“Gəncliyə müraciət” – Muhterem Şahin Featured

“Dərgi içində dərgi” bölməsində Türkiyədə çıxan “Gənc ürəklər” dərgisindən sizlərə Humay Yılmazın çevirimində Muhterem Şahinin “Gəncliyə müraciət”ini təqdim edəcəyik. Bu gün bu sayaq mövzuların çox aktual olmasını nəzərə almağınız vacibdir.

 

 

Muhterem ŞAHİN

 

 

GƏNCLİYƏ MÜRACİƏT

 

 

Ey gənc dost! Ey igid könüldaş! Ey təmiz vicdanlı, saf ürəkli insan!

Sözümüz sənədir. Hər canı can bildik. Sənin yanında olmaq üçün gəldik. Dostcasına salamlaşmağa, sevda bağçasından gül dərməyə, məhəbbət otağını bəzəməyə gəldik. Sözləri, hekayətləri təkcə nağıl kitabından oxumuruq. Dünyanın və əsrin qəlbindən keçənlərdən xəbər veririk. Səni özünə şahid tuturuq, sözə aid, gözə aid nə varsa, sənə şahid tuturuq.

Ey ür'yi mərhəmətli bahadır!

İnsanlıq bir böhran içindədir, bunu sən də bilirsən. Bu, sadəcə, bir böhran və çöküş deyil, həm də dəlilik və çirkinlikdir. Kirlənmiş, qatılaşmış, daşlaşmış bir dövrdür bu. Haqdan qaçan, həqiqətə düşmən bir dövrdür... Bəzi ölkələrdə müharibə, terror, zülm, aclıq və yoxsulluq baş alıb gedir. Yaxın Şərqdə, Asiyada, Afrikada qan su yerinə axır. Eyni adı daşıyanlar bir-birini boğazlayır. Bir tikə çörəyə, bir qurtum suya həsrət uşaqlar var. Hər gün gözümüzün içinə baxa-baxa həyatdan köçürlər. Bəzi ərazilər qıpqırmızı, qapqara, bombozdur...

Sən də bilirsən, ən işıqlı dövr qaranlığa qərq olur. Ölüm, aclıq, zülm, yoxsulluq çoxlarının axırına çıxıb. Amma əksinə, pulun, rahatlığın, var-dövlətin içində üzənlər, nəfslərinə korluq çəkdirməyənlər də az deyil. Əbu cəhllər qitə-qitə gəzir, əbu ləhəblər sürü-sürü dolaşırlar... Nuha, İbrahimə, Yusifə, Əhmədə rast gəldinmi? İrqlər arasında dava, savaş, dinlər arasında münaqişə aləmi qatıb-qarışdırıb. Və mən, sən, o – hər birimiz, sadəcə, tamaşa edirik. Sanki bir romandan quraşdırılmış filmi izləyirik. Necə də üzücü, qəribə, necə də böyük ziddiyət, həyasızlıq, dəhşətli bir səhnə...

Ey həqiqət yolçusu!

Kirlənməmiş, xarab olmamış və çürüməmiş bir sən qalmısan, bir də məsum  uşaqlar. Hə, bir də heç bir zaman gerçəyin, yaxşılığın, doğrunun, ədalətin ətəyindən qopmamış geniş ürəklilər... Salam olsun insan olaraq doğulub insan olaraq qalanlara. Sionizm, kapitalizm, kommunizm, materializm, konformizm insanı, cəmiyyəti, ölkələri istismar edir, əridib yoxa çıxarır. Hər birinin ayrı-ayrı dəyirmanları var. Və bu dəyirmanlar məni, səni, onu üyüdüb sovurur. Ölürük, can veririk.

Ey müqəddəs əmanəti daşıyan can!

Zəng sənin üçün, mənim üçün, hamımız üçün çalınır. Müqavimət göstərməyəcəksənmi? Müdafiə etməyəcəksənmi? Qarşı çıxmayacaqsanmı? Bir hərəkətin, bir vuruşun olmayacaqmı? Pislərə və pisliyə qarşı hayqırmayacaqsanmı? Haqqı dəstəkləyib, onu yüksəklərə qaldırmayacaqsanmı? Bil ki, gözün, qulağın, dilin və əlin sənə xəyanət edəcək  bir gün. O gün gəlmədən özünə gəl. Qalx, düzlən, dik dur və ağlınla, ürəyinlə düşün, fikirləş, mən kiməm, nəçiyəm, niyə gəldim, haraya gedirəm deyə. Özünə sual ver! Sorğu-sual et, bildiklərini, öyrəndiklərini və ya bilmədiklərini soruş! "Bilənlər bilməyənlərlə eyni ola bilərmi, səncə?" Hər şeyi bilən elə demirdimi?

Ey qiymətli can!

Bir çağırışımız var sənə, bir dəvətimiz, bir müjdəmiz var. Özündən qopub gələni sözə tökən, içindəki iztirabı dilə gətirən, tərtəmiz dillə yazılmış şanlı məktubumuz var. İnsanı, kitabı və həyatı oxu deyə, buyuran və qələmə and içən Qüdrətin, həqiqət sirrinə vaqif olmaq muradıyla yola çıxanlar adına arzumuz, sevdamız var. Bu müjdə, bu məktub, bu sevda gənc ürəklərdir. Ürəyini fəda edənlərə salam olsun!

Ey Anadolunun sinəsi dağlı övladı!

Gen ürəkləri şəhərin o biri ucundan qaçaraq gələn adamın hayqırışların bil! Hirada əks-səda qoparan və insanlığın vicdanına səslənən müqəddəs əmrin aydınlığına pərvanə olanları bil!  Daşlara müqaviməti, hüzuru, birlik ruhunu həkk edən Bilgə Kağanın vəsiyyətini bil. Sultan Alparslanın duası, Şeyx Ədəbalinin yuxusu, Osman bəyin döyüşünü bil! İyirmi bir yaşındaykən çağ açıb çağ sonlandıran dədəmiz Fatihin cahangir ruhu və ağlı, dünyanı tutacağına inanan Yavuzun cəsarəti, qanunlar yazan Süleymanın ədalət sirri, aləmə diz çökdürən Mustafa Kamalın milli mücadiləsini bil! Gənc ürəkləri Yunisin misralarında əks olunan eşqi, sevgini və tolerantlığı bil. Qaracaoğlanın, Dadaloğlunun, Aşıq Veysəlin, Neşet Ertaşın sazından qopan sevgisin, hayqırışın, baxışın və üsyanın bil! Mehmet Akifin iztirabın, şikayətin, əzəmətin, şeirin bil! Sən də bizə qoşul!

Bura ölkəsi, milləti, dövləti, vətəni, bayrağı, dəyəri, prinsipi üçün döyünən ürəklərin elm və bilik otağıdır. Birlik, bərabərlik, qardaşlıq, dostluq ocağıdır. Mədəniyyət, sənət, ədəbiyyat, fikir, elm məktəbidir. Oxuyan, yazan, düşünən, danışan, müzakirə edən, ortaya bir şey qoyan, mübarizə aparan azad ruhların öz evidir. Ulu çinarın kölgəsində xəyallar quran və məmləkət türküləri oxuyan aşıqların dost məclisidir. Bulaqdan çağlayan tərtəmiz su ilə yaşıllaşmış, bərəkətli torpaqların  bərəkətli qarışığıdır. Bayraq adamlara və onu yerə düşürtməyənlərə salam olsun!

Gəl, qardaşım! Bil, qardaşım!

Bu, millət və məmləkət üçün yaxşı işlər görmək uğrunda ümid, həyəcan, həvəs, sevgi  hiss edən, elm, hikmət, qardaşlıq duyğusu ilə bağlanan yeni gənçlik çatısıdır. Cənnət kimi gözəl Türkiyəmizin hər bölgəsindən, hər şəhərindən, hər qəsəbə, hər kəndindən, hər məhəlləsindən ürəklə gəlib yığışdığı, hər cür işlərinin dəyərləndirildiyi bir gənclik məktəbidir. Atelye, salon, səhnə və kürsüdür. Gəl əl-ələ, yan-yana, çiyin-çiyinə verək. Kitabın, qələmin, sözün, yazının bağçasından, əsrlərdən o yana ətri yayılan bir qırmızı gül diləyirəm. Həqiqətə  yetişmək arzusu ilə yola çıxanların ucalığına və müdrikliyinə çataq.

 

“Gelin tanış olalım,

İşi kolay kılalım,

Sevelim, sevilelim,

Dünya kimseye kalmaz.” (Yunus Emre)

                                 

 “Ədəbiyyat və incəsənət”

(10.03.2023)