“İşarətçi...” – Çarlz Dikkensin mistik hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Tərcümə saatıdır, Azad Yaşarın tərcüməsində Çarlz Dikkensin  “Işarətçi” mistik hekayəsidir.

 

 

 

 

 

TƏRCÜMƏ SAATI

 

 

 

İngilisdilli nəsrdə realizm cərəyanının banilərindən sayılan və Çarlz Dikkens (1812-1870) təxəllüsüylə tanıdığımız görkəmli nasir, romançı və esseçinin əsl adı Çarlz Con Haffəm Dikkens olub.

 

Həyat gerçəklərini bütün canlılığıyla oxuculara təqdim edən bu yazarın əsərlərində biz sentimental, nağılvari və Xorxe Luis Borxesin də doğru vurğuladığı kimi, hətta detektiv elementlərə də vaxtaşırı rast gəlirik.

 

Ç.Dikkensin dünya ədəbiyyatı xəzinəsinə daxil olan əsərləri sırasına “Pikvik klubu barədə qeydlər”, “Oliver Tvist”, “Nikolas Niklbi”, “Devid Kopperfild”, “Soyuq ev”, “İki şəhərin hekayəti”, “Ortaq dostumuz”, “Böyük ümidlər” və “Edvin Drudun sirri” romanları daxildir.   

 

Aşağıdakı hekayəni isə o, “İl boyu” adlanan bir toplunun Milad bayramına həsr olunan buraxılışı üçün qələmə alıb. Oxucularda İsa peyğəmbərin dirilişinə inam hissini gücləndirməkdən ötrü tərtib olunan bu cür buraxılışlarda yer alan hekayələrdə ruhların, kabusların gözə görünməsi ilə bağlı məqamlara xüsusi yer verilir və belə yaşantılar daha artıq dərəcədə qabardılırdı.

 

Realist tərzdə məşhur əsərlərə imza atan Çarlz Dikkensin bu mövzuya müraciəti isə ilk baxışda çoxlarına qəribə görünə bilər, ancaq məsələ də elə ondadır ki, 1866-cı ildə qələmə aldığı bu əsəri yazmaq ideyasını yazara şəxsən özünün yaşadığı faciəli bir hadisə verib. Hekayəni qələmə almazdan bir neçə ay öncə yazıçı bir dəmir yol qəzasına düşür: sərnişini olduğu birinci vaqon və lokomotiv keçdikdən saniyələr sonra onların arxada buraxdığı körpü çökür, relsdən çıxan sonrakı vaqonlar boşluğa doğru uçur, xeyli sayda insan xəsarət alır və ya dünyasını dəyişir. Baş verən bu qəza ilə bağlı sonradan tərtib olunan rəsmi sənədlərdə də başlıca səbəb kimi qatarların məlum hərəkət cədvəli ilə təmir-inşaat işlərinin uzlaşdırılmaması göstərilibmiş.

 

O vaxt mövcud olan qaydalara əsasən, təmir briqadasının tərkibinə daxil edilən işarətçi bədbəxt hadisə vaxtı cavabdehlik daşıdığı dəmiryol xəttinin həm müvafiq səmtində durmayıbmış, həm də maşinistə gərəkli işarəti böyük ləngimə ilə veribmiş. Əgər işarətçi sözügedən siqnalı lazımi qaydalara uyğun şəkildə versəymiş, bəlkə, onda ölən və yaralananların ümumi sayı xeyli azalarmış, ancaq o halda da dahi yazar Ç.Dikkensin həyatda qalma şansı sıfra bərabər olardı, çünki elədə birinci vaqon mütləq körpüdən aşağı, yəni boşluğa yuvarlanasıydı.

 

Faciədən sonra ekspertlər bildiribmişlər ki, əgər işarətçi heç bir siqnal verməsəydi, bəlkə də, məsələ tamamilə itkisiz sovuşardı: belə olan halda qatar körpünün təmir gedən qismini tam sürətlə ötüb keçər və maşinist əyləcdən yararlanmağa hər hansı gərək duymazdı. Məhz qatar təhlükəli zonanı geridə qoyduqdan sonra körpü... çökərdi.     

 

Hekayə ilə tanış olarkən siz Dikkensin gəldiyi qənaətlə razılaşacaqsınız: qatarın işarət diliylə idarə olunması heç də həmişə normal məntiqin əsaslarına söykənmir... 

 

 

 

 

 

Çarlz DİKKENS

 

 

 

İŞARƏTÇİ

 

mistik hekayə

 

 

 

– Ehey, aşağıdakı!

 

Onu səslədiyim vaxt işarətçi öz köşkünün qapısı önündə durmuşdu, əlində isə öz dəstəyinə sarılmış işarət bay­raq­cığı vardı. Mövcud yerin təbii şəraiti nəzərə alı­nar­sa, bu səsin haradan gəldiyini o, maneəsiz anlama­lıydı, ancaq nədənsə mənim dayandığım və başı üstə yüksələn sıldırım qayanın təpəsinə tərəf bax­maq əvə­zinə, öz baxışlarını əks tərəfə, yəni dəmiryol xət­tinə tərəf zillədi. Həm də bu hərəkəti necə qəribə tərzdə elədisə, bundakı gözlənilməzliyin məhz nədən ibarət olduğunu, hətta istəsəm də, indi sizə izah edə bilməyəcəyəm. Həqiqətən də, bu kişi­nin özünü bu cür qəribə aparması diqqətimi çəkmişdi, ancaq o da vardı ki, bu qısaboy adamın fiquru dərin çuxurun kölgəsində olduğundan uzaqdan güclə seçilirdi, mən isə on­dan xeyli yüksəkdə dayandığıma görə qüruba enən günəşin al-qırmızı şüalarına bürünmüşdüm və onu ayırd edə bilməkdən ötrü əlimi gözlərim önündə bir sipərə çevirmişdim.

 

– Ehey, aşağıdakı!

 

Təkrar geri qanrılıb, dəmiryol xəttinə baxdıqdan sonra başını yuxarı qaldırdığı zaman o, düz başının üs­tündə dayandığımı, axır ki, gördü.

 

– Səninlə danışmaqdan ötrü buradan aşağı enə biləcəyim hansısa cığır-filan varmı?

 

Adam heç bir cavab vermədən məni süzdüyü üçün sualımı təkrarlamaqla onun zəhləsini tökmək is­təmədim. Məhz o əsnada havada və ayağım altdakı torpaqda güclə seziləcək bir titrəyiş yarandı. Sürətlə yaxınlaşan qatarın küləyinin məni aşağılara çəkib apa­ra­cağından ehtiyatlandığım üçün özümü geri dartdım. Keçib gedən qatarın püskürdüyü buxar ətrafımdakı havada aramla dağılandan sonra aşağı boylanarkən mən az əvvəl kişinin əlində tutaraq irəli uzatdığı o bayraqcığı artıq yığdığına şahid oldum.

 

Bayaqkı sualı təkrarladım. O hələ də diqqətlə mə­ni süzməyində idi, qısa aradan sonra əlindəki sa­rınmış bayraqcıqla harasa yuxarı böyür tərəfi, yə­ni mənim dayandığım yerdən təxminən iki-üç metr aralıdakı bir yeri nişan verdi. Səslənərək onun verdiyi işa­rə­ti anladığımı bildirdim və həmin səmtdə irəlilədim. Diqqətlə ətrafıma baxınca təpənin yoxuşlu yamacın­da açılan, ilanvari şəkildə aşağılara enən bir cığıra sataşdı gö­züm və elə onu da tutub getdim.

 

Bu damdar cığır hədsiz dərinlərə enirdi və son dərəcə dik idi. Altında su mənbəyi olduğundan bu sıl­dırım qayaların arasından keçən cığırın səthi aşağı­la­ra endikcə daha islaq və çamurlu olmağa başladı. Bu səbəbdən enişim xeyli vaxt aldı, ona görə də işarətçinin bu cığırı mənə nişan verərkən müşahidə etdiyim könül­süz davranışına və ya özünü buna məcbur eləməsinə heyrətlənməm üçün yol boyu yetərincə zamanım oldu.

 

Ziqzaqvari cığırla aşağı enib, işarətçinin yanına gəldiyim zaman onun az əvvəl qatarın sürətlə keçdiyi relslərin arasında dayandığını gördüm; gərgin duru­şundan mənim ora gəlib çıxmağımı gözlədiyi sezilirdi. Sol əlini çənəsinə, sol dirsəyini isə köksünə sıxdığı sağ əlinin ovcuna söykəmişdi. Görkəmindən yağan çəkingənliyə diqqət yetirincə bir anlığa karıxıb qal­dım. Sonra təkrar hərəkətə gəldim və biz ta dəmiryol xət­tinə çatana qədər yeyin-yeyin addımladım. Yaxınlaşanda onun solğun bənizli, saqqallı, gur və qara qaşlı bir kişi olduğunu gördüm. İşini icra et­diyi bu nöqtə ağlasığmaz dərəcədə kimsəsiz və gözdə­n i­raq yer idi. Bir ovuc göy üzünün göründüyü bu dar məkan dörd tərəfdən əyri-üyrü daşlarından su da­man bir hasarla əhatələnmişdi: bir tərəfdən baxanda bu iri sığınacaq dolanbaclı bir uzantını xatırladırdı, digər, yəni nisbətən qısa tərəfdən baxınca isə göz gö­zü görməyəcək qədər qaranlıq və müdhiş tunelin qoynunda semaforun qırmızı və qorxunc işığı gözə də­yir­di, tunelin iri, qaba daşlardan ibarət hörgüsü isə ada­ma bezdirici və ürküdücü bir təəssürat bağışlayırdı. Həmin yuvarlaq dəlikdən çox cüzi miqdarda gün işığı süzülə bilirdi və torpağa necə mənhus bir ölüm qoxu­su hopmuşdusa, iliklərimə işləyən, məni o dünyada imişəm kimi sarıb-sarmalayan, bu tərəfimdən girib, o tərəfimdən çıxan buz kimi külək də həmin qoxunu dağıtmaqda aciz görünürdü.

 

İşarətçi yerində qımıldanmağa macal tapmadan mən ona tamamilə yaxınlaşmaq imkanı qazandım. Əv­vəlki kimi, gözlərini məndən ayırmayan bu kişi bir addım geri çəkilməklə əlini qaldırdı.

 

– Bura son dərəcə kimsəsiz bir iş yeridir, –  deyə sözə başladım, – və yuxarıdan boylanarkən buranı görmək istəyim daha da artdı. Çox yəqin, buralara nadir hal­larda kimsə uğrayır və bu səbəbdən ümidvaram ki, onların gəlişi arzuolunmaz sayılmır?

 

Mənim timsa­lım­da bu işarətçi, hər halda, bütün ömrünü dar sər­həd­lər içində keçirən, ən nəhayət, öz sərbəstliyinə qovu­şunca bu cür əzəmətli qurğulara təzə-təzə maraq salan bir insan görürdü qarşısında. Hə, ona dediklərimin qısa məğzi təxminən bunlardan ibarət idi, ancaq sözlərimin məhz belə anlaşıldığına da əmin deyildim, çün­ki zatən yerli-yersiz söhbətə girişməyə meyilli birisi sayılmaram, indiki həmsöhbətimin görkəmi isə məni bir az da karıx­dı­rmaqda idi.

 

İşarətçi baxışlarını tunelin ağzına yaxın yerdə yanan qırmızı işığa zilləyib, – nə isə çatmırmış kimi – şəkk ilə süzdükdən sonra yenidən üzünü mənə çevirdi.

 

– Semafora nəzarət də, mən biləni, işarətçinin və­zifələrinə daxildir, eləmi?

 

Alçaq səslə cavab verdi:

 

– Guya bunu bilmirsiniz ki?!

 

Həmsöhbətimin solğun üzünə, donuq baxışları­na diqqət yetirincə ağlıma qorxunc bir fikir gəldi: bir­dən bu qarşımdakı bəni-adəm yox, bir kabus-zad olar ha! Onun şüurunun qüsurlu olub-olmamasıyla bağlı şüb­hələr də artıq içimi gəmirməyə başlamışdı.

 

Bu səfər mən geriyə doğru bir addım atdım. An­caq bunu edərkən onun gözlərində məndən çəkindi­yi­ni büruzə verən işartını da sezdim. Odur ki, yersiz tə­laşım harayasa buxarlanıb getdi.

 

Zorla gülümsəyərək dedim:

 

– Məni elə süzürsünüz ki, sanki sizə dəhşət hissi aşılayı­ram.

 

İzaha keçdi:

 

– Sizi daha əvvəl, bəlkə, görmüşəm deyə, fikrə dalmış­dım.

 

– Harada?

 

Az əvvəl baxdığı qırmızı işığı nişan verdi.

 

Soruşdum:

 

– Oradamı?

 

Gözlərini məndən çəkmədən pəsdən dedi:

 

– Hə.

 

– Dostum, mənim orada nə işim varmış?! Sizə sə­mimi etiraf edə bilərəm ki, oralarda əsla olmamışam. Hət­ta siz özünüz də bunu and içməklə təsdiqləyərsiniz.

 

İşarətçi razılaşdı:

 

– Hə, məncə də, təsdiqləyə bilərəm. Hə, hə, yəqin, bu­nu təsdiqləyərəm.

 

Sən demə, o, adi və onluq kəsirlərlə bağlı tənliklər həll edə bilirmiş, hətta cəbrə də girişibmiş, ancaq he­sab fənniylə hələ məktəb illərindən bir elə arası yoxmuş. Görəsən, vəzifə borcu onun daima bu rütubətli çuxur­da qalmasınımı tələb edirdi, yoxsa ara-sıra bu hündür divarların əhatəsindən qurtulmaqla günəş işığına da çıxırdı? Dedi ki, bu, zamandan və mövcud şərtlərdən asılıdır. Dəmiryol xətti gah hədsiz yüklənirmiş, gah da çox az, günün saatlarından asılı şəkildə bu şərt də dəyi­şir. Günəşli havalarda bu kölgəli çuxuru tərk elə­məkdən ötrü o, bir fürsət axtarır: ancaq elektrik zəngiylə hər an müraciət daxil olacağından ehtiyat­lan­dığı və iş yerindən aralanınca qulaqlarını daha be­tər şəklədiyi üçün özünə bu cür dinclik haqqı verməsi mənim təxmin elədiyimdən daha az-az mümkün olur.

 

Sonra o, məni öz köşkünə dəvət elədi: masanın üstündə işlə bağlı qeydlər apardığı bir dəftər, diskli, sferblatlı və əqrəbli teleqraf cihazı, bir də bayaq adını çəkdiyi o elektrik zəngi vardı. Xətrinə dəyməmək şərtiy­lə bildirdim ki, məncə, o, bu stansiya ilə müqayisədə daha yüksək bir mövqedə çalışmaq üçün babat təhsilə malikdir (könlünə dəymək niyyə­tindən uzaq olduğumu da bu yerdə təkrar vurğuladım). İşarətçi bununla razılaşaraq dedi:

 

– Hə, cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən insanlar arasında – hətta baxım evlərində və polis idarələrində, hətta son ümid yeri sayılan or­du­da olduğu kimi, istənilən iri dəmir yolu şirkətində də – bənzər hallara rast gəlinir, yəni çarəsiz qalınca insan öz alın yazısıyla barışmalı olur.

 

Cavanlığında o, maraq saldığı natural fəlsəfə ilə bağlı mühazirələr dinləyibmiş, ancaq sonradan bundan soyuyub, sahib olduğu imkanları yetərincə dəyər­ləndirməyib və indi yuvarlandığı bu həyatın dibindən bir da­ha qalxa bilməyib. Ancaq yenə də tale­yin­dən şikayətlənmirdi. Çünki nə əkmişdisə, onu da bi­ç­mişdi. Həyata sıfırdan başlamaq imkanı isə yox idi.

 

İndi burada sizə yığcam şəkildə anlatdıqlarımı işa­rətçi mənə tələsmədən, bəlli bir ahənglə danışdı, o ara özünün vüqarlı, təmkinli görkəmini qorudu və sobadakı odunları o üz-bu üzə çevirdiyi üçün ara-sı­ra söh­bə­ti­nə ara verdi. Mənə müraciət edərkən vaxtaşırı, xüsu­sən də gənclik illərini xatırlayanda, “ser” kəlmə­sindən yararlanırdı, bununla da özünün hazırkı mövqeyindən yuxarılara əsla can atmadığını göstər­məyə çalışırdı. Söhbət əsnasında iki-üç dəfə zəng gəldi və o, müraciətləri oxuyub gərəkli cavabları göndərdi. Bir kərə isə açıq qapının qarşısında dayanaraq həm keçən qatara bayraqcığını göstərdi, həm də maşinistlə üç-beş kəlmə söhbətləşdi. Öz vəzifəsini icra edərkən o, son dərə­cə mükəmməl davranırdı, işinə hədsiz can yandırırdı, söhbətə qəfil ara verir və işlə bağlı bütün fəaliyyəti bitməyənə qədər söhbəti davam etdirmir­di.

 

Uzun sözün qısası, bu insanı mən eyni işlə məş­ğul olanlar arasında öz peşə borcuna yüksək etina ilə yanaşanlardan biri saymağa hazır idim, ancaq bir məqam da vardı: söhbət zamanı bu kişi iki kərə su­sub, rəngi-ruhu qaçaraq çalınmayan, susub duran zən­gə nəzər salmış və (bayırdakı hava hədsiz rütubətli olduğu üçün) qapısı daim bağlı olan köşkdən çölə boy­lanaraq tunelin girişində yanan o qırmızı işığa tərəf baxmışdı. Hər iki dəfə ocağın yanına dönərkən onda hələ tanışlığımızdan öncə, yəni uzaqdan sezdiyim o karıxmışlığın bənzərinə şahid olsam da, bunu heç yerə yoza bilmirdim.

 

Vidalaşmaqdan ötrü yerimdən qalxarkən dedim:

 

– Davranışlarınızla mənə öz taleyindən razı bir insan təəssüratı bağışladınız.

 

(Nə gizlədim, bunu deməklə onu bir az da da­nış­dır­maq məqsədi güdürdüm).

 

O, söhbətimizin lap əvvəlindəkinə bənzər alçaq bir səs­lə dedi:

 

– Hə, bir vaxtlar bu belə idi, ancaq indi, ser, elə deyiləm, yox, heç elə deyiləm.

 

İmkanı olsaydı, o, bu sözlərini geri götürərdi. Ancaq kəlmələr quş kimi ağzından çıxmışdı, mən də bu fürsəti əldən qaçırmadım.

 

– Axı niyə görə? Nə elə deyil ki?

 

– Bunu başa salmaq çətindir, ser. Həm də son də­rəcə çətindir. Əgər təkrar mənə baş çəksəniz, onda bunu an­latmağa bir cəhd göstərərəm.

 

– Sizə baş çəkməyə, sözsüz ki, hazıram. Ancaq nə vaxt – bunu siz deyin.

 

– Sabah səhər açılanda növbəm bitir, bir də sabah gecə saat 10-da növbəyə gələcəm, ser.

 

– Onda mən də saat on bir üçün bura gələrəm.

 

O təşəkkür elədi və məni ötürmək üçün bayıra çıxdı. Yarıpıçıltıyla dedi:

 

– Siz o yuxarıya qalxan dar cığırı tapana qədər mən bu ağ işığı yandıracam, ser. Yolu tapdınızsa, məbadə mə­nə səslənəsiniz! Lap zirvəyə çıxanda da əsla məni səsləmə­yin!

 

Onun bu sözləri və davranışı canıma bir üşütmə sal­sa da, eləcə başımı tərpətməklə kifayətləndim.

 

– Elə də edərəm.

 

– Hətta sabah axşam vaxtı aşağı enərkən də məni səsləmə­yin! İzninizlə, ayrılmazdan əvvəl sizdən bir şey soru­şum: bu gecə sizə “Ehey, aşağıdakı!” sözlərini dedi­rdən nə idi?

 

– Bir Allah bilir. Ağlıma ilk gələni demişdim, ya da nə isə elə bir şey...

 

– Yox, ser, bu elə bir şey deyil. Bunlar – məhz hə­min sözlərdir. Mənə də yaxşı tanışdır bunlar.

 

– Tutalım, mən məhz o sözləri demişdim. Buna şü­bhə olammaz, çünki aşağıda olduğunuzu görmüş­düm.

 

– Sırf bu səbəbdən belə demişdiniz?

 

– Bunun başqa nə səbəbi olacaq ki?!

 

– Bu sözlərin sizə fövqəltəbii bir qüvvə tərəfindən ötürüldüyünə dair bir şey hiss etmədinizmi?

 

– Yox.

 

Mənə: “Gecəniz xeyrə qalsın” deyən işarətçi se­ma­forla əlləşməyə başladı. Mən isə cığırı tapmaq ümi­diy­lə dəmiryol xətti boyu irəlilədim (həmin anlarda içi­mə naxoş bir hiss çökmüşdü, sanki ardımca bir qatar gə­lir­di). Dağa dırmanmağı zirvədən enməkdən daha asan saydığımdan qaldığım otelə çatana qədər hər han­sı çətinliklə qarşılaşmadım.

 

 

 

Vədimə əməl edərək, sonrakı axşam mən o ilan­va­ri cığıra qədəm qoyduğum zaman saatların on bir ta­mamı vurduğunu qulaqlarım uzaqdan aldı. İşarətçi isə dağın ətəyində durub mənim gəlişimi gözləyirdi. O ara semaforda bəyaz işıq yanırdı.

 

Onunla görüşəndə dedim:

 

– Tapşırdığınız kimi, bütün yol boyu susmuşam. Yə­qin, indi artıq danışmaq olar?

 

– Əlbəttə, ser.

 

– Elə isə axşamınız xeyir olsun, bu da mənim əlim.

 

– Axşamınız xeyir, ser, bu da mənim əlim.

 

Əl görüşdükdən sonra yanaşı köşkə tərəf üz tut­duq, içəri keçib qapını örtdük və ocaq başında ye­rlərimizi rahatladıq.

 

Önə tərəf əyilən işarətçi az qala pıçıltıyla dedi:

 

– Ser, belə qərara gəldim ki, öz təlaşlarımla bağlı sualı mənə təkrar-təkrar verməklə sizi yormayım. Dü­nənki axşam mən sizi başqa birisi zənn eləmişdim. Bu­­na görə də indi heç cür təskinlik tapa bilmirəm.

 

– Bu yanıldığınıza görədir?

 

– Yox, olduğunuzu zənn etdiyim adama görə.

 

– Kimdir axı o?

 

– Nə bilim.

 

– Bəyəm o, mənə oxşayır ki?

 

– Orasın bilmirəm. Çünki üzünü heç görməmi­şəm. O, sol əliylə üzünü qapamışdı, sağ əlini isə var gü­cüylə havada yelləyirdi. Bax belə.

 

Naməlum adamın bunu necə etdiyini göstərdiyi vaxt mənə elə gəldi ki, bu hərəkət dərin təlaşın və gərgin bir xəbərdarlığın ifadəsiymiş: eynən “Allah xatiri­nə, yoldan çəkilin!” sayağı.

 

Sonra işarətçi öz hekayətinə başladı:

 

   – Aylı gecələrdən birində, elə buradaca oturdu­ğum vaxt mən çöldə bir haray eşitdim: “Ehey, aşağıdakı!” Ye­rim­­dən sıçrayıb başımı qapıdan bayıra uzadanda hə­min o “kimsə”nin tunelin yanında, semaforun qırmızı işığında dayanaraq bayaq sizə göstərdiyim tərzdə əli­ni yellədiyini gördüm. Qışqırmaqdan səsi batsa da, o sus­maq bilmədən: “Yoldan çəkil! Yoldan çəkil!” – de­yə bağırırdı. Sonra yenə də: “Ehey, aşağıdakı! Yoldan çəkil!” – deyirdi. Fənərimin qırmızı işığını yandırmaq­­la, ona tərəf cumdum və bağırdım: “Nə olub ki orada? Nə baş verib? Axı harada?” O adam isə az qala tune­lin zülmətinə qarışmaq üzrə idi. Ona yaxınlaşsam da, öz gözlərini qoluyla niyə qapadığını heç cür anla­ya bilmirdim. Lap yanaşıb əlini üzündən çəkmək istəyəndə o adam qeybə qarışdı.

 

   Soruşdum:

 

   – Tuneldəmi?

 

   – Yox! Sonra mən tunelə girib, başılovlu düz əlli yard (45,7 metr – A.Y.) qaçdım. Sonra ayaq saxlayıb fənəri başımın üstünə yö­nəltdim: divarlarda bölgü rəqəmləri və su sız­­an yerlər gördüm. Tunelin içində nəfəsim daraldığından əvvəlkindən də iti sürətlə oradan qaçıb çıx­dım, fənərimin qırmızı işığında semaforun qırmızı işığına diqqət yetirdim, əvvəl dəmir nərdivanla üst meydan­ça­ya dırmandım, sonra aşağı enib öz köşkümə tərəf qaç­dım. Xidmət sahəmin hər iki ucuna bu məzmunda te­leqraf göndərdim: “Mən həyəcan siqnalı almışam. Yolda nə isə baş verib?” Hər iki məntəqədən cavab gəldi: “Hər şey yolundadır”.

 

   Kürəyimdə dolaşan soyuq giziltiyə məhəl qoyma­dan mən işarətçini inandırmağa çalışdım ki, onun gö­zünə görünən o fiqur bir görmə yanılğısının nəticə­siymiş; o da məlumdur ki, (görmə qabiliyyətini təmin edən həs­sas sinirlərin pozulması nəticəsində) bənzər hallüsi­na­­siyalar görən bəzi pasiyentlər bunun bir xəstəlik ol­duğunu öz-özlərinə aşılamağa məcburdurlar, hətta bu­­nun məhz belə olduğu onların üzərində aparılan sı­­naqlar vasitəsiylə də tam sübuta yetirilib.

 

   Sözümü be­lə tamamladım:

 

   – O ki qaldı qulağınıza dəyən o bağırtıya, mən sizə bu süni çuxurda ulayan, teleqraf tellərindən cürbəcür səslər çıxarmağa qadir dəli küləklərə qulaq kəsilməyi məslə­hət görərdim.

 

   İşarətçi bunun məhz belə ola biləcəyi fikriylə ra­zı­laşdı və biz birlikdə lal-dinməz oturduq; sanki bu yer­lərdə əsən küləklərin teleqraf tellərini necə inlətdi­yinə bu adam heç bələd deyildi – burada təkbaşına ke­­çirdiyi ayazlı qış gecələri boyu bəyəm o, bu vıyıl­tı­lara azmı qulaq asmışdı?! Daha sonra əlavə elədi ki, mənə danışacaqları bununla da bitmir.

 

   Üzrxahlıq etdiyim zaman o, anlayışla əlimə toxun­­du və təmkinlə sözünə davam elədi:

 

   – Onu görəndən düz altı saat sonra bizim xətdə o mənhus dəmiryol qəzası baş verdi: azı on saatlıq aradan sonra qəzada ölənlər, yaralananlar tuneldən çı­xarıldılar və bunu tam o xəbərdarlıq edən adamın dur­du­ğu yerdən keçməklə etdilər.

 

   Canıma vicvicə düşsə də, bunu büruzə vermə­mə­yə çalışdım. Dedim ki, üst-üstə düşən bu təsadüflərin sarsıdıcı olduğunu vurğulamağa bir gərək qalmır, bən­zər halların yaşanması da indiyədək görülmüş bir şey­dir. Yeri gəlmişkən, bunu etiraf edərkən mən (həm­söh­bətimin buna qarşı etirazını bir növ qabaqlamaq məqsədiylə) dedim ki, gündəlik həyatda sağlam düşüncə sahibləri bu cür təsadüfi uzlaşmaları sən deyən də ciddiyə almır­lar.

 

   İşarətçi öz hekayətini tamamlamaqdan ötrü tək­rar məndən izn istədi.

 

   Mənim də istəmədən sözünü kəsdiyim üçün on­dan üzr istəməkdən başqa çarəm qalmadı.

 

   Kişi təkrar əlimə toxundu, çuxura düşən gözlə­riy­lə çiyninin üstündən geriyə nəzər salmaqla dedi:

 

   – O hadisənin üstündən dübbədüz bir il sovuşub. Ara­­dan altı ay, bəlkə, daha çox ötdükdən sonra mən bu göz­lənilməz sarsıntıdan qismən özümə gələ bildim. Bir gün səhər obaşdan qapının ağzında dayanmış­dım... baxışlarım ötəri qırmızı semafora sataşınca hə­min kabusun təkrar orada zühur etdiyini gördüm.

 

   Gözlərini mənə dikən həmsöhbətim susdu.

 

   – Yenə qışqırırdı?

 

   – Yox. Susqun idi.

 

   – Əlini necə, yelləyirdi?

 

   – Yox. Semaforun dirəyinə tərəf əyilib, üzünü əl­lə­riylə qapamışdı. Bax belə.

 

   Onun hərəkətlərinə diqqət yetirdim: bu, çarəsiz bir qüssənin ifadəsi idi. Məzarüstü abidələr üçün yonulan heykəllər, adətən, belə pozada təsvir edilirlər.

 

   – Ona yanaşdınızmı?

 

   – Köşkümə qayıdıb həm fikirlərimi bir yerə cəm­ləmək, həm də bu nəhs ovqatdan qurtulmaq məqsədiylə stu­la çökdüm. Köşkdən çıxdığım vaxt hava artıq qaralmış, ka­bus isə qeybə qarışmışdı.

 

   – Həmin gün necə, nəhs bir şey, hər hansı qəza-mü­si­bət baş vermədi ki?

 

   İşarət barmağıyla əlimi döyəcləyən işarətçi yenə çoxmənalı şəkildə başını da tərpətdi.

 

   – Həmin gün o tuneldən çıxan qatarın pəncərələ­rin­də mən bir vurnuxmaya şahid oldum, kimlərinsə başı və əl­ləri havada oynayırdı, kim isə nəyisə yelpikləyirdi. Qatarı dayandırsın deyə, maşinistə işarət verməyə güclə für­­sət tapdım. O, əyləc kranını burunca qatar havaya bir xeyli bu­xar püskürdü, ancaq ətalət üzrə vaqonlar ən azı əl­li yard məsafə qət elədikdən sonra dayana bildilər. Qatarın ardınca gö­tü­rüldüm, həmin dəqiqələrdə dəhşət dolu çığırtı və hön­­kürtülər dəydi qulağıma. Vaqonlardan birində gedən ca­van və yaraşıqlı bir qız qəflətən canını tapşırıbmış: onun nəşini bu köşkə gətirib sizinlə mənim aramdakı döşəməyə qoydular.

 

   Özümdən ixtiyarsız mən stulumla birgə özümü yana çəkdim, sonra baxışlarımı döşəmədən ayı­rıb təkrar işarətçiyə zillədim.

 

   – Hə, hə, ser. Məhz o cür oldu. Bütün o hal-qəziy­yə məhz indi sizə danışdığım şəkildə baş verdi. De­yəcək bir sözüm qalmamışdı: həm söz tapmırdım, həm də matım-qutum qurumuşdu.

 

   İşarətçinin bu danışdıqlarını o ara bayırda əsən küləyin teleqraf tellərində çı­xart­dığı şikayət dolu, fasiləsiz hönkürtü də müşayiət eləməkdə idi.

 

   İşarətçi sözünün ardını gətirdi:

 

   – Bax belə, ser, məni normal dəngədən çıxaran bu yaşantılara indi siz özünüz buyurub bir dəyər biçin. Bir həftə əvvəl o kabus yenə buralara qayıtmışdı. Odur ki, onun gec-tez zühur edəcəyinə mən adım qədər əminəm.

 

   – Yenə də semaforun böyründə?

 

   – Və məhz qırmızı işıq yananda.

 

   – Bəs özünü necə aparır o?

 

   İşarətçi az əvvəl mənə göstərdiyi və “Allah xati­ri­nə, yoldan çəkil!” mənasına gələn o pantomimanı daha çarəsiz, daha anlaşılan jestlərlə təkrarlayıb durdu.

 

   – O andan bəri yuxum da, rahatlığım da ərşə çə­ki­lib. Eyni kabus: “Ehey, aşağıdakı! Özünü qoru, qoru özünü!” deyə bağıraraq əzab dolu çarəsizliklə daim mənə səslənir. Dayanıb gah əl yelləyir, gah da zəngi çalır...

 

   Bir məqam diqqətimi çəkdi:

 

   – Bəs dünənki axşam, mən yanınızda ikən və siz qapıya çıxanda o heç həyəcan zəngini çalmışdı?

 

   – Həm də iki kərə.

 

   Tez dedim:

 

   – Bax görürsünüz, sizi çaşdıran öz xəyal gücü­nüz­dür. O zəng mən burada ikən, gözlərimin qaba­ğın­da çalınıbmış və qulaqlarım tutulmadığından mən istənilən halda onu eşitməliydim, halbuki o məqam­da bayırda heç bir zəng-filan səslənməmişdi. Heç sonra da bu baş vermədi: əlbəttə, həm təbii mənşəli, həm də stansiyadan sizə vurulan o zəng səslərini çıxmaq şərtiy­lə.

 

   İşarətçi başını buladı:

 

   – Belə məsələlərdə, ser, mən əsla yanılmaram. Ka­­busun zəngi ilə xidməti zəngi yüz il qala, səhv sal­maram. Kabusun zəngi tamamilə fərqli səslənir ey, qə­ri­bə bir titrəyişi var onun. Həm də axı mən iddia elə­mədim ki, o zəngin titrəyişləri gözlə də alqılana bilər. Si­zin o anlarda heç nə eşitməməyiniz tamamilə təbii­dir. Ancaq mən o zəngi eşitmişdim.

 

   – Yaxşı, bəs qapıdan boylananda necə, gözünüzə kabus-zad dəydimi?

 

   – Hə, o, həmişəki yerində idi.

 

   – Hər iki dəfə?

 

   – Hər iki dəfə, – deyə işarətçi inamla təsdiqlədi.

 

   – İndi sizinlə birlikdə qapıya çıxıb o səmtə bax­mama necə, razısınız?

 

   İçindəki tərəddüdü yenərmiş kimi dodağını gə­mi­rən işarətçi yerindən qalxdı. Mən qapını açıb aya­ğı­mı ilk pilləyə qoyduğum zaman o, hələ də qapı çərçivəsinin yanında dayanmışdı. Yanan qırmızı işıq bizə xəbər verirdi: “Yol bağlıdır”. Tunelin girişi mənhus bir şəkildə qaralırdı. Onun dar keçidi nəmli daşlardan hörülən hündür divarlarla əhatələnmişdi.

 

   İşarətçinin üz-gözünü zənlə süzüb, dedim:

 

   – Heç onu görürsünüz?

 

   Onun sifətində gərginlik və dərin diqqət ifadəsi do­­laşırdı; yəqin ki, həmin səmtə göz qoyduğum za­man mənim də sir-sifətim eyni şəkli alıbmış.

 

   – Yox, görmürəm. O indi orada deyil.

 

   – Səzinlə razıyam.

 

   Biz köşkə dönüb qapını arxadan bağladıq, son­­ra keçib əvvəlki yerlərimizdə əyləşdik. Əgər belə de­­mək mümkünsə, mən bu müsbət dönüşdən necə ya­­rarlana biləcəyimi ağlımda götür-qoy elədiyim vaxt işarətçi, əlamətdar heç nə yaşanmayıbmış kimi, yenə də özünün əvvəlki səs tonuyla söhbətə davam etmə­siy­lə məni lap özümdən çıxartdı:

 

   – Hə, ser, zənnimcə, siz artıq məsələnin əsl mahiyyə­tini anladınız: mənə rahatlıq verməyən məqam bu ka­busun məhz nə istədiyidir.

 

   Mən isə bildirdim ki, məsələnin mahiyyətini hə­lə­lik heç də tam anlamamışam.

 

   Gözlərini yanan atəşə zilləyən və ara-sıra mənə tə­rəf baxan işarətçi fikirli halda sözünə davam elədi:

 

   – Onun etdiyi xəbərdarlıq axı nə ilə bağlıdır? Növ­bəti təhlükə haradan gəlir və nədən ibarətdir? Də­miryol xəttinin harasındasa, yəqin, bir xəta-bəla uyuyur. Hansısa qorxunc müsibət gözlənilir. İndiyədək yaşanan o hadisələrdən sonra indi, yəni üçüncü kərə, buna hər hansı şübhə yeri qalmır axı. Ancaq indilik bu, mənə amansız bir xülya kimi görünür. Bəs neyləyim mən? – Cibindən çıxartdığı dəsmalla o, həyəcandan tərləyən alnını sildi. – Gözlənilən naməlum təhlükə ilə bağlı qonşu stansiyaların birinə və ya eyni vaxtda hər iki­sinə teleqraf çəkmək üçün əlimdə heç bir əsas da yoxdur. – Bu səfər işarətçi dəsmalla tərləyən ovcunu quru­ladı. – Bunun heç nəyə yararı olmaz, mənim isə sonradan ba­şım ağrıyar. Havalandığımı düşünərlər. Deməli, mən xəbər göndərəcəm: “Yolda təhlükə var. Gə­rəkli tədbirləri görün”. Soruşacaqlar: “Hansı təhlükə? Və harada?” Desəm: “Bilinmir. Amma, Tanrı xati­ri­nə, yenə də ayıq-sayıq olun!”, onda məni işdən qovacaqlar. Axı baş­qa neyləyim ki mən?!

 

   Onun qatlaşdığı məşəqqətlərə göz qoymaq dözül­məz idi. Öz dürüstlüyü, həssaslığı ucbatından bu zavallı insan görünməmiş iztirablara məruz qalırdı, başqalarının aqi­bətinə yazılan, ancaq məğzi də dəqiq bilinməyən qada-bəlalara necə sinə gərəcəyini adam biləmmirdi. Əlləriylə qara saçlarını geriyə itələyən işarətçi təlaşla gicgahla­rını sığallamağa başladı:

 

   – O kabus ilk dəfə qırmızı işıqda zühur elədiyi za­man qaçılmaz qəzanın harada baş verəcəyindən axı niyə məni agah eləməmişdi?! Əgər ondan hər nə cürsə qurtulmaq mümkün idisə, niyə bunun yolunu, üsulu­nu mənə bildirməmişdi?! İkinci dəfə peyda olanda isə: “Bir qız öləcək. Onun yola çıxması məsləhət deyil” de­mək əvəzinə, niyə üzünü qapamaqla orada durubmuş?! Əgər indiyəcən iki kərə ard-arda zühur eləməklə tək məqsədi verdiyi nəhs müjdələrin doğru çıxacağını sü­buta yetirmək idisə, barı bu səfər, özünün üçüncü gəlişində o, məhz nələrin gözlənildiyini bəri başdan mənə açıb desin də. Axı kiməm ey mən? Varlığını hətta Tanrının da unutduğu bir stansiyanın işarətçisi! Axı niyə o, müsibətə bir əncam çəkəcək, sözü dinlənilən daha nüfuzlu bir şəxsin gözünə görünmür, görəsən?

 

   Onun bu halına acıyaraq bildirdim ki, həm onun, həm də bütövlükdə cəmiyyətin hüzuru xətrinə edə bi­ləcəyim yeganə iş – öz həmsöhbətimə təsəlli vermək­dir. Bu səbəbdən də yaşadıqlarının gerçək, ya da sirli mahiyyətini bir kənara qoyaraq ona belə bir fikir aşıladım ki, xidmət sahəsində işləyən istənilən mə­mur ilk növbədə öz daxili tarazlığını qorumalıdır və əgər rastlaşdığı bu qorxunc olayı hər nə cürsə yozmaqda acizdirsə, onda onunla təskinlik tapmalıdır ki, öz vəzifə borcunu birə-bir yerinə yetirir.

 

   Gözünə görünənlərin bir illüziya olduğunu sübuta yetirmək­də bir şeyə nail olmasam da, borcla bağlı dediklərim onun ağlına batdı. İşarətçi sakitləşdi, bütün diqqətini özünün gecə növbəsindəki vəzifələrinə yönəltdi və saat üçdə mən onunla xudahafizləşdim. Səhəri birgə açmağı təklif eləsəm də, o, heç bir vəchlə buna razı olmadı.

 

   Cığırla üzüyuxarı qalxdığım zaman bir neçə dəfə, həm də təlaşla dönüb semaforun qırmızı işığına tərəf bax­dım: düşünürdüm ki, əgər onunla qonşu olsaydım, elə özüm də, nə gizlədim, narahat yatardım. Ard-arda gerçəkləşən o iki bədbəxt hadisəni və cavan qızın ölü­münü də heç cür unuda bilmirdim. Odur ki, bunu da etiraf etməyi özümə bir borc sayıram.

 

   Məni ən çox rahatsız edən başqa sual idi: başqa­la­rından fərqli olaraq agah olduğum bu məqamlarla bağlı bəs mən hansı tədbirləri almalıydım? Çünki işa­rətçinin sağlam düşüncəyə, hədsiz canıyananlığa, gö­rünməmiş ayıq-sayıqlığa, işində dəqiqliyə sahib oldu­ğu­nu mən öz gözlərimlə görmüşdüm, bəs onun bu cür anla­şıl­mazlıqla, ruhi gərginliklə dolu şəraitə hələ nə qə­dər davam gətirəcəyinə axı necə əmin olaydım?! Və­zifəcə yetərincə kiçik biri olsa da, onun daşıdığı məsuliyyət son dərəcə böyük idi, öz həyatını təhlükəyə at­maqla, şəxsən mən, onun öz vəzifəsini həmişəki kimi əsl fədakarlıqla icra edəcəyindən axı necə arın-arxayın ola bilərdim?!

 

   Bununla yanaşı, işarətçiyə söyləmədən, onunla məsləhətləşib ortaq bir qənaətə gəlmədən mənim bununla bağlı Dəmir Yolları Şirkətinin rəhbərliyinə müraciət eləməm istə­ni­lən halda bir xəyanət kimi dəyərləndirilərdi. Axırda be­lə qərara gəldim ki, (hər barədə tam məxfiliyi qoru­maq şərtiylə) məsləhət almaqdan ötrü buralarda təc­rü­bəli sayılan bir həkimin qəbuluna getməyi işarətçiyə təklif eləyim. Özünün dediyinə görə, onun iş rejimi günaşırı təkrarlanırdı: hava işıqlanandan bir-iki saat sonra o, işdən çıxacaq, günəş qüruba endik­dən sonra isə təkrar növbəyə girəcəkdi. Bu şərti əsas götürməklə, görüşəcəyimiz vaxtı da onunla dəqiqləşdirdik.

 

 

 

   Xoş havada ruhum bir az dincəlsin deyə, həmin axşam evdən erkən çıxdım. Çöldəki cığırla sıldırım qayanın yanına çıxdığım vaxt günəş hələ qürub etmə­mişdi. Düşündüm ki, hələ bir saat da buralarda gəzi­şim: yarım saat o başa, yarım saat da dönüşə vaxt sərf eləsəm, işarətçinin köşkünə yollanmaq vaxtım da gəlib ça­tacaq.

 

   Ancaq gəzintidən öncə mən sıldırım qayanın kə­narına yaxınlaşdım, işarətçini o ilk dəfə gördüyüm gündəki kimi, qeyri-ixtiyari şəkildə aşağılara göz gəz­dir­dim. Qapıldığım dəhşətin ifadəsi üçün söz tapmaq­da indi çətinlik çəkirəm: tunelin lap ağzında bir in­san fiquru dayanmışdı – sol əliylə gözlərini qapayan bu kişi sağ əlini çılğınlıqla havada yelləyirdi.

 

   Çaşqınlığım uzun sürmədi: bu, həqiqətən də, bir insan idi, bir qədər aralıda isə onun agah etməyə ça­lış­dığı insanlar qaynaşırdı. Semaforun qırmızı işığı yan­mırdı. Onun dirəyinin yaxınlığında isə (bu, mən­dən ötrü bir yenilik sayılmalıydı) taxta payalardan qu­rulan alçaq çadırın üstünə brezent çəkilmişdi.

 

   İçimə necə mənhus bir təlaş doldusa, başılovlu hal­da ilanvari cığırla üzüaşağı qaçmağa başladım (son­­radan işarətçini təkbaşına qoyub getdiyimə görə, onun davranışlarına göz qoymağı başqa birisinə hə­va­lə etmədiyimə görə mən özümü suçlayacaqdım – çünki əgər elə etsəydim, bəlkə də, o müsibəti qabaqlaya bi­lərdik).

 

   Nəfəsimi dərib soruşdum:

 

   – Nə baş verib burada?

 

   – Üzü səhərə doğru işarətçi həlak olub, ser.

 

   – Köşkdə oturan o növbətçi?

 

   – Hə, ser.

 

   – Mənim tanıdığım o adam?

 

   Oradakı digər insanların yerinə də bayaqdan bəri sual­larımı cavablandıran kişi dedi:

 

   – Əgər tanışı idinizsə, ser, onda cəsədini də tanıyarsınız, – de­yə, o, matəm əlaməti olaraq papağını çıxartdı və bre­zentin bir ucunu qaldırdı. – Üz-gözünə heç bir xətər to­xun­mayıb.

 

   Brezentin ətəyi aşağı salındığı vaxt mən orada yı­ğılanlara birbəbir eyni sualı ünvanlamağa girişdim.

 

   – Axı bu necə baş verib? Necə olub bu?

 

   – Onu parovoz vurub, ser. Bütün İngiltərəni do­laş­sanız, öz işində bu mərhum qədər mahir olan ikinci adam tapmazsınız. Ancaq nə səbəbdənsə o, yolun bu döngə qis­mində relsdən çıxmaq və kənara çəkilmək istəməyib. Həm də hadisə günün günorta çağı baş verib. Se­ma­foru yandıran işarətçi əlində də fənər tutubmuş. Paro­voz tuneldən çıxdığı vaxt o, arxası qatara dayanıb­mış, parovoz da onu vurub, xurd-xəşil edib. Qatarın maşinisti bu kişidir: hadisənin necə baş verdiyini az əvvəl bizə o nağıl elədi. Tom, hər şeyi bu centlmenə də anlatsana.

 

   Əyninə qaba mahuddan tünd rəngli forma geyinmiş Tom tu­nelin girişindəki əvvəlki yerini tutaraq, izah elədi:

 

   – Ser, deməli, mən tunelin əyimli qismini keçin­cə o biri ucda, müşahidə borusuyla baxarmış kimi, işa­rətçini sezdim. Sürəti azaltmağa artıq macal yox idi, mərhumu isə hamı hədsiz ehtiyatlı biri kimi ta­nıyırdı. O eşitmədi deyə, mən fit səsini kəsdim, artıq ona hədsiz yaxınlaşdığım üçün var səsimlə bağırma­ğa başladım.

 

   – Bağırarkən siz ona nə deyirdiniz ki?

 

   – Ehey, aşağıdakı! Yoldan çıx! Yoldan çəkil! Al­lah xatirinə, yoldan çəkil!

 

   Bu sözləri eşidincə mən diksindim.

 

   – Ser, heç inanmazsınız, necə dərin dəhşətə qapılmış­dım. Ara vermədən bağırıb durdum. Nə baş verdiyini görməyim deyə, bir əlimlə də gözlərimi qapamışdım, di­gər əlimi isə var gücümlə havada yelləyirdim – amma nə fay­dası?!

 

   Bu və ya digər məqamı dəqiqləşdirməkdən ötrü öz hekayətimə mən artıq heç nə artırmaq istəmirəm. Son­da qəribə təsadüf ucbatından baş verən bir xüsu­sa diqqətinizi çəkəcəyəm: zavallı işarətçinin xilası üçün maşinistin bağırdığı sözlər təkcə o mərhumu daima izləyən sözlər deyilmiş, onların sırasına işarətçi­nin məhz kabusun jestlərini yamsılayarkən mənim ağlı­ma gələn və sırf mənə məlum olan o sözlər də daxil imiş.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(13.03.2023)