“Sənə yağış dərirəm…” - Əlizadə Nur Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı Əlizadə Nuri bu dəfə sizlər üçün “yağış dərəcək”…

 

Sənə ocaq çatıram-

Misraların ahından.

Yağış dərirəm sənə,

Buludun budağından…

 

Sənə şeir tikirəm, 

Ürəyimin sapıyla.

Cənnət qururam sənə

Cəhənnəm əzabıyla…

 

Yüz il duran deyiləm, 

Sizin elçi daşından.

Sənə üzük yonuram

Çiçəklərin qaşından…

 

Sənin üzünə baxıb,

Ayı da danmaq olar.

Səndən ömür düzəldib

Min il yaşamaq olar.

 

Gör harda tapdım səni-

Güllərin nəfəsində.

Bir nəğmə yazdım sənə,

Axan çayın səsindən…

 

…Sənə ocaq çatıram-

Misraların ahından.

Yağış dərirəm sənə,

Buludun budağından…

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)