalvarmağa hazır idi. Verdiyi  qərardan yüngülləşdi. Qalxıb geyindi. Gözü güzgüyə sataşanda diksindi, ikicə ayda  çox  dəyişmişdi. Elə bil ki, qocalmışdı. Üzünə su vurdu. Makiyaj eləmək istədi, amma əli gəlmədi. Qapını çırpıb az qala qaça-qaça həyətdən çıxdı. O tələsiklikdə, təbii ki, tələsik ardınca uçan balaca, zərif məxluqu da görmədi. Yol boyu Fəhminə nə deyəcəyi, necə deyəcəyi haqda düşünür, götür-qoy edirdi. Off, bircə çatsaydı, bu axmaq, bu səfeh ayrılığa, həyatına hardansa gəlib soxulmuş ayrılığa son qoya bilsəydi. Həyəcandan ürəyi bulanırdı. Fəhminin iş yerinə bircə tin qalmış dayandı, qeyri- ixtiyari cibindən güzgü çıxardı. Əvvəllər ərini görməyə gedəndə güzgülənməzdi, özünü arxayın, əmin hiss edərdi. Amma indi elə bil ki, yad kişinin görüşünə gedirdi. Həyatda qəribə təsadüflər çox olur, amma beləsi, yəqin ki, çox az adamın başına gələ bilərdi. Ofisə beş-on addım qalmış Fəhmini gördü. Fəhmin şüşə qapıdan çıxıb yeyin-yeyin yolu keçdi. İstədi ərini çağırsın,  amma elə bil nitqi tutulmuşdu. Eləcə sakit-sakit Fəhminin ardınca gedirdi. Qarşı səkidə hündür, yaraşıqlı bir qadın dayanmışdı. Qadının yanında iki-üç yaşlı bir uşaq vardı. Fəhmin yolu keçib mehribancasına əvvəlcə qadını qucaqladı, sonra uşağı ondan aldı. Lap yaxınlaşanda uşağın qırıq-qırıq ata dediyini eşitdi. İçində nəsə qırıldı, yox, yox, qırılmadı, üzüldü. Bu üzülən nə idisə, ona muncuq dənələri kimi çoxlu ümid düzmüşdü və bu ümidlər içinə, yerə, ayaq altına dağıldı. Özü də bilmədi niyə yerə tərəf əyildi, bəlkə də, dağılmış ümidləri yığmaq üçün əyilmişdi. Amma qalxa bilmirdi. Çünki əyilən onun vücudu yox, qüruru, qadınlığı, mənliyi idi. Kəpənək özünü qadının ağırlığının altına verdi. İpək qanadları ilə onu saxlamağa çalışdı.Və alındı. Qadın dikəldi,  sanki doğrudan da, qanad taxıbmış kimi evə tərəf səmt götürdü. Yalnız divana çatanda qanadları qırılmış kimi yıxıldı.

Arxası üstə çarpayısına uzanmışdı. Həqiqət ortada idi, ərinin başqa ailəsi və hətta uşağı da vardı.Yalnız indi ərinin niyə ondan heç zaman uşaq istəməməsinin səbəbini anlayan kimi oldu. O qadını gözləri önünə gətirdi, müqayisə də etdi özünü onunla. Əlbəttə, o, qadından gözəl idi. Amma o qadının elə bir üstünlüyü vardı ki... Uduzmuşdu, hər şeyini uduzmuşdu. Dəhşət içində ev-eşiyə nəzər saldı. Bomboş idi bu böyüklükdə ev. Yalnız indi filmlərdəki uşaq paltarlarını qoxulayan sonsuz qadınları anladı...

Zegris mentos – nadir kəpənək növü. Sayının dəyişmə səbəbləri. Həvəskar kolleksiyaçılar tərəfindən tutulmasının təmin edilməməsidir. Zəruri  qorunma səbəbləri tutulmamasının tənzim edilməsi...

Qadın divana yıxılanda elə bildi qanadları qopub düşəcək. Heç özünü belə güclü bilməzdi. O boyda yolu bu vücudu daşıdığını düşünürdü. İçində dəhşətli bir yorğunluq vardı. Deməli, insanlar belə imiş? İnsanlar yalançı, xəyanətkar, aclaf imiş. Üzünü qanadları ilə öptdü. Nifrət eləyirdi bu dünyaya. Dəhşətə gəldi, cəmi bir aydı yaşayırdı,  amma yorulmuşdu bu dünyadan,  bəs görəsən, adamlar necə yaşayırlar bunca il? Bezmirlər? Usanmırlar? Mavi işıqlı abajurun altına girdi. Gözlərini yumdu və dərin bir yuxuya getdi. Gözlərini açanda səhər açılmışdı. Evdən səs-küy gəlirdi. Kimsə vurnuxur, ora-bura qaçırdı. Pəncərəyə qondu, həyətdə çoxlu maşın və adam vardı. Maşınların içərisində polis maşını, təcili yardım maşını və Fəhminin gilənar rəngli mersedesi də gözə dəyirdi. İçinə titrək bir qorxu doldu. Qanadları titrədi. Yavaşca uçub o biri otağa keçdi. Ətrafındakı səsi, adamları, ağlayan, danışan kəsləri görmür və eşitmirdi. Gözləri bircə divanda uzanmış Şəbnəmdə qalmışdı. Şəbnəmin əynində o gecə geydiyi mavi paltar vardı. Saçları divanın qoltuqlarından şəlalə kimi döşəməyə doğru axmışdı. Cansız bədəni çoxdan qurusa da, üzü əvvəlki kimi gözəl idi. Bənizi kağız kimi ağappaq olmuşdu. Kirpikləri yanaqlarını kölgələmişdi, sanki yatırdı. Fəhmin bir kənarda dayanıb ağlayırdı. Həsrətlə Şəbnəmə tamaşa eləməyə başladı. Dodaqlarına, saçlarına, qapalı gözlərinə uzun-uzadı baxdı. Bir daha görməyəcəyini bilirdi axı. Dərdin şiddətinə dözə bilmirdi. Başa düşürdü ki, daha yaşaya bilməyəcək. Evdə aləm bir- birinə dəymişdi. Ona görə də heç kim balaca, mavi, zərif məxluqun özünü axşamdan bəri yanan abajurun lampasına çırpdığını görmədi.

Şəbnəmin ölümündən iki gün sonra qəzetlərdə  və saytlarda qəribə başlıqlı bir yazı çıxdı: "Gənc aktrisa ailəsindən kənar yaşadığı sevgisinə görə intihar etdi".

Amma kimsə abajurun altında hələ də cansız bədəni ilə yatan aşiq kəpənəyi tapmadı.

                       

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)